www.aliildirimoglu.az

FELYETONLAR

TÜTƏKÇALANLAR

Küncdəki skamyada əyləşib, qıçını qıçının üstünə aşıran oğlan "arif" adama oxşayırdı. Əyninə qırmızı gülləri olan yaşıl köynək geyib, dizlərinə qədər sallanan enli və ala-bəzək qalstuk taxmış bu adamın pırpızlanmış saçlarının arasından tük basmış sifəti güclə görünürdü. Sinəsinə sıxdığı kiçik radioqəbuledicidən ətrafa qar­maqarışıq caz musiqisi yayılırdı. O, çırtladığı günəbaxan dənəsinin qabığını əyləşdiyi skamyanın üstünə, səkiyə, hara gəldi püfləyib səpələyir, qaralmış seyrək dişlərinin arasından tez-tez çırt atıb, özündən razı halda yerində qurcalanırdı. Cavan oğlan yanından ötənlərə altdan-alt­dan qıyqacı nəzər salır, onun daxili aləmini və duyduğu ləzzəti heç kim başa düşmürmüş kimi, ətrafındakıları istehzalı baxışları ilə seyr edirdi.

Əlqəmənin ondan xoşu gəldi və öz-özünə:

- Müasir gəncliyin bütün ləzzətlərini dadmış, görüb-götürmüş, düşüb-çıxmış oğlana oxşayır, əsl mənim adamımdır, - deyib cibindən bir filtrli siqaret çıxartdı və ona yanaşdı.

- Xaloğlu, kibritiniz olar?

Daşdəmir laqeydcəsinə alışqanını çıxarıb, ona əhə­miyyət vermədən, siqareti yandırdı. Əlqəmə də xüsusi bir əda ilə papirosun tüstüsünü ciyərlərinə sümü­rüb, saymazyana onun yanında əyləşdi. Daşdəmir Əlqə­mə­nin çılpaq sinəsindəki və qollarındakı ox, ürək şəkil­lərini, cürbəcür yazıları, bir də ki, qulağındakı bıçaq yerini görüb öz-özünə düşündü: "Ötkəm oğlandı. Müasir gəncliyin nə olduğunu başa düşür, bax beləsinə varam".

Necə deyərlər, su axar, çuxurunu tapar. Onlar tanış oldular. Əvvəlcə Əlqəmə özünü təqdim etdi:

- Xatakar kəndindənəm, - dedi.

Daşdəmir böyük bir şəhərdə yaşadığını bildirib, özünü bir qədər üstün tutdu. Lakin söhbət əsnasında Əlqəmənin üç dəfə müttəhim kürsüsündə əyləşdiyi və ondan çox cəza aldığı məlum olanda, Daşdəmir tütəyin dilini bir balaca çəkdi. Çünki Daşdəmir vur-tut bircə dəfə ilişmişdi. Oğurluqda Daşdəmir Əlqəmənin yanın­dan yel də olub ötə bilməz. Bu yolda Əlqəmənin başı neçə dəfə daşdan-daşa dəyib. Özü də xırda yox, iri daşlara. Daşa da tab gətirmək hər başın işi deyil. Odur ki, Əlqəmə özünü Daşdəmirdən ötkəm aparırdı. Daşdəmir ondan soruşdu:

- Heç oxumusan?

Əlqəmə peysərini qaşıdı:

- Bəli, - dedi, - yaxşı səsim var idi. Hərdənbir bala-bala pəstdən deyirdim. Ancaq bu zəhrimar içki batırdı.

Daşdəmir əlini əlinə vurub qəşş etdi. Əlqəmə başa düşdü ki, müsahibi onun müğənni olub-olmadığını yox, təhsilini soruşur. Bu sual Əlqəməni əsla açmadı. O, məktəb və təhsil sözünü eşidəndə, kal alça dişləyirmiş kimi üz-gözünü turşudub, başını yana əydi:

- Əh! - dedi, - elmin dəryasına çox baş vurdum, lap səkkizinci sinfə qədər oxudum. Ancaq ağlım bir şey kəsmədi.

Daşdəmir dərindən köksünü ötürdü:

- Bu barədə səndən ağıllı tərpənmişəm, qədəşim, - dedi. - Birinci sinifdə "a" hərfini öyrəndim, ancaq "b" hər­finə keçəndə gördüm mənim xörəyim deyil. Odur ki, məktəbdən əkildim.

