www.aliildirimoglu.az

FELYETONLAR

KEFKOM KƏRƏM

Fit səsi eşidildi. Kərəm ovçu görmüş maral kimi səksənib yerindən dik qalxdı. Papağını başına qoydu, ayaqqabılarını da tərsinə geyib, özünü kolxoz idarəsinə yetirdi. Tələsdiyi üçün içəri girmədi. Yan pəncərədən mühasib İrşada göz vurdu. İrşad da dərhal mətləbi anlayıb seyfi bağladı. Əmək günlərini yoxlatmağa gələn kolxozçulara:

- Təcili işim var, gözləyin, bu saat gəlirəm, - deyib idarəni tərk etdi.

Qatar ağır nəfəs ala-ala perrona yan alanda, Kərəmlə İrşad artıq öz adətləri üzrə vaqon restoranının pillə­lərindən qalxıb, içəridəki stolların birində qarşı-qarşıya əyləşdilər. Bufetçi daimi müştərilərdən hal-əhval tutduqdan sonra, əllərini ovxalaya-ovxalaya soruşdu:

- Tez deyin görüm, hansından vuracaqsınız?

- Üçulduz, - deyə Kərəm dilləndi.

Bufetçi təəccüblə soruşdu:

- Ay Kərəm, nə olub belə, ulduzları ixtisara salmısan?

Kərəm dərindən ah çəkdi. İrşad onun halına yanırmış kimi:

- Kərəm sən görən Kərəm deyil, - dedi, - onun özünü də ixtisara salıblar. Yəqin sədrlikdən müavinliyə endiriblər. Odur ki, Kərəm də ulduzların sayını azaldıb. İndi beş deyil, üçulduz vurur. Necə deyərlər, kişinin oğlu yorğanına baxıb ayağını uzadır.

Üçulduz konyak butulkaları süfrəyə düzüldü. Qədəhlər dolub-boşaldı. Məclis qızışdı. Bufetçi özü də onlara qoşulub bir-iki dəfə boğazını yaşladıqdan sonra üzünü Kərəmə tutub:

- Kərəm, bizim bu restoranın yaraşığı, cibimizin bərəkəti, ağzımızın ləzzəti, - dedi, - axı sən niyə bu günə düşdün?

Kərəm əlindəki qədəhi başına çəkib, sir-sifəti turşumuş və gözləri yaşarmış halda:

- Allah mərdimazarın evini yıxsın, - dedi, - nə bilim, guya mən günümü restoranlarda keçirirəm, sərxoşluq edirəm, kolxozun işlərini başlı-başına buraxmışam. Bir də ki, arada bir az qəpik-quruş söz-söhbəti var. Yəni, bildir qazandığım əmək günü müqabilində min manat almalı olduğum halda, iki min manat götürmüşəm. Nə eləyək? - O çiyinlərini çəkdi və əlavə etdi. - Götür­müşəm, götürməmiş olum. Gəlin görək mən bu artıq pulları nə eləyirəm?! Goruma aparıram, ya çölə atıram? Budur bax, - Kərəm cibindən beş dənə qırmızı onluq çıxartdı, basdı bufetçinin cibinə və əlavə etdi: - Pul dövlətin hesabına qayıtdı, qayıtmadı? Daha bu dedi-qodu nəyə gərəkdir?

Bufetçi süfrənin xərcini çıxıb, qalanını da öpüb qoydu gözünün üstünə və:

- Kərəm, sənin barəndə haqsızlıq ediblər, - dedi.

- Əlbəttə, əlbəttə, - deyə İrşad başını tərpətdi.

Qatar yola düşhadüşdə, onlar ayaqları dolaşa-dolaşa restorandan çıxdılar. Yolüstü kəndin girəcəyindəki bufetə baş çəkib, qarınlarındakı yarımçıq yerləri də dol­durdular. Sonra evə tərəf yönələndə ferma müdiri Dilşadla rastlaşdılar. Dilşad istədi ki, ürəyindəkiləri açıb onlara desin. Lakin gördü ki, nəinki onun deyəcəyini, heç öz deyəcəklərini də başa düşəcək vəziyyətdə deyillər. Başları uşaq kuklası kimi sağ-sola aşır. Dilşad Kərəmlə İrşadın qolundan yapışıb, yaxınlıqdakı bulağa apardı və qollarını çırmalayıb onların başını sərin kəhriz suyu ilə o ki var ovxaladı. Dostlar bir balaca ayılıb özlərinə gəldilər. Dilşad təəssüflə onlardan soruşdu:

- Xəbəriniz var?

