www.aliildirimoglu.az

FELYETONLAR

SOYUDUCU VƏ SÜD

Soyuducular son vaxtlar peyda olub. Süd isə... Yəni, diş yox ikən, dodaq var idi. Bu mülahizə ilə gərək süd soyuducudan əvvəl yazıla. Məsələn, "Süd və soyuducu". Ancaq şər deməsən xeyir gəlməz. Qoca qarıların dili ilə desək, qulaqlara qur­ğuşun, lətifəsi bizdən min-min ağac uzaq olsun. Birdən fermalarda tilsimə düşmüş soyu­ducular canlı məxluq kimi dil açıb başlayarlar çə­rən­ləməyə. Gözlərini yumub, ağızlarını açıb on iki dərənin suyunu qatarlar bir-birinə. Elmi-texniki tərəqqidən bixəbər olan və çillə yuxusuna gedən bəzi-bəzi rayon və təsərrüfat başçılarının üzünə qır­mızıca deyərlər: "Bizi gözdən salıb, urvatsız elə­mi­si­niz! Başımız aşağıdır, di­limiz gödəkdir, üzümüz də qara. İxtiraçılar yüz ölçüb, bir biçib, bizi icad eləyirlər. Sonra da zavodlarda səliqə-sahmanla quraşdırılırıq. Əzab-əziyyətlə qatarlara min­dirilib, avtomaşınlara yüklənib, gecəli-gündüzlü, yır­ğalana-yırğalana min-min kilometr­lər­lə yol qət edirik, bazalarda bölünüb fermalara yol­la­nı­rıq. Di gəl ki, köhnəlik meyli ilə işləyən mühafizəkar ra­yon başçıları, sovxoz direktorları, kolxoz sədrləri bizə xor baxırlar. Hələ üstəlik gözümüzü çıxarıb, qulağımızı dar­tıb qoparıb, qıçımızı qırıb, qanadımızı sındırıb bizi şi­kəst edirlər. Bununla belə bircə dəfə də olsun qısır-əmən danalar kimi böyürüb, əmlik quzu kimi mələyib səsimizi çıxartmırıq. Lal-dinməz orda-burda, açıq havada, qıfıllı və qıfılsız tövlələrdə küncə-bucağa qısılıb yayın istisinə, qışın soyuğuna tab gətiririk. Çoxumuzun heç bağlaması da açılmayıb. İşıq üzünə həsrətik. Beş ildir, on ildir göz­ləyirik. Çoxumuzun dilinə bircə damcı süd dəyməyib. Bu cür haqsızlığın qarşısında cınqırımızı da çəkmirik. Qor­xuruq ki, bəzi sözbaz təsərrüfat başçıları bizi borclu çıxarıb adımızı soyuducu yox, demaqoq qoysunlar. Odur ki, hələlik yüngülsaqqal olmaq istəmirik. Səbir edirik. Özümüz özümüzə təsəlli verib deyirik ki, eybi yoxdur. Bir vaxt bəzi kolxoz sədrlərinin, briqadirlərin gözü kom­bayn və ya pambıqyığan maşına sataşanda elə bil qutuda ilan görürdülər. Maşınları taxıl zəmilərinə, pambıq tarlalarına səmt buraxmırdılar. Deyirdilər köhnə bazara təzə nırx qoya bilmərik. Məhsulumuz zay olar. İndi isə... Əkinçilər texnikadan ikiəlli yapışıblar. Vaxt gələr sovxoz və kolxoz başçıları daşı ətəklərindən töküb, bizi də başa düşərlər. Ayılıb anlayarlar ki, soyutduğumuz süd nə çürüyür və nə də turşuyur. Əksinə, hər tonu on manat artığa satılır. Bax, onda bizdən iki əlli yox, lap dörd əlli yapışarlar...".

Belə yerdə deyiblər ki, dindirmə dəmirçini, dərd alıbdır içini. Odur ki, südü qabağa salıb, bu başıbəlalı soyu­ducuları hövsələdən çıxardıb dilə gətirməsək yax­şıdır. Qoy felyetonumuzun başlığı belə də qalsın: "Soyuducu və süd".

Şübhəsiz ki, süd də ağ sifətini turşudub dilə gəlsə, bu barədə söz tapa bilər. Ancaq nə lazım! Rayonların bir çoxunda soyuducularla südün münasibəti onsuz da gərgindir. M.Ə.Sabirin "Ağacların bəhsi" şerindəki kimi onların arasındakı mübahisəni qızışdırmağa dəyməz. Bu barədə gedən xoşagəlməz söz-söhbəti eşidəndə onsuz da adamın qanı qaralır.

