www.aliildirimoglu.az

FELYETONLAR

SINIQ SAZ

Turaclı kəndinin səmasında bir topa barıt tüstüsü göründü. Tüfəng səsi eşidildi. Zurnaçılar ovurd­la­rını şiş­dirib, gözlərini ora-bura süzdürürdülər. Qız-gə­lin ağır-ağır qəddini əyib-düzəldir və qol götürüb mey­danda döv­rə vururdu. Məlik Muxtarov addımını bir az da ye­yin­­lətdi. Toyun səsindən vəcdə gəlmişdi. Onun sü­mük­ləri oynayırdı. Turaclılar arasında belə bir məsəl var:

- Harada aşdı, Məlik Muxtarov orada başdı. Onsuz bir toy, bir məclis ola bilməz.

Məlik Muxtarov bu dəfə toy dəvətnaməsini alandan bəri gecələr tez-tez yuxusunu qarışdırırdı. Yorğanı başına çəkib gözlərini yuman kimi yuxusunda nağara, zurna, balaban görür, bozbaş yeyirdi, əlinə qədəh alıb təzə bəylə xanımın şərəfinə təmtəraqlı sağlıqlar deyirdi.

Xülasə, Məlik Muxtarov yaxınlaşdıqca adamlar bir-birinə dəyir, hamı geriyə çəkilirdi. Toyçular da burada bir sirr olduğunu anlayıb özlərini yığışdırırdılar. Tarçı mizrabı sarı simə ehtiyatla vururdu. Ancaq bütün bunlar heç də Məlik Muxtarovun ali təhsilinə və ya onun iyirmi illik müəllimlik stajına göstərilən ehtiram əlaməti deyildi. Əslində hər kəs öz abrını qoruyurdu. Çünki Məlik Muxtarovun xasiyyəti çox qəlizdir. Kimin nə həddi var ki, onun bir sözünü iki etsin. Bir də görürsən Məlik müəllim əlinə qələm alıb, qabağına ağ kağız qoyub, sinəsini söykədi yazı masasına. İmzalı-imzasız məktublar uçmağa başladı. Müxtəlif təşkilatlara, müxtəlif ünvanlara: kolxoz əmlakını yedilər, dağıtdılar. Sədr qohumbazlıq edir. Maarif şöbəsində özbaşınalıqdır. Prokuror yaxşı işləmir. Kommunxoz şəhərə fikir vermir. Avtomaşın sürücüləri yol hərəkəti qaydalarını pozurlar. Filan idarənin makinaçısı müdirinin üzünə başqa cür güldü...

Yoxlama komissiyaları bir-birinin ardınca başlayırlar təftişə. Nəticəsi də ki, o söz. Kəllə suyu...

Rayon başçılarından biri vəzifədən dəyişilən kimi, Məlik Muxtarov kəndin ortasına çıxıb lovğalanır:

- Bax, adamın anasını belə ağladarlar! Mənə sataşan hələ işıqlı dünyaya gəlməyib. Gör necə dalından dəydim!

Bir adamı irəli çəkib, vəzifəsini böyüdəndə, Məlik Muxtarov məmnun olduğunu büruzə verir:

- Bizim adamdır, - deyir. - Bundan sonra istəsəm, rayo­nu yerindən oynadaram. Arazın suyunu geri axıtdıraram.

Məlik Muxtarov bəzən telefona yaxınlaşıb, barmağı ilə məchul bir nömrəni yığır. Rəhbər işçilərdən biri ilə danışırmış kimi:

- Ə, filankəs, balam, bizi niyə itirib axtarmırsan? Yəni deyirsən ki, sənə bir əl bulayım?!

Sonra Məlik Muxtarov danışdığı adamın ondan üzr istədiyini eyhamla ətrafdakılara hiss etdirib, guya yumşalır və dişini ağardaraq:

- Yaxşı, yaxşı, onda axşam evdə ol, xanıma da bir pürrəngi çay dəmlət. Gələrəm, danışarıq. Gərək günahlarını yuyasan. Ə, balıqla aran necədir?.. - deyib dəstəyi yerinə qoyur.

