FELYETONLAR
QƏSSABIN SƏRGÜZƏŞTİ
Qulamov yerdə qalan axırıncı sür-sümüyü də tərəzinin gözünə qoyub, ət almağa gecikən müştərilərə sırıdıqdan sonra, yağlı əllərini göy rəngli nimdaş xalatının çirkli ətəyinə silib, dükanın qapısını bağladı. Adəti üzrə özünü verdi yaxınlıqdakı dəmiryol restoranına. Küncdəki stulların birində ədəb-ərkanla əyləşib, papağını da qoydu pəncərənin qabağına. Mətbəxdə yağlı kabab tüstülənirdi. Qulamovun gözləri vitrinə səliqə ilə düzülmüş araq butulkalarına sataşanda əsnədi. Afisantın diqqətini özünə cəlb etmək üçün stolun üstündəki boş qədəhləri bir-birinə toxundurub cingildətdi. Xörəkpaylayan Qulamova tərəf yönəlib onun hüzurunda müntəzir dayandı. Qulamov ötkəm bir əda ilə onu ayaqdan başa qədər süzüb, çırtıqla boğazına işarə etdi:
- Vurmağa bir şey vaar?
Xörəkpaylayan qız incə bir gülüşlə:
- Bəli, var, - dedi, - hansından gətirim?
- Əvvəlcə araq.
- Bəs sonra?
- Al şərab.
- Sonra?
- Sonrasını da sərin pivə ilə yekunlaşdırarıq.
Stolun üstü tamam-dəsgah düzəldikdən sonra, Qulamov yanına bir həmsöhbət də dəvət etdi. O, birinci qədəhi milis postunun rəisi Ələkbərzadənin sağlığına qaldırdı. Çünki Qulamov neçə ildir ki, qəsəbədə qəssablıq edir. Kişinin oğlu pula pul demir. Arağı, çaxırı su yerinə içir. İnsafən Ələkbərzadə bircə dəfə də olsun onun xətrinə dəyməyib. Babalı deyənlərin boynuna, danışırlar ki, çox vaxt o, Ələkbərzadəsiz içmir.
Qulamov araq içəndə qəsəbə Sovetinin sədrini də yad etdi. Al şərab gələndə rayon prokuroruna, pivəyə keçəndə milis şöbəsinin rəisinə uzun ömür və daha yüksək rütbə arzuladı. Əlbəttə, onların köməyi, kölgəsi olmasa, Qulamov qəsabədə at oynada bilməz.
Qulamovun kefi qalxdı doxsan doqquza. Yüzü tamamlayanda divara söykənə-söykənə restoranı tərk etdi. Qəsəbə başına hərlənirdi. Göydəki buludlar ona papiros tüstüsü kimi görünürdü. Qulamovla rastlaşanlar sifətlərini turşudur və ikrah hissi ilə kənara çəkilirdilər. O, səndirləyə-səndirləyə yol boyu səkkiz yazır, çeçəyir, asqırır, öskürür, hərdən əlini üzündə gəzdirir və yuxulu kimi görünən gözlərini ovuşdurub dörd bir tərəfə boylanırdı. Gözünə bir qız sataşdı. Daha doğrusu, çoxdan gözaltı edib, həsrətində olduğu qız. Qulamov özünü ələ almağa çalışaraq, qəddini birtəhər düzəldib şax dayandı, qaşlarını dartıb qəribə bir görkəm aldı:
- Ay qı...ı...z!
Qızyetər dillənmədi, başını aşağı dikdi.
Qəssab çeçəyib, qeyri-iradi gülümsündü və ona tərəf bir neçə dolaşıq addım da atıb, taqətdən düşmüş kimi kəkələyə-kəkələyə ürək sözlərini şeirlə izhar etdi:
Mən aşığam, güləsən,
Danışasan, güləsən,
Bağban öldü, bağ soldu,
Həsrət qaldın gülə sən.
