www.aliildirimoglu.az

FELYETONLAR

PROTOKOL

Mağaza və dükanlara daxil olan məktəblilərin, maki­naçıların, mühasibat işçilərinin və elmin daşlı-kəsəkli yollarında baş sındıran dissertantların satıcılara ilk sualı bu olur:

- Ağ kağızdan, dəftərdən, qələmdən nəyiniz var?! Bəlkə qara, qırmızı, göy, yaşıl mürəkkəb...

Satıcı çiyinlərini qaldırıb həvəssiz, qəfəsləri işarə edir:

- Varın verən utanmaz, - deyir. - Vallah, billah nəyə güma­nımız gəlir, üzdədir. Gələn kimi, inşaat işçiləri qoymurlar canına yel də keçə, o dəqiqə hop götürürlər. Bircə varaq ağ kağıza, yarımca damcı mürəkkəbə gümanımız gəlmir.

Bu cür sual-cavabdan sonra alıcılarla satıcıların mütəəssir baxışları rastlaşır. Gənc alim və ya yaşlı makinaçı ikrah hissi ilə:

- Yenə protokol?! - soruşurlar.

Satıcı yanıqlı ah çəkib, ağır-ağır başını tərpədir və acı istehza ilə:

- Bəəli, - deyir, - protokol...

Əlbəttə, bu protokol müəmmasını Abşeron və Bakı camaatına, ələlxüsus da Tikinti Nazirliyində əyləşənlərə izah etməyə ehtiyac yoxdur. Çünki onlar bu qanqaraldıcı söz-söhbətdən halidirlər. Başqa oxuculara gəldikdə isə... Əlbəttə, onları da bu barədə agah etmək vacibdir. Onda da gərək azı altı-yeddi il bundan əvvələ qayıdaq və saralıb-solmuş, əzilib əldən düşmüş tikinti sənədlərini bir-bir ələk-vələk eliyək.

Ərzaq probleminin həlli yolunda gecə-gündüz özünü oda-közə vurub "fəda" edən respublika idarələrinin və nazirliklərinin başçıları hələ yeddi il bundan qabaq bir yerə cəm olub, bu vacibdən vacib məsələ ilə əlaqədar xeyli düşünüb-daşınıb baş işlətdilər. Sonra da belə bir qəti rəyə gəldilər ki, ət və ət məhsullarının artırılmasına güclü bir təkan verilsin. Hamı bu fikri dönə-dönə təqdir etdi. Başda oturan, qarşısında əyləşənlərə yarızarafat belə bir sual verdi:

- Süfrəyə isti xörəkdən əvvəl nə qoyulmalıdır?!

Hamı çaş qaldı. İclasın sədri təəssüflə başını bulayıb sükutu pozdu:

- "Xolodnı zakuska", - dedi və əlavə etdi: - Məsələn, kolbasa, toyuq soyutması, pomidor, xiyar...

- Əhsən!

Məsləhət-məşvərət başlandı. Bəlağətli sözlər, ciddi və qeyri-ciddi danışıqlar, dəyintili eyhamlar, bol-bol vədlər... Dövlət Aqrar-Sənaye Birliyində yüksək vəzifə tutan, özünü iqtisadiyyat elminin bilicisi hesab edən və son modda geyinib-kecinmiş bir nəfər xitabət kür­süsünün arxasına keçdi. Boğazını yaşlamaq üçün iki qurtum su içib, ötkəm görkəm aldı və həyəcanla:

- Yol-daş-lar! - dedi.

