www.aliildirimoglu.az

FELYETONLAR

ÇOX QƏRİBƏ

Hər məktubun öz məzmunu var və kəsb etdiyi mə­naya görə ona başlıq qoyulur. Məsələn, sevib-sevilmək eşqi ilə alışıb-yanan və bir-birindən aralı, elindən-oba­sından didərgin düşən bəzi-bəzi cavanlar ilk dəfə qələm götürüb əvvəl-əvvəl çılğın məhəbbətlə başlayırlar:

- Bahar çeşməsi tək aşıb-daşan qəlbim... Şeyda bül­büllərin cəh-cəhi... Nə bilim, alyanaqlı güllərin məs­tedici ətri...

Bu ya şanlı, ya da ki, sevgi məktubudur. Oxuyanda qəribə hisslərə qapılırsan.

Müəyyən bir qanqaraldıcı hadisə baş verəndə və ya xoşagəlməz əhvalatla üzləşəndə əsəblər gərilir, qan təz­yiqi artır, hirs vurur kəlləyə. Belə bir məqamında aldığın rəsmi və şəxsi məktubdakı xoş xəbəri, ibrətamiz kə­lamları, nəsihətamiz sözləri, ümidverici vədləri oxuyub xeyli-xeyli feyzyab olub, ağıllı-başlı sakitləşirsən. Beləliklə, səni narahat edən nigaranlıq aradan qalxır və əməlli-başlı təsəlli tapırsan. Məsələn, Bakının baş mən­zil təsərrüfatı idarəsindən, sanitar-epidemioloji stan­si­yalarından, şəhərin bəzi rayonlarının icraiyyə komitələri sədrlərindən aldığımız məktublar kimi. Ancaq bu mək­tublarda çaydan, çeşmədən, çarhovuzlu parkların gül-çiçəyindən, bülbüllərin xoş avazından yox, bəzi məhəl­lələrdə ağcaqanadların, tarakanların, siçanların, mışo­vulların tüğyan etməsindən, milçəklərin vızıltısından yana-yana danışırlar.

Şəhər sakinləri son vaxtlar bu müzür həşəratlardan şikayətlənib, dad-aman edirlər. Qəzetlər də onların gi­ley-güzarını nəzərə alıb başlayır tənqidə. Bakıdakı əlaqədar idarə və təşkilatların başında əyləşənlər də, necə deyərlər, bu barədə yağmasalar da, guruldayırlar:

- Müşavirə keçirmişik, nitq söyləmişik, qərar hazır­lamışıq, məktub yazmışıq, işdən çıxarmışıq, cəza ver­mişik və s. və i.a.

Yaxşı deyiblər ki, yağlı çörəyin olmasa da, yağlı dilin olsun. Elə belə baxanda bu yağlı və yavan cümlələr inan­dırıcı təsir bağışlayır. Deyirsən, hə də, kişilər çalışıb-vuruşurlar.

Çox əcəb, çox pakizə! O boyda mötəbər kişilər ki, qollarını çırmayıb bu cür can-dildən girişiblər işə, zir­zəmilərin suyu tezliklə quruyar, ağcaqanadlardan, tarakanlardan, milçəklərdən, siçanlardan, mışovullardan əsər-əlamət qalmaz.

İstər-istəməz adamın qəlbində minnətdarlıq hissi baş qaldırır və telefonun dəstəyini götürürsən ki, həmin ştam­plı, möhürlü məktubları imza edən mötəbər şəxs­lərə dönə-dönə təşəkkür edib, "əhsən" deyəsən.

Elə bu andaca ağcaqanad nazik və zəhərli iynəsini sancır adamın peysərinə. Tarakanlar hücum çəkir mət­bəxə. Siçanlar küncdə-bucaqda qulaqlarını şəkləyib, balaca gözlərini bərəldirlər ki, bağrın yarılır. Bunu gö­rəndə əl boşalır, telefonun dəstəyi tappıltı ilə düşür yerə. Qalırsan mat-məəttəl. Bilmirsən bayaqdan bəri oxuyub təsəlli tapdığın ştamplı, imzalı məktublarda yazılanlara inanasan, yoxsa evin tavanından asılı qalan ağca­qa­nadlara, künc-bucaqda civildəşən siçanlara və ya mətbəxdə meydan sulayan tarakanlara?! Gərək əlini çənənə dirsək vurub, qaşlarını çatıb dərin-dərin fikir dər­yasına qərq olasan. Ya da ki, park və bağların birinə çəkilib sakit-sakit addımlayıb oxuduqlarınla gördüklərin arasındakı təzadları daxilən araşdırıb dönə-dönə götür-qoy edəsən. Əslində heç bu da asan məsələ deyil. Çünki bəzi həyətlərdə, bağlarda yaraqsız-yasaqsız gəzib-do­laş­maq hünər istəyir, xüsusilə qaranlıq düşəndə. Sahibli-sahibsiz, zəncirli-zəncirsiz itlərin qəfil hücumundan sağ-salamat qurtarmaq üçün gərək başı toppuz bir dəyənək gəzdirəsən.

