www.aliildirimoglu.az

FELYETONLAR

VARTAZARIN CİBİ

Vartazar qırmızı onluqları, hələ şaxı sınmamış əllilikləri, yüzlükləri diqqətlə sayıb bir kənara qoydu və kefi duruldu. Vətəndaşlardan qəbul etdiyi pulun məb­ləğini əmanət kitabçasına yazanda isə ovqatı bir balaca təlx oldu. Ancaq özünü o yerə qoymadan qələmini saxlayıb eynəyinin üstündən gözlərini bərəltdi və qarşısında dayanan əmanətçiyə müəmmalı nəzər salıb gülümsündü:

- Bərəkət, - dedi, - min bərəkət!

Aldığı əmək haqqının artığını əmanət kassasına qoy­maq üçün növbəyə dayanan kolxozçular bir-birini əvəz edirdi. Aram Osipyandan sonra Ruben Canyan irəli yeri­di. Vartazar Vaqanyan eyni qayda ilə pulları saydıqca:

- Bərəkət, - dedi, - min bərəkət! Əliniz, ovcunuz, bax həmişə beləcə dolu olsun!

Əmanətçilər pullarını verib geri dönəndə Aram Osipyan daxili şübhəsini müsahibindən gizlətmədi və təəccüblə çiyinlərini çəkdi:

- Ruben, bizim bu Vartazardan heç ağlım bir şey kəsmir, lap fırıldaq adama oxşayır...

Ruben Canyan dostunun sözündən inciyən kimi oldu:

- Aram Qriqoryeviç, Aram Qriqoryeviç! Heç sizdən gözləməzdim, - dedi. - Bizim Bəyimsarov kəndində hamı Vartazarın başına and içir. Siz necə qıyıb ona fırıl­daqçı deyirsiniz! Axı göydən daş-qaya yağar. Kişi neçə ildir kəndimizdəki əmanət kassasında vicdanla ömür-gün çürüdür. Siz də... Heç gözləməzdim!

Aram Osipyan dediyinə peşman olsa da, şübhəsindən uzaqlaşa bilmədi. Əlbəttə, Vartazar Vaqanyan kənddə özünü doğru-düzgünlük mücəssəməsi kimi göstərir. O, hərdən kolxoz idarəsinə dönüb camaatın təəssübkeşi kimi özündən çıxır:

- Elin malı balıq sümüyüdür haa! - deyir. - Kim udsa, boğazını deşər! Vicdanla işləmək lazımdır! Zəhmətsiz qazanc axtaranların axırı puçdur! Bu idarədə qulağıma bəzi-bəzi pis sədalar dəlir! Özünüzü yığışdırın! Yoxsa hamısını açıb ağardaram!

Bu hədə-qorxudan suçlu adamların sifəti ağarır, hesabat işçiləri özlərini bir balaca yığışdırırlar. Kənardan baxanlar da daxilən öz-özlərinə düşünürlər ki, nə yaxşı Vartazar Vaqanyan bu kənddə var, bunu hətta bir xoşbəxtlik saymaq olar, yoxsa...

Vartazar nimdaş pencəyinin cibindən ucuz bir siqaret çıxarıb alışdırır və sonra da təmkinli görkəm alıb ətrafındakılara mənalı-mənalı nəzər salır. O bu cür hərəkəti ilə hiss etdirmək istəyir ki, mən təmiz adamam. Köhnə pencək geyib, ucuz siqaret çəkmək Vartazara xoşdur. Təki hamı Vartazarı düz, təmiz adam kimi tanısın. O, hərdən idarədə adam çox olanda, telefonun dəstəyini götürüb uzaq şəhərlərdə ali təhsil alan övladlarına zəng vurur:

- A bala, - deyir, - təqaüd alanda məni yaddan çıxartma, qəpikdən-quruşdan... Atanın xasiyyətinə bələd deyilsən?!

Vartazar həmişə iş yoldaşlarına and içib, aman edib deyir:

- Yalan danışsam evimə od düşsün, əgər bu gün vəzifəmdən çıxarsalar, sabah çörək almağa pul tapa bilmərəm.

Çoxları Vartazarın "ideallığına" qibtə edir. İnanırlar ki, o, halal adamdır.

