www.aliildirimoglu.az

FELYETONLAR

DİL PƏHLƏVANLARI

Fotoqraf rəssama etiraz etdi:

- Binaların şəklini özüm çəkəcəyəm, - dedi, - sən də tikintidə fərqlənənlərin yoldaşlıq şarjını düzəldərsən.

Rəssam əlini dağınıq saçlarında gəzdirə-gəzdirə gözlərini qıyıb ani fikrə getdi. Vəcdlə ayağa qalxdı və müsahibinə:

- Sən öləsən, lap qiyamətdi, - dedi. - Qəzetlərin bay­ram nömrəsində səhifənin bir tərəfində binalar, yanında da onu ucaldan qabaqcıl inşaatçıların foto-şəkilləri...

Fotoqraf bir qədər də həvəsə gələrək aparatını çıxarıb obyektivini yaxşı-yaxşı sildi. Rəssam isə şirin xə­yalda idi ki, bələdçi kupenin qapısını yumruğu ilə taq­qa­taq döyüb, Bakı-Ağdam qatarının Bərdəyə çatdığını tən­tənə ilə elan etdi. Fotoqraf və rəssam tələsik çama­danlarını yığışdırıb perrona endilər, böyük bir həvəslə maşına əyləşib rayon mərkəzinə varid oldular. İnşaatla əlaqəsi olan idarə başçılarının əlini bərk-bərk sıxıb, onlara respublika Dövlət Plan və Tikinti Komitələrindən çoxlu-çoxlu səmimi salamlar gətirdiklərini bildirdilər. Qısa tanışlıqdan sonra rəssam mətləbə keçdi:

- Qabaqdan inşaatçı günü gəlir, - dedi. - Bu müna­sibətlə istifadəyə veriləcək binaların, qabaqcıl  mühən­dislərin, bənnaların, rəngsazların, dülgərlərin şəklini hazırlamalıyıq. Respublikanın Dövlət və Plan Komi­tə­lərindən aldığımız məlumata görə "Moskva" kolxozunun saldığı yeni qəsəbədə əsas tikintilər başa çatıb.

Kolxozun inşaat mühəndisi Baba Bağırzadə onların sözünü könülsüz təsdiq etdi. Sonra o, layihə-smeta  sənədlərini çıxarıb, qısaca izahat verdi:

- Təsdiq olunmuş plana görə inişil inzibati bina, bildir uşaq bağçası, bu il beş yüz nəfərlik məktəb, ticarət mərkəzi və bir neçə yaşayış evi istifadəyə verilməli idi, - deyib alnında puçurlanan təri sildi.

Kolxoz idarə heyətinin sədri Dilavər Əlizadə stulunda qurcalanaraq dilxor halda dedi:

- Bəli, ve-ril-mə-liy-di, amma...

Fotoqraf "amma" kəlməsində bir əmma olduğunu hiss edib, təəccüblə soruşdu:

- Necə yəni ve-ril-mə-liy-di! Yəni hələ verilməyib?!

Mühəndis, tikinti işlərində olmasa da, belə dolaşıq söz-söhbətlərdə çox arif idi. O, sədrə göz-qaşla işarə vuraraq:

- Yoox, canım, elə bir kəm-kəsirimiz yoxdur! İnşaat işlərimiz lap göylə gedir, - deyib onların diqqətini sədrin şübhə doğuran sözündən yayındırdı.

Fotoqraf və rəssam bu cavabdan sonra özlərində bir qədər yüngüllük hiss etdilər. Hər ikisi sevincək ayağa qalxıb, bir ağızdan:

- Hə, gəlin qolumuzu çırmayıb işə başlayaq! - dedilər. - Ezamiyyətimizin müddəti azdır. Gərək vaxt itirməyək!