Məlik Muxtarovun bu cür ötkəmliyini eşidib bilənlər daha da xoflanır və onunla bir az ehtiyatlı davranmağa cəhd edirlər.

Bir də ki, Məlik Muxtarov heç kimi bəyənmir. Düzdür, üzdə hamıya - səni çox istəyirəm, - deyib boynunu qucaqlayır və üzündən maç da eləyir. Ancaq daldada hərəni bir cür lağa qoyub, dodaq büzür. Özünü isə igidlik və mərdlik mücəssəməsi hesab edir. Televiziya ekranında gözünə vəzifəli bir adam sataşan kimi, ona qohum çıxır. And içib aman edir ki, "axşam-səhər bir yerdəyik. Hərdən xudmani bir guşəyə çəkilib, bala-bala vururuq. Xatirimi də dağlarca istəyir. Yanında bir sözüm iki deyil..."

Əlqərəz, Məlik Muxtarov dayandı toy məclisinin tən ortasında. Şlyapasının dalını qaldırıb saldı qaşlarının üstünə. Ayağının birini irəli qoydu, birini geri. Peşəsinə uymayan bir görkəm aldı. Əlini havada yelləyib hamının diqqətini özünə cəlb etdi və:

- Toybaşı indi mən özüməm! - dedi. - Bəli, mən Məlik Muxtarov!

Heç kəs dillənmədi. Toybaşı "Uzundərə" oyun havasının çalınmasını əmr etdi. Zurnanın səsi zilə qalxdı. Balaban bəmdə inildədi. Mizrab sazın simlərində oynadı. Nağaranın gumbultusu divarlarda əks-səda verdi. Məlik adamları bir-bir ortalığa çəkib oynatmağa başladı. Özü də qol götürüb onlarla bərabər bir dövrə süzdükdən sonra kənara çəkilib amiranə bir səslə:

- Əlinizi cibinizə salın! Sağ olsun şabaş verənlər! - dedi.

Şabaş verilən pulların sayı-hesabı itmişdi. Toybaşı şabaş pullarını əlində cəmləşdirib meydanın ortasına yeridi və müraciətlə:

- Yol-daş-lar! - dedi.

Hamının nəzər-diqqəti toybaşına və onun əlindəki pullara dikildi. Toybaşı sifətinə ciddi bir ifadə verib sözünə davam etdi:

- Bizim Turaclı kəndinin toy adəti köhnəlib. Namiqin bugünkü xeyir işində yeni bir dəb qoyuram. İndiyə kimi verilən hər şabaş pulundan, istər köhnə yüzlük olsun, istər təzə beşlik, cəmi bir manat çıxılırdı. Nə çalğıçıların cibi dolurdu, nə də ki, toy sahibinin. Qaz vurmasan qazan dolmaz. Hamınız eşidin və agah olun. Toybaşı kimi əmr edirəm! Hər puldan iki manat çıxılsın! Bil-di-niz?!

Heç kəsdən səs çıxmadı.

Məlik Muxtarovun toyda pul toplamağın yeni qaydası haqqındakı təklifi yemək otağında əyləşənlərə də çatdırıldı. Kənd Sovetinin sədri qabağında buğlanan yağlı tikələrdən birini isti-isti ağzına ötürüb, dil-dodağı pörtlənə-pörtlənə:

- Tez olun duraq, toybaşı nəmərin də məzənnəsini qaldıracaq, - deyib rabitə bölməsinin rəisi ilə kolxozun mühasibini dümsüklədi.