Amma Vartazarın bu "yoxlama", nə bilim "komis­siya" sözlərindən lap zəhləsi gedir. Deyir ki, bir ötkəm dilçi və ya ədəbiyyatşünas peyda olub, bu iki kəlmənin - yəni "yoxlama" və "komissiya" sözlərini dilimizin lüğət tərkibindən qoparıb kənara atsaydı... Nə etməli, hələ tapılmayıb... Odur ki, Vartazar bu "yaramaz sözləri" eşitdikcə yuxusunu qarışdırır, başında cürbəcür qara fikirlər dolaşır. Onu qınamaq olmaz, görünür, bu komissiyalar ona ucuz başa gəlmir. Məsələn, bir də görürsən, tünd-yaşıl və ya açıq-qırmızı rəngli bir "Jiquli" maşın kəndin arasında şütüyüb gəlib dayandı düz əmanət kassasının qabağında. Kabinə açıldı, maşından kir­piklərini əda ilə aşağı sallayan, qaşqabağı yerlə sürünən təkəbbürlü bir adam düşdü. Vartazar istəyir ki, yaxın­laşıb ehtiram göstərsin və ona salam versin, ancaq cəsarət etmir. Kənddə səs yayılır ki, mərkəzi əmanət kassasının müdiri Qaraş Qələmiyev yoxlamaya gəlib. Kəndin adamları bir-birinə dəyir, pıçıltılar başlanır:

- Bu müdir çox ciddi adama oxşayır. Heç kafir bəndənin işi beləsinə düşməsin. Zavallı Vartazar bu yoxlamadan çətin salamat qurtarar.

Qaraş Qələmiyev bəzi-bəzi sənədlərlə tanış olub, sayğacı irəli-geri şaqqıldatdıqdan sonra sifətini turşudub Vartazara tərs-tərs nəzər saldı:

- Vicdanla işləmirsən, bu kassadan qulağıma bəzi-bəzi qanqaraldan sədalar gəlir... -dedi.

Vaqanyan müdirin qarşısında suya düşmüş cücəyə döndü:

- Bəli, Qaraş Paşayeviç, bəli, doğru buyurursunuz! - O, əllərini ovuşdura-ovuşdura əlavə etdi. - Düzələr, yoldaş müdir, düzələr!

Qapı örtüldü, içəridə bir Qaraş Paşayeviç qaldı, bir də Vartazar Vaqanyan. Neçə əmanətçi var və kim neçə manat qoyub, neçə manat götürüb? Mədaxil-məxaricin vəziyyəti? Sənədlər üzləşdirildi, sayğaclar şaqqıldadı, kassa əməliyyatı dönə-dönə yoxlamadan keçdi. Daha nələr, nələr oldu... onu deyə bilmərik. Bircə onu deyə bilərik ki, nəticə aktı yazılanda göstərildi ki, kassa əməliyyatında heç bir pozğunluq və mənimsəmə yoxdur. İşlər cağbacağ öz qayda­sındadır. Bir də onu deyə bilərik ki, Qaraş Paşayeviç içəridən çıxanda gülürdü və əlacı olsaydı, rayon mərkəzinə maşınla yox, qanadlanıb uça-uça qayıdardı. Vartazarın da kefi durulmuşdu. Həm də onlar xudahafizləşəndə istiqanlılıqla bir-birinin boynuna sarılıb, qucaqlaşdılar. Qaraş Paşayeviç onun əlini bərk-bərk sıxaraq:

- Vaqanyan bizim kollektivin fəxridir, - dedi. - Onu kənddə saxlamaq insafsızlıqdır, gərək şəhərə aparıb, irəli çəkək...

Vartazar yoxlamadan sonra yenə də qürrələnərək:

- Bu əliəyri, pulgir, tamahkar adamlar əlimə düşsəydi, onların boğazını sərçə boğazı kimi üzərdim, - deyib dişini qıcadı və düyünlənmiş yumruğunu silkələdi. Sonra əyilib yamaqlı rezin çəkməsinin boğazını gücü gəldikcə yuxarı dartdı və köhnə kepkasının tozunu çırpıb yenə də başına qoydu. Bununla o, təmiz adam olduğunu əyani surətdə nümayiş etdirirdi.