O çeçiyib öskürdü. Sonra cib yaylığını çıxarıb ağız-burnunun suyunu, alnının tərini sildi, əyləşənlərə ədalı nəzər saldı, görkəmini ciddiləşdirdi və:

- Yol-daş-lar! Birdəfəlik başa düşmək lazımdır ki, bu adi məsələ deyil. Ərzaq proqramı ilə bağlı olan vacibdən vacib bir tikintidi, - dedi. - Bəli, bəli, ərzaqla bağlı! Kolbasa sənayesi üçün xaricdən ildə on min tonlarla donuz əti alırıq. Əgər biz fərasətli tərpənsək və donuz ətini özümüz istehsal edə bilsək, onun əvəzinə mal, qoyun, quş əti alarıq. Bununla da ərzaq bolluğu yara­dıl­ması sahəsində müəyyən qədər irəli düşərik. Cama­atımız da mal-qoyun, dana, cöngə, toyuq, hinduşka ətin­dən bol-bol yeyib, feyzyab olar və burada əyləşənlərin ömrünə dua, atalarına dönə-dönə rəhmət oxuyarlar.

Natiqin avazı əyləşənlərə xoş gəldi. Hamı stulunda irəli-geri yırğalanıb, başlarının təmkinli hərəkətilə bu müdrik kəlama şərik olduqlarını bildirdilər. Natiq bir qurtum da su içib daha da ürəkləndi və sözünə davam etdi:

- Buna görə də belə bir qənaətə gəlmişik ki, on milyon manata yaxın smeta dəyəri olan əlavə donuz­kökəltmə kompleksi tikilsin. Beləliklə də, donuz əti istehsalı iki dəfə artırılsın. Bəli, bəli, iki dəfə! Axı nə qədər ələ baxımlıq olar?! Ayıbdı, yoldaşlar! Prosto ayıbdı! Birdəfəlik qulağınızı yaxşı-yaxşı açın və agah olun ki, bu heç də adi yox, ərzaq proqramı ilə bağlı olan vacibdən vacib məsələdir. Di gəl ki, bəzi-bəzi fərsiz, fərasətsiz işçilərin bəzi-bəzi təqsiri üzündən...

 Natiq hirslənib, özündən asılı olmayaraq yumruğunu xitabət kürsüsünə vurdu və:

- Geriliyə birdəfəlik son qoymalıyıq! - dedi.

Hamı əl çaldı. Rəislərin, mühəndislərin, iş icraçı­la­rının növbə ilə çıxışları başlandı. Tikinti ilə əlaqəsi olan idarə və təşkilatların görüb-görəcəyi işlərin həcmi və icra müddəti dönə-dönə dəqiqləşdirildi. Tikintini ən geci otuz aya başa gətirmək barədə öhdəliklər qəbul olundu. Vədlər verildi. Bütün bu deyilənlər qayda-qanunla rəsmiləşdirildi. Səliqə ilə protokol tərtib olundu. Sifa­rişçi, icraçı, köməkçi və təchizat təşkilatlarının başçıları ciblərindən qələm çıxarıb, öz dəst-xətləri ilə protokolu imzaladılar...

Xülasə, bu xəbər Abşeronda dildən-dilə düşdü. Kolbasa tamarzıları tanrılarına min dəfə şükür elədilər. Hamıdan çox Bakı ət kombinatının başçıları xoşhal olub:

- Kolbasa istehsalı üçün kənar respublikalara nə qədər əl açmaq olar?! - dedilər. - Məktub yaz, teleqram vur, vaqon gözlə... Lap zinhara gəlmişdik. İndi öz əli­miz, öz başımız. Satıcıların da, alıcıların da danlağından, dansağından yaxşıca canımız qurtardı.

Bu gəlişigözəl söz-söhbətdən nə çox, nə də ki, az, düz yeddicə il keçir. Tikintinin müddəti üçün müəyyən olunmuş otuz ay, doxsan aydan o tərəfə keçib. Soruşmaq ayıb olmasın, indi vəziyyət nə yerdədir? "Xolodnı zakuska" problemi həll olunubmu? Tamarzıların gözü doyubmu?!

