www.aliildirimoglu.az

FELYETONLAR

ƏMANƏT VƏ ƏMANƏTÇİLƏR

"Qara Volqa", komplekt mebel, xalı-xalça döşənmiş geniş aynabəndli ikimərtəbəli ev, ətrafı da hündür hasar. Dolu cib, xərcləyən əllər, qızıl diş, restoranlar, bufetlər, dolub-boşalan qədəhlər... Hardadır məndə o bəxt! Onda rayonda beş kişinin biri olardım. Hamı məni barmaqla göstərərdi...".

"Səhər" kolxozunun mühasibi Alış Göyüşov daldığı şirin xəyaldan ayılıb, əlini şəstlə avtomat qələmə uzadanda arxadan şaqqıltı eşidildi. O, ovçu hənirtisi almış maral kimi səksənib geri döndü. Xoşbəxtlikdən heç kəs yox idi. Qapını açan, bayaqdan bəri buralarda vurnuxan qara pişik idi. Alış bir az nəfəsini dərib, ehtiyatla qapı-pəncərəni bağladı və sinəsini məxmər örtüklü stola söykədi. O, kolxoz idarə heyətinin sabiq sədri, hazırkı müavini Qara Qarayevin imza edib, möhür vurduğu ağ ödəmə tapşırığına çox yox, ikicə min manat pul yazdı. Yazdı deyəndə, guya kənddəki montyorlar dönüb kolxozçu olublar. Onlar da əmək gününə düşən həmin məbləğdə pullarını əmanət kassasına qoymaq istəyirlər.

Bəli, Alış, səhərisi özünü verdi dövlət bankının rayon şöbəsinin müdiri Ziyəddin Zeynallının yanına.

- Ziyəddin qağa, bir neçə kolxozçunun əmək haqqını əmanət kassasına köçürtməyə gəlmişəm, - deyib ödəmə tapşırığını ona uzatdı.

Ziyəddin Zeynallı adəti üzrə sir-sifətini turşutdu, eynəyini ala-bəzək cib yaylığı ilə silib, taxdı gözlərinə. Qabağındakı qalın kitabı vərəqlədi və əda ilə:

- Yoldaş Alış Göyüşov, - dedi, - bu təlimatda yazılıb ki, sahibinin razılığı və ərizəsi olmadan onun əmək haqqını bankdan əmanət kassasına köçürmək olmaz.

Alış mənalı-mənalı əllərini ovuşdurub, çəpəki baxışlarla Ziyəddin Zeynallını ayağından başına qədər süzdü və istehza ilə gülümsəyərək:

- Ay pir olmuş, - dedi. - O təlimatı yazan, səni və məni güdmür ki?! Bu ikimizin arasında olan bir işdir...

Zeynallının tutqun qaşqabağı bir balaca açıldı. Lakin özünü onda qoymayıb yarıkönül başını buladı:

- Xeyr, - dedi, - bu əsla mümkün olan iş deyil.

Bank müdiri xaricən qanunun qulpundan möhkəmcə yapışıb, bu məsələyə qəti etiraz edirdi. Əslində isə məzənnəni qaldırırdı... Odur ki, təlimatın üstündəki tozu silib, bir tərəfə qoydu və yaxasını Göyüşovdan qurtarmaq istəyirmiş kimi başqa otağa keçdi.

Alış Göyüşovun təhsili orta olsa da, təcrübəsi alidir, yəni çoxdur. Lazım olan yerdə özünü sadəlövhlüyə vurmaqda, öz mənfəətini güdmədiyini nəzərə çarpdırıb, lovğalanmaqda Saltıkov-Şedrinin "Liberal"ı heç yel də olub onun yanından ötə bilməz. Odur ki, mübahisə çox sürmədi. Müdir mühasibin qabağında həlimə döndü... Ban­kın nəzarətçi mühasibi də yumşalıb mum oldu. Kolxozun hesabından iki min manat pul bankdan əmanət kassasına köçürüldü. Əmanət kassasında həmin "kolxoz­çuların" adına hesab açıldı. Bir neçə gündən sonra Alış Göyüşov həmin montyorları yanına çağırıb, öz ürəyini onlara açırmış kimi xəlvətcə:

- Siz özünüz yaxşı bilirsiniz ki, mən aydan arı, sudan duru adamam. Ancaq gözü götürməyənlər orda-burda demaqoqluq edib deyirlər ki, guya bu kolxozun əmlakını yeyib dağıdıram. Mən bu söz-söhbətin dərdindən öz halal əmək haqqımı etibar edib, sizin adınıza əmanət kas­sasına qoymuşam. Əmanətə də ki, xəyanət olmaz. Gedək əmanət kassasına, həmin pulları alın, verin mənə.

