www.aliildirimoglu.az

FELYETONLAR

YAZIM, YAZMAYIM!

Bayaqdan bəri deyib-gülən müsahibimin əhvalı birdən-birə pozuldu. Sarışın sifəti avazıdı, qaşları çatıldı, mısmırığı sallandı. İrəlidən gələn adamı işarə edərək öz-özünə deyindi:

- Bu hardan peyda oldu?! Mərdimazarın biri mərdimazar! Əlini tutursan, ayağı yazır, ayağını tutursan, əli! Nanəcib oğlu, nanəcib!

Amma... Yaxınlaşanda müsahibim onu görməyə şadmış kimi sifəti duruldu, eyni açıldı, dəmir sağanaqlı eynəyini gözündən götürüb səmimi görkəm aldı və ehtiramla salam verərək:

- Sənsiz yaman darıxmışam, - dedi, - harda itib-batmısan?! Hərdənbir görük, nə qulluğun olsa hazırıq!..

Həmin adam da hiyləgər bir əda ilə gülümsünüb, hiss etdirdi ki, müsahibimdən razıdır və ona qarşı heç vaxt qəbahət iş görməz. Yəni yazıb-pozmaz.

Aralananda müsahibim yenə də başını bulayıb ikrah hissi ilə:

- Yaman yazandır, - dedi. - Rayondan teleqram vuranda şaqqıltısı yuxarılardan gəlir. Çoxlarına qara yaxıb. Tutduğunu buraxan deyil.

Müsahibim özünün son dərəcə ehtiyatlı və həm də ağıl dəryası olduğu ilə qürrələnərək:

- Neçə ildir, bu rayonda məsul vəzifədəyəm, - dedi. - Elə bilirsiniz, asandır?! - O, təəssüflə başını bulayıb sözünə davam etdi. - Gərək belələri ilə birtəhər dil tapıb ötüşəsən. Hərdən kabinetimə də gəlir. Cibinə beşlikdən-onluqdan qoyub, yumşaldıb, yola salıram.

Bəzi-bəzi şər-böhtan azarkeşlərinin təbirincə, yeri gələndə gözünü yum, ağzını aç, səsinin tonunu qaldır. Ya da "Gedərəm! Yazaram! Mərkəzdə oturaram! Sübut edərəm!" - de. Yaxud da, dalda bir yerə çəkil, qabağına ağ kağız qoy, əlinə qələm al, sinəni söykə stola, döşə. Müxtəlif ünvanlara, cürbəcür uydurmalar: "rayon dağılır, kolxozlar əldən gedir, filankəs ev tikdirir, filankəs maşın alıb, hamı əliəyridir...". Onda səni sayarlar, həmişə hesablaşarlar. Bilərlər ki, papaq altında necə oğlanlar var.

Hər bir rayonda, kənddə, idarə və müəssisədə, hətta yaradıcılıq təşkilatlarında belələrini barmaqla göstə­rirlər. Gələndə "qorx qorxmazdan, utan utanmazdan" mülahizəsi ilə ehtiram göstərib geri çəkilirlər, üzünü o tərəfə çevirən kimi arxasınca tüpürüb, lənətləyirlər.