Əlqərəz, çilçırağı Xəzərin maviliklərində bərq vuran gözəl Bakının ucqar rayonları barədə gedən bəzi xoşagəlməz söz-söhbəti eşidəndə gərək qulaqlarına bircə girvənkə pambıq tıxayasan. Xüsusilə bu lənətə gəlmiş müzür həşəratların ucbatından bir-birindən didərgin düşən ana-balanın dildən-dilə gəzən söz-söh­bəti. Zavallı madar bilmir ki, başına nə çarə qılsın. Ata-ananın bircəsi olduğu üçün ona hamı madar deyir. Kənddə yaşayan anası həftə səkkiz, mən doqquz bir giley məktubu yazır: "Bıy, ay oğul, cavanlığım elə Ba­kıda keçib, indi şəhərə niyə gəlməyim?! Yoxsa, o gözəlağa gəlin məni özünə yaraşdırmır?! Bilirəm! Arğac o canıyanmışdan keçib. Məndən yaman soyumusan. Bildir dedin ağcaqanad var. İndi də yazırsan ki, mışo­vullar, siçanlar, tarakanlar baş aparır. Gəlsən xurcun, dağarcıq gətirmə. Bəəm, nə olub?! Dünya dərə­bəy­likdir?! Yaşadığım kənddə cəmi-cümlətanı on beşcə ev var. Bununla belə heç olmasa həftədə bir dəfə ray­komdan, ispalkomdan gəlib kəndə baş çəkirlər, hal-əhvalımızı soruşurlar. Amma sənin yaşadığın binada yüzdən artıq ailə var. On kənddəki qədər. Necə ola bilər ki, şəhərdəki raykomun, ispalkomun üzünü ayda-ildə bircə kərə görüb, dərdinizi deyə bilməyəsiniz?! Sanitariya işləri barədə mənə yazdıqlarından onlar niyə halı olmasınlar?! Yoox, oğul! Bu ağcaqanad məsələsi deyil. Yəqin o, canına od düşmüş gəlinin işidir. Çörəyi qulağımın dalına yemirəm ha! Mənə hardan daş dəy­diyini bilirəm. Ağcaqanadları, siçovulları, tarakanları bəhanə eləmə..."

Madar da yazır ki, ana babal yuma. Gəlinin bu iş­lərdən elmi-gümana xəbəri yoxdur. Yalan desəm, südün mənə haram olsun. Bildir gəldin, ağcaqanadın sancdığı yerlər yara oldu. Bir ay yorğan-döşəyə düşdün. Siçan, mışovul görəndə də allergiyan qalxacaq. Sən özün bir vaxt Bakının kommunal idarələrində işlə­misən. Onu düz deyirsən ki, küçə və həyətlərin təmiz­lənməsi üçün on min nəfərdən artıq adam qol çəkib hökumətdən zəhmət haqqı alır. Onların üçdə biri düz-əməlli işləsə, şəhərin hər yeri tərtəmiz, gül-gülüstan olar. O da düzdür ki, sanitar işlərinə can yandırıb yaxından nəzarət edən azdır. Biri var balığın başından yapışasan, biri də var quy­ru­ğundan... Zirzəmisi göl­məçə olan binalar çox, sudartan nasos az, hələ mən Bakı ətrafındakı saysız-hesabsız gölməçələri demirəm. Kimdir quduran, ay ana?! Ağca­qanadların Allahı verib, kefi istədiyi qədər artıb-törəyir. O birisi həşəratlar da həmçinin, nahaq yerə gəlindən bədgüman olub babal yuma. Nəinki yayın cırhacırında, bəlkə qışda da şəhərə gəlməyin məsləhət deyil. Çünki çox adam bəri başdan çillə yuxusuna gedib və qışa hazırlıq heç yuxusuna da girmir. Buxar peçləri də işləyəndə qaynar su axıb zirzəmilərə dolur. Ağca­qanadlar lap qışın ortasında da həlim sularda kefə baxıb nəsil artırır. Ana, gözlə görək bu işlərin axırı hara çıxır. Ağcaqanadlara, tarakanlara, siçovullara əncam çəkilən kimi özüm gəlib səni gətirəcəyəm. Bildiyin kimi, təzə mənzilə köçmüşük. Binamız doqquz mərtəbədir. İşdi-şa­yət məndən bixə­bər gəlsən, lift məsələsini unutma haaa!! Bu sirdən də agah olmalısan. Məsələn, necə? Qoy deyim! Amma gülmə, təzə liftlərlə istədiyin mərtəbəyə qalxmaq üçün arifmetika elmini kamil bilməlisən. Əks təqdirdə... Misal üçün. Liftə girəndə doqquzuncu mər­təbəyə qalx­maq istəsən, şəhadət barmağınla ehtimalca beş rəqəmini, yeddinci mərtəbəyə çıxmaq istəsən dörd rəqə­mini basmalısan. Çünki iri panelli təzə binaların layihələrində dəyişiklik edilib, liftlərində yox. Bir belə uzun-uzadı məktubu yazmaqda sözümün canı odur ki, gəlin barədə qəlbində qaraltı qalmasın. Günah ağca­qanadlardadır. Bir də ki, o söz... Yəni dağarcıq, si­çan əhvalatı. Hələlik bu qədər...