Əlqərəz, bu soyuducu və süd əhvalatı elə qəlizləşib ki, açıb-ağartmalı deyil. Amma bəzi-bəzi müəmmalı məsə­lələri açıb-ağartmağa dəyər və lazımdır. Məsələn, uzaq səfərdən tövşüyə-tövşüyə gələn yük qatarı Xudat dəmiryolu stansiyasına çatanda fit verib, süd soyu­ducuları gətirdiyini aləmə car çəkdi. Bu fit səsi hamıdan qabaq Qusar təsərrüfatçılarını duyuq saldı. Respub­li­kanın əlaqədar idarə və nazirlikləri işə qarışdı... Az vaxt ərzində rayonun fermalarında süd soyuducularının sayı on doqquza çatdı. Bunu eşidib bilən qonşu rayonların heyvandarları Qusarın təsərrüfat rəhbərlərinə bəx­tə­vərlik verdilər:

- Adamın yüz gün kotanı işləyincə, bircəcə gün bəxti işləyə, - dedilər.

Ancaq süd soyuducularından istifadə olunmasında Qusar sovxozlarının "mütərəqqi" iş üsulunu öyrənmək həvəsinə düşənlər kor-peşman geri qayıtdılar. Təcrübə toplamaq arzusu ilə fermalara varid olanlar gördülər ki, on il bundan qabaq sovxozlara gələn soyuducuların hələ bağlaması açılmayıb. Müvafiq nazirliklərin və rayonun baş və böyük mütəxəssisləri qabaq-qənşər üç gün-üç gecə baş sındırdıqdan sonra belə bir "elmi rəyə" gəliblər ki, həmin soyuducuları təzədən açmaq, işə salmaq, hərəkətə gətirmək yox, hesabdan silmək daha sərfəlidir. Bəli, bəli, asanca bir yol. Bu səmərəsiz-səmərəli təklif mükafata layiq görülüb-görülməyib onu deyə bilmərik. Onu bilirik ki, bu təklif rayonda təqdirlə qarşılanıb. Başbilən mühəndislərin təbirincə soyuduculara yararsız damğası basıb hesabdan silmək üçün cəmi-cümlətanı bircə vərəq kağız, yarımca saat da vaxt sərf etmək kifayətdir. Qol çırmayıb həmin aqreqatları quraşdırmaq və ya sahmana salmaq isə... Yoox! Atam balası, bu müş­kül məsələdir! Necə deyərlər, dəryada balıq sevdası kimi bir şeydir.

Fermalardakı mexanizmlərə münasibətdən söhbət düşəndə Yastıtəpə sovxozunun direktoru Qardaşovla baş zootexnik Canqarazadə vəcdə gəlirlər:

- Zər qədrini zərgər bilər, - deyirlər, - mexanizmlərə can yandırıb, qayğı göstərən bax, bizim kimi olar. Kimin buna şəkki-şübhəsi varsa, buyurub gəlsin, görsün və şad olsun.

Amma gələnlər, görənlər əllərini əllərinə vurub qəşş edir, o ki var gülürlər. Daha doğrusu, feyzyab yox, mütə­əs­sir olurlar. Sevinmək əvəzinə gərək haqq aşığı Kərəmi yada salasan, dəsmal götürüb yanıqlı bir ağı qoşasan… Binalar, mexanizmlər təzə, işə münasibət isə qədimdən qalma. Canqarazadə irəli yeriyib əvvəl-əvvəl əl-üz yuyulan otağı, sanitar-quraşdırma avadanlığını göstərir. Suyun fışıltısı kəsilib, kranlar pas atıb, avadanlıq sınıb-dağılır. Çirk və üfunət də ki… Deməyə adamın dili gəlmir. Soyuducuların saxlanmasına isə söz "yoxdur". Göz dəyməsin. Səkkiz ildir gətirilib. İkisi saz, dördü nasaz. Otaqlara salınıb, qapısına da iki girvənkə ağırlığında qoşa qıfıl vurulub. Bir balaca da deşik qoyulub ki, soyuducular südün özünü görməsə də, üzünü görsünlər. Hərdənbir də qapını taybatay açırlar ki, içərinin havası dəyişilsin, aqreqatların nəfəsi tın­cıx­masın. Əhsən! Qardaşovla Canqarazadəyə…

Qısaca desək, rayonda olan on doqquz soyuducunun biri də xırıldayıb-guruldayıb, nərildəyib işləmir. Rayon aqrar-sənaye birliyinin rəisindən və ya raykomun kənd təsərrüfatı şöbəsinin müdirindən soruşsaq:

- Bu soyuducular lazım deyildisə, nə üçün alınıb?! Alı­nıbsa, nə üçün işləmir?!

