www.aliildirimoglu.az

FELYETONLAR

DAMDA AĞAC

Onlar alaqaranlıq yuxudan qalxıb, özlərini Bakı-Dağbasar avtobusuna güclə yetirdilər. Xoşbəxt­lik­dən içə­ridə sərnişin az idi. Yerlərin çoxu boş qal­mışdı. Əmioğluların ikisi də orta cərgədə əyləşib dolu gə­tirib boş apardıqları qırmızı heybəni də bürüb-büküb bir kə­nara qoydular. Avtobus fısıldadı, sonra ağır-ağır ləngər vurub yola düzəldi. Ağakişi yuxudan kal durduğundan əsnəyə-əsnəyə:

-   Əmioğlu, - dedi, - axşamkı yaxşı toyudu. Oğullu-qızlı olsunlar. Amma çox tünlük idi, ağız deyəni qulaq eşitmirdi. Bilmək olmurdu, kim nə danışır. O çalıb-oxuyanlar da ki... Qulaqlarım indi də cingildəyir.

Xankişinin dodağı qaçdı:

-   Ə, şəhər toyu heylə olar, dayna, - dedi, - amma sən demişkən bir az o tar-qavalın, nağaranın guppultusu adamı hövsələdən çıxarır. Kənddəki nağaralar hayıf deyil?!

Ağakişi əmisi oğluna etiraz etdi:

-   Sən də avam-avam danışırsan, - dedi. - Ə, tar-nağara elə həmin tar-nağaradı, dayna! İntəhası şəhərdə nə əməl işlədirlərsə tarın, nağaranın, qarmonun, illaf o oxuyanların da səsi binanı götürür başına, olur heç nə. Düzü, adam eşitmək də istəmir, az qalır qulağına pambıq tıxasın.

Xankişi vəcdlə:

-   Sən öləsən, əmioğlu, - dedi, - hərdən mal nobatına gedəndə qoyun-quzunu ki yamaca verib, tütəyi bala-bala dilə gətirirəm, heyvanlar elə məst olub yavaşıyır ki, gəl görəsən. Amma şəhərin o restoran­la­rındakı qarmaqarışıq çal-çağırı, guppultunu eşitsələr, quzular hürküşüb, hərəsi bir dərəyə dağılar. Onda gəl görüm sahiblərinə nə cavab verirsən.

Ağakişi sifətini turşudub başını buladı:

-   Hayıf!- dedi. - Şəhəri bir heylə gəzib-dolandıq, o cür gül kimi çalıb-çağıranlarımızın bircəciyinin də səsini əməlli-başlı eşitmədik. Tay müsəlmançılıq-zad qalmayıb.

Xankişi barıt dağarcığı kimi açıldı:

- Ə, geyim-kecimlərinə sözüm yoxdu, hamısı xaricinkidi, qoy olsun. Amma bu çalıb-oxumağın import­nu olmağı maa yaman yer eləyir. Əmioğlu, özü də indikilər oxumurlar e, qışqırırlar, çığırırlar. Hoppulub-düşürlər, şaxsey-şivən qoparırlar. O Səhiyyə Nazirliyi­nin arxa tərəfindəki dalda bir yerdə kino verirdilər. Mən də həvəsiyib bilet aldım. Kaş qıçım sıneydi getməyəy­dim. Çılım-çılpaq arvad, kişi, gözgörəti min hoqqadan çıxırlar. Ölüb yerə girdim. Oturmağımla durmağım bir oldu. O cür kinonu çəkənlərə də, xaricdən gətirib göstə­rənlərə də nifrət elədim. Ə, namusu, qeyrəti, müsəl­mançılığı olan kəsdə o cür azarı gətirib, bu gül kimi şəhərə salar?!! Ondan gələn çörək zəhərdi...

- Qabaqlar heç Bakıda olmusan? - Ağakişi soruşdu.

- Davadan qabaq dədəm məni bura çox gətirib. Davadan sonra, hərdən xeyir-şər olanda...

-   Mən tez-tez gəlirəm, insafçünə əvvəlki Bakı dəyil. Yamanca dəyişib. Həm böyüyüb, həm də yaraşığa minib.

Ağakişi hiss elədi ki, onların söz-söhbəti yan-yörədə əyləşənlərin xoşuna gəlmir. Odur ki, əmioğlusunun qulağına tərəf əyilib səsini yavaşıtdı:

- O üzüaşağı gedən küçəni, tramvay yolu xırp kəsdiyi yerdə bir qədim bina var, iki göz lazımdı baxsın! Mən də ayaq saxlayıb, doyunca tamaşa elədim. Elə bil küçə daşlarına əl gəzməyib, qeybindən yaranıb. Amma əmioğlu, baxmağıma da peşman oldum. Qanım yaman qaraldı. Nə görsəm yaxşıdır?! Dam üstündə ağac.

