www.aliildirimoglu.az

FELYETONLAR

TƏCİLİ YARDIM

Telefon zəng çaldı. Kərim Aslanlı dəstəyi qaldıraraq:

- Rayon səhiyyə şöbəsinin müdiri sizi eşidir, - cavab verdi.

- Yoldaş Aslanlı, sizi narahat edən Tırkeş kənd Sove­tinin sədridir. Ağır xəstəmiz var, ona təcili yardım lazım­dır! Həkim bir saata özünü yetirməsə, o dünyalıqdır.

Sovet sədrinin sözündən sonra telefonda hönkürtü, ağlamaq səsi gəldi.

Kərim Aslanlının ovqatı təlx oldu. O, dəstəyi yerə qoyduqdan sonra, təcili yardım işlərinə baxan rayon xəstəxanasının müdiri Mamoş Manaflını axtarmağa başladı.

Mamoş Manaflını "gördüm" deyən olmadı. Kərim Aslanlı təcili yardım stansiyasına bir də zəng vurdu. Belə bir cavab aldı:

- Manaflı xəstə üstünə gedib.

…Rayon xəstəxanasının müdiri Mamoş Manaflı hamamdan təzəcə çıxmışdı. O, telini səliqə ilə yana darayıb, xəstəxana binasının qabağındakı bağçada asta-asta addımlayır və öz-özünə fikirləşirdi: "Hava yaman istidir. Yerevanın parklarında və restoranlarında olsay­dım… Sevanın farel balığı da ki… Amma Yerevana nə ilə getmək olar? Gümanım təcili yardım maşınına gəlir. O da "xarabdır" deyə təkərlərini çıxartdırıb, böyrü üstə yıxdırmışam…

Təcili yardım maşınının saz olub-olmaması Manaf­lının vecinə deyildi. Çünki o, belə düşünürdü: "Maşın saz olsa, deyəcəklər, bu xəstəni gətir, o xəstəni apar, filan kəndə get, filan xəstəyə təcili yardım göstər və sair… Atalar demişkən, el üçün ağlayanın gözləri kor olar. Can Cahana bir dəfə gəlir. Maşın işləməsə, canım da rahat olar".

Mamoş ağzına patrondaş kimi düzülmüş qızıl dişlərinin arasından kənara çırt atıb tüpürdü. Sonra əlini şor motalı kimi irəli çıxan piylənmiş qarnına gəzdirdi və telinə bir də daraq çəkdi.

Mamoş kabinetinə daxil olanda təcili yardım maşınının sürücüsü təngnəfəs özünü otağa saldı:

- Yoldaş Manaflı, Tırkeş kəndində ağır xəstə var! Təcili yardım tələb edirlər! Təcili kəndə getmək lazımdır! - dedi.

- Bu kimin buyruğudur?!

- Kərim Aslanlının.

Müdir sürücüyə çəpəki baxaraq, özünəməxsus əda ilə:

- Aslanlı kimdir?! Sənin müdirin mənəm, ya o?! Sən mənə şoferlik eləyirsən, yoxsa Aslanlıya?! - soruşdu.

Sürücü dediyinə peşman oldu. Müdir səsini daha da ucaltdı:

- Bəs sən o Aslanlıya demədin ki, maşın xarabdır?! Yoox, aşna, fərsiz adamsan! Səndən Manaflıya şofer olmaz!

Müdir hirslənib, kabinetdə var-gəl etməyə başladı. Sonra nə düşündüsə, stolun arxasına keçib papirosunu tüstülətdi və zəngin düyməsini basdı. Katibə içəri daxil oldu. Onların müəmmalı baxışları rastlaşdı. Katibə başını aşağı dikdi. Manaflı gülümsəyərək katibəyə:

- Mənim göyərçinim! Telefon zəng çalsa, götürmə. Soruşan olsa, xəstə üstünə getmişəm. Məni başa düşdün?! - soruşdu.

Katibə qoydurma uzun kirpiklərini qaldıraraq həlim istehza ilə:

- Bəliii, düş-düm, - dedi.

Mamoş Manaflı katibənin "dərsini" verəndən sonra sürücünü kabinetə çağırdı:

- Get maşını sazla. Yerevana gedəcəyik, eşitdin?!

Bu halda telefon zəng etdi. Manaflı dəstəyi götürdü. Danışan səhiyyə şöbəsinin müdiri Kərim Aslanlı idi:

- Düz dörd saatdır, səni axtarıram, ay yoldaş Manaflı. Yaxın kənddə xəstə var, təcili yardım lazımdır!

Mamoş Manaflı səsinin tonunu dəyişdirdi:

- Xəstələrə təcili yardım göstərmək bizim borcu­muzdur, yoldaş Aslanlı. Bu bizim şərəfli vəzifəmizdir. Adamların cansağlığı keşiyində durmaq amalımızdır. Ancaq çox təəssüf olsun ki, maşın sarıdan sizin yanınızda üzümüz qaradır… Odur ki, təcili yardım sözünü eşidəndə xəcalət çəkirəm.

Xəstəxana müdiri "xarab" maşının kəm-kəsirlərini bir-bir saymağa başladı:

- Təkərləri partlayıb, motoru gücdən düşüb, benzin tapa bilmirik, qapıları örtülmür, fənərləri sınıb, kar­büratoru işləmir, peredoku əyilib, siqnal vermir, tormozu tutmur…

Telefon əlaqəsi kəsildi. Mamoş rabitə işçilərinin ünvanına bir neçə tənəli ifadə işlədib, telefonun nömrəsini yenidən yığdı:

- Yoldaş Aslanlı, bütün bunlara baxmayaraq, şoferə göstəriş vermişəm ki, maşına əl gəzdirib təcili təmir etsin. Maşın düzələn kimi təcili xəstənin dadına çatarıq.

- Bu nə qədər çəkər?

- Yoldaş Aslanlı, onu dəqiq deyə bilmərəm, amma hər halda iki, ya üç gün.

- Demək, xəstə iki-üç gün dayanıb maşının təmir olunmasını gözləsin, eləmi?!

Manaflı bu suala cavab verə bilmədi. Sevanın mavi suları, Yerevanın havası, sərin pivəsi gəlib onun gözləri önündən keçdi… Sonra özünü cəmləşdirərək:

- Bəli! Yoldaş Aslanlı! Bəli! Gərək gözləsin! - dedi. - Başqa çarəmiz yoxdu.

Kənddə maşın gözləyirdilər. Təcili yardım maşını. Xəstənin gözü yolda qalmışdı… Üç gün keçdi. Təcili yardım maşını isə gəlib çıxmadı ki, çıxmadı…

Mamoş Manaflı xəstəxananın qabağında təcili yardım maşınından düşəndə ona belə bir kədərli xəbər verdilər:

- Tırkeş kəndindəki xəstə rəhmətə getdi!

Müdirin rəngi qaçdı. Sürücü də rəng alıb rəng verdi. O, üzünü müdirinə tutdu:

- Dedim getməyək! Amma siz bu Yerevan səfərindən əl çəkmək istəmədiniz!

Müdir çeçədi. Onun xumarlanmış gözləri divardakı şüara dikilmişdi: "Həkim cəmiyyət içərisində ən məsul, ən fəxri, ən vicdanlı adam olmalıdır".

Bu səssiz və lal çağırış sanki Mamoş Manaflıdan cavab gözləyirdi…

 1955-ci il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com