|
FELYETONLAR
BİR GECƏNİN TANIŞLARI
İşığı sönmüş qaranlıq küçələrdə heç kəs görünmürdü. Yalnız hərdənbir yol maşınları fışıltı ilə şütüyüb keçir və irəlidəki döngədə gözdən itirdi. İsgəndər səksəkə ilə duruxur, ehtiyatla addımlayır və özündən razı halda düşünürdü: "Bu adı nahaq yerə qoymayıblar. Mənə də İsgəndər deyərlər, İsgəndər! Ancaq Zülqərneyni də böyrünə qoşsaydılar, lap qiyamət olardı. Onda adım da özüm kimi, bütün isgəndərlərdən fərqlənərdi. Eh, dəxli yoxdur, Zülqərneynsiz də keçinərəm. Onsuz da məşhuri-cahanam. Hamı məni barmaqla göstərir. Əlbəttə, igidin adı ya xeyirdə, ya da şərdə. Odur ki, xeyirdə olmasa da, şərdə ad çıxarmışam...".
Üçmərtəbəli binanın qurtaracağında onu eynəkli bir adam qarşıladı. İsgəndərin nitqi tutuldu. Ancaq özünü o yerə qoymadı. Onlar bir-birinin kimliyini, nəçiliyini soruşdular. Eynəkli adam dedi ki, o, bu küçədəki mağazaların gözətçisidir. İsgəndər özünü ələ alaraq:
- Mən də "Qaradağlı" sovxozunun taxıl gözətçisiyəm, - dedi və vəcdə gələrək: - Əşi, biz ki, elə həmkarıq, - deyə həyəcanlandı.
Onların arasında qəribə bir ünsiyyət yarandı. İsgəndər sağ-soluna boylanaraq, ağzını müsahibinin qulağına yaxınlaşdırdı və ehtiyatla soruşdu:
- Heç əlinə bir şey gəlir?!
- Yəni nə?
İsgəndər hiyləgərcəsinə gülümsünərək soruşdu:
- Əşi, necə yəni nə; demək istəyirəm ki, fürsət düşəndə mağazadan bir şeydən-zaddan çırpışdıra bilirsən?!
Eynəkli adam "yox" demək mənasında başını buladı və əlavə etdi:
- Adam da keşiyini çəkdiyi əmlaka xəyanət edər?
İsgəndər:
- Əmioğlu, sən xam və əfəl adama oxşayırsan, - deyib, müsahibinin qolundan yapışdı. Küncə tərəf çəkib pıçıltı ilə soruşdu: - Məni satmazsan?
- Bura bazar deyil, sən də ki, qoyun, keçi. Necə yəni, satmaram!
- Əşi, yox e..., nə əvvam gözətçiymişsən. Demək istəyirəm ki, bir sirr açsam, ağzını boş qoyub, orda-burda çərənləməzsən ki?!
- Bu barədə min faiz arxayın ola bilərsən. Şəhərdə iki ağzı bütöv, sirr dağarcığı varsa, onun biri mənəm, - deyib, eynəkli adam geriyə dartıldı və yarıbükülü əlini sinəsinə döydü.
İsgəndərin ona inamı bir qədər artdı:
- Bilirsən, əmioğlu, - dedi, - bu gün sirdaşıq, sabah qardaş. Odur ki, səndən nə gizlədim. Bu bəlalı başım çox daşdan-daşa dəyib. Yıxılıb-durmuş, görüb-götürmüş adamam. Mənimlə əlbir-dilbir olasan... Bir vaxt əlim dinc durmadı, qurşandım oğurluğa. Qazı gözündən vurub, neçə-neçə qazanlar doldurdum. Bu fani dünyada dolanışığın təhrini yaxşıca tapmışdım. Ancaq mərdimazarlar qoymadı. Aşıma su qatıb, qazanımı ağzı üstə çevirdilər. Məhkəmə boynuma ikicə il qoyub ötürdü... Ordan çıxanda min dəfə tövbə etdim. Dedim ki, bir də əyri yola qədəm qoymaram. Nöyüsüm yenə ağlıma güc gəldi. Xoruz səsi eşitməyən saz bir silah aldım. Əlbəttə, "yüz gün yaraq, bir gün gərək" deyiblər. Fikirləşdim ki, işdi-şayət əl-ayağıma dolaşan olsa... işini bitirərəm. Bəxtim yenə gətirmədi. Məni ilişdirdilər. Bir neçə il yatdım. Qurtarandan sonra oğurluğun, dələduzluğun daşını atmaq istədim. İstədim ki, dəhrədən, yabadan, beldən, kətməndən, dəryazdan yapışım. Gördüm ki, yox, halal tikə boğazımdan keçmir, ilişib qalır xirtdəyimdə. Bu dəfə başqa fənd işlətdim. Özümü verdim sovxoz başçılarının yanına. Məni gülərüzlə qarşıladılar. Qabağıma çay gətirdilər. Yüngülcə bir vəzifə istədim. Onlar da əllərini qoydular gözlərinin üstünə. Taxıl gözətçiliyini tapşırdılar bu gündüzlər yatıb, gecələr gəzən İsgəndərə.
