FELYETONLAR
XASİYYƏT VƏ XASİYYƏTNAMƏ
Yol boyu toza, tərə batmış, əcaib görkəmli bir nəfər alnının tərini silib nəfəsini dərdi, dincini aldı, sonra da özünü verdi kəndin ortasındakı qoz ağacının kölgəsinə. Ədəb-ərkanla əyninə xalat geyib, başına ağ fəs qoydu. Əlinə rezin əlcək taxıb, içərisində müxtəlif cihazlar olan qara çamadanı da açıb qoydu qabağına. Yan-yörədə oynaşan dəcəl uşaqlar yad adamı dövrəyə alıb xısın-xısın pıçıldaşır, hərə bir söz deyirdi. Uşaqlardan biri çamadandakı kəlbətini görüb, yoldaşına dedi:
- Nalbənddir, deyəsən kəndimizdəki ulaqları nallamağa gəlib.
Başqa birisi:
- Yox! Bu xalis dana həkimidir. İynəsinin uzunluğunu görmürsən? Dünən fermamızda da belə bir ağ xalatlı adam var idi, danalara iynə vururdu, - dedi.
Nisbətən böyük uşaqlardan biri irəli yeriyib, yoldaşlarını kənara çəkdi və:
- Dədəmin canı üçün, o nə nalbənddir, nə də ki, dana həkimi, - dedi, - dişqayırandır. Ə, çamadanındakı qayırma dişləri görmürsünüz?!
Xırda uşaqlar "həkim" sözünü eşidərək, onlara iynə vurulacağından ehtiyat edib hərəsi bir tərəfə götürüldü...
Kəndə xəbər yayıldı ki, həkim gəlib, diş qayıran həkim. Hərə bir cür danışırdı:
- Elə dərmanı var ki, xəstə dişə yarımca damcı salanda, elə həmin dəqiqə ağrısı kəsilir, olur anadangəlmə.
- Yaxşı diş əkir. Məsələn, yüz yaşlı adamın dişinin yerinə cavan bir adamın dişini salıb, bitirir.
- Onun əli dəyən diş ömründə laxlamır.
- Qoca adamlar onun düzəltdiyi dişlə lap qovurğa da yeyə bilər...
Bu cür söz-söhbət qonşudan-qonşuya, məhəllədən-məhəlləyə yayıldı. Dişi ağrıyan, əngi şişən, çənəsi yerindən tərpənən adamlar kəndin ortasındakı qoz ağacına tərəf axışırdılar.
Miriş özünü onlara təqdim edərək:
- Miriş Madarzadə. Tibb institutunu bitirib, bu yaxınlarda dissertasiya müdafiə etmişəm, - dedi.- Bəli, diş üzrə aliməm. Qoz-fındığın bol olduğu yerlərdə dişin vaxtından əvvəl düşmə səbəblərini tədqiq edirəm.
Kənd adamlarından Şahlar irəli yeriyib, dişini göstərdi. Miriş paslı kəlbətinlə onun sağlam dişini qopardıb, qoydu yerə.
Miriş:
- Əlimdən zərgərlik də gəlir, - dedi.
Hünər irəli yeridi:
- Yaqut qaşlı bir üzüyüm sınıb, - dedi.
Vüqar:
- Yoldaşımın gümüş kəməri xarab olub, - dedi.
Miriş sifarişləri qəbul edib... kənddən çıxdı. Bir neçə gündən sonra Miriş Madarzadə Çullu kəndində peyda oldu. Özü də sement dolu avtomaşının kabinəsində. Onu ilk dəfə Fərasət Fərhadov qarşıladı. Miriş Madarzadə özünü ona təqdim etdi:
- Gəncədənəm. Böyük bir inşaat materialları anbarının müdiriyəm. Bir az satlıq malım var, müştəri axtarıram.
Fərasət göydə axtardığını yerdə tapmışdı. O, var gücü ilə Mirişin ətəyindən yapışıb, evinə tərəf dartdı. Miriş şoferə işarə vurub, sementi Fərasətin qapısına tökdürdü. Fərasət də öz növbəsində təzəcə banlayan çolpalardan bir neçəsinin boğazına bıçaq çəkdi. Çığırtmanın iyi, sementin tozu məhəlləni bürüdü. Fərasətlə Miriş əhd-peyman edib, elə həmin gündən oldular qardaş.
