www.aliildirimoglu.az

FELYETONLAR

YAVƏR YAXŞI OĞLANDIR

Rayonda onu tanıyanlar belə deyirlər:

- Yavər yaxşı oğlandır. Yeyən-içən, kefcil adamdır. Qazandığı da özünün deyil.

Deyilənlərə görə, ondan şəxsi "Volqa" maşınını belə istəsələr əsirgəməz. Yavər vəzifə sarıdan da korluq çək­məmişdir. Ət hazırlığı idarəsinin müdiri, pambıq qəbul­çusu, xəzinədar, anbardar. Ancaq "Bağbanlar" kolxozuna gələndə bu vəzifə onu açmadı. Heç rəvadırmı ki, Yavər Yardımlı kiçik bir təsərrüfata rəhbər olsun?! Amma yenə Yavər səbirli tərpəndi. "Bağbanlar" kolxozunda bir il sədr işlədi.

Nəhayət... Nəhayət, Yavər rayonun ən böyük təsər­rüfatlarından birinə, "Muğanlı" kolxozuna sədr məsləhət görüldü. Böyük pambıq, taxıl əkini sahələri, iri hey­vandarlıq fermaları. Bax, bu başqa məsələ. Yavər Yardımlının ürəyinə yatdı:

- Bax, belə təsərrüfata başçılıq etməyə dəyər, - dedi.

Amma nədənsə ilk günlər yeni sədrin qaşqabağı açılmırdı. Bəziləri elə güman edirdilər ki, sədri kolxozun perspektivi düşündürür. Divarları hörü­lüb, üstü örtül­məyən mədəniyyət evinin tikintisi yarımçıq qalmışdı. Olmaya, onu bu məsələ narahat edir? Xeyr, əslində o, belə xırda kəm-kəsiri vecinə alan oğlanlardan deyil. Onu qəm dəryasına qərq edən kolxozun baş mühasibi Siyasət Səftərqulunu başından eləmək fikri idi.

Səftərqulu tükü tükdən seçən, ağı qaradan ayıran, ayıq-sayıq, hər bir məsələyə ehtiyatla yanaşan adam olduğundan, kənd arasında ona belə deyirdilər:

- Siyasət Səftərqulu.

Sədr də bu barədə öz-özünə götür-qoy edir, düşünüb-daşınırdı:

"Böyük kolxozdur, buğdası, yağı, qaymağı, pendiri, qarpızı, gəliri, çıxarı, xeyri, şəri var. Belə incə məsələlərdə Siyasət Səftərqulunun kəndiri ilə quyuya düşmək olmaz".

Yavər Yardımlı fikrində yanılmırdı. Elə taxıl yığımı dövrü Siyasət Səftərqulu aləmə car çəkdi ki, sahə anbarında artıq taxıl var. Yatanlar da oyandı. Hamı sahə anbarına göz qoydu. Taxıl mərkəzi anbara axıb gələndə, mədaxildən kənarda qalan otuz ton məhsul çıxdı üzə.

Yavər Yardımlı özünü o yerə qoymurdu. Deyirdi ki, motal pendirindən tük çıxar. Bu, çəkidə, ölçüdə mümkün şeydir. Yardımlının fikrincə, yalnız bir məsələ mümkün deyil. O da baş mühasiblə baş-başa verib işləmək.

Əlqərəz, bir gün idarə heyətinin üzvləri sədrin kabinetinə cəm oldular. Sədr onların qarşısında iki ayağını bir başmağa dirəyib dedi:

- Bu idarədə ya Siyasət Səftərqulu, ya da mən!

Səftərqulunun ali ixtisas təhsili vardır. Uzun müddətdir ki, mühasib işləyir. Bir dəfə də olsun xətaya yol verməyib. Hamı onu əməlisaleh, sözübütöv, hesabı düz adam kimi tanıyır. Buna görə də idarə heyətinin üzvləri sədrin təklifini müdafiə etmədilər. Yavərin təklifi havadan asılı qaldı. Ancaq nə fayda... Kim Yavər Yardımlının "qatıq qaradır" sözünə etiraz edə bilər?! Odur ki, Siyasət Səftərqulu hey yazır. Yazır ki, idarə heyətinin və kolxozun ümumi iclasının qərarı olmadan, Yavər Yardımlı özbaşınalıq edib məni vəzifədən çıxarıb. Axı mənim günahım nədir?!

Rayonun başçıları etiraf edirlər ki, kolxoz nizamnaməsinə görə baş mühasib qanunsuz olaraq vəzifəsindən çıxarılıb. Ancaq nə etməli?! Yola getmirlər də... Bir də ki, məsələyə qanuni yanaşıb, mühasibi yerinə bərpa etsək, sədr kənddə hörmətdən düşər. Bir də ki, axı:

- Yavər yaxşı oğlandır!

Avqustun əvvəlləri idi. Pambıq tarlalarına çıxmışdıq. Kənd təsərrüfatı idarəsinin rəisi geniş düzlərə çınqıl kimi səpələnən qarpızı işarə edərək, iftixarla deyirdi:

- "Bağbanlar" kolxozunun bostanıdır.

Bostançı hər birinin çəkisi iyirmi kiloqram olan iri qarpızları göstərib həvəslə deyirdi:

- Buradan on min manatlarla gəlir götürəcəyik...

Bostan sovuldu, payız qurtardı, qış qapını kəsdi. İdarə sənədlərini nəzərdən keçirəndə məlum oldu ki, necə deyərlər, toyuq yumurtlamaq əvəzinə falı da yeyib. Belə ki, toxumuna beş yüz manat pul verilən on hektar qarpız bostanından kolxozun kassasına bircəcə qəpik də mədaxil olmayıb. Əlbəttə, bu o qədər də təəccüblü deyil. Yavər Yardımlı bir qarpız bostanı yox, bütün bir kolxozu da uda bilər. Bunun o qədər də qorxusu yoxdur, çünki söz-söhbət böyüsə, rayon başçıları deyəcək:

- Yavər yaxşı oğlandır.

Mütəxəssislərin aktına görə həmin on hektar sahədəki bostan susuzluqdan yanıb, məhsulundan bir qram da olsun ələ gəlməyib. Əslində yanan qarpız yox, Yavər Yardımlının və ona saxta sənədlərlə haqq qazan­dıran mütəxəssislərin vicdanıdır.

Yəqin ki, Həsən Ləzgiyev bu felyetonu oxusa, Yavər Yardımlıya canıyananlıq edib deyəcək:

- Onun barəsində insafsızlıq ediblər. Yavər yaxşı oğlandır!

Əlbəttə, belə deməyə borcludur. Həsən Ləzgiyev fermanı batırdı. Onu anbara müdir qoydular. Anbarı da yarıladı. Yavər bu dəfə ona xəzinə tapşırdı. Böyük bir kolxozun xəzinəsini.

Pambıq ağ olsa da, Yavər Yardımlının bu barədə üzü qaradır. Çünki kolxoz neçə ildir ki, planı ödəmir. Ancaq rayonun başçıları ona gözün üstə qaşın var demir. Yalnız bunu deyirlər:

- Yavər yaxşı oğlandır!

Sədr təzə olduğundan nöqsanları da hələlik "azdır"... Odur ki, elə buradaca fikrimizi yekunlaşdırıb mətləbi uzatmayaq. Uzatsaq da faydası olmayacaq. Çünki rayon başçılarının təbirincə:

- Yavər yaxşı oğlandır!

 

1967-ci il

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com