www.aliildirimoglu.az

FELYETONLAR

GÜNAHSIZ MÜQƏSSİR

- Qulamov Qulam Qulamhüseyn oğlu sizsiniz?

- Bəli, Qulamov Qulam Qulamhüseyn oğlu mənəm.

Müstəntiq "hə-ə-ə" deyib sualına davam etdi:

- Siz kolxozun torpağını oğurlayıb ev tikdirdiyinizi etiraf edirsinizmi?

Müstəntiq stolunun qarşısında şah dayanıb, əllərini yanına salmış Qulamov bu suala təəccüb etdi və öz-özünə düşündü:

- Torpaq oğurlamaq nədir? Ev tikdirmək nədir? Bu nə sözdür? Bəlkə mən yuxu görürəm?!..

Müstəntiq verdiyi suala bir qədər gec cavab aldığından hirslənib, əlini stola çırpdı və ayağa qalxaraq:

- Cinayətkar! Cavab ver! - deyə qışqırdı.

Sifətində həyəcanlı gülüş duyulan Qulam günahsız bir adama məxsus yalvarışla:

- Yoldaş müstəntiq, vallah-billah, kolxoz torpağını oğurlamamışam və mənim heç bir şeydən xəbərim yoxdur, - dedi, - mərdimazarın evinə od düşsün, yəqin məni sizə pis qələmə verib!

Müstəntiq daha da hirsləndi:

- Qulamov Qulam Qulamhüseyn oğlu sən deyilsənmi?

- Bəli, Qulamov Qulam Qulamhüseyn oğlu mənəm, ancaq mənim belə işlərdən xəbərim yoxdur.

- Sus! Mənə kələk gəlmə, vic-dan-sız! Sən Qulamov Qulamsan, özü də cinayətkar Qulam!

Qulam yenə də yalvardı:

- Ay yoldaş müstəntiq, o əsgərlikdəki madar oğlumun canı üçün, sənin o əziz başın haqqı, atamın goruna and olsun mən siz deyən Qulam Qulamov deyiləm. İnan­mırsınız gedək özünüz baxın, qonum-qonşudan soruşun, mən kolxozdan torpaq oğurlamamışam!

Natiq Namazov Qulam Qulamovu qəzəbli baxışları ilə süzərək:

- Vətəndaş Qulamov, - dedi, - otuz ilə yaxındır ki, bu istintaq yolunda baş sındırıram. Özünü tərifləmək olma­sın, hüquq elmində iki kamil adam varsa, onun biri bu Namazovdur. - Natiq Namazov əli ilə özünü işarə etdi. - Adamın əməllərini onun üzündən oxuyuram. Sə­nin gözünün içinə baxanda bütün cinayət əməllərini görü­rəm. Məni çaşdırmaq olmaz! Başımın tükü qədər sənin kimi cinayətkarı ifşa edib, dama salmışam!..

- Ay yoldaş müstəntiq, nəyə deyirsiniz and içim, mən siz deyən Qulamov deyiləm. Torpaq nədir? Oğurlamaq nədir? Vallah, billah!..

- Suus! Ci-na-yət-kar! Mənə Natiq Namazov deyərlər! Cinayətkarı boynunun dalından tanıyıram.

- Yoldaş müstəntiq, and olsun bu qırmızı məxmər stola…

…Bütün bu yalvarışların xeyri olmadı. Birinci dərəcəli hüquqşünas Natiq Namazov özünəməxsus istintaq yolu ilə… vətəndaş Qulamov Qulam Qulam­hü­seyn oğlunun kolxozun torpağını oğurlaması haqdakı istintaq işini tamamlayıb, onu məhkəmə məsuliyyətinə cəlb etdi.

Rayon prokuroru, baş ədliyyə müşaviri Paşa Paşa­bəyli Qulam Qulamovun üzünü görmədən, onu dindirmədən, kim olduğunu soruşmadan müstəntiqin təqsirnaməsini təsdiq etdi.

Müstəntiq bir neçə şahid də dindirmişdi. Şahidlərdən kolxozun sədri Mənsur Babayev, aqronom Kərim Kəri­mov, briqadir Əlif Həsənov Qulamov Qulam Qulam­hüseyn oğlunun cinayətkar olduğunu təsdiq edirdilər.

Təqsirnamədə yazılmışdı: "İstintaq zamanı müəyyən edildi ki, Qulamov Qulam Qulamhüseyn oğlu kolxozun yarım hektar sahəsini çəpərləyib özünə ev tikdirmişdir. Rayon mərkəzində yaşayan Qulamov Qulamın işi Azərbaycan SSR Cinayət Məcəlləsinin 205, 206-cı maddələrinə əsasən bitmiş hesab edilib, baxılması üçün xalq məhkəməsinə göndərilsin".

…Qulamov müqəssirlər stulunda əyləşdirildi. Sağında və solunda xalq iclasçıları əyləşən hakim şahid­lərin ifadəsini bir-bir dinləməyə başladı. İlk dəfə kolxoz idarə heyətinin sədri Mənsur Babayev dindirildi. O dedi:

- Möhtərəm hakimlər, bu, bizim tanıdığımız cinayətkar Qulam deyil.

Xalq hakimi gözlərini qıyıb təəccüblə soruşdu:

- Siz nə deyirsiniz?!

