www.aliildirimoglu.az

FELYETONLAR

XƏCALƏT TƏRİ

Əvvəlcə ləqəb barədə düşünürdülər. Çünki özün­­dən müştəbeh olan bəzi-bəzi gənclərin təbi­rin­cə, bu, yazıçı və ya jurnalisti nəzərə çarpdıran ilkin şərtlərdəndir. Özü də, necə deyərlər, səslənən, gurultulu və ya bədbin, küskün ləqəb. Məsələn, Daşqın, Coşqun, Yanar, Sönməz, Ötkəm, Eldərd, Qəmgin... Amma bu ləqəblərin heç biri onların ürəyincə olmadı. Qorxmaz! Dönməz! - Bax, buna varıq, - dedilər. İndiki jurnalistlər gərək bəzi-bəzi antipodlara, bəzi-bəzi nöqsanlara qarşı mübarizədə qorxmaz və dönməz olsunlar.

Hər ikisi bu fikirlə razılaşdı. Ancaq Qorxmaz on il bir partada oturduğu sinif yoldaşını başa salıb izah etdi ki, universitetin jurnalistika fakültəsinə daxil olmaq istəyən abituriyentlərdən birinci növbədə hansı qəzetdə, nə kimi məqalələrlə çıxış etdiyini soruşurlar. Əks-təqdirdə, qəbul komissiyası sənədlərin üstünə bir quş qoyur və qaytarıb verir adamın qoltuğuna.

Bəli, indi nədən və necə yazmaq? Bu barədə xeyli düşünüb-daşındıqdan sonra belə bir qərara gəldilər ki, mübarək qələmlərini ilk dəfə məktəb mövzusunda sınasınlar. Onda həm valideynlər məmnun olar və həm də müəllimlər öz yetirmələrinə əhsən deyərlər. Dönməz vəcdə gələrək:

- Elə əvvəlcə bizim rayonun məktəblərindən baş­layaq, - dedi. - Maarif şöbəsinin müdiri Biləndər Ali­movun giley-güzarı iclas salonlarına sığmır. Harda olur, oturub-durub gileylənir ki, orta və səkkizillik mək­təblərin çoxu təhsil və təlim-tərbiyə şəraitinə uyğun olmayan namünasib binalarda yerləşir. Bəzi-bəzi sinif otaqları, fənn kabinələri, idman zalları o söz... Necə deyərlər, açıb-ağartmasan yaxşıdır. Baxanda adamın qanı qaralır. Ancaq bu işə bir əncam çəkən yoxdur ki, yoxdur.

- Biz çəkərik, qoy Biləndər əmi bilsin ki, elmin enişli-yoxuşlu yollarında tək deyil, - deyib Qorxmazla Dönməz şəhərin min nəfərdən artıq şagird yeri, milyon manata yaxın smeta dəyəri olan və beş il əvvəl bünövrəsi qoyulan orta məktəb binasının inşaat meydançasına varid oldular. Bir dəstə məktəbli üç nəfər bazburudlu kişini dövrəyə alıb, onları sorğu-suala tutmuşdu. İrəlidə dayanan ötkəm danışıqlı komsomolçu:

- Ayaz əmi, - dedi, - planda nəzərdə tutulduğuna görə, bu bina inişil istifadəyə verilməli idi. Ancaq dedi­yiniz doğru olmadı. Fikrinizi dəyişdiniz, bildirə söz verdiniz. Biz də inanıb səbir etdik. Yenə də vədinizə xilaf çıxdınız. İndi də il yarıdan keçib, sentyabr yaxın­laşır. Amma siz inşaatçılar yenə də yerişinizi yeyin­lətmək istəmirsiniz. Elə ləngi-ləngisiniz.

İkinci şagirdin narazı halda qaşları çatıldı:

- Ayaz əmi, - dedi, - müəllim bizi öyrədib ki, adam gərək yalan danışmasın, amma siz üç ildir ki, bizə yalan satırsınız.

Tikinti idarəsinin rəisi Ayaz Aldıyev cib yaylığını çıxarıb, alnında puçurlanan xəcalət tərini sildi. O, əv­vəlcə baş mühəndislə baş iş icraçısını tənəli baxışlarıyla süzdü və sonra şagirdlərə dil-ağız etməyə başladı:

- Əlbəttə, - dedi, - düz sözə nə demək olar? Qarşınızda təqsirkarıq. Ancaq bu şoğərib inşaat işi belə­dir də. Daş olanda qum tapılmır, taxta olanda mismar qəhətə çıxır. Bir də ki, işlərimizə yazda yağışlar mane olur, qışda şaxtalar, yayda istilər. Payıza dönəndə də işin sifarişçisi və icraçısı olan respublika maarif və tikinti nazirlikləri ümumi bir dil tapa bilmirlər. Texniki sənədlərdə dolaşıqlıq yaranır, avadanlıq vaxtında göndərilmir, inşaat materialları gec gəlir. Amma bu il sözümüz sözdür. Əgər bir neçə ton sement, bircə vaqon daş ala bilsək, sentyabrda bu məktəbdə ilk zəngi bu üç əminizdən biri səsləndirəcək.

