www.aliildirimoglu.az

FELYETONLAR

QAPI AÇILDI

Mərdan Qılıcov danışdıqca salonda əylə­şən­lərə göz gəzdirir və nitqinə fasilə vermədən gur səslə deyirdi:

- Bəzi-bəzi idarə müdirləri əmək intizamının zəif olmasına dözürlər. Təəssüf! Çox təəssüf! Vicdanlı əmək, ciddi qayda-qanun, vətəndaşlıq borcu! Bax, hər birimiz bu sözlərdəki dərin mənanı incəliyinə qədər duyub dərk etməliyik!

Müavin axırıncı kəlməni xüsusi intonasiya ilə və bir qədər də həyəcanla dediyi üçün çeçədi. Bir qurtum ilıq su içib, yenə də nitqinə davam etdi:

- Rəhbər işçi tapşırılan sahədə lazımi əmək intizamı təmin etməyi bacarmırsa, de-mə-li, o, tutduğu vəzifəyə layiq deyil!

İdarə müdirləri başlarının təmkinli hərəkəti ilə müavinin bu müdrik fikirlərinə şərik olduqlarını bil­dir­dilər. Rayon icraiyyə komitəsinin katibi Muxtar Musa­yev isə:

- Tamamilə doğrudur! - deyib müavinin sözünə qüvvət verdi.

Müavin səsini bir az da qaldırıb, yumruğunu düyün­ləyərək:

- İdarəyə sərxoş gəlmək, - dedi, - və ya iş yerində spirtli içkilər içmək, əmək intizamını ən kobud şəkildə pozmaq deməkdir!

Heç kəsdən səs çıxmırdı. Salona sakitlik hakim kəsilmişdi. Bircə Muxtar Musayev ötkəmlik edib yerin­dən dillənir və tez-tez:

- Doğrudur! Doğrudur! - deyirdi.

Müavinin atmacaları idarə başçıları arasındakı gər­ginliyi daha da artırırdı...

Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini Mərdan Qılıcov, katib Muxtar Musayev intizam məsələsində həm özlərinə, həm də idarə başçılarına qarşı ciddi, tələbkar olduqlarını yalnız tez-tez keçirilən iclaslarda nitq söyləməklə deyil, əməli hərəkətləriylə də əyani olaraq nümayiş etdirirdilər. İstər bir metr qar yağsın, istərsə də göydən leysan ələnsin, fərqi yoxdur. Müavinlə katib idarəyə hamıdan qabaq varid olurdular. Vay ikicə-üçcə dəqiqə gecikənin ha­lına... Ya müavinin qəzəbinə düçar olacaq, ya da katibin. Cəza, tənbeh də ki, öz yerində. Çox adam onlara nizam-intizam mücəssəməsi kimi baxırdı. Bəzən iş vaxtı qurtarır, hamı idarəni tərk edib evinə yollanır. Müavinlə katib isə idarədən çıxmaq bilmirlər ki, bilmirlər.

Şəhərin mərkəzində ucalan hündür binanın pəncərəlindən süzülən işığı görənlər məmnun qalır və öz-özlərinə düşünürdülər:

- Bu cür rayon başçılarına halal olsun. Qubalıların yolunda canlarını əsirgəmirlər.

Bir dəfə idarənin qarşısından keçən kövrək qəlbli, yaşlı qadın istədi ki, Mərdan Qılıcovla Muxtar Musa­ye­vin kabinetlərinə daxil olub desin ki, ay oğul, can cahana bir dəfə gəlir! Axı niyə özünüzə qəsd edirsiniz?! Bir belə də işləmək olar?!

Yaxınlıqdakı kitabxana işçilərinin biri digərinin qulağına xısın-xısın deyirdi:

- Bu ilin ağ qışı qara gəldi. İşlərimiz onsuz da biabırçı haldadır. Bu yandan da şöbəmizin müdiri baş mühasiblə əlbir olub, əyri yollarla idarəmizin yüz min manata yaxın pulunu qatlayıb qoyublar cibişdanlarına. Lap rüsvay ol­duq! Yəqin icrakomda əyləşənlər bu məsələləri ay­dınlaşdırarlar. Maliyyə şöbəsi gecəli-gündüzlü iki il iki ay yatıb yuxuya getməsəydi və ya bank ayıq-sayıq olsay­dı, mədəniyyət şöbəsində bu cür həngamələr baş ver­məzdi. İcrakomdakılara da nə deyəsən?! İş işdən keçəndən sonra ayılıb əl-ayağa düşüblər.

Başqa bir mədəniyyət işçisi:

- Aazz, - dedi. - Bizim rayon mədəniyyət şöbəsi mü­di­rinin başını böyütməyin. Onsuz da əskisi tüstülüdür. Rayon rabitə qovşağında yüz min manat pulu yeyib, üs­tündən də Qəçrəşin sərin suyunu içiblər. Heç poç­tal­yonlar, teleqrafçılar, telefonçular bu haqda bircə kəlmə dinib-danışırlar?! Bizim bu klub-kitabxana işçilərinin arasında heç ala qarğa da bala çıxarmaz.