Eynəkli adam istehza ilə:
- Yəni, qoyunu qurda...
Bu söz onun xətrinə dəydi:
- Qanacağın olsun, bacıoğlu, - dedi. - Yaşca mən səndən böyüyəm.
Eynəkli adam üzr istədi. İsgəndər də onun üzrünü qəbul edib, sözünə davam etdi:
- Əlqərəz, bu taxıl biçimində başladım... - İsgəndər burada ehtiyat edib, sözünün dalını gətirmədi və müsahibini şübhəli-şübhəli, bir də ayaqdan-başa qədər süzərək: - Ə, mən ölüm, məni satmazsan ki?! - soruşdu.
- Dedim ki, arxayın ol!
- Denən, sən öl!
Eynəkli adam əlini onun çiyninə şappıldadaraq:
- Bax, bu sən öl! - dedi.
- Hə, əmioğlu, mən də etibar edib, qəlbimi sənə açıram. Girəvə düşdükcə başladım sovxozun taxılını yavaş-yavaş çırpışdırmağa. Sovxozun anbarından öz anbarıma daşımağa. Amma bu son günlər qulağıma yaxşı sədalar gəlmir. Eşitdiyimə görə, milis işçiləri yaman fəallaşıblar. Bu yaxınlarda Sərsəng meşəsinə odun yığmağa getmişdim. Gördüm ki, tüfəng səsi gəlir. Dedilər ki, bizim rayonun nəçənniyi Həsənağadır. Gəray Kürdoğlu, oğru dəstəsini fermaların mal-qarasını apardığı yerdə yaxalayıb.
Eşitdiyimə görə, qonşu kolxozun sədri Qasım Məhərov başının altına yumşaq yastıq qoyub, gözlərini bərk-bərk yumub, şirin yuxuya gedəndə kombaynçılar bir tondan artıq taxılı "əkiblər". Xəzinədar Tərxan Atlıxanov da fürsətdən istifadə edib, kolxozun on min manat pulunu qatlayıb qoyub cibinə. Deyilənə görə bu həngamələrin də üstü açılıbdır. Meyvə tingliyi sovxozunun dükançısı Nadir Kərəmətov da mağazanın yeddi min manat pulunu cibxərcliyi edib. Rayon istehlak cəmiyyətinin mühasibi Səftər Səfixanov da ondan beşcə yüz manat rüşvət alıb əskikliyinin üstünü örtəndə, yapışıblar biləyindən. İndi, əmioğlu, səndən nə gizlədim. Bu əhvalatlardan sonra kürkümə birə düşüb. Gecələr gözümə yuxu getmir. Milis işçiləri qazdan ayıq olublar. Əslinə baxsan, onları da ayıldıblar. Qorxuram, qəfildən qapımı kəsib oğurladığım taxıl kisələrini yükləsinlər belimə. Odur ki, bu şəhərdə özümə bir dilbilən, söz anlayan, sirr batıran şərik axtarıram.
Eynəkli adam bığaltı gülümsünərək, əlini belinə apardı, enli kəmərini düzəldib, bir az geri çəkildi və:
- Axtardığın, bax mən, - dedi.
İlan vuran ala çatıdan qorxar. İsgəndər onun ədasından şübhələnərək:
- Ə, kişisən, düzünü de, məni ələ verməzsən??! - soruşdu.
- O qiymətli başın üçün, yox!