Baş mühəndis Səftərzadə təzə modda olan ensiz qalstukunu düzəldib, şagirdlərin qarşısında şax bir görkəm aldı. O, eyhamlı baxışları ilə hiss etdirdi ki, sentyabrda ilk zəngi çalmağa hazırdır. Baş iş icraçısı Vəlibəyov isə başının hərəkətilə Səftərzadəyə bildirdi ki, o nahaq yerə bu fikirdədir, ilk zəngi özü çalacaq. Amma deyilənlərə görə, işdi-şayət, məktəbin tikintisi sentyabra kimi başa gəlsə, ilk zəngin ahəngdar səsini şəhərə dalğa-dalğa yaymağı rəis özü əhd edib.

Şagirdlər istehza ilə gülüşdülər. Əmilər pərt olub bir-birinin üzünə baxdılar.

Bu xoşagəlməz söz-söhbətin şahidi olan Qorxmaz və Dönməz deyilənləri olduğu kimi qələmə alıb, daha mətləbi uzatmadılar. Məktəbin tikintisi barədə yaza­caqları felyetona belə bir başlıq seçdilər: "Xəcalət təri".

Ancaq Qorxmaz bu məsələdə bir qədər tərəddüd etdi. O, həmkarına dedi ki, bu cür tənqidin düşər-düşməzi olar. Bir də ki, çox adamın felyetondan, satirik yazıdan xoşu gəlmir. Sonra başımız ağrıyar, gəl, müsbət faktlar tapaq və təmtəraqlı cümlələrimizi işə salaq. Tərifə də ki, zaval yoxdur...

Razılaşdılar və Şahsevənli kəndinə tərəf yollandılar. Yeni ucaldılan orta məktəb binası göründü. Ətrafdakı yaşıllıqlarda adamların əlində nə isə enib-qalxırdı. Qorxmaz sevindi:

- Nəhayət, axtardığımızı tapdıq, - dedi. - Yəqin bu görünən yaşıllıq idman meydançasıdır. Məktəblilər də ot üzərində xokkey yarışı keçirirlər.

Dönməz:

- Əla, əla! - dedi.

Ancaq onlar yaxınlaşanda gördülər ki, kənddəki sədr əmi ilə partkom dayı məktəbin idman meydançasında pambıq əkdiriblər. Buradakılar da xokkeyçilər yox, əli belli, kətmənli, dəryazlı kolxozçulardır. Məktəb tikin­tisindən də danışmağa dəyməz. Bina dörd il bundan qabaq istifadəyə verilməliydi, ancaq burada hələ də inşaat işi gedir. Özü də necə gedir? Oxucuların ovqatını təlx etməmək üçün bu barədə danışmasaq yaxşıdır...

Başqa kolxozların başçıları da neçə ildir ki, tikinti idarələrini dolaşırlar:

- Kolxozumuz varlı, kəndimiz abad, gəlirimiz bol, - deyirlər, - di gəl ki, yar-yaraşıqlı bir məktəb binamız yoxdur. Pulu bizdən, tikmək sizdən. Acizanə xahiş edirik...

Rayondakı inşaat idarələrində əyləşən əmilər də deyirlər ki, yeni məktəb tikmək məsələsi trestdən asılıdır. Trest də günahı Kənd Tikintisi Nazirliyinin üstünə yıxır. Nazirlikdəki əmilər də cavab verir ki, yüz dərənin başını bir tap kəsər. Əgər Dövlət Plan Komitəsinin razılığı olmasa, biz nəkarəyik?

Beləliklə, işlər düşür düyünə.

Qorxmaz və Dönməz baxıb gördülər ki, rayonda məktəb tikintiləri sahəsində eşidib-gördükləri faktları bir-birinə calasalar və onu mətbuat səhifəsinə çıxart­salar, necə deyərlər, körpü qalacaq suyun o tayında... Dönməz dedi ki, gəmidə oturub, gəmiçiyə meydan oxumaq olmaz. Gəl, dəftər-qələmimizi götürüb qonşu rayondan başlayaq. Onlar qonşu rayona varid oldular. O rayonun mədəniyyət sarayında konsert veriləndə bir də gördülər ki, tamaşaçıların arasından bir nəfər ehmalca yerindən qalxıb, əlindəki bir parça kağızı uzatdı müğənniyə. Müğənni də kağızın qatını ehtiyatla açıb, ucadan elan etdi:

- Mexanikləşdirilmiş səyyar dəstəsinin rəisi Həmid Hacızadə "Tələbəlik illəri" mahnısını xoşlayır. - Müğən­ni əlini sinəsinə qoyaraq: - Məmnuniyyətlə, - deyib ehtiramla təzim etdi və öz məlahətli səsiylə zalı təlatümə gətirdi.