Aradan bir ay keçməmiş mərkəzi əmanət kassasının təftişçisi Məmmədəli Rzayev və baş mühasib İsa Rəhimov Bəyimsarov kəndinə varid oldular. Özü də hər şeyi diqqətlə yoxlayan, ağı qaradan seçən, heç kimə güzəştə getmədən prinsipial yoxlayıcılar kimi. Bəli, bəli, mühasib və təftişçi özlərini belə göstərirdilər. Onların zəhmli görkəmləri qarşısında hamı təşviş keçirirdi. Qonaqlara bir stəkan çay və ya su gətirəndə İsa Rəhimovla Məmmədəli Rzayev hirslənib özlərindən çıxır, nəlbəkini kənara itələyir və bir ağızdan deyirdilər:

- Biz bura dövlət kassasında aparılan pul əməliyyatının doğru-düzgünlüyünü yoxlamağa gəlmişik, mürəbbəli çay içməyə yox!

Görənlər danışırdılar ki, onlar yumşalıb ipə-sapa ya­tan adamlara oxşamır. "Yazıq Vartazar yaman tərs adam­lara düçar olub. Neçə gündür ki, boğazından tikə keçmir. Heç kafir bəndə bu təftişçilərin caynağına keçməsin".

Yoxlama yekunlaşdıqca Vartazar papağının dalını yavaş-yavaş qaldırdı. Söz-söhbət də başqalaşmışdı:

- Məmmədəli ilə İsa, Vaqanyanın işindən yaman razı qalıblar. Ona ürəkdən təşəkkür edib deyiblər ki, yer üzünə hələ bu cür halal adam gəlməyib. Ayrılanda Məmmədəli Rzayevlə İsa Rəhimov Vartazardan ötrü kövrəliblər və onları yaş boğa-boğa deyiblər: "Vartazar! Cismən səndən ayrılsaq da, qəlbimizi bu Bəyimsarov kəndindəki əmanət kassasında qoyub gedirik".

Son beş il ərzində mərkəzi əmanət kassasının müdiri və onun işçiləri tərəfindən Bəyimsarov kəndində aparılan belə yoxlamaların sayı-hesabı yox idi. Təkcə respublika Dövlət Əmək Əmanət Kassaları Baş İdarəsinin baş təftişçiləri Vaqanyana beş dəfə baş çəkmişdilər.

Axırıncı dəfə baş idarənin təftişçisi Meydan Osmanov qolunu çırmayıb meydana girdi. Əlbəttə, idman yox, təftiş meydanına. Bu oyunda da Vartazar qalib gəldi. Baş müfəttiş Meydan Osmanov rəsmi qaydada akt yazıb imza etdi ki, Bəyimsarov kənd əmanət kassasının işində və onun nəzarətçisi Vartazar Vaqanyanın fəaliyyətində heç bir qanun pozuntusu yoxdur. Onun bütün əmanət kassalarına nümunə ola biləcək iş təcrübəsi yayılmağa layiqdir.

Müfəttişlərin təbirincə, belə maraqlı adamların fəaliyyəti jurnalist üçün yaxşı bir oçerk mövzusu ola bilər. Bu niyyətlə Bəyimsarov kəndinə getdik. Təəssüf ki, Vaqanyanla görüşmək bizə nəsib olmadı. Dedilər ki, o, elə bir az bundan qabaq rayon prokuroru ilə hara isə getdi... İzah etdilər ki, Vartazar Vaqanyan vətəndaş­lar­dan qəbul etdiyi pulları əmanət kitabçasına yazdıqdan sonra dövlət kassasına yox, özcə cibinə qoyub. Bəli, öz cibinə! Özü də nə çox, nə az! Yüzcə min manat. "Təmizcə bir adam".

Əlbəttə, dövlət əmanətçilərin əmanətini qəpiyinə qədər ödəyəcək, buna şəkk-şübhə yoxdur. O ki qaldı müfəttişlər, hələlik bu barədə yeni bir söz-söhbət yoxdur və hərəsi öz kefindədir. Lakin onların hərəkəti bizə Saltıkov-Şedrinin "Podyaçinin birinci söhbəti" heka­yəsini xatırladır. Mujikin çiynindəki yara sağal­mışdı. Ancaq İvan Petroviçə nə vaxt pul lazım olsa, həmin varlı kəndlinin yarasını müalicə etməyə gedirdi. Nəhayət, İvan Petroviç baxdı ki, mujikdə daha qoparılası bir şey qalmayıb, ondan əl çəkdi. Müfəttişlər isə əmanət kassasından əl çəkmirdilər. Onlar hər dəfə gəldikcə Vartazar Vaqanyanın əmanət kassasına vurduğu yara daha da qövr edib dərinləşirdi...

 

1978-ci il

 

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com