Əlqəmə ilə Daşdəmir maarif işçilərindən razılıq etdi­lər. Hər ikisi bir ağızdan:

- Əgər onlar icbari təhsil haqqında qanunun qulpundan möhkəmcə yapışsaydılar, indi elmin dəryasında çoxdan qərq olmuşduq.

Ailə və məişət məsələsindən söhbət açanda Əlqəmə dedi ki, subaylıq soltanlıqdır. Bir də ki, təhsil, sənət, iş, arvad... Bunlardan qəti xoşum gəlmir. Amma arvadın rəsmisinə yox, qeyri-rəsmisinə varam!

Daşdəmir kədərli halda:

- Bu barədə ilişmişəm, - dedi. - Arvadım rəsmidir. Özü də adlı-sanlı toxucudur.

Əlqəmə Daşdəmirə ürək-dirək verdi:

- Adə, məgər bizim ad-sanımız yoxdur?! Məni kənd­də, səni şəhərdə hamı barmaqla göstərir. Əlbir-dilbir olsaq, lap qonşu rayonlarda da ad-san qazanarıq. Kişiyə nə lazımdı, qədəş?! Pul və kef!

Pul və kef! Bunun üçün onlar xeyli məsləhət-məş­vərət edib, planlar cızıb baş işlədəndən sonra... əvvəlcə qonşu rayondan başladılar. Qaranlıq çəkəndə belə qərara gəldilər ki, əvvəl-əvvəl rayon mərkəzindəki mədəniyyət sarayında bir az şənlənsinlər. Nabələd olduqlarını büruzə verməmək üçün mədəniyyət sara­yının yerini heç kimdən soruşmadılar. Xeyli gəzib dolaşdıqdan sonra dəbdəbəli bir binanın qarşısında dayandılar. Darvazanı açıb içəri daxil olmaq istəyəndə, ev sahibi onları qarşılayıb başa saldı ki, bu mədəniyyət sarayı yox, qəs­sab Mətişin imarətidir. Hər ikisi kor-peşman geri qayıtdı. Daşdəmir əlindəki radioqə­bul­edicini söndürərək:

- Əlqəmə, sən öləsən əsl kef çəkməli şəhərdir, - dedi. - Başqa yerdə böyük vəzifələrdə işləyib tər tök­məkdənsə, burada qəssab olmaq min dəfə yaxşıdır. Görürsən də qəssabski imarəti!

Əlqəmə müsahibinin fikrini təsdiq etdi:

- Görürəm, qədəş, görürəm, - dərindən köks ötürdü.

...Gecə keçdi. Səhər açıldı. Şəhərin naməlum sakin­ləri sübh tezdən qəssab Mətişin dükanının qabağında dayanıb alverə baxırdılar.

- Mətiş qağa, bir kilo küftəlik.

- Mətiş qağa, mənə iki kilo kabablıq.

- Mətiş qağa, sümüklü yerindən bozbaşlıq.

Qarmaqdan asılan yağlı cəmdəklər satılıb qurtaranda, Əlqəmə və Daşdəmir irəli yeriyib Mətişi dövrəyə aldılar. Mətiş müştərilərinin təmənnasını və onların nə yuvanın quşları olduğunu bilən kimi, vəcdə gəldi. O, yağlaçov əllərini ətəyinə silib, sonra da çəkdi Əlqəmə ilə Daşdəmirin kürəyinə. Əsl mətləbə keçəndə Mətiş onları başa salıb, məsləhət gördü ki, əvvəlcə zurna çalmağı öyrənsinlər. Zurnanın səsi zil olduğuna və çox uzağa getdiyinə görə Əlqəmə buna etiraz etdi. Xeyli mübahisədən sonra tütəyin üstündə dayandılar. Bəli, zurna tütək ilə əvəz edildi.