Əgər onlar yazsalar ki, Füzulidən Martuniyə gedən avtomaşın yolu bərbad haldadır, bildir burada tikinti planı biabırçı vəziyyətdə kəsirdə qalıb, yol-tikinti idarəsinin rəisi Rəşidbəyli, baş mühəndis Məcidxanov, trestin başında duran Biləndərov məsuliyyətsiz adamlardır, yol-tikintisi və istismarı nazirliyində əyləşənlər də qəzet və jurnalların bu barədəki tənqidini, sürücülərin hərzə-hədyan sözlərini, yolçuların haqlı giley-güzarlarını qulaqardına vururlar, nazirlik isə tabeliyində olan belə laqeyd idarə və trest başçılarını isti qanadlarının altına alıb yağışdan, küləkdən, zavaldan qoruyur, - əlbəttə onda elin qayğıkeşi kimi bolluca-bolluca "sağ ol" qazanarlar, xeyli-xeyli hörmət sahibi olarlar. Ağızlarını "xeyirliyə" açıb desələr ki, Xıdırlı kənd xəstəxanasının həkimi Cərrahquliyev xəstəlik vərəqələrini saxtalaşdırmaq yolu ilə və "Bakı" sovxozunun direktorunun möhür-ştampının köməyi ilə dövlətə yüzcə min manat ziyan vurub, qonşu rayondakı tikinti materialları mağazasının müdiri Kefkom Köçəri taxtapuş dəmiri satarkən müştəridən yüzcə manat artıq çırpışdırıb..., kağız və qələmlərini bu cür qəribə-qəribə əhvalatların təsvirinə sərf etsələr, onda tənbəllərə, baş girləyənlərə, antipodlara qarşı mübarizlər kimi hər yerdə təqdir olunarlar. Amma ağ yalan uyduran qarayaxa adamlara bu sayaq sərf etmir. Onların təbirincə, bu fani dünyada ad-san qazanmağın yüngülcə bir yolu da onun-bunun gözünə kül üfürməkdir. Bilik xəzinəsi, ağıl dəryası, vəzifə sahibi olan bəzi-bəzi siyasətbaz adamlar da deyirlər ki, əyləşdiyin stulun tez laxlamaması xətrinə gərək bu cür cəncəl adamların bığının altından keçib, çaldıqları ilə oynayıb, başlarını tumarlayıb, birtəhər ötüşəsən. Məsələn, bu yazandı, o qarayaxandı, bunun adamı var, filankəsin dəstəsi böyükdür, o biri də iclaslarda bəlağətlə danışandır, filankəs də barıt dağarıdır, gərək toxunmayasan. Belələrinə gərək bir vəzifədən, maşından, möhürdən, idarədən verib səsini kəsəsən. Məsələn, "Qarabağlar" sovxozunun başçıları kimi. Bu haqda bir qədər ətraflı danışmağa dəyər.

Axırıncı yoxlama komissiyası geri qayıdandan sonra direktorla müavin dərindən nəfəs alıb, özlərində yüngüllük hiss etdilər. Onlar dirsəklərini stola dayayıb, çənələrini ovuclarına alıb qabaq-qənşər əyləşdilər və məsləhət-məşvərətə başladılar. Necə edək ki, anonim məktublara son qoyaq, yoxlamalardan yaxa qurtaraq? Xeyli ağıl işlədib, baş sındırdıqdan sonra müavin dedi ki, gərək kənddə bir-iki adamın ağzını yumaq. Direktor tibb elmindən az-çox xəbərdar olduğu üçün yaxşı bilir ki, insanın ağzı bir neçə dəqiqə yumulsa, o dünyaya vasil olmalıdır. Ona görə də direktor müavininə qəti etiraz edib, bu fikirdən vaz keçdi:

- Qatil kimi müttəhim kürsüsündə əyləşməkdənsə, gündə izahat yazmaq min dəfə yaxşıdır, - dedi, - məni cinayətə yuvarlama, bir çətən külfətim var.

Müavin şaqqanaq çəkib güldü və izah etdi ki, o cür fiziki güc işlədib ağız yummağı demirəm, canım! Yəni ortada yeyib qıraqda gəzən və dili dinc, əli farağat durmayan bir neçə adamı yumşaldıb razı salmaq lazımdır.

Bəli, Şinel Məcid idarəyə dəvət olundu. Direktorla müavin ayağa qalxıb onun qarşısında təzim etdilər. Onlar Şinel Məcidə yer göstərərək:

- Məcid əmioğlu, - dedilər, - oxuduğumuz tarixdən, şahidi olduğumuz təcrübədən məlumdur ki, kadr hər şeyi həll edir. Sən də ki, insan sərrafısan. Odur ki, istəyirik sovxozda kadr işini sənə həvalə edək. Zəhməti az, maaşı çox.

Məcid əmioğlu bir qədər özünü naza qoyduqdan sonra razılıq verdi. O gündən anonim məktubların sayı bir qədər azaldı, ancaq arası kəsilmədi. Bu dəfə Donqar Dadaşı direktorun kabinetində dövrəyə alıb, dilə tutdular:

- Bilirsən də, Dadaş qağa, - dedilər, - son vaxtlar üzümçülüyün inkişaf etdirilməsinə xüsusi fikir verilir. Biz də ən işgüzar, bacarıqlı, səriştəli, vicdanlı, təmiz adamları yeni və perspektivli sahəyə cəlb etməliyik. Gərək briqadaların birinə də şəxsən sən başçılıq edəsən. Kənddə beş adamın birisən, heç kəs də bir sözünü iki eləməz. Sizin kimi görüb-götürmüş, nüfuzlu adamlar bizə arxa olmasa, üz ağardıb, baş ucalda bilmərik.