Onların elmi-texniki tərəqqinin yollarında addım­la­mağa fərasətləri çatmasa da, belə suallara cavab tapıb su­dan quru çıxmaqda mahirdirlər:

- Qəbul məntəqəsi yaxındı, süd azdı…

Bu cür cavab eşidəndə bişmiş toyuğun gülməyi tutur.

İşdi-şayət bir nəfər ticarət işçisi qəbahət edib beş-on qəpik artıq-əskiyə yol versə, inzibati orqanlar, xalq nə­zarəti komitəsi dərhal ley kimi üstünü alırlar. Fer­malardakı milyon manatlıqlarla mexanizmlərin sökülüb-dağılmasından, itib-batmasından, təsərrüfatlara və sənaye müəssisələrinə külli ziyan dəyməsindən söhbət gedəndə isə… dövlət ittihamçıları, xalq nəzarətçiləri hə­yə­can keçirmədən, narahat-filan olmadan arxayın-arxayın deyəcəklər:

- Əlbəttə…ə, o da vacibdi…r! Plana saları…q! Ko­mis­siya yaradırı…q, yoxlatdırarı…q, təqsirkarları tənbeh edəri…k!

Tələsən təndirə düşər, deyiblər. Odur ki, tələs­məyək. Bu deyilənlərin də nəticəsini gözləyək. Səkkiz ilə dözən, bir neçə ay da tab gətirər. Səbir edək, görək fermalardakı mexanizmlərin bu kökə düşməsinin səbəbi nədir və günahı kimdədir? Əlac səbrə qalıb. Nahaq yerə deməyiblər ki, səbr elə, halva bişər, ey qora səndən. Görək halvanı kim çalacaq, kim bişirəcək…

Bu cür müəmmalı məsələlərin həllində Dəvəçi rayonu başçılarının məharətinə "qibtə" etmək olar. Kişilər elmi-texniki tərəqqinin yolunda Qazax, Ağdam, Sabirabad və respublikanın bir çox başqa rayonlarının heyvandarları kimi tələsib qabağa düşmürlər. Deyirlər ki, gərək ağır oturub, batman gələsən. Bu mülahizə ilə o boyda rayonda cəmi-cümlətanı bircə süd soyuducusu olub, onun da başını əkiblər. Rayonun və təsərrüfatların başçıları iddia ilə danışırlar ki, fermalarda mexa­nik­ləşdirməni on beş faizə çatdırmışıq, bəsdir. Artıq tamah baş yarar. Çox da irəli hoppanıb özümüzü dilə-dişə sala bilmərik.

Dünya xali deyilmiş, əhsən belə təsərrüfat baş­çı­larına belə ağıla-kamala. Kişilər öz işlərini etibarlı tuturlar. Ehtiyat da ki, igidin yaraşığıdır. Bax ona görə də bu gün ortalığa "Soyuducu və süd" həngaməsi çıxanda nə Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin, nə də ki, Aqrar-Sənaye Birliyi rəisinin və qeyri məsul işçilərin fəaliyyətində nöqsan tapmaq olur. Bəli, əgər rayonda elmi-texniki tərəqqi yoxdursa, soyudu­cu­lardan iz-toz qalmayıbsa, onların barəsində nə deyəsən?! İş yoxdursa, deməli, kişilərə sözümüz də yoxdu…

Dəvəçidə olmasa da, qonşu rayonlarda "Soyuducu və süd" haqda deyib-danışmağa söz çoxdur. Bir də görürsən Quba rayon Aqrar-Sənaye Birliyinin rəisi, rayonlararası ixtisaslaşdırılmış təsərrüfathesablı şöbənin müdiri qa­baq-qənşər əyləşib nə barədəsə xısın-xısın dərdləşirlər. Çəkdikləri siqaretin tüstüsü də həmişəkindən gur çıxır. Güman etmək olar ki, neçə ildi Quba kimi böyük rayonda sağılan süd zavoda soyudulmamış təhvil verilir. Buna görə də həm sovxozlar, həm də süd zavodu on min manatlarla ziyana düşür?! Rəislə müdir də belə bir zərərə dözmədikləri üçün xiffət edib siqareti siqaretə yetir­mirlər. Yəni hövsələlərinə tüstü verirlər. Amma ma­raq­lanıb məsələnin dərininə gedəndə ayrı şey çıxır ortalığa. Məlum olur ki, haradasa onların hərəsinin cibindən üçcə manat qırağı cırıq pul düşüb itib. Rəislə müdir bizim düşündüyümüz kimi dövlətin və ictimai təsərrüfatların itirdiyi on min manatları yox, ciblərindən düşən, qırağı cırıq köhnə üçlüyün xiffətini çəkirlər.

