www.aliildirimoglu.az

FELYETONLAR

"YAZMA, BAŞIN AĞRIYAR"

Ata işdən qayıdıb əlindəki beli həyətin bir küncünə söykədi. Əl-üzünü yudu, paltarını dəyişdi və baş tərə­fində ağ samovar qoyulmuş sumağı gəbənin üstündəki yastığa dirsəklənib, armudu stəkandakı pürrəng çayı qabağına çəkdi. Oğlunun yazı masasına söykənib hey yazıb-pozduğunu gördükdə:

- Qələmdar, - dedi, - yenə nə qurdalanırsan?

- Felyeton yazıram, - deyə, Qələmdar qaynar göz­lə­rini atasına zillədi.

Atasının qaşları çatıldı, alnındakı qırışlar qarmon kimi yığışıb-açıldı.

- Oğul, - dedi, - görürəm müxbir olmaq istəyirsən. Neynək, pis sənət deyil. Ancaq həmişə tərif yaz, tənqid yazıb özünü dilə-dişə salma. Onda başın ağrımaz, qulağın dinc olar. - Ata Qələmdarın pərt olduğunu görüb əlavə etdi: - Oxu, oğlum, görüm necə yazmısan, nədən yazmısan?

Qələmdarın tutqun sifəti yenidən işıqlandı. Dönə-dönə yazıb-pozduğu məktubu həvəslə oxumağa başladı:

"Kələntər Kərimov briqadir olanda onun tərifini göylərə qaldırdılar. Kələntər az qaldı ki, mavi səmanın ənginliklərinə qalxıb çəkisizliyə düşsün və rayonu­mu­zun peyki kimi dövrə vursun. Ancaq "Volqa" maşınında süzmək həvəsi onu yerə enməyə vadar etdi. "Qabaqcıl" briqadirə "Volqa" maşını verdilər. Onun iştahası da artdı. Yaşadığı dədə-baba evi briqadirə dar gəldi və miskin göründü. O, iki ayağını bir başmağa dirəyib dedi ki, gərək mənim üçün yeni, dəbdəbəli ev tikilsin. Kələn­tərin sözünü sındırmadılar. İdarə heyətinin üzvləri bir yerə cəm oldular. İclas çağırıldı. Kələntər Kərimova ev tikdirmək üçün qərar çıxarıldı. Kolxozlararası tikinti idarəsinin hesabına bir ətək pul keçirildi. İnşaat işlərinə başlandı...

Maşın təzə, ev dəbdəbəli, vəzifə isə köhnə. Bu, Kələntər üçün bir nisgil oldu. Ona "yoldaş briqadir" deyən­də, elə bil Kələntəri söyürdülər. Kələntər öz-özünə düşündü: "Yoldaş sədr" çağırılsaydım...

O, yatanda da yuxusunda sədrlik vəzifəsi görürdü. Kişi bu arzusuna da çatdı. Keçib oturdu sədr stolunun arxasında. Təzə sədr əvvəlcə telefonları təzələdi, seyfin yerini dəyişdi. Möhür-ştampını yerbəyer etdi, pəncə­rədən ipək pərdələr asdırdı, kabineti səliqə-sahmana saldı. Artıq onu "yoldaş briqadir" yox, "yoldaş sədr", - deyə çağırırdılar".

- Məzən olsun, Qələmdar, - deyə atası məmnun oldu, - lap gül vurmusan, mabədini oxu görək.

"Sədrin kabinetinə icazəsiz daxil olmaq qəti qadağan idi. Amma bu qayda ictimai torpaqda fərdi ev tikmək istə­yənlərə, ferma müdirinə, anbardara, xəzinədara, quşabaxana aid deyildi. Kələntərin qapısı onların üzünə taybatay açıq idi. Bu açıq qapıdan ilk dəfə kolxozun xəzinədarı daxil oldu. Kələntər ayağa qalxıb, xəzinə­darın qarşısında ədəb-ərkanla təzim etdi. Sonra da oturmaq üçün yumşaq divanda yer göstərdi. Xəzinədar əlindəki iri açarları oynada-oynada:

- Yoldaş sədr, - dedi, - səndən nə gizlədim, düzdür, kənddə evim də var, itli-pişikli həyət-bacam da. Ancaq rəvadırmı ki, mən boyda xəzinədarın cəmi-cümlətanı bir mülkü olsun?!

Sədr xəzinədarın fikrini anlayıb, əvvəlcə etiraz etmək istədi. Ancaq sonra fikirləşdi ki, sədrlə xəzinə­darın arası saz olmasa işlər yaxşı getməz. Odur ki, Kələntər sağ əlini qoydu sol gözünün üstünə. Sərəncam verdi ki, kolxozun ictimai torpağından xəzinədar üçün yarım hektar sahə ayrılsın. Xəzinədar da yarım hektar əvəzinə, kolxozun bir hektar pambıq əkini sahəsinə sahib olub, mülk yaratmağa başladı.

