www.aliildirimoglu.az

FELYETONLAR

ÜÇ NÖQTƏ

- Yoldaşlar, sakit!

Səxavət Səlimzadə bir qurtum su içib boğazını yaş­ladıqdan sonra səsini yenidən ucaldıb, əlini stola döydü:

- Yol-daş-lar!...

Ətrafa tam sakitlik çökdü. İdarə heyətinin üzvləri söhbəti kəsib, diqqətlə qulaq asmağa başladılar.

Bütün rayon əhli yaxşı bilir ki, bir neçə il bundan qabaq həmin bu kolxozda sədr işləyirdim. Amma bəzi ağzıgöyçəklər məni dilə-dişə saldılar. Düzdür, savadım yoxdur, adımı belə güclə yazıram. Ancaq bacarığıma söz ola bilməz, alitəhsilli sədrləri Tərtər çayına susuz aparıb, susuz da gətirərəm. Nə isə, o vaxt mənim qədir-qiymətimi bilmədiniz. Siz bilməsəniz də, bilənlər tapıldı. Doğru demişlər ki, zər qədrini zərgər bilər. Məni başqa kolxoza sədr göndərdilər. İlk günlər işlərim yaxşı gedirdi. Ancaq əli dinc durmayanlar arının yuvasına çöp uzatdılar. İşim bir balaca dolaşdı. Fürsəti fövtə verməyib, yenə başqa kolxoza dəyişildim. Orada anladım ki, doğrudan da adam köçdüyü yurdun qədrini, düşdüyü yurdda bilərmiş. Həmin kolxozda da qalmadım. Çox əlləş-vuruşdan sonra yenə də bu köhnə yurduma qayıtdım. Daş düşdüyü yerdə ağır olar. Daha bir də bu kolxozdan kənara çıxan deyiləm. Bilin və agah olun, lap traktor da qoşsalar buradan tərpənmərəm. Ancaq bəri başdan gəlin şərti şumda kəsək ki, xırmanda yaba­laşmayaq. Təsərrüfatın başqa sahələri bir kənara… Bu il beş yüz hektar pambıq sahəsinin hər hektarından iyirmi beş sentner məhsul verməliyik ki, ilin axırında üzümüz ağ, başımız uca, dilimiz uzun olsun. Kim bu əhd-pey­mana əməl etməsə…

Aqronom Qayıbalı onun sözünü yarımçıq kəsərək:

- Yoldaş Səlimzadə, hünər, bacarıq səndə, elm də məndə. İyirmi beş sentner nədir ki, hər hektardan lap otuz sentner götürə bilərik, - dedi.

Tarlaçılıq briqadasının briqadiri Şamil Şulumov mübahisəyə qoşularaq:

- Belə olmaz, hər hektardan azı otuz beş sentnerə söz verməliyik, - dedi.

Sədr hirsləndi:

- Bura baxın, hərəniz bir avaz oxumayın. Kişinin sözü bir olar. Ancaq sizin hərənizin xətrinə beş sentner yuxarı qalxaram, hər hektardan otuz beş sentner!

Aqronom ayağa qalxaraq dedi:

- Yoldaşlar, hər hektardan otuz beş sentner haqdakı öhdəliyə mən də razıyam. İndi gəlin, bu vədin yerinə yetirilməsi tədbirlərindən danışaq. Halva-halva deməklə ağız şirin olmaz. Bol və ucuz məhsul üçün birinci növbədə mütərəqqi qaydalara əməl etməliyik. Çox zəh­mət tələb edən işləri tam mexanikləşdirməliyik. Tarla düşər­gələrini qaydaya salmalıyıq. Pambıqçılara nümu­nəvi mədəni məişət xidməti göstərməliyik. Klubun, kitabxananın işini tarlaya köçürməliyik. Sahələrdən tarın, kamanın, qavalın, zurnanın səsi əskik olmamalıdır. Pambıqçılar musiqinin müşayiəti ilə çalışmalıdırlar…

Hamı əl çaldı.

Musiqi kəlməsini eşidən sədr həyəcanlanıb ayağa qalxdı:

- Yoldaşlar, işi bu qaydada təşkil etsək, hektardan qırx sentner götürə bilərik.

Hamı əl çaldı. Bəli, bu dəfə öhdəliyi qırx sentnerə qaldırdılar. Hektardan qırx sentner!

Rayonda keçirilən yığıncaqda sədrin sinəsi daha da qızışdı. Hektardan əlli sentnerə söz verdi.

Alqış qopdu, hamı çəpik çaldı.

Mərkəzdə keçirilən kənd təsərrüfatı qabaqcıllarının müşavirəsində səxavət Səlimzadəyə söz verildi. Bu dəfə hər hektardan altmış sentner vəd etdi.

Yığıncaq təlatümə gəldi, alqış və uralar bir-birinə qarışdı. Səxavət Səlimzadə xitabət kürsüsündən hamını yarışa çağırdı.

Yenə də alqış, çəpik səsi iclas salonunu bürüdü.

Sədr kolxoza qayıdanda yenidən iclas çağırdı. Öhdəliyin artırıldığını bildirdi. Hektardan altmış sentner!