- Ə, kiri! Həylə şey olmaz!

-   Bax bu sən öləsən, - deyib Ağakişi əli ilə müsahibinin kürəyinə şappıldatdı.

Xankişini təəccüb götürdü:

-   Əə, saa gülərlər, - dedi. - Bu sözü burda dedin, başqa yerdə ağzına alma, səni daşqalaq eliyərlər. Dam üstə ağac nədir?! Başına at təpib?!

Ağakişini od götürdü:

-   Əmioğlu, - dedi, - o civanəzən ölən dədəmin goru haqqı, bu iki gözlərimnən görmüşəm! Əşşi, o dava vaxtı tankın belində nemesləri qova-qova Mozdokdan Berlinəcən getmişəm. Bir heylə şəhər, kənd ayaq­la­mışam, dam üstündə ağac bitdiyini görməmişəm! Ancaq tramvay yolunun Süleyman Rəhimov küçəsini kəsdiyi yerdə, binanın üstündəki ağacı görəndə matım-qutum qurudu. Ağac kök atıb, qədimdə tikilmiş o boyda binanın divarına çat salıb. Özü də nə bina?! İndiki zamanda bir xurcun pul tökəsən heyləsini tikmək olmaz.

İrəlidə oturan eynəkli adam cibindən dəftər, qələm çıxardıb, nə isə yazdı.

Ağakişi sözünə davam edib soruşdu:

- Çox gəzən çox bilər, görəsən bu şəhərin böyüyü-zadı yoxdur?!

- Var, - deyə Xankişi cavab verdi. - Ancaq kimin nə vecinədi? İndi hərə öz gündəlik xeyrini güdür. Bir də ki, şəhərin sahibləri küçələrdən piyada keçmirlər ki, qara camaatın arasında qarışığa düşərlər. Oturduqları maşınların da ki, dörd bir tərəfinə pərdə-pürdə çəkirlər ki, onları kənardan görüb-eliyən olmasın. Başqa görənlər də yəqin deyir ki, mənə nə!! Belə olan surətdə, əmioğlu, şəhər damlarında ağacda bitər, balqabaq da!

 Müsahiblərin hər ikisi dərin sükuta getdi. Avtobusun təkəri çalaya düşdüyündən, onları atıb-tutdu. Xankişi xəyaldan ayrılıb:

-   Öz aramızdır, - dedi, - dəniz də yaman qalxıb ha! Sən bilən şəhərə xəsarət yetirməz ki?!

- Əh! Saqqal tərpədib, söz danışdın, - Ağakişi onu acıladı. - Yol üstəyik! Ağzını xeyirliyə aç! Dənizin o qə­dər də qorxusu yoxdu! Bədəbədliyə qalsa, tökülüb qaba­ğına beş-on bağlama belim atıb, üstünü də daşlayarlar, qurtarıb gedər! Məni hamıdan betər o təzə-təzə tikilən binaların dərdi alıb.

-   Necə bəyəm?

-   Necəliyi odur ki, bacıoğlunun toyundan üç gün qabaq birinci dəfəydi getmişdim o kondisioner zavodudur-nədir, orda işləyən bacanağımgilə. Evləri də o, at çapılan meydanla qabaq-qənşərdir. Özü də doqquz mərtəbə. Baxanda adamın papağı başından düşür. Bakıda heylə qəlbi bina tək-tək olar. Binaya çatar-çatmaz, gördüm evin bünövrəsindən göz yaşı kimi dupduru su paqqapaq qaynayıb gəlir. Dağ adamıyıq dayna, fikrim dolandı. İstədim dizimi yerə qoyub doyunca içim. Dübarə də bir-iki ovuc üzümə vurum. Sonra fikirləşdim ki, küçəyə axan su murdar olar. Qoy bulağın gözünü tapım. Su yuxarı gedəndə, demə, bacanağım balkonnan görürmüş. Özünü güclə yetirdi. Ətəyimdən tutub geri dartdı. Dedi ə, Ağakişi, bizi biabır eləmə! Burda bulaq-zad nə gəzir?! Allah jekin üzünü qara eləsin. Evlərdən axan sudu! Yiyəvay dərdindən trubalar partlayıb, axıb tökülüb binanın zirzəmisinə. Əmioğlu, iki addım irəli yeriyib, əyilib binanın altına baxdım. Gördüm ə, sən öləsən ucu-bucağı yoxdur. Üzümü bacanağıma tutub dedim, ax, ax! Kaş kənddə belə bir mərəyim olaydı. Nə ot-saman yığardım. Bacanağım gülə-gülə dedi ki, Ağakişi, bura sığınacaqdı. Yaman günlük üçün qoyublar.