Əmanət kassasının müdiri ilə nəzarətçi mühasib bu barədə Alış Göyüşovun karına gəldilər. "Biz həmişə sizin qulluğunuzda hazır, əl əli yuyar, əl də üzü" deyə ona şərait yaratdılar... Onların gözlərinin qabağında həmin pullar "əmanətçilərin" əli ilə əmanət kassasından çıxıb, doldu Alışın ciblərinə. Alış Göyüşov qaragöz yüz­lükləri, qırmızı onluqları həzm-rabidən keçirdi. Günlər bir-birini əvəz etdi. Həftələr tamam oldu, ay başa çatdı. Bu əməliyyatdan ikicə il keçdi. Alış istehsalat idarəsinə baş vurdu. Milis şöbəsindən, prokurorluqdan hal-əhval tutdu, kəndarası söz-söhbətləri dinlədi və gördü ki, onun saxtakarlığından xəbər tutan yoxdur.

Burada Molla Nəsrəddinin bir lətifəsini xatırlamaq yerinə düşər. Molla bir gün yolda eşşəyini itirir, nə qədər axtarırsa, tapa bilmir. Axırda məcbur olub evə piyada qayıdır. Yolda qonşusu çıxır qabağına. Molla qonşusunu görcək soruşur:

- Qonşu, kənddə təzə nə var, nə yox?

Qonşu deyir:

- Elə təzə bir şey yoxdur. Necə?

Molla soruşur:

- Bəs, kənddə danışmırdılar ki, Mollanın eşşəyi itib?

Qonşu deyir:

- Yox, eşitməmişəm.

Molla tez şükür eləyir ki, deyəsən eşşəyin itməyi yalan olacaq. Əgər doğrudan itsəydi, camaat danışardı.

Alış Göyüşov da mollasayağı sevinib şükür etdi ki, işin üstü açılmayıb, əgər açılsaydı bu barədə danışan olardı. Onun iştahası daha da artdı.

Bəli, Alış izi daha dərinliyə salmaq üçün iş yerini dəyişdi. Bu dəfə özünü verdi "Kommuna" kolxozunun mühasib stolunun arxasına. O, idarə heyətinin sədri Polad Daşdəmirovun imza etdiyi, möhür vurduğu ağ sənəd­lərlə kolxozun dövlət bankındakı pullarını eyni qayda ilə əmanət kassasına - etibar edib, ürək qızdırdığı ayrı-ayrı adamların adına, oradan da öz cibinə axıtmağa başladı.

Alış kolxozun pullarını elə adamların adına köçü­rürdü ki, heç kənd təsərrüfatı idarəsinin rəisi, baş təftişçi, mühasib yatsalar belə yuxularına girməzdi. Elə götürək kənddəki orta məktəbin direktoru Ata Atayevi. Alış ona yanaşaraq:

 - Ata müəllim, - dedi, - fikirləşdim ki, alitəhsilli oğlansan, cibində partiya bileti gəzdirirsən. Uşaqlara kom­munist tərbiyəsi verən, böyük bir pedaqoji kollek­tivə də başçılıq edirsən. Bu kənddə səndən etibarlı adam tapmaq çətindir. Ona görə də əmanət kassasında sizin adınıza mincə manat pul qoymuşam. Gedək qol çək, onu götürüm. Kasıb adamam. Avtomaşın almaq istəyirəm.

Ata müəllim Alışın bu yağlı dillərindən məmnun olub, mərdi-mərdanə sağ əlini qoydu sol gözünün üstə. Alış bir neçə gündən sonra kolxozun zootexniki Mirzə Hüseynovla dilləşərək:

- Mirzə? - dedi.

- Hay can!

- Canın qada görməsin, özümdən ehtiyat etdiyim üçün əmanət kassasında sənin adına mincə manat pul qoy­muşam. Gedək qol çək, götürüm, xeyir işim var.

- Baş üstə.

Kolxozun aqronomu Həsən və ferma işçisi Hüseyn Nadirov qardaşları da əmanət kassasında onların adına yazılmış iki min manat pulu alıb, Alışa verməkdə böyük səxavət göstərdilər.

 Ancaq atalar yaxşı deyib ki, su səhəngi suda sınar. Alışın udduğu pullar iyirmi min manata çatanda, axırıncı abbasılar ilişib qalıb kişinin boğazında...

 Yaxşı, tutaq ki, bu pulları yeyən Alışdır, bəs onu yedizdirənlər kimlərdir? Burada yenə də Molla Nəs­rəddinin bir lətifəsi yada düşür. Bir gün Molla həmişə Teymurləngin yanında olan qazıların birindən soruşur:

- Qazı ağa, sənin imamın kimdir?

Qazı yaltaq-yaltaq Teymura tərəf ikiqat əyilərək deyir:

- Qibleyi-aləmimiz Teymur.

Məclisdəkilərdən biri yavaşca Mollanın qulağına deyir:

- Molla, soruş görək, peyğəmbəri kimdir?

Molla deyir:

- Kim ola bilər. İmamı Teymur olanın, peyğəmbəri də Çingizdən-zaddan biri olacaq da...

İndi aydın məsələdir ki, pulları yeyən Alış Göyüşov­dur, bəs yedizdirənlər? Əlbəttə, bu cür qəliz suallara Qazı yox, ancaq inzibati orqanlar dürüst cavab verə bilər...

 

 1965-ci il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com