Kolxozçular əl çaldılar.

Bəli, protokollar yazıldı, plan və öhdəliklər artırıldı, yığıncaq qurtardı…

Yaz gəldi. Səpin başa çatdı. Pambıq tarlalarında becər­mə başlandı. Kolların daraq gətirən, qönçə bağ­layan, çiçək açan vaxtı çatdı.

Bir gün kənd təsərrüfatı idarəsinin rəisi Məcid Zeynallı, baş aqronom Məhi Meydanovla birlikdə maşına əyləşib, kolxozlara yollandılar. Rayon mərkəzinə yaxınlaşanda şofer sükanı sağa tərəf hərlədi. Mərkəzdən gələnlər hərdənbir başlarını maşından çıxarıb ətrafa boylanırdılar. Birdən onların gözü asfalt yolun kənarındakı sahələrə sataşdı.

- Yoldaş Zeynallı, bura necə gözəl biçənəkdir, - deyə baş aqronom ortalığa söz atdı.

- Ə, biçənək nədir, Səxavət Səlimzadənin sədr oldu­ğu kolxozun pambıq tarlalarıdır, - deyə rəis hirsləndi.

Məhi Meydanov isə sözündə inad etdi:

- Yox, bura otlaqdır.

- Pambıq tarlasıdır!

Rəislə baş aqronom yəqinlik hasil etmək üçün maşını saxlatdılar. Məhi Meydanov tarlanın kənarına çatıb, eynəyini gözünə taxanda pərt oldu.

- Mən təslim, doğrudan da bura pambıq tarlası imiş, - dedi, - görəsən kimin sahəsidir?

Yaxınlıqda kəpənək qovalayan uşaqlardan biri onların sözünü eşidib irəli yeridi və dedi:

- Şamil Şulumovun briqadasının sahəsidir.

Mərkəzdən gələnlər tarlanın ayağından düşüb başından çıxdılar. Nə pambıqçı gördülər, nə də briqadir. Ancaq onu gördülər ki, tarla düşərgələri uçub dağılır. İçəridə dana, buzov kölgələnir. Tarlaları alaq otları basıb. Sahəni qarpız tağı, pomidor bürüyüb. Əlli hektara yaxın sahədə çiyid cücərməyib. Kultivatorların çoxu işə düşməyib. Bitkilərin dibinə kətmən vurulmayıb. Qonşu briqadaların sahəsində pambıq tarlası susuzluqdan yanıb tərk olur…

Mərkəzdən gələnlər kolxoz başçılarını ancaq gündüz saat dörd tamamda görə bildilər. Özü də tarlada yox, kəndin çayxanasında. Çayxana, nə çayxana! Nərd atan kim, papiros tüstülədən kim, tapmaca deyən kim… Briqadirlərdən Şamil Şulumov, Musa Muğanlı, Əhməd Qarabağlı, Şükür Şirvanlı başda əyləşmişdilər. Əllərində təsbeh, qabaqlarında pürrəng çay. Ancaq Qayıbalı Qasımov çayxanada yox, evlərində yatmışdı. Elə şirin yuxuya getmişdi ki, hesabdar onu oyatmağa qıymırdı. Ancaq oyatdı. Çünki mərkəzdən gələnlər qapıda ayaq üstə qalmışdılar. Qayıbalı Qasımovun gözləri şişib Gədəbəy kartofuna dönmüşdü. Hesabdar onun qulağına pıçıldayıb başa saldı ki, üzünü yusun, gözlərinin şişi çəkilsin, mərkəzdən gələnlərdən ayıbdır.

Mərkəzdən gələnlər bircə sədri tapmadılar. O, nə kənddə idi, nə də tarlada. Hesabdar dedi:

- Səxavət Səlimzadə gübrə dalınca gedib.

Ancaq mərkəzdən gələnləri dövrəyə alan kolxozçular bir-birinə pıçıltı ilə deyirdi:

- Sədr yəqin şəhər parkındakı restoranda vurur.

- Yox, Xalxal meşəsində olar.

- Deyirlər, göldə çimməyə gedib.

- Bu gün "Neftçi" oynayacaq, yəqin futboldadır…

İl başa çatdı. Kolxoz hər hektardan tərəziyə on beş sentner pambıq qoydu. Plan dolmadı. Səxavət Səlimzadəni tənqid atəşinə tutdular. Sədr hücumdan özünümüdafiəyə keçdi:

- Hava quraq keçdi… Su çatışmadı… Gübrə azlıq etdi… Telefonlarımız yaxşı işləmədi...

Səxavət Səlimzadənin planı da məlumdur, yalanı da. Bəs mərkəzdən gələnlərin və rayon başçılarının bu məsələyə münasibəti? Çətin sualdı və buna cavab tapmaq da müşkül məsələdir… Odur ki, biz də bu felyetonu tamamlamırıq. Məktubumuzun axırına üç nöqtə qoyuruq ki, bundan oxucu özü nəticə çıxartsın.

Bəli, üç nöqtə - …

 

1963-cü il

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com