Məsələdən agah olanlar süfrədəki yeməklərini yarımçıq qoyub, udquna-udquna nəmər toplanan otağa keçdilər. Əvvəlcə rabitə bölməsinin rəisi əlini cibinə saldı. Mühasib bir iyirmibeşlik çıxartdı. Ancaq kənd Soveti sədrinin altı manat verdiyini görəndə fikrini dəyişdi. Qorxdu ki, bu qədər pul versə özünü dilə-dişə salar və həm də sovet sədri pərt olar. Odur ki, mühasib nəmər məsələsində bir qədər nəzakətli tərpənib, kənd Soveti sədrindən yuxarı qalxmadı. Bu dəfə mağaza müdiri irəli yeridi. Mağaza müdiri onlardan vəzifəcə kiçik olsa da, gəlir məsələsində heç kəs onun mey­danında at oynada bilməz. Ancaq o da ötkəmliyini büruzə vermədi. Nə az, nə də çox, "xeyriyyə dəftəri"nin üstünə bir qırmızı onluq tulladı.

Nəmərin məzənnəsinin qalxacağından təşvişə düşənlər köhnə qayda ilə pullarını verib, adlarını "xeyriyyə dəftəri"nə yazdırıb, ehmalca aradan çıxırdılar. Həyətdəki toy isə mübahisəyə çevrilmişdi. Şabaş verənlər iki manat məsələsinə razı olmur, köhnə bazara təzə nırx qoyulmasını istəmirdilər. Toybaşı bu dəfə əlindəki pulların hamısını qoltuq cibinə dürtüb, qolunu çırmaladı, dişlərini qıcayıb cumdu rəqiblərinin üstünə. Necə deyərlər, ara qarışdı, məzhəb itdi... Ortalıqda atılıb düşənlərin əlində şabaş pulları yox, dəyənək, daş-kəsək oynayırdı. Başı yarılan kim, qolu çıxan kim, "vay dişim sındı!" - deyən kim. Aşığın sınıq sazı havada oynayırdı...

Duu... Duu... Duu...

Bu, zurna-balaban səsi deyildi. Təcili yardım ma­şın­ları həyəcan siqnalı verirdi. Vuruş meydanına çevrilən toy məclisində indi toybaşı Məlik Muxtarov yox, milis işçiləri fəaliyyət göstərirdilər...

Sınıq sazını qoltuğuna vurub, axsaya-axsaya Turaclı kəndini tərk edən qoca aşıq yol boyu öz-özünə hey gileylənirdi:

- İndi də get məhkəmədə şahidlik et. Kim qabaq vurdu? Kim tez yıxıldı? Axı mənim Turaclı toylarında nə işim var? Niyə mən qonşu rayona getmədim?! Rayon birləşmiş xəstəxanasının baş həkimi iki oğluna dalbadal toy vurdurdu. Hərəsindən də bir ətək pul götürdü. Toyçular da feyzyab oldular... Ancaq nə dil bildi, nə dodaq. Söz-söhbət düşəndə də "görməmişik", - deyirlər. Raykomun şoferi oğlanlarına sünnət toyu vurduranda, mal-qara tədarükü məntəqəsindən altı qoyun birdən gəldi. Toyun səsi, kababın tüstüsü, plovun ətri... Nuşicanları olsun. Yığılan qəpik-quruş da ki, öz yerində. Bunu bircə adam da dilinə gətirmir. Ancaq şoferin oğlu təhsil alan məktəbin müəllimləri yaxşıca bilirlər ki, uşağın "toyu" olsa da, sünnəti hələ olmayıb. Heç gör o boyda həngamələri açıb-ağardan var? Bax, ağıllı aşıq toya gedəndə də belə toylara gedər. Sazım sınınca, Turaclıya getdiyim yerdə qıçım sınaydı, dizim qırılaydı!

Aşıqla təsadüfən rastlaşdıq. Müsahibimlə tanış çıxdı. Bir sınıq sazına baxdı, bir də ki, bizə. Qəlbi kövrəldi. Başına gələn qəzavü-qədəri təfsilatı ilə danışdı. Sonra səsinin tonunu alçaldıb xısın-xısın məni işarə etdi:

- Soruşmaq ayıb olmasın, bu əlində qələm və kağız olan yoldaş kimdir?

Müsahibim tanış aşığın qulağına pıçıltı ilə dedi:

- Müxbir...

 

 1972-ci il

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com