FELYETONLAR
MƏRC, PİŞİKLƏR VƏ "MÜASİRLİK"
Səhərə yaxın xoruzların banlaması və uzaqdan gələn avtomaşınların nəriltisi bazar gözətçisini yuxudan ayıltdı. Alverə gələnlərin kal səsləri eşidilməyə başladı. Bir azdan bazar darvazalarının sanballı qıfılları cingiltiylə açıldı. Qara quzu dərisindən iri papağı olan bir nəfər yük altında qan-tərə batan kəhər atın yedəyini çəkə-çəkə gözətçiyə yaxınlaşdı:
- Nabələdəm, - dedi, - birinci dəfədir ki, bu şəhərin kolxoz bazarına yolum düşüb. Görəsən o karvansarada bu ata yer verərlərmi?
Qoca gözətçi göstərilən səmtə baxanda, bığaltı güldü. Nabələd adam çaşqın halda soruşdu:
- Bəlkə bir günah işlətdim, qardaş. Ancaq...
- Ellim, sən bura təzə gəlmisən. Odur ki, yanılırsan. O bina karvansara yox, şəhərimizin kino-klubudur.
- Əşşi, qoy görək də. Sən də səhər-səhər zarafata vaxt tapmısan, biz yorğun-arğın nə haydayıq, sən nə hayda, - deyə nabələd adam incikliyini bildirdi. - Məgər koram! Görmürəm ki, bu köhnə karvansaradır?
Mübahisə qızışdı:
- Karvansaradır!
- Klubdur!
- Dədəmin goru haqqı karvansaradır!
- Oğlanlarımın canı üçün klubdur!
Onlar mərc gəldilər.
Bazar sovuşan kimi hər ikisi soraqlaşa-soraqlaşa gəlib çıxdılar rayon kino birliyinin direktoru Maarif Bəhməzovun yanına. Direktor onları diqqətlə dinlədikdən sonra, eynəyini çıxarıb dərin bir ah çəkdi və təəccüblə soruşdu:
- Rayonda heç kəsin maraqlanmadığı bu məsələ, nə əcəb sizi maraqlandırır?!
- Eh, heç bizi də maraqlandırmır. Ancaq mərc gəlmişik. Bizi karvansara məsələsi maraqlandırır, - deyə qoca gözətçi dilləndi.
Bəhməzovun qaşları çatıldı.
- Ay kişi, nə karvansara? Bu yoldaş bilməsə də, sən ki bilirsən, o bina şəhərimizin klubudur. Məndən qabaqkı direktorların vaxtında qapıları sökülüb dağılıb. Bu yaxınlara qədər kino verilirdi. Bir də ki, axı rayonda kino işinə fikir verən kimdir?
Artıq mübahisə kəsilmişdi. Heç kəsdən səs çıxmırdı. Qoca gözətçi mərcdə qalib gəldiyi üçün sevinirdi. Nabələd adam dilxorluğunu büruzə verməsə də, gözlərini bir nöqtəyə zilləyib xəyala getmişdi. Maarif Bəhməzov isə tutqun səmanın seyrinə dalmışdı.
Buludlar ağır-ağır Soğanverdilər kəndinə doğru süründükcə, Maarif Bəhməzovun nigaranlığı artırdı. O, qəlbində kino klubunu anbara çevirib, içərisinə dəmir-dümür yığan kolxoz sədri ilə kənd Soveti sədrinin qarasına gileylənib, onları lənətləyir və öz-özünə deyirdi:
- Yağsa işimiz yenə də şuluq olacaq. Yazıq kinomexaniklər açıq havada, qarın, yağışın altında necə kino versinlər? Heç rəvadırmı ki, dörd kəndin cəmi bir klubu ola, onu da anbara çevirəsən?!..
Dəymədağıldı kəndində klub olmadığından kinomexanik yağmurlu günlərdə evinin birinci mərtəbəsini tamaşa salonuna çevirməyə məcbur olub. Ancaq kino həvəskarlarının bəxti burada da gətirmir. Qapıdakı qıllı köpək yad adamları görən kimi başlayır haray-həşir qoparmağa. Elə ki, dartınıb zənciri qırdı, vay tamaşaçıların halına. Onda di gəl tamaşa içində "tamaşaya" bax! Sonra da təcili yardımı köməyə çağır...
