www.aliildirimoglu.az

FELYETONLAR

CƏNCƏL CƏMİ

Ata-ananın yeganə oğlu olduğundan hamı onu Cəmi deyə çağırırdı. Əlinə məktəbli çantası alanda adı təkmilləşdirildi. Yəni, Cəmi sözünə bir "l" hərfi əlavə edildi. Oldu Cəmil. O, yeddi uşaqdan sonra valideynin əlində, ovcunda bircə tapıntı idi. Əvvəlcə Cəmi, sonra Cəmil çağrılan oğlan rəsmi sənədlərdə isə Cəmşid kimi qeydə alınmışdı. Ancaq ata-ananın dilində Cəmi sözü Cəmşiddən şirin səslənirdi. Odur ki, məktəbdə ona Cəmşid, evdə qonum-qonşu arasında kimi Cəmi, kimi də Cəmil deyirdi.

Yaşa dolduqca məşhurlaşırdı. Əlbəttə, təhsildə, ədəbdə, mərifətdə, təlim-tərbiyədə yox, kəllə atmaqda, yumruq işlətməkdə. Kimə birini ilişdirirdi, elə ilk zər­bədən nokaut eləyirdi. Madar olduğu və ərköyün böyüdüyü üçün heç kəs qəlbinə toxunmurdu. Bir yeni modalı ayaqqabı, qalstuk, kostyum, köynək, saat çıxanda onu ilk dəfə Cəmi geyinib - taxıb, Xoruzlu kəndində nümayiş etdirib, xoruzlanırdı. Bir neçə yüz qram vurub, siqareti damağına qoyub, papağının dalını qaldırıb, kəndin arasına çıxanda hamı özünü yığışdırırdı. Cəmi gəlir! - deyə çənəsinin qədrini bilən, göz-başının qayğısına qalan, qol-qılçanı sınmaqdan qoruyan ayıq-sayıq adamların hərəsi bir tərəfə çəkilirdi ki, onun gözündən iraq olsunlar.

Sinifdən-sinfə, kursdan-kursa keçəndə imtahanların ağırlığı Cəmildən çox ata-ananın, dost-tanışların çiyninə düşürdü. "Müəllim qadan alım, bircə madardı, çox bərkə salma. Dörddən, beşdən bir qiymət yaz, qurtarıb getsin", - deyə valideynləri məktəbdə ona-buna dil töküb yalvarırdılar.

Cəmi tibb institutunu bitirəndə ilk dəfə Gülablı rayonundakı Qanqallı kəndinə işləməyə gəldi. Həkimlik fəaliyyətinə başlayanda o düşünürdü: "Tələbəlikdə də bir arvad, həkim olanda da?! Onda nə üçün elmin yolunda on beş il əzab-əziyyət çəkib, ixtisas qazan­mışam? Cəmi, Cəmil, Cəmşid. Üç adım ola-ola vur-tut bircəcə arvadım var. Əslində lap üç arvad da ala bilərəm. Ancaq alitəhsilli həkimə üç arvad yaraşmaz. Həm də dilə-dişə düşərəm. Bir də ki, üç nəhs rəqəmdir. Bir cüt arvad bəsdir. Biri sağımda, biri də solumda. Onda mənə üç arvadlı yox, qoşa arvadlı həkim deyərlər. Burada da gərək ağıl işlədəsən. Birinci arvadım rəsmidir, ikincisini qeyri-rəsmi alaram. Molladan bir kəbin kağızı qopartsam kifayətdir. Şəriətin qanunu ilə zaqslatmağın özü günahdır".

Cəmi ikinci arvad problemi üzərində çox baş sındırdı… Bir gün həyat yoldaşı Aybənizin açdığı axşam süfrəsinin başında əyləşəndə:

- Əmi nəvəsi, bilirsən də səni necə ürəkdən sevirəm! - dedi.

- Əlbəttə, mən də səni…

- Düzdür, hamı öz arvadını sevir və ona hörmət edir. Amma Aybəniz, sevgi məsələsində mənə çatan olmaz.

Aybəniz ürəkdən olmasa da, başı ilə onun sözünü təsdiq etdi. Cəmi ailə məhəbbətindən, mənəvi saflıqdan xeyli dəm vurduqdan sonra:

- Əmi nəvəsi, - dedi, - Hüseynçiki tanıyırsan?

- Xeyr, Hüseynçik kimdir?

- Gənc həkimdi, yaxın da dostuq. Eşqə düşüb, evlənmək istəyir. Səkkizinci sinifdə oxuyan Alça adlı qıza bənd olub. Onun dərdindən divanədir. Başına hava gəlməmiş, gərək xeyir işini qurtaraq. Çox abırlı, qızdan-gəlindən həyalı, başıaşağı oğlandır. Ürəyinin sirrini məndən başqa heç kəsə açmır. Dost dostun nə günündə gərək? Mən də bu barədə ona söz vermişəm. Amma Aybəniz, quşu quşla tutarlar. Gərək Alça ilə özün danışıb razılığını alasan. Qız "hə" deyən kimi elçiliyə başlayıb, toy tədarükü görərik. Xonçasını da sən aparacaqsan.