Fotoqraf aparatını, rəssam isə kağız və fırçasını sahmanladı. Onlara məsləhət gördülər ki, əvvəlcə pod­ratçı idarələrdən başlasınlar. Bu fikrə etiraz edən olmadı. Respublika elektrikquraşdırma trestinin rayon­dakı mexanikləşdirilmiş dəstəsinin müdiri Fərəc Fətullayevi bura dəvət etdilər. Fərəc Fətullayev əynində təzə kostyum, ağ köynək, boğazında bəzəkli qalstuk fotoq­rafın qabağında şəstlə dayandı. Fotoqraf aparatının istiqamətini ona tərəf yönəltdi. Lakin müdirin əhvali-ruhiyyəsi onu açmadı. Fotoqraf Fərəc Fətullayevi başa saldı ki, o, özünü şən göstərməlidir. Müdir bir şey başa düşmədi.

Fotoqraf ona yaxınlaşaraq şirin-şirin dedi:

- Təsəvvür edin ki, elektrikquraşdırma işləri başa çatıb. Qəsəbə elektrik işığına qərq olub. Siz də bununla fəxr edirsiniz. Bu xoş əməlləriniz sizi sevindirir və ürəkdən gülürsünüz...

Fərəc Fətullayev isə şən görünmək əvəzinə daha da kədərləndi. Fotoqraf elə başa düşdü ki, müdir şəklini ona yox, rəssama çəkdirmək istəyir.

Bu dəfə rəssam irəli yeridi. Fərəc Fətullayev işin nə yerdə olduğunu anlayıb geri çəkildi. Düşündü ki, bağlanmış müqaviləyə xilaf çıxıb, hələ bir iş görmədiyi halda, onun şəklini yaxşı mənada çəkməzlər. "Görünür, məni dilə tutub, karikaturamı çəkmək istəyirlər". Fərəc Fətullayev bu mülahizə ilə onların hər ikisinə etiraz etdi.

- Yaxşı olar ki, bizim trestin rəisi Zaman Zülümovun şəklini çəkəsiniz, - dedi. - Çünki trest bizə təkan verib vaxtlı-vaxtında material göndərməsə, biz heç bir iş görə bilmərik.

Rəssam fotoqrafın qulağına pıçıldadı:

- Əhsən belə müdirə, gör necə təvazökar oğlandır, - dedi. - Rəisin qabağına keçmək istəmir.

Fotoqraf müsahibinin fikrinə şərik oldu və əlavə etdi:

- Onun şəklinin altında belə yazarsan: "İşgüzar və təvazökar müdir". Bəli, təvazökar sözünü mütləq əlavə edərsən.

Rəssamın yaradıcılıq həvəsi daha da artdı. Ancaq fırçasını götürüb geri dönəndə mütəəssir oldu. Fərəc Fətullayev aradan çıxmışdı. Elə bil bir göz qırpımında qeybə çəkilmişdi. Onun yerində Aqil Nadanov dayanmışdı. On nömrəli tikinti-quraşdırma idarəsinin rəisi. Əslində Aqil Nadanovu Fərəc Fətullayevlə müqayisə etmək insafsızlıqdır. Çünki Fərəc əsl pəhləvandır. Bəli, pəhləvan. Ancaq güləş və ya ağırlıq qaldırmaq üzrə yox, dil pəhləvanı. Sərbəst və ya klassik söz güləşində həmişə qalib çıxır. Hər hansı mübahisəyə yekun vuranda, trestin rəisi Zaman Zülümov yarışın hakimi kimi Fərəcin qolundan yapışıb, qalib mənasında onun əlini yuxarı qaldırır. Hamı da ona çəpik çalır. Bir də ki, əl əli yuyar, əl də üzü. Trestlə onun tabeliyində olan idarə bir-birini müdafiə etməsə, sifarişçi təşkilatların öhdəsindən gəlmək olmaz.

Aqil Nadanov isə etirafı, mübahisəyə girişməkdən ağıllı üsul hesab edir. Ona görə də fotoqraf və rəssam onun şəklini çəkmək istəyəndə, Aqil ağıllı tərpənib buna layiq olmadığını "səmimiyyətlə" boynuna aldı:

- Qəsəbədə vur-tut on min manatlıq kanalizasiya işi görməliyik, - dedi, - ancaq qışda soyuq oldu, yazda yağış. İndi də havalar yaman isti keçir. Bir də ki, atalar demişkən, tələsən təndirə düşər. İnşaatçı gərək səbirli olsun.

