www.aliildirimoglu.az

FELYETONLAR

QOVLUQ

- Mərkəz!

- Bəli.

- Bəlin şirin, bir danış görək, Bakının səfalı yerlərində, restoranlarında nə gördün və nə eşitdin?

- Çox şey gördüm, çox şey eşitdim. Amma sizi onla­rdan hansı maraqlandırır, bilmirəm, Vəkil Vəziroviç.

- Məni maraqlandıran nə olacaq? Bilmək istəyirəm görüm, orada tanıyan-bilən haqqımda nə danışır. Qədrimi bilən, azdan-çoxdan məni yada salan adam gördün, ya yox?

- Gördüm.

- Harada?

- Sizin direktorluq etdiyiniz, mənim də baş mühasib işlədiyim sovxozun tabe olduğu nazirlikdə.

Vəkil Vəziroviçin kefi duruldu. O təkidlə:

- Sən Vəkilin canı, de görüm, nə gördün? - soruşdu.

Mərkəz əllərini bir-birindən yarım metr aralayaraq:

- Üzərində beş nömrəli sovxozun direktoru Vəkil Vəziroviç Ağayevin barəsində yazılmış, bax bu boyda qovluq gördüm, - Mərkəz bunu deyib bir qədər duruxdu və sonra dilxor halda: - Qovluğun rəngi qırmızı, içərisindəki sənədlər isə qan qaraldandır, - deyə əlavə etdi.

Direktorun sifəti ağardı. O, udquna-udquna soruşdu:

- Yəni mən Vəkil Vəziroviçin barəsində?!

- Bəli, siz Vəkil Vəziroviç barədə.

Direktor stuldan qalxıb, mühasiblə qabaq-qənşər əyləşdi. Mühasib peysərini qaşıyaraq, bic-bic gülüm­sünürdü:

- Vəkil Vəziroviç - dedi, - hiss edirəm ki, kürkünüzə birə düşüb.

Direktor görkəmini dəyişdirib, mühasibin yanında özünü sındırmamağa çalışdı və bir balaca qürrələndi:

- Atalar demişkən, "igidin başı qalda gərək", - dedi, - bir də ki, gücümə yaxşı bələdsən. Neçə ildir məndən yazıb-pozurlar, ancaq yel qayadan bir şey qopara bilməz. Prokurorluq yoxlayır, rayon milis şöbəsi ora-bura çəkir, rayon təşkilatları haqqımda qərar layihələri hazırlayır. Amma bu lələşin hamısını elə çürüdür ki... Ancaq Mərkəz, adam başına nə gələcəyini əvvəlcədən bilsə yaxşıdır. O, qovluğun içindəkilərdən məni bir balaca hali et. Mən də qabaqcadan işimi bilim, səngərimi düzəldib, top-tüfəngimi hazırlayım.

Mühasib əyləşdiyi stolu bir az da direktora yaxınlaşdırdı:

- Vəkil Vəziroviç, - dedi, - yazırlar ki, Vəkil Ağayev qabaqlar iki dəfə kolxoz sədri işləyib. O, səriştəli təsərrüfatçı olsaydı, haqqında oçerk, reportaj yazılardı. Şəkli qəzetləri bəzəyərdi. Amma bacarıqsız və məsu­liyyətsiz işçi kimi onun barəsində dəfələrlə felyeton yazılıb və karikaturası çəkilib. Başçılıq etdiyi təsər­rüfatları göyə qaldırmaq əvəzinə quyunun dibinə salıb. Buna görə də vəzifədən qovulub. Həm də məişət pozğunudur. İki arvad saxlayır. Gününü pivəxanalarda keçirir. Yuxarılarda dayısı olduğu üçün bütün bunların üstünü vurmurlar.

Direktor əsəbiləşdi:

- Bura bax, Mərkəz, - dedi, - qanacağın olsun. Mən indi sədr yox, direktoram.