Orta yaşlı kitabxanaçı müsahibinə etiraz edib zarafatyana:

- Aaaz, - dedi, - insafın olsun, kəndlərimizdə klub və kitabxanaların qapısını heç açıb-örtən var ki?! Çoxunun içərisində quşlar yuva salıb. Ala qarğa da balalayır, hələ desən qara qarğa da.

Qızlar qəşş etdilər. Orta yaşlı kitabxanaçı:

- Aazz, gülməyin, - dedi, - icrakomdakılar gecə-gün­düz o cür can-dildən işləyirlər, siz də burada söz güləşdirirsiniz. Bir də ki, müdirimiz eşidib bizdən inciyər. Deyər ki, mən nə haldayam, işçilərim nə kefdə?!

Kitabxananın oxucuları işçilərlə birlikdə kədərli ah çəkdilər:

- Doğrudan da, icrakomdakıların işi başdan aşır. Tikintinin, abadlığın, maarifin, mədəniyyətin, şəhərin, kəndin bütün ağırlığı onların çiynindədir, - dedilər.

Bəli, iş vaxtından sonra Mərdan Qılıcovla Muxtar Musayevin kabinetdə əyləşmələrini hərə bir cür yo­zurdu. Qocaman meşə gözətçisi hər dəfə qəlbi bir yerdə dayanıb, ilbəil qırılıb tərk olan nəhəng ağacların çürü­müş kötüklərinə, getdikcə çılpaqlaşan yamaclara, dərə-təpələrə baxdıqca ürəyi ağrıyır. O, icraiyyə komitəsinin binasının pəncərələrindən işıq gəldiyini görəndə xeyli yüngülləşdi və sevinclə meşəçi həmkarına:

- Həə, - dedi, - icrakom işçiləri ki bu cür gərgin iş­lə­yirlər, yəqin meşələrin də qırılmasının qarşısı alınır. İldə min hektarın yüzillik ağacları qırılıb odun olur. Ancaq ildə yüz hektarda ting salınır. O da ya qismət, bitə-bitməyə. Ağızdan-ağıza belə bir söz də gəzir ki, guya öz cibini güdən odun dəllalları haradasa, kiminsə bığının altından keçib qaz kəmərinin çəkilişinə mane olurlar. Yəqin icrakomda da elə bu barədə götür-qoy edirlər. Balam, Bakıdan ya Xaçmaza gəldin, ya da ki, Qubaya, nə fərqi?! Səmti, yolu bir, məsafəsi eyni. Bax, burada nə sirr var?! Xaçmazda neçə ildir qaz alovlanır, amma mədəniyyəti qədim olan gözəl Qubada hələ də kör-kötük tüstülənir. Rayon başçılarının fərsizliyi üzündən qalın-qalın yaşıl meşələr yanıb kül olur. Yəqin ki, Qubanın icrakomunda əyləşənlər gec də olsa, indi gecəni gündüzə qatıb bu müşkül məsələnin həllinə çalışırlar.

Kolxoz bazarı ildə milyon manata yaxın gəlir verir. Burada yüz min manatlıqlarla alver olur. Ancaq di gəl ki, satıcılar da peşmandır, alıcılar da. Yer darısqal, şərait yox. Yayda yanmalısan, qışda donmalısan. Bazarın bolluğu ab-havadan asılıdır. Elə ki, şiddətli yağış başladı, ara qarışır, məzhəb itir. Alma satan, qoz satan, kartof gətirən şələ-şüləsini yığışdırıb bir göz qırpımında bazarı tərk edirlər. Hava açılanda, alver qızışanda da avtovağzal işçiləri ilə qəbz yazıb tərəzi paylayanlar əlbəyaxa olur­lar. Çəkmə yaxam cırıldı başlanır. Çünki vaxtilə avto­vağzalın bir hissəsi müvəqqəti olaraq bazara verilib, bazar da burada lövbər salandan bəri yerindən tər­pən­mək istəmir. Avtomaşınların sayı artıb, sürücülər ço­xa­lıb, alver genişlənib. Uyğunsuz və darısqal bir yerdə sü­rü­­cülər, alıcılar, satıcılar qarışıblar bir-birinə. Biri deyir:

- Bakıya gedən! Dərbəndə yolu düşən! Mahaçqalaya səfərə çıxan! Sumqayıt! Sumqayıt!

Digəri gücü gəldikcə qışqırır:

- Armud! Gavalı qurusu! Yumşaq əzgil! Pencər toxumu!

Sürücülər sərnişin axtarır, satıcılar da alıcı. Quba baza­rına güzarı düşən nabələd müsafirlər çaşbaş qalırlar. Bilmirlər ki, bura nəqliyyat idarəsidir, yoxsa kolxoz bazarı.

Kartof, nar, heyva satmağa gələn üç nəfər, hündür binanın iş otaqlarında işıq yandığını görəndə xeyli sevindilər. Nar satan kartof satana:

- Çox şükür, - dedi. - İcrakomda ki, bu cür işləyirlər, yəqin İmişlidəki, Beyləqandakı müasir kolxoz bazar­larının biri də Qubada tikilər.