Kələntər Kərimov bir gün tikinti idarəsinin buldozerçisi Cahangirlə rastlaşdı. Cahangir buldozerini dayandırdı. Kələntər də əyləşdiyi maşının tormozunu basdı. Cahangirin kolxozla heç bir əlaqəsi olmasa da, sədrlə əlaqəsi var idi... Odur ki, Cahangir də elə oradaca kolxozun yarım hektar torpağına razılıq aldı. Amma bir hektar sahəyə çəpər çəkdi.

Nahar fasiləsi idi. Kələntər Kərimov şəhərin kənarından keçəndə burnuna yağlı kabab iyi gəldi. Maşını kabab iyi gələn tərəfə döndərdi. Kababın yağı cızıldaya-cızıldaya qırmızı közün üstünə damcıladıqca, manqaldan acı tüstü qalxıb adamların gözünü yaşardırdı. Kababçı yağlı əllərini xalatının ətəyinə silib, daimi müştərisi Kələntərlə görüşdü. Kababçı Kələntər üçün qoyun ətinin sümüklü yerlərindən, gödək qabırğasından doğrayıb yastı şişlərə taxdı. Kələntər Kərimov yeyib-içib kefi durulandan sonra, kababçı onu kababxananın arxasına tərəf çəkdi:

- Kələntər qağa, çoxları sənin səxavətindən danışır. Bəs bir parça torpaq nədir ki, onu məndən əsirgəyirsən?! Atalar yaxşı deyib ki, çıraq öz dibinə işıq salmaz.

Kələntər bir tüstülənən manqala baxdı, bir də ki, kababçının əlindəki şişlərə. Bu dəfə də kababın yağına bulaşmış sol əlini qoydu sağ gözünün üstünə:

- Olmasın kolxozun bir hektar yoncalığı, bu da sənin qara telinə, manqalın üstündə cızıldayan səkil tikələrinə qurban, - dedi.

Kababçı məmnun halda əlini Kələntərin tərdən islanmış enli kürəyinə çəkib, minnətdarlığını bildirdi".

- Sən ki, söz dağarcığı imişsən, ay Qələmdar, - deyə atası yenə də gülüb yazının ardına qulaq asdı:

"Bir gün səs yayıldı ki, rayon icraiyyə komitəsinin xəbəri olmadan, Kələntər Kərimovun sədr olduğu kolxozun on hektar əkin yeri, beş hektar tut bağı şəxsi adamların həyət-bacasına çevrilib".

Qələmdar axırıncı cümlələri oxuyanda atası əllərini çallaşmış bığlarına çəkib istehza ilə gülümsündü:

- Qələmdar, - dedi, - bütün rayon bilir ki, Kələntər Kərimov yeddinci sinfi bitirmədiyi halda, saxta sənəd düzəldib kənd təsərrüfatı texnikumuna daxil olub. Maarif şöbəsi rəsmi arayış verib ki, Kələntər Kəri­movun yeddinci sinif təhsili yoxdur və əldə etdiyi sənəd saxtadır. Kolxoz hamam, klub, kitabxana tikdirmək adı ilə maşın-maşın şifer, daş, dəmir alır. Alınan həmin inşaat materialları kolxozdakı vəzifəli və vəzifəsiz şəxslərə satılır. Rayonda bir adam dilindən qıfıl götürüb demir ki, a kişi, sən sədrsən, yoxsa alverçi? Deyənlərin də ağzından vurub oturdurlar yerində. Elə götürək komsomol təşkilat katibini. Bu əhvalatları yazdığı üçün, düz iki gün milisdə saxlayıb qulaqburması verdilər. Həsənqulu orda-burda danışırdı ki, başçılıq etdiyim briqadanın əkin sahəsini sədr kəsib, qanunsuz, qəsəmsiz həyətyanı sahə kimi ayrı-ayrı adamlara verir. Gördün, Həsənqulunun səsini necə kəsdilər?! Qolundan yapışıb briqadirlikdən kənara atdılar!

Ata sözünü tamamlayıb dərindən köks ötürdü və qayğılı nəzərləri ilə Qələmdarı başdan-ayağa süzərək:

- İndi, ay oğul, atalar demişkən, çox bilirsən, az da­nış. Yazma, başın ağrıyar!

Qələmdar dillənmədi. Amma yazdıqlarını zərfə qoyub, poçt qutusuna saldı. Ata isə oğlunu məzəmmət edərək hey deyirdi:

- Yazma! Başın ağrıyar!

 

 1970-ci il

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com