Həmid Hacızadə mahnının sözlərini dinlədikcə, qəlbinin incə telləri ehtizaza gəldi. Onu boya-başa çatdıran məktəb, sinif otaqları, sevimli müəllimlər kino ekranı kimi gəlib durdu gözlərinin qabağında.

Hacızadə oturub durub hər yerdə deyir ki, məktəbin və məktəblilərin yolunda başımdan keçməyə hazıram. Odur ki, Gecəgözü kəndində yarım milyon manatdan artıq smeta dəyəri olan məktəb binasının bünövrəsi qoyulanda tikintinin müddəti məsələsi mübahisəyə çevrildi. Hacızadə dedi ki, məni pərvazlandırıb bu boyda idarənin rəisliyinə yüksəldən məktəbdir və onun tikintisini vaxtından xeyli qabaq qurtarmalıyıq. Baş mühəndislə iş icraçısı məsələni bir qədər konk­ret­ləşdirərək:

- Azı yarım il tez! - dedilər.

Hamı məmnun oldu. Təntənə ilə bünövrə qoyuldu... Ay ötdü, il dolandı. İndi idarənin başçıları şagirdləri görəndə gizlənirlər. Çünki rəis əmilər və mühəndis dayılar onların qarşısında dedikləri sözə, verdikləri vədə xilaf çıxıblar. Məktəb inişil istifadəyə verilməli idi, bu, baş tutmadı. Tikintini bu ilin birinci rübündə qurtarmaq haqdakı planlar da alt-üst oldu. Burada inşaat işlərinin hazırkı vəziyyəti məktəb qapılarının yeni dərs ilində şagirdlərin üzünə açılacağına inam yaratmır.

Geriliyin səbəbini soruşub, məsələnin dərinliyinə gedəndə, iş icraçısının dərdi təzələnir və yapışır icraiyyə komitəsi ilə trestin yaxasından:

- Hər il, dörd-beş ay bizi məktəb tikintilərindən ayırıb, başqa obyektlərə aparırlar, - deyir. - Nə bilim, Alxanlı kəndindəki şərab zavodunun, başqa bir yerdə mal tövləsinin, quşçuluq kompleksinin tikintisinə... Deyirlər, məktəb tikintisi tələsməyi sevmir. Şagirdlər yaşca balaca olsalar da, səbirləri böyükdür.

Ancaq Arazyağlıvənd, Qaragöllü, Qarğabazar kənd­lərində məktəblilərin səbir kasası dolub. Şagirdlər bünövrəsi yenicə qoyulan, divarı yarımçıq qalan və ya tikintisi yubadılan məktəb binalarına baxanda, Molla Nəsrəddinin lətifəsi yadlarına düşür.

Molla dəvənin üstündə ağzına qovut atdıqca külək vurub dağıdır. Bunu görən dəvəçi üzünü Mollaya tutub soruşur:

- Molla, nə yeyirsən?

- Qardaş, külək belə əssə, demək olar ki, heç nə, - deyə Molla cavab verir.

Uşaqlar bir-birinə:

- Rəis və mühəndis əmilər tədris ocaqlarının tikintisinə ki bu cür yanaşırlar, Molla demişkən, heç nə. Bizim yeni məktəb binalarına köçməyimiz qaldı yaz açılıb, yonca bitənə.

Məsələn, qonşu rayondakı tikintilər kimi. Rayon maarif şöbəsinin müdiri Orduxan Osmanlı tez-tez iş icraçılarına zəng vurur:

- Avqust müşavirəsinə hazırlaşırıq, məruzədə məktəb tikintilərini necə göstərək?

İş icraçıları da:

- Orduxan müəllim, - deyirlər, - bizdən incimə. Ra­yon mərkəzindəki binanı bu il istifadəyə verməkdən vaz keç. Amma Əmirqulular kəndindəki məktəb binasını bəlkə yeni dərs ilinə qədər...

Qorxmazla Dönməz lap hövsələdən çıxdılar və qələmlərini mürəkkəbə batıraraq:

- Yox, - dedilər. - Cidanı çuvalda gizlətmək olmaz. Bütün bu həngamələri olduğu kimi qələmə almalıyıq. Sabir demişkən, düzü düz, əyrini əyri. Qoy adları çəkilən inşaatçı əmilər və dayılar papaqlarını qabaqlarına qoyub, yaxşıca-yaxşıca fikirləşsinlər. Və bilsinlər ki, onları bu boyda vəzifə və səlahiyyət sahibi edib şöhrətləndirən məktəblərin tikintisinə bu cür laqeyd münasibət göstərmək olmaz.

Yəqin, adları çəkilən rayonlarda və tikinti təşkilat­la­rında deyəcəklər ki, Qorxmaz və Dönməz adlı adamları nə görən var, nə tanıyan. Əlbəttə, bu bizim uydur­mamızdır. Bir də ki, axı, bunun əsl mətləbə nə dəxli var? Qorxmaz və ya Dönməz olmasın, olsun respublika qəzetinin xüsusi müxbiri:

... filankəsov.

1980-ci il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com