- Ə, nə yaman gunlük?!

 Bacanaq xırdaladı ki, o, it ilxısı, köpək sürüsü kimi həvirləşib. Bağdadın üstünə bomba yağdırırdılar e... Düşmən ölmüyüb ha! Bir heylə iş də bizim başımıza gələ bilər. Həmin məqamda binadakıların hamısı qaçıb özünü bu zirzəmilərə təpməlidir ki, bomba tutmasın.

Bunu eşidəndə əlimi dizimə çırpıb, dedim bu şəhərin sahibləri nə yaman başısoyuq adamlardır! Sonra baca­naqdan soruşdum ki, başqa binaların da altı bu kökdədir, yoxsa bu bədbəxtlik elə bircə sizin başınızdadır. Bacanağım dedi, şəhərdə nə qədər gözə dəyən qəlbi bina var, əksəri bu kökdədir. Fikir məni aldı. Götür-qoy eliyib bacanağa ikicə məsləhət verdim. Dedim ki, birincisi uşaqlara yaxşı-yaxşı üzmək öyrət. Şər deməsən, xeyir gəlməz. Bomba məsələsi olsa, zirzəmiyə girə bilsinlər. Yoxsa can şirin şeydir, bombanın səsini eşidən kimi özlərini zirzəmiyə təpsələr, suda boğularlar. İkin­cisi də, o televizorda ayaqlarına vəl kimi taxta keçirib, tullananlar var e, uşaqlara o cür hoppanmaq öyrət. Çünki belə getsə, beş gün tez, beş gün gec bu su, binanı çökürtməlidir. Bacanaq, elə ki gördün bina valaylanıb, kəlləmayallaq gedir, fürsəti fota vermə, qapıdan, pəncərədən, balkonlardan bircə-bircə tullanın. Çünki ölçüb-biçib görürəm ki, tay sizin bundan başqa nicat yolunuz yoxdu.

Ağakişi peşman-peşman:

-   Amma nə fayda, gördüm ki, mənim bu qızıldan qiymətli sözlərim bacanağımın beyninə batmadı. Dedim, bacanaq, məndən demək, bundan sonrasın özün bilərsən! Əlqərəz, baş qapıdan içəri girəndə bacanaq ayaq saxladı. Dedi, qoy lift gəlsin. Gözlədik, lift taqqatuqqunan, xırıldaya-xırıldaya gəldi. Dedim, bacanaq, bir dəfə də başıma gəlib, bu şeytan əməlidi, gəl ayaqlarımızla çıxaq. Bacanaq dirəndi ki, yoox, səkkizinci mərtəbəyə piyada çıxmaq müsibətdi. Qonaq adamam, sözün sındırmadım. Dal-qabaq girdik liftə. Lift, yoxuş çıxan ağır yüklü kəl arabası kimi elə zarıldayırdı, elə azaylanırdı, gəl görəsən. Birdən nə oldusa, tıp, dayandı. Bacanağımın rəngi-rufu qaçdı. Soruşdum ki, nə oldu?! Dedi, lift xarab oldu. Həə, Ağakişi, indi gəl ölünü qoy, dirini ağla. Lift nə irəli getdi, nə də geri. Bacanaq da ki, gah qışqırır, gah qapını döyürdü. Mən də qoşuldum ona. O qışqırdı, mən qışqırdım, o qışqırdı, mən qışqırdım... Günortadan liftə girən, işıqlar yananacan qışqırdıq. Axır ki, Allahın bizə yazığı gəldi... Tökülüşüb gəlib bizi birtəhər çıxartdılar. Odu-budu tövbə demişəm. Bir də Ağakişi ola, liftə minə!