"Soyuducu və süd" məsələsinə gələndə Qubanın sayılan, sözü ötən, xeyir-şərə yarayan təsərrüfat başçıları rəislə müdirin dərdinə şərik çıxıb onlara ürək-dirək verirlər:

- Arxanızda dağ kimi dayanmışıq!

Əslində isə onların direktor olduğu sovxozlarda süd soyuducularının qulağının dibində də sağ-salamat yer qalmayıb.

Abşeron rayonundakı Xırmanlar südçülük sovxo­zunun direktoru Misir Misirxanovu Quba, Qusar, Də­vəçinin təsərrüfat başçıları ilə bir tərəziyə qoymaq və ya onları müqayisə etmək azı insafsızlıqdır. Baxanda görürsən ki, Misirxanovun texnikaya münasibəti son vaxtlar xeyli-xeyli dəyişib. Buna sübut?! Sübut göz qabağındadır. Misir Misirxanov həmin sovxozda baş zootexnik işləyəndə təptəzə süd soyuducusu günün, yağışın altında paslana-paslana qalmışdı. Kişi direktor olan kimi soyuducunun üstünə iki şifer, bir parça da quru taxta qoydurub ki, aqreqatın olub-qalanı da paslanıb xarab olmasın. Misir Misirxanov hərdən üzünü kənd camaatına tutub ağsaqqalyanə deyir:

- Saxla samanı, gələr zamanı! Bu soyuducu indi gərək olmasa da, bir vaxt karımıza gələcək!

Bəziləri də fərziyyə danışır. Guya yembişirən sex işə düşəndə, süd soyudanın da guppultusu eşidiləcək. Ancaq nə vaxt? Bu sual konkret olduğu üçün cavab vermək çətindir. Buna təəccüblənmək də lazım deyil. Sözsüz mah­nılar olan kimi, Abşeronda cavabsız qalan suallar da var.

Ancaq zəfəran sovxozunda "Süd nə üçün soyu­dul­mamış təhvil verilir?" - sualına cavabı çox asanlıqla tapırlar:

- Soyuducunu quraşdırıb işə salan yoxdur… Vəssalam!

Soyuducu üçün düzəldilmiş kafelli otaqda isə başqa iş gedir. Dəqiq desək, dülgər işi. Bəli, taxta yonan dəzgah səhərdən axşamacan qıjhaqıj işləyir. Bir cüt təzə soyu­ducu da yan otaqda mürgü vurur. Ac toyuq yuxusunda darı görən kimi, soyuducular da yuxularında süd gölündə üzürlər. Ancaq onların yuxusu çətin ki, çin ola. Çünki ferma müdiri Mərdanbəyov inşaat texnikumunu bitirdiyi üçün, dülgər dəzgahını süd soyuducularından çox-çox üstün tutur.

Belə-belə faktların ucundan tutub ucuzluğa gedəndə də, əlbəttə, Dövlətkəndtextəminat Komitəsində əylə­şənlərin şəstinə toxunacaq. Ya da ki, respublika kənd təsər­rüfatı nazirinin və onun hörmətli müavinlərinin giley-güzarı başlanacaq. Nədi, nədi, respublikada olan iki yüz doqquz südsoyudandan cəmi yüz yetmiş dördü sazdır. Saz olanlardan da ağıllı-başlı istifadə edilmir. Və ya sifarişlə gətirilmiş ferma avadanlıqlarının, o cüm­lədən soyuducuların yerlərə vaxtında çatdırılması təmin edilmədiyi üçün satış bazarlarında mal qalığı şişib əndazədən çıxıb. Heç kəsin vecinə deyil ki, buna görə ittifaq nazirliyi respublikamıza verəcəyi əsas texnoloji avadanlığı azalda bilər... Bəzi dili dinc durmayanlar "sənədlə-sübutla" deyir ki, kənd təsərrüfatına baxan nazir­liklər yağı yağ üstünə tökür, yarmanı isə yavan qo­yur­lar, yəni planlaşdırmada ögey-doğmalıq edirlər. Heyvandarlıq fermalarının mexanikləşdirilməsində irəli gedən rayonlara daha çox diqqət verilir, bu sahədə geri­də qalanlara, arxada sürünənlərə təkan verən yoxdur...

Mətləbi çox dərinliklərə aparıb söz-söhbəti qəliz­ləşdirməyək. İki yerə baxan kəc qalar, deyiblər. Odur ki, hələlik heyvandarlıqda həllini gözləyən müşkül məsə­lə­lərdən birinə diqqət yetirək. Yəni biri-birinin üzünə həsrət qalmış "Soyuducu və süd"ün.

 

1985-ci il

 

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com