- Nədən?

- Kənd təsərrüfatı idarəsinin yoxlamasından.

- Bəli var.

- Nəticəsindən necə?

Söhbət bu yerə çatanda nə Kərəm dilləndi, nə də ki, İrşad. Dilşad dedi:

- Məsələni yamanca böyüdüblər. Bizi məhşər aya­ğına çəkməsələr yaxşıdır. Haqqımızda bir sicilləmə akt yazıblar. Yazıblar ki, Kərəm Kərəmovun sədr olduğu "Ulduz" kolxozu son iki il ərzində irəliləmək əvəzinə, düşüb quyunun dibinə. Bildir təsərrüfatın inkişaf etdi­rilməsinə, məhsul istehsalına və dövlətə satışına dair bütün tapşırıqlar kəsirdə qalıb. Kərəmovun səhlən­karlığı üzündən son üç il ərzində kolxozun radio qovşağı bir gün də olsun cınqırını çıxarmamışdır. Kolxoz isə rabitə idarəsinə min manat havayı radio xərci vermişdir. Kərəmovun kəramətindən onun ayrı-ayrı qohumlarına əmək gününə düşəndən artıq pul verilmişdir. Artelə beş min manat zərər dəymişdir. Göstərirlər ki, təsər­rü­fatsızlıq üzündən fermalarda çoxlu mal-qara tələf olmuşdur. Bunun yerini doldurmaq üçün kolxozçulardan iki yüz qoyun-quzu toplandığına görə saxta akt tərtib edilmişdir. Həmin qoyun-quzu fermanın üzünü gör­mədiyi halda, hər ayın axırında hesabata yazılıb rayonun statistika idarəsinə yalan məlumat verilmişdir. Hələ lap mənim özümə də sataşırlar.

- Dilşad! O dili qurumuşlar daha nə yazıblar? - deyən Kərəmovun nitqi tutuldu. Dilşad və İrşad onun sinəsinə və alnına bir az su səpdilər. Kərəm gözünü açıb əvvəlki sualını təkrar etdi: - Dilşad, daha nə yazıblar?

- Yazıblar ki, quşçuluq fermasında beş yüz toyuq çatışmır. Ferma müdiri də and içir ki, onun otuzunu tülkü məhv edib, yüz yetmişini isə Kərəm Kərəmov. Qalanı da köklüyündən gözə gəlib. Komissiya üzvləri də ferma müdirinin gətirdiyi dəlillərə gülməklə cavab veriblər.

Dilşad sakitcə dayandı. Kərəmov isə onu rahat buraxmadı:

- Dilşad, xahiş edirəm, danışıqda xəsislik eləmə. Daha nə bilirsən, hamısını aç de.

- Düzü, qanını qaraltmaq istəmirəm. Ancaq bir halda ki, üz vurursan, qoy deyim. Göstərirlər ki, Kərəmov vəzifəsindən istifadə edərək kolxozun iki traktorunun təkərlərini öz qohumu, Daşkəsən filiz mədənində işlə­yən Heydərliyə bağışlamışdır. Bir də danışırlar ki, Kərəmov sədr olarkən kolxozun biçənəyindən topladığı və qapısında taya vurduğu otu, müavinliyə enəndən sonra kolxoza satır. Xülasə, Kərəm, bədxəbər olmasın, sənə nə başağrısı verim. Müəyyən olub ki, sənin məsuliyyətsizliyin üzündən kolxoza nə az, nə də ki, çox, düz qırxca min manat ziyan dəyib.

İrşad kədərlənərək:

- Kərəm, qorxuram bu həngamələrin qabağında nə məni mühasib, nə də səni müavin qoyalar, - dedi.

Dilşad onlara təsəlli verməyə başladı:

- Əh, vəzifə tapmağa nə var? Rayonda çöm­çətutanların çoxu bizə tərəfdir, - dedi və təklif etdi: - Gedək, dostlar, gedək kefkom Kərəmin hesabına bir üçulduz da boşaldaq. Bir də ki, bəd ayaqda bu işlərin axırı ya qəbirdi, ya da ki, Sibir...

 

1965-ci il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com