Xankişi müsahibinə tərəf yönəlib:

-   Bir heylə iş də mənim başıma gəlib, - dedi. - Kirvəm məni təzə aldığı evə qonaq çağırmışdı. Sözünü sındırmadım, getdim. Yan-yana binalar tikilib, gəl görəsən! Araları da beş-on metr. Hərəsində də yalan olmasın, yüz, iki yüz mənzil. Yeyib-içəndən sonra həyətə endim ki, bir balaca gəzinim, qıçım açılsın. Heyf, nə oturmağa yer var, nə gəzməyə! Hamısını eliyiblər daxal, maxal, qaraj. Bir xırman boyda boş yer tapıb, orda gəzinirdim. Onda gördüm gurrr! Bir maşın ağ daş töküldü. Daşın biri diyirlənib qıçıma necə dəydisə, dinim-imanım qaçdı! Dedim, ə, bala, bu nə pəstəhdı çıxardırsan?! Lovğa-lovğa dedi ki, saa nə var?! Burda tikinti aparıram! Dedim, bir daxma da sən dikəldəndən sonra bu beş yüz evlik binanın adamları harda hərlənsinlər?! Dedi, onu ispalkom bilər, mən bilərəm! İcazəsin almışam! Saa dərdi qalmayıb! Əmioğlu, dəli şeytan dedi, cavanlığını sal yadına, bunu doyunca əziş­dir!! Sonra dedim nəhlət şeytana, qoy xatası məndən uzaq olsun. Danışığından da arxalı adama oxşuyurdu. Tay mən də baş qoşmaq istəmədim. Öz-özümə dedim, ə, ispalkom razı olandan, bu binalarda yaşayanlar din­məyəndən sonra, maa nə düşüb. İki günün qonağıyam. Gəlmişəm ayran içməyə, yoxsa ara seçməyə.

Ağakişi dilxor oldu:

-   Doğrudur, əmioğlu, doğrudur, - dedi. - Şəhərdə belə-belə əcaib şeyləri görəndə kəndə min şükür!

Ağakişi soruşdu:

- Bir şeyə də məəttələm...

- Nəyə?

- Bizim kəndimizdə vur-tut on beşcə ev var. Həftə səkkiz, mən doqquz bir gün raykom gəlir, bir gün ispalkom. Uşaqdan-böyüyə hamımızdan hal-əhval tutur­lar. Kəndin də az-çox dərdinə qalırlar. Bacanağım iki yüz evlik binada yaşayır. Özü də ömründə yalan danışmaz. And içir ki, hələ bu həyət-bacaya nə raykom ayaq basıb, nə də ispalkom. Hərdənbir jek görünür. Onun da görünməyi ilə, görünməməyinin nə fərqi... Girəcəklərin bircə salamat şüşəsi, pəncərəsi yoxdu. Yağan yağış evlərə dolur. Siçan, mışovul evləri götürüb, ağcaqanad da ki, qış, yay, yaz bizi şirin yuxuya həsrət qoyub...

Ağakişi əlavə etdi:

- Yadımdan çıxdı, demədim, başıma bir iş də gəldi axı?!

- Nə iş? - Xankişi soruşdu.

-   Qoy deyim: kişiliyimə sığışdırmadım. Dedim ki, bu jeklərdən, xırda ispalkomlardan kar aşan deyil. Yüz dərənin başın bir tap kəsər. Gedim o böyük ispalkomu tapım. Baksovetdi-nədi onu. Şəhərin əzvayişin danışım. Bəlkə kişilərin xəbəri yoxdur. Başağrısı olmasın, getdim də, tapdım da. Amma içəri buraxmadılar. Məni sorğu-suala tuqdular ki, hara gedirsən, kim çağırıb?! Dedim, şəhərin əzvayişindən ötrü gəlmişəm. Qapıda duranlar maa bir üz göstərdilər ki!! Üstəlik də qışqırdılar ki, burda azmaaşlıların işinə baxılmır! Dedim, ay tovariş, əzvayiş deyirəm e, az mayış yox! Sən öləsən, o qabaqdakı uzun qalstuklu üstümə nətəhər cumdu! Dedi - idi! İdi! Biz azmaaşlıların pulunu artırmırıq! Çıx çölə! Gördüm başa sala bilmirəm, tay baş qoşmadım. Dedim əşşi, maa nə düşüb e!! Altda qalanın canı çıxsın!

Avtobus rayon mərkəzinə çatdı. Xankişi heybəsini qoltuğuna vurub aşağı düşdü və:

-   Əmoğlu, söhbətimiz qanqaraldıcı olsa da, yola yaxşıca körpü saldıq haa... - dedi.

Aradan bir həftə keçmişdi. Axşam tərəfi əmioğlular kəndin ortasında rastlaşdılar. Xankişi əlindəki qəzeti Ağakişiyə göstərərək:

- Oxumusan? - soruşdu.

- Nəyi?

- Necə yəni nəyi? Yaxşı deyiblər ki, yerin də qulağı var. Əmioğlu, başın üçün avtobusda nə danışmışıqsa, kəlmə-kəlmə götürüb yazıblar qəzetə. Adın da nə qoysalar yaxşıdır?!

- Nə qoyublar?

- Damda ağac...

 

1991-ci il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com