FELYETONLAR
BALIQ BAŞDAN İYLƏNƏR
Əmirqulu Əzimov bayaqdan bəri qovduğu çil xoruzun uzun quyruğunu ələ keçirəndə ilişib, üzüqoylu yerə sərildi. Çil xoruz sahibinin əlindən qurtaran kimi pırıldayıb havaya qalxdı. Qasımlı kəndinin səmasında dövrə vurub qonşunun həyətinə endi. Bu dəfə Əmirqulunun arvad-uşağı işə girişdi, qonum-qonşu köməyə gəldi…
Mərcan gözləri kəsik başının üstündə bərələn çil xoruz artıq qonaqların dövrəyə aldığı yemək stolundakı plovun üstündə buğlanırdı. Əmirqulu ürək qızdırdığı müsahiblərindən birini kənara çəkib, pıçıltı ilə soruşdu:
- Yoldaş Nadirxanovun "vurmaqla" arası necədir?
- O həm içir, həm də içmir.
Əmirqulu bu cavabdan bir şey anlamadı. Müsahibi daxilən pıqqıldayıb əlavə etdi:
- Yoldaş Nadirxanovun xasiyyəti çox qəribədir, - dedi. - Öz hesabına olanda dilinə də vurmur, amma başqasının hesabına lap küpünə girir.
Bəli, konyak şüşələri boşalır, büllur qədəhlər bir-birinə dəyib cingildəyir, məclis getdikcə qızışırdı. Qasımlı kənd mağazasının müdiri Əmirqulu Əzimov yağlı dilini işə salıb, Kolanlı kənd istehlak cəmiyyətinin müfəttişi Nağı Nadirxanovun tərifini göylərə qaldırırdı:
- Əgər Qasımlı mağazasına od vursam, Nağı Nadirxanov üstünə bir vedrə su tökər və mənə gözün üstə qaşın var deməz. Nağı biz dükançıların dayağıdır.
Nağı Nadirxanov isə təvazökarlıqla:
- Əmirqulu, düz demirsən, müfəttişin dayağı dükançıdır. Sən olmasan, mən heçəm, - deyə etirazını bildirdi.
Məclisdəkilərdən biri qədəhi yerə qoyub, mübahisəni kəsmək üçün söhbətə qarışdı və münsiflik etməyə başladı:
- Canım, bunların mətləbə dəxli yoxdur, müfəttişlə dükançı gərək canbir qəlbdə olsunlar. Əks təqdirdə… Bir də ki, əl əli yuyar, əl də üzü.
…Əl əli yudu, əl də üzü. Nağı Nadirxanov əlinə qələm alıb, qabağına kağız qoyub, sinəsini stola söykədi və üç gün, üç gecə apardığı yoxlamaya dair bir akt yazdı. Yazdı ki, Qasımlı kənd mağazasında ticarət işləri cağbacağdır. Dükanda vur-tut on üç manat çatışmazlıq vardır. Bu da, yüz min manatlıqlarla dövriyyəsi olan bir dükan üçün adi haldır.
Bir neçə aydan sonra Qasımlı kənd mağazasında rayon kooperativlər ittifaqının təlimatçı mühasibi Balaş Babaşovun sayğacı işə düşdü. Əmirqulu Balaşı Nağıdan da yaxşı qarşıladı… Başqa cür də ola bilməz. Çünki Əmirqulu görüb-götürmüş adamdır. O, yaxşı bilir ki, vəzifəcə Balaş Nağıdan çox böyükdür. Odur ki, Əmirqulu Nağıya xoruz kəsib, üçulduzlu konyak vermişdisə, Balaşa quzu soyutması düzəldib, ortalığa beşulduzlu konyak qoydu. İnsafla, Balaş da pis tərpənmədi. Necə deyərlər, əl əli yuduğu kimi, əl də qayıdıb üzü yudu. Balaş Babaşov nəticə aktını tərtib edəndə göstərdi ki, Qasımlı kənd mağazasında vur-tut on beşcə manatlıq kəm-kəsir vardır.
Nağıçiklə Balaşçikin sağlığına Əmirqulunun günləri bir-birindən şən keçirdi. Bir gün o, alıcı olmadığından mağazadakı malları qəfəsələrdə səliqə-sahmana salır və arabir Mirzə Ələkbər Sabirin yadda qalan sözlərini xatırlayıb, dodaqaltı zümzümə edirdi:
Niyə verdin fənaya doğruluğu,
İrtikab eylədin bu oğurluğu?
Heç zənn etmə, özgənin mali
Bizi zəngin qılıb, edə ali.
Əmirqulu boğazını arıtlayıb, səsinin tonunu qaldırıb, zəngulə vurmaq istəyirdi ki, birdən mağazanın qapısı cırıldadı. Əmirqulu sevincək geri döndü. Amma mütəəssir oldu. Çünki mağazaya daxil olan alıcı yox, rayon milis şöbəsinin sosialist əmlakını dağıdanlarla mübarizə üzrə əməliyyat müvəkkili idi. Necə deyərlər, ağaclı ağacını götürəndə suçlu adam özünü bildirir. Odur ki, Əmirqulunun nitqi tutuldu, ona soyuq bir tər gəldi.
Nə isə, bu dəfə Əmirqulunun bəxti gətirmədi. Açıldı sandıq, töküldü pambıq. Nağı Nadirxanovla Balaş Babaşovun tilsimi qırılan kimi, Qasımlı kənd mağazasındakı iyirmi min manatlıq çatışmazlıq çıxdı üzə.
İndi ipin bir ucu da çözələnə-çözələnə gedib çıxdı Mollalı kəndinə. Amma buradakı mağaza müdirinin adı Cahangir olsa da, özü dünyagir adam deyil. O, Əmirquluya nisbətən "insaflı" tərpənib. Dükanın vur-tut altı min manatlıq malını udub. Ancaq bu malların içində çoxlu xaral və mismar olduğuna görə, ilişib qalıb boğazında. İndi təcili yardım stansiyasının işçiləri Cahangirə tibbi yardım göstərməkdən imtina edir və deyirlər:
- Cahangirin xəstəliyini araşdırmaq üçün həkim yox, hüquqşünas lazımdır. Odur ki, Cahangir Camalovun öyüməsi kəsmir.
Cahangir öyüdükcə Kolanlı kənd istehlak cəmiyyətinin anbardarı onun gözlərindən süzülən yaşa baxıb, istehza ilə gülür və deyir:
- Adam gərək xörəyini bilsin.
Anbardar igidliyindən dəm vurub, özündən misallar gətirir:
- Biroturuma yarım ton yağ yeyən, on ton qəndin şərbətini içən, min ədəd siqaretin tüstüsünü udan mən, çeçəyən də Cahangir.
Ancaq anbardar nahaq yerə lovğalanır. Hamı bilir ki, istehlak cəmiyyətinin baş mühasibi anbardarın kirvəsidir. Əgər baş mühasibin köməyi olmasa, anbardar biroturuma on beş min manatlıq "xörəyi" həzm-rabedən keçirə bilməz.
Yəqin ki, oxucuların qarşısına belə bir sual çıxacaq:
- Bəs bu idarənin başçısı yoxdur?
Haqlı sualdır, var, adı Alış, familiyası da Verdiyevdir. Vəzifəsi, - bu adları çəkilən anbar və mağazaları əhatə edən Kolanlı kənd istehlak cəmiyyətinin sədri. Əməllərinə gəldikdə, bu barədə yazmaq olmaz. Çünki danışırlar ki, o çox demaqoq və cəncəl adamdır. Ancaq bircə onu deyə bilərik:
- Balıq başdan iylənər
1967-ci il
|