Çullu kəndində hamı Fərasətin fərasətinə paxıllıq eləməyə başladı. Dedilər ki, adamın yüz gün kotanı işləyincə bircəcə gün bəxti işləyə. Kişini xoşbəxtlik basdı, binanın bünövrəsini qoyduğu yerdə bir səxavətli anbardarla rastlaşıb olub qardaş. Bəli, çoxları Mirişə yanaşıb onunla qardaş olmaq istədi. Lakin Miriş dedi ki, dost çox olar, düşərgə bir. Bu kənddə qardaşım da birdir, düşərgəm də bir. Ancaq çox adama kömək edə bilərəm. Bu sözdən sonra taxtapuş dəmirinə ehtiyacı olanlar, sement axtaranlar, ev bünövrəsi qoyduranlar Miriş Madarzadənin başına fırfıra kimi fırlandılar. Miriş hərədən iki-üç yüz manat pul qoparıb, yenə aradan çıxdı.
Miriş Şelli kəndindən keçəndə, Əzizağanın öz inəyini satmaq istədiyini eşitdi. O, indi də oldu qəssab. Əzizağanı ələ alıb, ona dedi:
- Əgər bu inək mənim kimi mahir bir qəssabın əlinə düşsə, birə beş qat artıq pul çıxarar.
Bəli, "təcrübəli qəssab" inəyi də, onun naşı sahibini də bu cür soydu.
Miriş Madarzadə qonduğu kol dibinə ikinci dəfə ayaq basmadı. O, oldu atlı, müştərilər piyada. Səbirlər tükəndi, dişi ağrıyan, beh verən, sement yolu gözləyən zavallılar kəndbəkənd düşüb Miriş Madarzadəni axtardılar. Tapanların peşmançılığı daha böyük olurdu. Bir gün Hünər Mirişlə rastlaşdı:
- Ə, ay etibarsız, sənin üç günün dörd il oldu!
Miriş Hünəri başdan ayağadək süzərək:
- Siz, - dedi, - məni kimə oxşadırsınız?!
- Əşi, bəs sən diş həkimi Miriş Madarzadə deyilsən? Bəs mənim yaqut qaşlı üzüyüm...
Miriş Hünərə istehza etdi, yan-yörədəki adamlara haray saldı ki, bu oğlanın başı xarab olub. Məni gah Miriş adlı bir fırıldaqçıya, gah da diş həkiminə oxşadır. Hamı gülüşdü.
Miriş Madarzadə bu barədə milis işçilərinə müraciət etdi. Hünəri abırlı bir adama şər atdığına görə yaxaladılar. Hünər yalvarıb dil tökürdü. Milis işçiləri ondan əl çəkmirdi...
Miriş Madarzadənin sədası bir gün Lənkərandan, bir gün Naxçıvandan, bir gün Qazaxdan, bir gün Basarkeçərdən gəlirdi. Rayon daxili işlər şöbələri arasında yazışma gedirdi. Tovuzdan yazırdılar ki, Miriş Madarzadə Şamxor rayonunun ərazisindədir. Onun tutulması barədə təcili tədbirlər görün. Şamxorun daxili işlər şöbəsi cavab verirdi ki, Miriş Madarzadə ailəsini də, dörd uşağını da çoxdan tərk edib və Şamxorda yaşamır.
Miriş Madarzadənin müştəriləri isə müxtəlif ünvanlara hey yazırdılar:
- Yoldaşımın kəmərini də götürüb itib.
- Qaşlı üzüyümü aparıb, qaytarmır.
- Divarım yarımçıq qalıb, pulumu alıb, sementi göndərmir.
- Evimin üstü açıq qalıb, taxtapuş dəmiri gözləyirəm.
- Dişimi çıxarıb, yeri boş qalıb.
Milis idarələrində ərizə və şikayət qovluqları gündən-günə qalınlaşırdı. Axtarışlar davam edirdi...
Dörd il kənddən didərgin düşən Miriş bir gün ilişdi. Onun barəsində istintaq başlayanda, Miriş Madarzadənin üzv olduğu kolxozun sədri belə bir xasiyyətnamə təqdim etdi: "Miriş Madarzadə kolxozun fəal, işgüzar, qabaqcıl üzvüdür. Əməkdə nümunəvidir. Kollektiv arasında böyük hörməti var. Su texniki kimi ad-san qazanıb. İdarə heyəti onun işindən razıdır. Bircə gün də olsun ayağını təsərrüfatdan kənara qoymayıb".
Kənd Soveti sədri arayış verdi ki, hamı Miriş Madarzadənin başına and içir.
Bu əhvalatları eşidib bilənlər qəşş edib gülürdülər: Miriş Madarzadənin xasiyyətinə və xasiyyətnaməsinə...
1969-cu il
|