Mətiş bir cüt ala-bəzək tütək tapdı. Onlara öz evində bir müddət musiqi dərsi verib "Uzundərə", "Qaytağı", "Gəlinatlandı" çalmağı öyrətdi. Qəssab, Əlqəmə ilə Daşdəmirin çiyninə yapıncı salıb, başlarına qoyun dərisindən papaq qoyub, əllərinə dəyənək verib çoban qiyafəsində yola saldı. Əlqəmə ilə Daşdəmir qapıdan çıxanda, Mətişin axırıncı sözü bu oldu:

- Nə badə qoyun gətirəsiniz, ha! Ancaq inək, cöngə, düyə və dana. Çünki həkimlər camaat arasında təbliğat aparıb, hamını başa salıbdır ki, guya mal əti qoyun ətindən tez həzm olur, xolesterini də azdır. Odur ki, dükanda mal əti qoyun ətindən şıdırğı gedir.

Əlqəmə ilə Daşdəmir indi şəhər parklarında deyil, çoban qiyafəsində örüşləri dolaşırdılar. İnsafən əliboş qayıtmırdılar. Hər gün beş-altı baş qaramalı qabaqlarına qatıb tədarükə aparmaq adı ilə qəssab Mətişin qarmağına ilişdirirdilər. Özü də ucuz. "Şivis" düyələrin biri bir keçi qiymətinə. Mətiş isə hər birində filan qədər qazanırdı. İtirən yalnız sovxoz və kolxozlar olurdu. Sovxoz və kolxoz başçıları hər yana yazırdılar ki, cins inəklərimiz örüşdən qeyb olub. Rayon milis idarəsinə ərizələr yağdırılırdı ki, Varvara meşəsində inəklər otladığı yerdə tilsimə düşüb. Qədim nağıllardakı əfsanələrə inanan bəzi yaşlı adamlar meşədəki iri kötüklərin yanında yorğan-döşək salıb növbə çəkirdilər. Gözləyirdilər ki, bəlkə tilsim açıldı, kötüklər dönüb yenə də inək oldular. Əli baltalı bir adam görəndə də, qabağını kəsib yalvarırdılar ki, bu kötüklərə toxun­masın, çünki bu kötük yox, tilsimə düşmüş inəklərdi...

Əlqəmə ilə Daşdəmir restoranda vurduqca, öz gənclik çağlarından razı halda deyirdilər:

- Varam rayon yerinə! Burada bir gündə qazan­dığımızı böyük şəhərlərdə bir aya qazana bilmərik. İçək Mətiş qağanın sağlığına! Onun sayəsində...

Qədəhlər bir-birinə dəyib cingildədikcə boş butulkaların sayı çoxalırdı.

...Qəssab Mətişin dükanında müştərilər gündən-günə artırdı. Kimin nə cürəti var ki, Mətişdən bir belə malı haradan aldığını soruşa. Əslində soruşsalar da bir şey çıxmaz. Çünki onu tanımayan yoxdu, hamı da başına and içir. Bir dəfə milis kapitanı şahidlərin iştirakı ilə akt yazıb, raport verib, sənəd təqdim etdi ki, qəssab Mətiş qanunsuz, fakturasız ət satır. SƏDM bölməsinin inspektoru işin təhqiqatına başlayanda, əvvəlcə kələfin ucundan dördəlli yapışıb, dərinə getmək istədi. Ancaq prokurorla Mətişin canbir qəlbdə olduğunu biləndən sonra dayazda üzməyi dərinə getməkdən faydalı bilib, tez geri çəkildi. Daşdan keçən bir xətm qərarı yazıb, Mətişi duruluğa çıxartdı. Mətiş də məmnun halda onun əlini bərk-bərk sıxaraq:

- Təşəkkür! Təşəkkür! Yoldaş leytenant, - dedi.- Kölgəniz qalın olsun. Elə sizin sayənizdə...

Bəli, qəssab Mətişin tapdığı, Əlqəmə ilə Daşdəmirin çaldığı ala-bəzək tütəklərin səsi getdikcə bəmdən zilə qalxırdı. Lakin onlar hər işdə usta olsalar da, tütək çalıb-çaldırmaqda çox naşıydılar. Odur ki, bu səs, nəhayət, yuxarı idarələrdə əks-səda verdi. İndi kələfin ucundan prinsipial bir polkovnik yapışıb. Necə deyərlər, daş qayaya rast gəlib. Elə həmin gündən tütəklər susub. Əgər onların dəmtutanları də doğru-dürüst araşdırılsaydı, bu barədə bir felyeton yazıb, başlığını da belə qoyardım:

Tütəkçalanlar.

 1973-cü il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com