Mənsur Babayev:

- Bəli! Bəli! Möhtərəm hakimlər, kolxozun torpağını oğurlayan qalıb kənarda, müqəssir stulunda isə başqa adam əyləşmişdir.

Hakim özünü itirmiş halda müttəhimi ayağa qaldırdı:

- Siz Qulamov Qulam Qulamhüseyn oğlu deyilsiniz?!

Müttəhim:

- Bəli, mən Qulamov Qulam Qulamhüseyn oğluyam.

Hakim şahidə tərəf dönərək:

- Siz Qulamov Qulam Qulamhüseyn oğlunun kolxoz torpağını oğurladığı haqda tərtib edilmiş akta imza etmiş və bu barədə ifadə vermişsiniz.

- Bəli, düz buyurursunuz. Lakin mən başqa Qulam haqqında ifadə vermişəm.

Hakim şahid Kərim Kərimova üzünü tutdu:

- Bu haqda siz nə deyə bilərsiniz?

Kərimov:

- Mən hazırda müqəssir stulunda əyləşən bu Qulamı da, haqqında şikayət verdiyimiz Qulamı da yaxşı tanı­yıram, - deyib müttəhim kürsüsünə tərəf döndü. - Düz­dür, bunların hər ikisinin adı Qulamdır. Lakin torpaq oğurlayan Qulamov Qulam Qulamhəsən oğludur. İndi müqəssirlər stolunda əyləşən isə Qulamov Qulam Qulamhüseyn oğludur.

Hakim hövsələdən çıxdı. O, əsəbi halda başqa bir şahidi - Əliş Həsənovu ayağa qaldırdı. Əliş Həsənov dodağını büzərək:

- Möhtərəm hakimlər, - dedi, - burada müttəhim kürsüsündə əyləşən Qulamov Qulamı yaxşı tanıyıram. Gördüyünüz kimi, o qocadır, boyu alçaqdır, dolu sifət­lidir. Həm də şəkər xəstəliyi var. Bunu həkimlər də təs­diq edə bilər. Şəhərin Sabir küçəsində yaşayır. Hamam­trestin gözətçisidir. Yoldaşı da qəhrəman anadır. On üç uşaq böyüdüb. On ikisi qızdır. Gözünün ağı-qarası bircə oğlu var, o da əsgərlikdədir. Özü də məşhur futbol azarkeşidir. Əlacı olsa, futbol oyununa baxmaq üçün Braziliyaya gedər…

Salondakılar gülüşdü.

Şahid Əliş Həsənov ifadəsinə davam etdi:

- Möhtərəm hakim, haqqında akt tərtib edib, şikayət verdiyimiz torpaq oğrusu, cinayətkar Qulamov Qulam isə boyca uzundur. Keçən il evlənib. Saçlarına hələ dən düşməyib. Bazarda tərəzi paylayır. Atası bildir rəhmətə gedib. Yeddisində də, qırxında da iştirak etmişəm.

Məhkəmə zalında əyləşənlər salavat çevirib ayağa qalxdılar və hamısı bir ağızdan:

- Allah rəhmət eləsin! - dedilər.

Əliş Həsənov sözünə davam etdi:

- Möhtərəm hakim, görünür Qulamov Qulam Qulamhəsən oğlunu onunla dəyişik salmısınız.

…Məsələ aydın idi. Qulamov Qulam Qulamhüseyn oğlu bəraət alıb, müttəhim kürsüsünü tərk etdi. İş təkmili istintaqa qaytarıldı.

İstintaq sahəsində "zəngin" təcrübəsi olan birinci də­rə­cəli hüquqşünas Natiq Namazov pərt olsa da, özünü o yerə qoymur. Natiq Namazov deyir ki, insafən Qulam­larda səhv etmişəm və burada mənə bir "sağ ol" da düşür. Hər ikisinin adı Qulam, familiyası Qulamovdur. İşləri korlayan Qulamhüseynlə Qulamhəsəndir. Əslində burada da qəbahət işlətməmişəm. Çünki hər ikisi mü­rəkkəb isimdir. Əgər nə Hüseyn, nə də ki, Həsən Qulam sözünə əlavə edilməsəydi, isimlər sadə olaraq qalardı. Qulamların biri Hüseynlə, biri də Həsənlə bir­ləş­diyi üçün iki oxşar, həm də mürəkkəb isim əmələ gəlib. Bu da apardığım istintaqı mürəkkəbləşdirib və do­la­şığa salıb. Bir də ki, adam gərək öyünməsin, istintaq incə məsələdir. Bu işdə gərək tükü tükdən seçəsən. İndi başa düşürəm ki, kamil müstəntiq olmaq üçün gərək öz ana dilindən və onun qrammatikasından baş çıxara biləsən.

Bu barədə prokuror müstəntiqin səhvini etiraf edib dərdinə şərik olur. Amma cəzasına yox. Prokuror deyir ki, mən ona ürəkdən inanıb, müqəssiri görmədən təqsirnaməni təsdiq etmişəm. Lakin bu komediyalardan sonra gətirilən yerli-yersiz bəhanələr gec və faydasızdır. Necə deyərlər, daldan atılan daş topuğa dəyər…

 

1956-cı il

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com