- De, sən öl!
- Bax, bu sən öl!
- Hə, onda qayıdım kəndə. Bizim sovxozda məndən başqa səkkiz nəfər də taxıl gizlədən var. Canlara dəyən oğlanlardır. Gözəyarı desəm, hərəsi yarım ton götürüb. Onların da əməlli-başlı dərslərini verim. Biz doqquz yoldaşıq, sən də ol onuncu. Taxılı yavaş-yavaş daşıyaq sizə. Oradan da yavaş-yavaş ötürək kolxoz bazarına. Bazar xərcini, tərəzi pulunu, maşın kirayəsini çıxandan sonra yerdə nə qalsa, qardaş malı kimi bölək. Düzdür, atalar deyib ki, tələsən təndirə düşər. Amma bu işdə gecikmək olmaz. İzi nə qədər tez itirsək, başımız o qədər salamat olar.
Taxıl gözətçisi bunları deyib, nəyə isə təəssüflənirmiş kimi başını buladı və əli ilə peyrəsini ovuşdura-ovuşdura:
- Bizim rayonda əməlli-başlı qayda-qanun var idi, - dedi. - İndi xeyir-bərəkət qaçıb. Əşi, qabaqlar heç oğruya, əyriyə dəyib-dolaşan var idi?! Əsla yox! Kim kimə idi. Üç il bundan qabaq "Şəfəq" kolxozunda taxıl əkini planı yüz hektar kəsirdə qaldı. Amma kolxozun sədri, aqronom yığışıb rayona məlumat verdilər ki, taxıl əkini planı tamam-kamal yerinə yetirilib. Rayondan da bir "malades" aldılar. Sonra da əlbir olub, həmin sahəyə səpiləcək yeddi tondan artıq toxumu həzm-rabedən keçirdilər. Əlbəttə, çörəyi yavan yemək olmaz. Ona görə də otuz baş quzunu uçotdan gizlətdilər ki, yavanlıq etsinlər. Boğazlarını yaşlayıb, iştahalarını açmaq üçün idarə həyətinə çınqıl döşəmək, nə bilim, yalandan küz tikmək adı ilə bir neçə min manat da araq pulu düzəltdilər...
İsgəndər sözünə fasilə verdi. Birdən:
- Hə, yaxşı yadıma düşdü, - dedi. - İnişil kolxozlardan birində pambıq sovkasını yığıb məhv etmək adı ilə yarım milyon manat xərclənib. Kənd Təsərrüfatı İdarəsi bu məsələnin üstünü açıb qoyub prokurorluğun qabağına. Əşşi, bu cür həngamələrin qarşısında gör neçə ildir bir adama gözün üstə qaşın var, deyən var? Deyən var ki, ay yoldaş prokuror və ya istintaq işçiləri, neçə ildir bu işlərin başına ip salıb, ora-bura nə çəkirsən?! Yoxlama, istintaq bir ay olar, beş ay olar, bir il olar! Bax, dostum, o vaxtlar olsaydı, heç bu qədər əl-ayağa düşməzdim. İndi dayanma. Danışıq dananı qurda verər. Elə bu gecə taxılı kənddən çıxarmalıyıq, yoxsa...
Eynəkli adam:
- Oldu, - deyib, onu qabağına qatdı.
İsgəndər yenə tərəddüd edib ayaq saxladı:
- Ə, görürəm, fağır adama oxşayırsan, amma məsəl var ki, xəmir yeyənin fağırı olmaz. Birdən məni ələ verərsən?
Müsahibinin ona bərk acığı tutdu:
- Yekə kişisən...
İsgəndər onun əsəbiləşdiyini görüb, tütəyin dilini bir az aşağı qoydu:
- İncimə e... qardaş, həmişə ağlıma gələn başıma gəlir. İnsan çiy süd əmib. Deyirəm, birdən...
Birdən maşın siqnalı eşidildi. Eynəkli adam fit verdi. Maşın onlara yan aldı. Müsahiblərin hər ikisi kabinəyə keçdi. İsgəndər İsgəndərovun gözləri bir eynəkli adamın belindəki balaca silahın dəmir ucuna, bir də ki, mindikləri maşının böyründəki qırmızı zolağa və "milis" sözünə sataşdı...
1975-ci il
|
|