Rəssam elə başa düşdü ki, rəisin qızdırması var və hərarətindən öz-özünə sayıqlayır.

Sanitar-quraşdırma işlərindən söhbət gedəndə mexanikləşdirilmiş səyyar dəstənin rəisi Əsəd Fərari Fərəc Fətullayevdən də, Aqil Nadanovdan da ötkəm danışdı. Dedi ki, meydan verin işləyək. Nə qədər ki, ara­kəsmələr, qapılar, döşəmələr hazır deyil, sanitar-quraşdırma işlərinə başlaya bilmərik. Bir sözlə, günahı başqalarının üstünə yıxdı. Sifarişçi təşkilatların başçıları da obyektiv və subyektiv faktlarla sübut etməyə çalış­dılar ki, Əsəd Fərari söz quraşdırmaq əvəzinə boruları bir-birinə quraşdırsaydı, bu cür cəncələ düşməzdi.

- Qaz!..

Bu sözləri eşidəndə qonaqlar çaşbaş qaldılar. Onlara elə gəldi ki, söhbət Ağ göldəki vəhşi qazlardan və onlara güllə atan namərd ovçulardan gedir. Odur ki, rəssam çiyinlərini çəkib dedi ki, qaz və ördək ovunun onlara dəxli yoxdur... Xüsusilə də Quba qazlarının. Çünki Quba qazları "Qırmızı kitab"a düşüb və ona qətiyyən güllə atmaq olmaz.

Üç nömrəli tikinti-quraşdırma idarəsinin rəisi Ələmdarov irəli yeriyib onları başa saldı ki, söhbət göydə uçan vəhşi qazlardan yox, mavi yanacaq qazından gedir. Qaz kəmərinin çəkilişinə gəldikdə burada bizim elə bir təqsirimiz yoxdur. Gəncədəki qaz inspeksiyası kəmərin çəkilişinə dair layihələri təsdiq etməsə, işə başlamağa ixtiyarımız yoxdur.

Bütün bu söhbətləri eşidən rəssamın fırçası, fotoqrafın isə aparatı yanına düşdü.

Doğrudan da yeni qəsəbədə cərgə ilə salınan yaşayış binalarına uzaqdan baxanlar sevinirlər. Ancaq yaxın­laşanda adamın qanı qaralır. Çoxdan istifadəyə verilməli olan məktəb binasında, ticarət mərkəzində, uşaq bağçasında daşı daş üstünə qoyan yoxdur. İki ildə otuz mənzil istifadəyə verilməlidir. Veriləcəkmi? Müsbət cavab almaq çətindir. Di gəl ki, bu barədə heç kəs özünü günahkar hesab etmir. Tikintinin baş icraçısı olan kolxozlararası tikinti idarəsində şikayətlənirlər ki, sifarişçi təşkilat pulu vaxtlı-vaxtında ödəmir. Kolxozun sədri Dilavər Əlizadə dil-dil ötüb deyir ki, varını verən utanmaz. Nə qədər qazanırıq, o qədər də veririk. Sonra Dilavər dilini işə salıb gileylənir:

- Bizə kömək edib, qolumuzdan yapışan yoxdur. Yuxarıların qərarına görə respublika Dövlət Bankı tikinti üçün kolxoza uzunmüddətli borc pul buraxmalıdır. Lakin vermir, verdiyinə də peşman olub, vaxtından əvvəl geri qaytarıb. Tikintini sürətləndirmək üçün respublikanın əla­qədar təşkilatları qarşısında dəfələrlə məsələ qaldır­mışıq. Ancaq kimdir səsimizə səs verən?! İndi tikilən də sökülür. İş belə getsə...

Məsələ aydın idi. Fotoqraf başını bulayıb, istehza ilə gülümsündü. Rəssam isə bütün bu əhvalatları təsvir edən satirik bir lövhə yaradıb, altında da yuxarıda adları çəkilənlərə işarə ilə belə yazdı:

- Dil pəhləvanları!

 

1972-ci il

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com