Göz yolda, qulaq səsdə. Elə qatı açılmamış sözlər eşidirsən ki, əlin yerdən-göydən üzülür. Mənzil təsərrüfatı idarəsində and-aman edirlər ki, elə bu ilin özündə şəhərin sanitar təşkilatlarına yarım milyon manat əvəzinə düz bircə milyon manat nağd pul saymışıq. Sanitar həkimləri də dəlillərlə sübut edirlər ki, tonlarla dərman işlədirik. Ancaq nə fayda, kar kəsmir. Siçanlar, mışovullar zibil borularına və qutularına tökülən fisin­canplovu, dadlı dolmanı, qutabı, düşbərəni qoyub bizim hazırladığımız zəhərli dərmanları dillərinə vurmurlar. Ona görə də bu lənətə gəlmiş müzür həşəratlar qırılmaq əvəzinə daha da artırlar.

Bakı rayonlarının az işləyib, çox bilən kommunal işçiləri də gileylənirlər ki, xəncərin qını bizdədir, tiyəsi başqasında. Yolların təmizlənməsinə bir təşkilat, həyət­lərə başqa bir idarə, zibilin daşınmasına isə sanitar-nəq­liyyat idarəsi baxır. Onda da ördək, balıq və xərçəng əhvalatı əmələ gəlir. Yuxarı təşkilatlar da hey iclas çağırıb müzakirə açıb qərar çıxarırlar: "Bu dolaşıqlıq aydınlaşdırılsın! Sanitar işlərinə baxan müvafiq ida­rələrin bir əldə cəmləşdirilməsi üçün təklif hazırlansın! Tədbirlər müəyyən edilsin! Nə bilim, şəhərdə sanitar milisi yaradılması təcrübəsi öyrənilsin və s. və i.a. Bütün bu mülahizələr  isə toz basmış qovluqların arasında ilişib qaldıqca qalır, bir yana çıxmır ki, çıxmır?!

Məsələnin bu cür çək-çevirə düşdüyünü eşidib-bilən şəhər camaatı kommunal, sanitar işinə baxan idarə və müəssisələrdən ümidlərini üzüb başlayırlar özlərinə çarə qılmağa... Mağazaları bir-birinə vurub qapı-pəncərəyə çəkmək üçün tor axtaran kim, əlavə çərçivə düzəldən kim, tələ quran kim, ağcaqanadlarla, milçəklərlə döyüşə çıxmaq üçün silah götürən kim, dərman düzəldən kim... Bir də görürsən ki, Bakıdan kənd rayonlarına yollanan sərnişin qatarı fit verib tərpənhatərpəndə neçə nəfər tövşüyə-tövşüyə özünü yetirib dostuna, qohumuna əl-qolu ilə işarə edib başa salır:

- Qadan alım! Şəhər mağazalarında tapılmır! Sorağını almışam ki, kənd dükanlarında başına qalıb! Mənə iki miçətkən, dörd dənə də siçan tələsi!

Bir başqası:

- Əmioğlu, dədəmə de ki, evdəki ala pişik balalayan kimi onun bir cütünü!.. Birini Bayılda yaşayan qayı­na­tamgilə, birini də bizə... Siçanların, mışovulların əlindən zinhara gəlmişik. Şəhər pişikləri onlardan qorxurlar. Deyirlər kənd pişikləri siçanın, mışovulun qənimidir...

Burada söylədiklərimizə diqqət yetirən şəhər ca­ma­atının kommunal xidmətinin, sanitariya işlərinin tezliklə düzələcəyinə əmin olub-olmayacaqlarını deyə bilmərik. Lakin onu bilirik ki, bu felyetondakı şanlı və təsəlli məktublarını, madarla anası arasındakı yazış­ma­ları oxuyan bəzi oxucular istehza ilə gülümsəyib, ya da ki, dilxor olub başlarını bulayacaq və təəssüflə deyəcəklər:

- Çox qəribə...

 

 1985-ci il

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com