- Vəkil Vəziroviç, direktorluğunuz haqqında yazılan həngamələri danışsam, onda gərək yeddi dul qadın yaylıq götürüb, sovxozumuzun halına ağlaya. Rayon kənd təsərrüfatı idarəsi nazirliyə arayış təqdim edib ki, bildir sovxozda pambıqçılıqdan başqa bütün istehsalat tapşırıqları kəsirdə qalıb. Sovxoza yarım milyon manata yaxın ziyan dəyib. Debitor borcu getdikcə artır. Sən Vəkilin, mən Mərkəzin təqsiri üzündən uşaq bağçalarına və körpələr evinə nəzərdə tutulduğundan on min manat artıq pul xərclənib. Əmək haqqında izafi xərcə yol verilib. Min ton artıq silos yazıb, gözdən pərdə asmışıq, dövləti aldatmışıq. Bir sözlə, bildir sovxoza külli miqdarda ziyan dəyib. Amma bütün bu biabırçılıqların müqabilində siz Vəkillə mən Mərkəzə gözün üstə qaşın var deyən olmayıb.

- Bəli, olmayacaq da, - deyə Vəkil Vəziroviç alnında tumurcuqlanan təri silib, əsəbi halda ayağa qalxdı.

Mühasib dirsəyini stola dayayıb, ətli çənəsini iri ovcuna qoydu. Ani fikrə getdi və sonra direktorun halına yanırmış kimi:

- Yazırlar ki, nə qədər ki, Vəkil Vəziroviç direk­tordur, sovxozun işləri avand olmayacaqdır, - dedi. - Bu il sovxozda mal-qaranın artırılmasına, heyvandarlıq məh­sulları istehsalı və dövlətə satışına dair bütün tapşırıqlar kəsirdə qalıb. Artıq sahə əkdirir. Müha­fizəkarlıq edir. Məhsulu maşınla yığılacaq sahələrin pambığını əllə topladır. Direktor özü üçün xəlvəti on hektar bostan əkdiyinə görə, onun barəsində rayon qəzetində "Məxfi sevda" başlığı altında felyeton dərc edilmişdir.

Direktor dərindən köksünü ötürdü.

Mühasib:

- Vəkil Vəziroviç, ahın dağlara getsin, - dedi.

Direktor:

- Mərkəz, öz aramızdı, - dedi, - qələmi sınmışlar doğru yazırlar. Ancaq gərək yalana çıxardaq. Burada fənd işlətməliyik.

- Nə fənd? Kollegiyada dərimizə saman təpəcəklər.

- Mərkəz, şər deməsən xeyir gəlməz, işdir, bizi nazirliyə çağırsalar, əvvəlcə nöqsanlarımızı səmimiy­yətlə etiraf edək, sonra da kollegiya üzvlərinə üz tutub deyək: "Bizə bircə ay möhlət verin, nöqsanlarımızdan nəticə çıxaraq, bütün səhvləri ox kimi düzəldək".

- Axı lap Kürün suyunu da bağlasalar, bizim zibillərimiz nəinki bir aya, heç bir ilə də təmizlənməz.

Direktor hiyləgərcəsinə gülümsəyərək:

- Ay pir olmuş, - dedi, - günlərin birində Molla Nəsrəddin öz oğlu ilə birlikdə gəmiyə minib, hara isə gedirmiş. Yolda bərk tufan başlayır. Ləpələr gəmini saman kimi atıb tutur. Qorxuya düşmüş Molla üzünü göyə tutub deyir:

- Pərvərdigara, sən bu tufanı sakit elə, biz buradan salamat qurtaraq. Nəzir eləyirəm ki, evə çatan kimi məsciddə bu gəminin dor ağacı boyda bir şam yandırım.

Oğlu bir atasına baxır, bir də dor ağacına. Gülümsəyərək deyir:

- Ata, sən bu dor ağacı boyda şamı haradan tapacaqsan ki, yandırıb məsciddə qoyasan!

Molla tez oğlunun ağzını tutub deyir:

- Kəs səsini, Allah eşidər, başa düşər. Qoy o, tufanı yatırtsın, salamat qurtaraq, sonra nəzirin dalından qaçmaq asandır.

Direktorun dedikləri mühasibin ağlına batmadığından o, başını buladı və:

- Vəkil Vəziroviç, - dedi, - bu tufan o tufanlara oxşamır. Görünür, qayığımızı çox uzaqlara aparacaq...

 

1965-ci il

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com