Alça dərsdən çıxanda Aybəniz onun qabağını kəsib, dilə tutdu. Birinci dəfə qız onu rədd etdi. Aybəniz isə əl çəkmədi. Məktəbə gəlib-getdikcə Alçanı ovsunladı:

- Alitəhsilli həkimdir. Boylu-buxunlu, gözəl-göyçək, altında "Volqa" maşını. Ağlı başında, pulu cibində, diplomu əlində. İki mərtəbəli evi, bağı-bağçası. Qız uşağı nədir, məktəb nədir?! Yəni mən oxumamışam, pis dolanıram?! Hamıdan da yaxşı geyinirəm. Ərim sağ olsun, pula pul demirik.

Düzdür, qız yenə də razı olmadı, amma tərəddüd etdi. Bir az yarıkönül oldu.

Bir gün Alça tənha getdiyi yerdə, qara "Volqa" onun qabağını kəsdi. Alça çığırmaq istədi. İmkan vermədilər. Qızı maşının kabinəsinə basdılar. Maşın sürətlə Gülab­lının Armudlu kəndinə yol aldı. Cəminin dayısıgilə. Qız Cəmini tanımırdı, Hüseynçiki görməmişdi. Daxilən elə başa düşdü ki, onu qaçıran Hüseynçikdi. Lakin dayısı, oğlanı "Cəmi" deyə çağıranda qız ayıldı.

Zavallı qız bəy otağının kiçik pəncərəsindən boy­lanaraq, Mirzə Ələkbər Sabirin məktəbdə əzbərlədiyi sözlərini yada salıb hıçqırırdı:

 

Ol gün ki, adaxladız utandım,

Oğlandı, dediz, ərin, inandım.

Ər böylə olurmuş, indi qandım…

Xan dostu, amandı, qoyma gəldi!

Kirdarı yamandı, qoyma gəldi.

 

Cəmi Alçanın məsum yanaqlarından süzülən muncuq kimi göz yaşlarını gördükcə:

- Altı balamın canı üçün, səni yağ içində böyrək kimi bəsləyəcəyəm, - deyib onun könlünü alırdı.

- Bəs Hüseynçik?!

Cəmi hiyləgərcəsinə gülümsündü:

- Hüseynçik olmasın, Cəmilçik olsun. Məşədi İbad demişkən, "O olmasın, bu olsun", - deyib özünə işarə etdi və qürrələndi.

Cəmi qızı başa saldı ki, Hüseynçik adlı adam yoxdur və bu onun öz uydurmasıdır. Qız tələyə düşdüyünü hiss edib, dərindən köksünü ötürdü.

Köhnə bəylə təzə gəlin bir ay Armudluda qaldılar. Dayı bacısı oğlunu xəbərdar etdi ki, milis işçiləri onları bərk axtarır. Cəmi məşuqəsini də götürüb Bakıya üz tutdu. Yolda izah etdi ki, onun Alçadan xoşu gəlmir. Alça turşdur, yeyəndə adamın dişini qamaşdırır. Bir də ki, Alça sözü Aybənizə uymur. Aybəniz və Zöhrə! Zöhrə ulduz adıdır. Təmiz səmada sayrışanda adamın qəlbi riqqətə gəlir. Mənim səmamda həmişə sən parla­malısan. Zöhrə ulduzu kimi. Aybənizin bənizi solsa da olar. Əmi nəvəsidir, onun eybi yoxdu. Onsuz da son vaxtlar gözümdən düşüb.

Təzə məşuqəsi ilə Bakının parklarını dolaşıb, Xəzərin seyrinə dalmaq Cəmiyə xüsusi ləzzət verirdi. Dost-tanışları ilə rastlaşanda, ondan şübhələnməsinlər deyə, Zöhrəyə işarə edərək:

- Böyük qızımdır, xalasını görməyə gəlib, - deyirdi.

Bir nəfər cüssəli oğlan irəli yeriyib, Cəminin əlini bərk-bərk sıxdı. Zöhrə məmnun oldu. Qız elə başa düşdü ki, kimsə onların bu xeyir işini təbrik edir. Lakin milis sözünü eşidəndə hər ikisinin rəngi qaçdı…

Onları rayona gətirdilər. Cəmi həbs edildi. Bu dəfə qohum-qardaş, dost-tanış fəaliyyətə başladı. Rayon prokurorunun, daxili işlər şöbəsinin telefonları aramsız zəng çaldı. Minnətçilər gecə-gündüz yatmadı… Qul xətasız, ağa kərəmsiz olmaz, - dedilər. Üstəlik də…

Əlqərəz, qız dedi ki, özüm getmişəm, sevirəm (?!). Ata-anası şikayəti geri götürdü(?!). Dedirtdilər, dedilər, bunu aydınlaşdırmaq müşkül məsələdir. Orası aydındır ki, Cəmi cəzadan yaxasını qurtaran günün səhərisi Zöh­rənin qolundan yapışıb evinə apardı. Zöhrə baş otaqda, Aybəniz isə yan otaqda, Cəmi də kefi istə­diyində… Hansı ki, bir balaca cıqqırını çəkdi, Cəminin kötəyinin altına düşürdü. Sakit, səssiz yaşamaqdan başqa çarəsi yox idi.