Qızyetər təbiət, gül-çiçək vurğunu olduğundan bağbanın ölməsini, bağın solmasını eşidəndə sarsıldı. Sonra fikirləşdi ki, bizim qəsəbədə əməlli-başlı, güllü-çiçəkli bir bağ yoxdur. Bir neçə çinar ağacı var, onların da susuzluqdan yarpaqları saralıb tökülür. Bəlkə bu hadisə başqa yerdə olub, hər halda bağbanın ölməsi, bağın solması, adamların gül-çiçəyə həsrət qalması yaxşı hal deyil. Bu qara xəbər Qızyetərin qəlbini kövrəltdi.
Qulamov gördü ki, Qızyetər mətləb üstə gəlmir. Qıçı qıçına dolaşa-dolaşa ona tərəf bir az da irəliləyib, məcnunsayağı yalvarmağa başladı:
Gözəllər sultanı, gözəllər xanı,
Qaytarmazlar pirə gələn qurbanı.
Öldür Qulamı, qurtarsın canı,
Vay xəbərin göndər qohum-qardaşa.
Qızyetər Qulamovun böyük qızı Viranədən üç yaş kiçikdir. Onun belə işlərdə hələ təcrübəli olmadığına görə, Qulamovun nə demək istədiyini yenə də başa düşmədi. Qız lap çaşbaş qalmışdı. Əvvəla, pirlər qəsəbədən çox aralıdır. Bir də ki, hələ burada pirlərdən qurbanın geri qayıtdığını eşidib-görən olmayıb. Kim istəsə pirlərə qurban da aparar, nəzir-niyaz da qoyar. Üçüncüsü də, qız tibb texnikumunu yenicə qurtarıb. Adamların cansağlığı keşiyində durmaq arzusu ilə doğma qəsəbəyə qayıdıb. O, şəfa vermək əvəzinə Qulamovu niyə öldürsün? Bəlkə Qulamov içkinin təsirindən özünü qoyun, qızı qəssab hesab edir? "Öldür Qulamovu, qurtarsın canı", - deməkdə görünür o, dünyadan bezib və yaşamaq istəmir. Axı buna da bir əsas yoxdur. Qulamovun evi-eşiyi, arvadı, yeddi uşağı, içərisində həmişə yağlı ət asılmış dükanı...
Sərin meh əsdi. Qızı kəsif və turşumuş bir iy vurdu, spirt iyi. Qız məsələnin nə yerdə olduğunu anlayıb, addım-addım geri çəkildi və birtəhər qəssabın əlindən qurtardı...
Vay evdəkilərin halına! Qulamov arvadı Arəstəyə dedi ki, daha səni görəndə ürəyim bulanır, başım ağrıyır, əsəbiləşirəm. Bəli, həmişə "Anuşka" deyə çağırdığı Arəstə indi onun qan çanağına dönmüş gözlərinə əqrəb kimi görünürdü. Ev döyüş meydanına çevrilmişdi. Zavallı körpələr boyunlarını büküb hərəsi bir küncə qısılmışdı. Stəkan-nəlbəki evin tavanına dəyib, çilik-çilik olurdu.
Qulamov təzə bənd olduğu qızla rastlaşanda quzuya dönür, haqq aşiqi kimi qəlbi cuşa gəlirdi. Arəstəni görəndə əfi ilana dönürdü. Nəhayət, Qulamov Arəstənin qarşısında məsələni qəti qoydu:
- Bu evdə ya sən, ya da mən!
Arəstə çox yalvardı. Qulamov az eşitdi. Sevgi konflikti getdikcə dərinləşirdi. Qulamovun təzə məhəbbəti, Arəstəyə isə nifrəti gündən-günə artırdı. Dava-dalaş da ki, öz qaydasında.
Arəstə çarəsiz qalıb rayon prokurorluğuna, milis şöbəsinə müraciət etməli oldu:
- Yeddi uşağın anasıyam. Ərimlə əvvəlcə çox mehriban dolanırdıq. O, ət dükanında işləyəndən bəri pula pul demir, içkiyə qurşanıb. Başqa bir qızın eşqinə düşüb. Məni hər gün döyür, incidir...