Donqar Dadaş da əvvəlcə özünü dartıb qoydu dağın kəlləsinə və bildirdi ki, o, daha böyük məsul vəzifələrdə işləməyə layiqdir. Ancaq "abırlı" adam olduğu üçün sovxoz başçılarının sözünü yerə salmadı və briqadirliyə də qane oldu. Direktorla müavin, Donqar Dadaşın onları sayıb-eşitməsindən məmnun qalıb dönə-dönə "Təşəkkür!" dedilər.

Sovxozdan gedən anonim məktubların arası kəsilmişdi, dedi-qodu azalmışdı. Plantasiyalarda, fermalarda hər kəs öz işini görürdü. Əmin-amanlıq yaranmışdı. Bir gün Şinel Məcid Donqar Dadaşı daldaya çəkərək:

- Dadaş, - dedi, - qələm-karandaşı yerə qoyandan bəri barmaqlarım xamlayıb.

- Məcid əmioğlu, dərdimi tərpətmə. Mənim də əlim yaman gicişir, nə qədər qaşıyıram soyumur. Həkim də deyir ki, guya allergiyan var, sənə şirin, acı yeməklər olmaz, gərək pəhriz saxlayasan. Əmioğlu, nə başını ağrıdım, dayana bilmirəm. Elə bil havam da çatmır, boğuluram. Lap səbrim tükənib.

- Onda gəl başlayaq.

- Nədən?

- Sovxozdan.

Şinel Məcid bu sahədə təcrübəli olduğu üçün sovxozdan yazmağa etiraz etdi. Həmkarını başa salıb dedi ki, sovxozdan yazsalar, ağacın yoğun ucu onların özünü tutar. Yəni qazdıqları quyuya özləri də düşərlər. Şinel Məcid başladı Donqar Dadaşı danlayıb dansımağa:

- Rayon təmir-tikinti idarəsində dülgər işlədin, yarıtmadın. Dispanserdə yüngülcə bir vəzifənin öhdəsindən gəlmədin. Sovxozda yanğına qarşı mübarizə dəstəsində neçə il müftə maaş aldın, amma bircə tüstü də söndürmədin. İndi də briqadanı gözündən batırmısan, tənəklərdə salxım qalmayıb.

Dadaş pərt oldu:

- Bura bax, ə, - dedi, - mən pajarnıda işləyəndə haçan evinə od düşdü ki, harayına gəlmədim?! İkincisi də, guya sən özün azacıq aşın duzusan, təmiz adamsan?! Neçə vəzifədən qovulmusan. Adını güclə yazırsan, amma vəzifənin yağlısından yapışmısan.

Şinel Məcidlə Donqar Dadaş bir-birinin paxırını açıb-ağartmamaq üçün çox da dərinə getmədilər. Tütəyin dilini bəmə endirib yenidən əlbir-dilbir oldular. Başladılar gözlərinə pis görünən, ürəklərinə yatmayan, xoşlarına gəlməyən adamları hədəfə almağa. Elə bu dəm tək səbir gəldi. Hər ikisi dilxor oldu və duruxdu. Şinel Məcid dedi ki, dostum, son vaxtlar anonim məktub yazanların, böhtançıların üstünə yaman düşüblər. Tək səbir də ki, bizim nəslə düşmür. Qorxuram ilişək. Özü də sınamışam, həmişə ağlıma gələn elə başıma gəlir. Donqar Dadaş müsahibinin fikrinə şərik oldu və təklif etdi ki, bu barədə yeni, daha mütərəqqi bir üsul kəşf etmək lazımdır. Atalar demişkən, ağıl yaşda deyil, başdadır. Şinel Məcid yaşca Donqar Dadaşdan böyük olsa da, anonim məktub yazmağın mütərəqqi üsulunu nə görüb, nə də eşidib. Dadaş onu başa saldı ki, əllə yazsaq, ələ keçərik. Ehtiyat igidin yaraşığıdır. Ayaqla və dişimizlə yazsaq, izi itirərik. Şeytanın özü də xətti­mizdən baş çıxara bilməz.