Baharlı camaatı öz kəndlərindəki klubu şəhərin ən yaxşı mədəniyyət evinə belə dəyişməyə qoymazlar. Bina doğrudan da bir yaraşıqdır. Klubdan tamaşa əskik olmur. Ancaq son vaxtlar burada tamaşa ilə tamaşaçılar arasında bir qədər fərq əmələ gəlib. Əvvəla, son illərə qədər bura ancaq on altı yaşından yuxarı olanlar gəlirdilər. İndi isə onları yeddi yaşından aşağı olan uşaqlar əvəz edir. İkincisi də indi gələnlər qabaqkılar kimi kino üçün yox, klubda məskən salmış sərçələrə, qaranquş yuvalarına, sahibsiz pişiklərin şikarına tamaşa etmək üçün gəlirlər. Boz, qara, ala, sarı, qonur pişiklər pəncərələrdə gizlənib, klubda qanad çalan göy göyərçinləri dərhal caynaqlarına keçirirlər.
Maarif Bəhməzov bu mənzərəni təsəvvür etdikcə qanı qaralır. O, hərdənbir kənddəki üzümçülük sovxozunun direktorunu dilə tutur:
- Yoldaş direktor, gəl daşı ətəyindən tök, bu klubun köhnə şöhrətini özünə qaytar.
- Maarif, sənin ağlın kolxoza gedir. Biz indi sovxozuq. Kolxozun ixtiyarı özündədi. Sovxozun icazəsi yuxarılarda. Bir də ki, məni kino yox, üzüm, şərab planları düşündürür. Başa düşdün?!
Bəhməzov dillənmədi.
Direktor sonrasını zarafata saldı:
- Mən ölüm, de görüm, bir stəkan al şərab xeyirlidir, yoxsa bir kinofilmə baxmaq?..
Maarif Bəhməzov Xırmanlar kəndindəki sovxozun direktoru Xoseydən gah küsür, gah da yumşalıb onunla barışır. Bəzən də:
- Yoldaş Xosey! Axı, bu üç günlük təmir işini üç il yubatmaq olmaz! - deyə ona öz incikliyini bildirir.
Xosey də:
- Ay Maarif qağa, gərək təmkinli olasan, işi səbirlə görəsən, - deyə Bəhməzova təsəlli verir.
İnsafən Qızıllı kəndinin klubuna söz yoxdur. Lakin kolxozun sədri Nadir Nadürüstovla Maarif Bəhməzovun bir məsələdə sözləri düz gəlmir ki, gəlmir. Maarif Bəhməzov deyir ki, heç stulsuz da klub olar?! Gərək əyləşmək üçün kluba stul qoyula. Nadir Nadürüstov buna qəti etiraz edir:
- Yoldaş Bəhməzov, - deyir, - siz həyatdan geri qalmısınız. Biz yenilikçilərik. İndi hər şeydə bir müasirlik olmalıdır. Əvvəla, stul alsaq, buna bir ətək pul lazımdır. Bu, maddi cəhətdən kolxoza sərf eləməz. Digər tərəfdən stul olmasa, tamaşaçılar ayaq üstə dayanarlar, klub çox adam tutar. Odur ki, əslinə baxsan, bu işdə məni tənqid yox, təqdir edib, təcrübəmi yaymaq lazımdır...
Rayonun ucqar kəndlərindəki kino klublarından söhbət açıb, mətləbi uzatmağa dəyməz. Maarif Bəhməzov onsuz da bu barədə danışmaqdan təngə gəlib. Biri kənddən aralı, digərinin kinoaparatı yox... Odur ki, rayonda kinoverilişlərinin vəziyyətini nəzərdən keçirəndə adam hövsələdən çıxır. Necə də çıxmasın? Neçə ildir ki, kino planı ödənmir.
Bu barədə Maarif Bəhməzovu da qınamaq olmaz. İnsafla danışsaq, kişi əlindən gələni edir. Ancaq nə fayda ki, nə Kinematoqrafiya Komitəsindən, nə də ki, rayon icraiyyə komitəsindən onun dadına yetən yoxdur. Atalar demişkən, tək əldən səs çıxmaz.
1989-cu il
|