İş rəsmiyyətə düşəndə Qızyetər dedi ki, mən Qulamov adlı adam tanımıram. Qulamov da izahat verdi ki, mən hara, Qızyetər hara. O ki qaldı hər gün sərxoş olmağım, söz verirəm ki, bir də içməyəcəyəm.
Arəstənin ərizələrinə cavab verildi ki, böhtan danışırsan. Qulamov canlara dəyən oğlandır. Kənd istehlak cəmiyyətinin sədri, Qulamova verdiyi xasiyyətnamədə göstərdi ki, belə qəssab ələ düşməz... O, bir işçi, vətəndaş, ata, abırlı-ismətli adam kimi kollektivimizdə nümunə olmağa layiqdir...
Qulamov Arəstənin ərizələrinə bu cür yanaşıldığını və özünün müdafiə olunduğunu görüb daha da "fəallaşdı". O, izahat verdiyi günün səhərisi yenə də yarım litr araq vurub, kəsdi Qızyetərin qabağını:
Həsrətindən saralıban, solanam,
İzn versən, yar başına dolannam,
Əlli yol çapılam, yüz yol talanam,
Bir şey deyil dövlət, mal, incimərəm.
Qızyetər gördü ki, işin orası deyil. Qulamov əl çəkməyəcək, o da rüsvay olacaq. Anası ilə baş alıb qonşu rayona getdi ki, orada işə girsin və bu biabırçı söz-söhbətlər də kəsilsin. Yolun yarısında onun qabağını bir "Moskviç" maşını kəsdi. İçərisində də Qulamov. Qulamovun sözü qısa və qəti oldu:
- Öldü var, döndü yoxdur! Sənsiz yaşaya bilmərəm. Sevmişəm, alacağam!
Qız sifətini bozardıb, onu rədd etdi:
- Ayıbdı, dədəm yerdə kişisən, arvadın, uşağın... Qulamov sərxoş vəziyyətdə irəli yeriyib irişdi və aşiqanə diz çöküb yalvarmağa başladı:
Yazıq Qulamovam, yorğun, naçağam,
Belə işlərindən evdən qaçağam.
Çox da qocalmışam, hələ ki, cağam,
Bir az namus, qeyrət, ar sinəmdə var.
Qızyetər nə qədər cəhd etdisə, Qulamovun cəngindən qurtarmadı. Odur ki, kor-peşman geri qayıtdı.
Bir gün səs yayıldı ki, Qulamov Qızyetəri caynağına alıb aradan çıxıb. Qız bir ay tapılmadı... Ancaq Qulamovun ona olan "qaynar məhəbbəti" elə həmin müddətdə soyuyub buza döndü. Qulamov qızın qolundan yapışıb, atası evinə ötürəndə bircə bunu dedi:
- Səndən mənə yar olmaz.
Qızyetər rayonun idarələrinə məktub yazıb acı taleyindən şikayətlənməyə başladı:
- Qulamov məni zorla, hədə-qorxu ilə bədbəxt elədi. Mənə kömək əli uzadın.
Rayon prokurorluğunda, milis şöbəsində onun şikayətinə rədd cavabı verdilər.
- Əvvəlki izahatında demisən ki, Qulamovu tanımıram.
Qızyetər yazıq-yazıq:
- Mən demirdim, Qulamov hərbə-zorba ilə dedirtdirirdi!!
- Daha bizə dəxli yoxdur.
Qulamov qəsəbə Sovetinə dəvət olundu. Ancaq ondan doğru-düzgün bir cavab alınmadı. Qəsəbə Sovetinin sədri pıçıldadı:
- Hələ sərxoşdur.
Bəs onda bu cür məsələlərlə məşğul olan ayıq adamların Qulamov kimilərin nalayiq hərəkətlərinə dözməsi necə?! Qoy bu suala da qəzetçilər cavab versin...
1972-ci il
|