Məcid qələmi ayaq barmaqlarının arasına almışdı. Dadaş dişi ilə karandaşdan möhkəmcə yapışmışdı. Ağ kağızlara hörümçək ayağı kimi əyri-üyrü hərflər düzü­lürdü. Pəncərədən bunu görən kənd uşaqları sevinib deyirdilər ki, Məcid əmi ilə Dadaş dayıya halal olsun, sovxozumuzu gerilikdən çıxarmaq üçün bütün ehtiyat qüvvələrini işə salıb, mövcud imkanlarından məharətlə istifadə edirlər.

...İş vaxtının qurtarmasına az qalmış idarənin katibi prokurorun kabinetinə daxil olub, qoltuğundakı ərizə və şikayət qovluğunu ehtiyatla stolun üstünə qoydu və kövrəldi:

- Rəhmətlik yaxşı adam idi, - dedi, - heyf dünyadan kamsız getdi.

Prokuror təəccüb və təşvişlə soruşdu:

- Ölən kimdir? Öldürən kimdir?

Katib yanağında gilələnən yaşı silib, fəhlənin imzası ilə prokurorun adına yazılmış məktubu ona təqdim etdi:

- Qarabağlar sovxozunun əhatə etdiyi Xanlıq kəndində Sulduz Bəhmənli filankəsi işgəncə ilə qətlə yetirib. Nağı Tağıyev də Zəridəni öldürməyə hazırlaşır.

Prokuroru fikir götürdü. Ölən ölüb, qalanın təhlü­kəsizliyini təmin etmək və baş verə biləcək hadisənin qarşısını almaq üçün rayon milis şöbəsi işə cəlb olundu. Əməliyyat planı tərtib edildi...

Xüsusi milis maşınları yüksək sürətlə Xanlıq kəndinə doğru şütüyürdü. Həyəcan siqnalı verildikcə qarşıdan gələn və irəlidə gedən maşınlar bir kənara çəkilib daya­nır­dılar. Hərəkətləri şübhə doğuran şəxslər sorğu-suala tu­tulurdu. Bəzi evlər nəzarət altına alınmışdı. Kəndin adamları bir-birinə dəymişdi. Baxışlara qorxu və ni­ga­rançılıq hissləri hakim kəsilmişdi. Hamı çaşbaş qalmışdı.

Nəhayət... Nəhayət, əməliyyat başa çatdı. Məlum oldu ki, nə ölən var, nə öldürən, nə də qətlə hazırlaşan. Sulduz Bəhmənli kəndin xeyirxah, hörmətli adamıdır. Ömründə bir sərçəyə də güllə atmayıb. Hacı Tağıyev də Zəridənin atasıdır. Məktubda imzası olan Nağı Tağıyev də Zəridənin əmisidir. Bir sözlə, hamısı bir-biri ilə mehriban qohum-qardaşdır.

Bu həngamələri araşdırıb kələfin ucundan yapışanda, ipin bir tərəfi gedib dayanır Şinel Məcidlə Donqar Dadaşda. Onların yaxasından yapışanda, büzüşüb bala­calaşır və törətdikləri cinayətdən yaxa qurtarmaq üçün acı dillərini şirin-şirin işə salırlar:

- Qul xatasız olmaz, ağa kərəmsiz. Keçin günahımızdan.

Əvvəla, qozbeli qəbir düzəldər. İkincisi də, bizdə nə qul var, nə ağa. Şinel Məcidlə Donqar Dadaşın yal­va­rışına dəldikdə, bu cür qəliz məsələlərə inzibati orqanlar baxır...

Bütün bu əhvalatları eşidib, görüb biləndən bəri fikir məni götürüb. İstəyirəm bu barədə balaca bir felyeton yazam. Yazam ki, adlarını çəkdiklərimizə və çəkmə­dik­lə­rimizə ağıllı-başlı ibrət olsun. Sonra da tərəddüd edirəm. Öz-özümə ölçüb-biçib deyirəm:

- Yox, arının yuvasına çöp uzatmayım. Müsahibim demişkən, qoy xatası bizdən yüz ağac uzaq olsun. Odur ki, qəti bir qərara gələ bilmirəm. Bilmirəm - yazım, yazmayım?!

 

1973-cü il

 

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com