Heyva satan başını buladı:

- Qəribədir, - dedi. - Qubanın neçə əsrlik tarixi var. Beyləqan qəsəbəsi isə dünən-srağagün əmələ gəlib. Amma gör Quba nə günə qalıb ki, Beyləqandan nümunə götürür.

Kartof satan ona etirazını bildirərək:

- Ə, insafın olsun, - dedi. - İcrakom elə ona görə gecə-gündüz çalışır də! Gözün görmür?!

Bəziləri güman edirlər ki, Mərdan Qılıcov bilavasitə planlaşdırma işlərinə baxdığı üçün təsərrüfatların ərzaq ehtiyatlarını təhlil edir. Fikirləşir ki, bal yüz dərdin dərmanıdır. Rayonda da arıçılıqla məşğul olan yeganə təsərrüfat Qonaqkənd sovxozudur. Di gəl ki, arı yeşiklərinə qorxa-qorxa yaxınlaşırsan, bircə vızıltı da qulağına dəymir. Sovxoz direktoru deyir ki, bizim arıların sortu başqadır. Hay-küyçülüyü sevmir. Balı çiçəklərdən səssiz-səmirsiz toplayır. Elə ki, şanlar doldu, onda vızıldayıb cövlan edirlər. Ancaq məsələnin dərinliyinə gedəndə bəlli olur ki, ötən ildən bəri nə az - nə çox, mincə arı yeşiyi boş qalıb. Yəni arıların vızıltısı biryolluq kəsilib.

- "Adı sənin, dadı mənim".

Kənar adamları bilmirəm, Quba camaatı bu sözün mənasını yaxşıca bilirlər. Məsələn, birdən-birə üç kooperativ binasının bünövrəsi qoyulur. Ad olur ki, bu binalar təmir-tikinti idarəsində, maliyyə şöbəsində, kooperativlər ittifaqında mənzilə ehtiyacı olan fəhlə və qulluqçular üçündür. Ancaq gen-bol mənzillərdə yaşamağın ləzzətini başqaları görür. Məsələn, bu beşotaqlı mənzilin sahibi kimdir? Ət kombinatında işləyən, hələ ailə qurmamış subay-salıq bir oğlan. Olar! Çünki atası böyük bir idarənin rəisidir. Bəs bu beşotaqlı mənzilin sahibi kimdir? Rahat, yar-yaraşıqlı ev-eşiyi olan bir nəfər pensiyaçı qadın. O da olar! Oğlu rəisdir, yeznəsi də müdir! Əgər bu cür faktları sadalamağa baş­lasaq, gərək burada iri bir siyahı tərtib edək...

Bəli, mənzilə, ev tikdirmək üçün torpaq sahəsinə ehtiyacı olanlar da güman edirdilər ki, Qılıcovla Musa­yev iş vaxtından sonra əlbir-dilbir olub, onların qeydinə qalır və ya əhalinin məişəti barədə düşünürlər.

Əlqərəz, cürbəcür fərziyyələr, rəylər, mülahizələr, müxtəlif ümidlər, ehtimallar, arzular... Ancaq... Bir dəfə kabinetin qapısını açıb içəri daxil olanlar gördülər ki, paho, kişilər başqa bir aləmdədirlər!.. Müavinlə katib qa­baq-qənşər əyləşib, televizorun mavi ekranında dal­ğalanan Xəzərin suları ilə məzələnir, büllur qədəhləri toqquşdurur, bala-bala vururlar. Mərdan Qılıcov artıq vicdanlı əmək, nizam-intizam, vətəndaşlıq borcundan yox, təzəcə boşaltdıqları "Abşeron" konyakının necə ləzzət verdiyindən həvəslə danışırdı. Muxtar Musayev isə xumarlanmış gözlərini müsahibinin pörtmüş üzünə zilləyib, ağırlaşmış başını bulayır və "Göygöl" konyakına üstünlük verirdi...

Mərdan Qılıcov əlindəki qədəhi boşaldıb dostuna qıy­ğacı bir nəzər salaraq:

- Sənin damski dublyonkadan başın necə çıxırsa, "Ab­şeron" konyakının da dadını, tamını o cür bilirsən! - dedi.

Muxtar Musayev ötən gecə etdikləri mübahisəni təzələyərək yenə də inadla sözünün üstündə durdu:

- Bəli! - dedi. - Dünən demişəm! İndi də sözümün üs­tün­də dururam! Sənin arvadın Yuqoslaviya dublyonkası geyir, mənimki Fransa! Fransız dublyonkası hara, Yuqoslaviya dublyonkası hara...

O, ürəkdən gülərək əlavə etdi:

- Sən öləsən, Mərdan, arvad geyib çıxanda dublyonka ona bir vid verir ki, gəl görəsən! Lap madonnaya oxşayır!..

Onlar içkinin təsiri altında bərkdən gülərək, əllə­rin­dəki yarımçıq qədəhləri bir-birinə vurub:

- Bu qədəhləri də bizim xanımların və onların son dəbdə olan importnı dublyonkalarının, sapoşkilərinin, nor­ka papaqlarının sağlığına! - dedilər.

 

 1984-cü il

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com