Cəmi tez-tez maqnitofonu açıb, lentə yazdığı "Bir cüt sona" mahnısını təkrar-təkrar oxutdururdu. "Hansı-na qur-ban mən o-lum" nəqəratına gələndə baş və yan otaqların qapısı açılır, bir cüt sonanın yalvarıcı baxışları Cəmilə zillənirdi.

Cəmi iş yerini Xoruzlu kəndinə dəyişəndə, papağını qabağına qoyub düşündü ki, bir ixtisasla iki arvad sax­lamaq çətindir. Hərəsinin də bir çətən uşağı. Birincidən səkkiz, ikincidən dörd uşaq. Odur ki, qurşandı alverə. Avtomaşın hissələri alıb-satmaqdan pis qazan­mırdı. Bir dəfə pomidor dolu təcili yardım maşınını uzaq bazar­lardan birinə sürdürəndə, illik əmək haqqından çox qaza­nırdı. Alverin dadını görəndən sonra arvadları da bu işə cəlb etmək qərarına gəldi. Fikrini əsaslandırmaq üçün tarixi dəlillərə əl atdı:

- Eramızdan bir neçə min əvvəl - patriarxal dövründə qəbiləni qadınlar dolandırırdılar. Kişilər isə əsasən ovla məşğul olurdular, - dedi. - Ailəmizdə keçmişin bu təq­dirəlayiq adətini bərpa və bərqərar etməliyik…

Cəmi məhsul tədarükü ilə məşğul olur, Aybəniz Soçidə qarğıdalı məmulatı hazırlayıb satır, Zöhrə Aşqa­badda nəşə işinə baxırdı. Ailənin böyük qızı Bakının park­larında, ortancıl qızı isə Sabunçu vağzalında günə­baxan satmaqla məşğul idilər. Kim Cəminin qoyduğu aylıq alver planını yerinə yetirməsə, vay halına, ya sinə­sinə dağ çəkiləcək, ya da qol-qıçı onun bıçağının ucuna keçəcək…

Son vaxtlar Cəminin yanında Aybənizin hörməti getdikcə artırdı. Əlbəttə, səkkiz uşaq anası və ya birinci arvad olduğuna görə yox. Aybəniz alverdə püxtələş­mişdi. O, günüsündən də, qızlarından da çox qazanırdı.

Milis işçiləri təsadüfən bu barədə onları sorğu-suala tutanda, arvadlar ağlayıb deyirdilər:

- Ərimiz avtomaşın qəzasına düşüb ölüb, dul qalmışıq, uşaqlara çörək pulu qazanmaq üçün üzüqaralıq edirik.

Qızlar isə:

- Atamız rəhmətə gedib, - deyə göz yaşı tökürdülər…

Cəmi isə restoranda vurduqca deyirdi:

- Kişinin arvadı nə qədər çox olsa, gün-güzəranı bir o qədər xoş keçər. Arvadların sağlığına! Heç qızlar da pis qazanmır! Onlar olmasa…

Elə ki Cəmi dəmləndi, kefi doxsan doqquza qalxdı, qarşısına çıxan bir zavallının baş-gözü əzilməli idi. O, ağır cinayət işlədib yüngül cəza almağın çəmini tapmışdı. Ona görə də heç kəsi vecinə almırdı. Araz aşığından idi, Kür də topuğundan. Qatı xuliqanlıq üstündə dördcə dəfə cinayət məsuliyyətinə cəlb olun­muşdu. Xalq hakimləri qollarını çırmayıb onun məsələsi ilə məşğul olanda, ağırlaşdırıcı və yüngülləşdirici halları qoyurdular çəki-tərəziyə. Obyektik və subyektiv faktlar araşdırılanda ağırlaşdırıcı hal qalırdı kölgədə, yüngül­ləşdirici hal ön plana çəkilirdi. Cəmi də ittihamçıların və hakimlərin sağlığına yüngülvari bir cəza ilə yaxasını qurtarırdı.

Cəmi deyir ki, məhkəmə hakimlərinə minnətdaram. Kişilər ağırlaşdırıcı hala "yüngülləşdirici" don geyindirməkdə çox mahirdirlər. Elə onların sayəsində…

Xoruzlunun qoçusu bu yaxınlarda bir neçə adamı əzişdirdiyinə görə yenə də ilişib. Ancaq boğazından yox, ətəyindən. Söz yox ki, yüngülləşdirici hal nəzərə alın­maqla. İndi Aybənizin və Zöhrənin körpələri analarının ətəyindən yapışıb yalvarırlar:

- A-na! Mi-lis məh-kə-mə əmilərə denən, onu bir də bu-rax-ma-sın-lar! Gəl-sə…

Nə üçün doğma övlad ata haqqında "əmilərə" bu cür müraciət etsin?! Çünki Cəmi övladlarının gözündə ata yox, daş ürəkli qəddar bir insandır…

1967-ci il

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com