Qəliz sualdır! Çox qəliz! Buna tam, dürüst cavab verilsə, gərək dəsmal götürüb yanıqlı bir ağı deyəsən. Onda da qorx ki, sifarişçi və icraçı təşkilatların başçıları kövrəlib hönkür-hönkür... Lakin belə düşünmək sadə­lövhlük olardı. Çünki can yanmasa, göz yaşarmaz. Bu müəssisənin tikintisi üçün kimdir özünü oda-közə vurub can yandıran?! Əgər bu işə əməlli-başlı can yandırıb, göz yaşardan olsaydı, kompleksin bünövrə daşı qoyulandan bəri heç olmasa, bircə il tikinti planı yerinə yetirilərdi. Haçan ki, işin müşkülə düşdüyü dibdəkilərin qulağına çatdı və ya Dövlət Aqrar-Sənaye Birliyinin, tikinti təşkilatlarının başçılarına bir balaca göz ağartması verən oldu, nazirlər, rəislər, baş direktorlar, müavinlər, mü­dirlər dəyir bir-birinə. Hamı düşür əl-ayağa. Ağlı-qaralı "Volqa"lar bir-birinin arxasına düzülüb, tozhatozla inşaat meydançasına doğru yol alırlar. Sifarişçi, icraçı və köməkçi təşkilatların nümayəndələri bir yerə cəm olurlar. Dildən pərgar, hünərdən kasad rəislərin, direktorların, müdirlərin söz güləşi başlanır. Meydan qızışır, mübahisə dərinləşir. Hamı əsaslı və əsassız dəlil-sübutlarla çalışıb cəhd edir ki, illərdən bəri üst-üstə qalanan bu ağır töhmət yükünü öz çiynindən götürüb, başqasının boynuna yıxsın... Əlbəyaxa olmaq məqamında, sözü sayılanlardan biri təmkinlə irəli çıxaraq:

- Canım iydə varsa, tağalaqda da var, - deyib mün­siflik etməyə başlayır... Tikintinin icraçıları da məzəm­mət olunur, sifarişçiləri də. Beləliklə, ara sakitləşir. Yenidən vəzifə bölgüsü aparılır. Hər bir idarə və təşkilatın görüb-görəcəyi işlər rəsmi və qeyri-rəsmi qaydada, yerli-yataqlı müəyyən olunur. Bu barədə konkret vaxt qoyulur. Neçə bənddən ibarət, uzun-uzadı protokol yazılır. Ən nəhayət, eynəklər taxılır, hər kəs protokolun altındakı ad-familiyasını tapıb, qabağından özcə dəst-xətti ilə imza edir. Bununla da, mərəkə qurtarır, oyun dağılır. Protokol oyunu.

Yeddi il, yeddi ay, yeddi həftə, yeddi gündür ki, bu gülməli və həm də ağlamalı mərəkə davam edir. Xudaya, protokol yazmaqdan bazar-dükanlarda kağız, dəftər, qələm, mürəkkəb qalmadı. Makinaçılar daş atıb başlarını tutur və:

- Zəhrimara qalsın bu cür lazımsız-lüzumsuz protokollar, lap zinhara gəlmişik, - deyib fəryad qoparırlar.

 Bu protokollarla neçə-neçə papaqlar boş qalıb, stollar, maşınlar, möhürlər əldən gedib, trest rəisi, iş icraçısı dəyişdirilib. Ancaq nə sirdirsə, protokolların sayı artdıqca, inşaatçı kadrlar bir-birini əvəz etdikcə, tikintinin sürəti artmaq əvəzinə getdikcə azalır. Buna şübhəsi olan varsa, buyursun konkret faktlara və rəqəmlərə diqqətlə nəzər yetirsin. Məsələn, beş il bundan qabaq üç milyon, inişil iki milyon, tar-qavalla təzəcə yola saldığımız ötən il isə nəzərdə tutulmuş bir milyon manatlıq əvəzinə, cəmi-cümlətanı yüz min manatlıq tikinti-quraşdırma işi görülüb. Neçə il bundan qabaq tikilənlər də sökülüb-dağılır. Bunun üçün də gərək təzədən bir ətək pul xərclənə. Hansını deyəsən?! Belə-belə qanqaraldıcı faktlar birdir, ikidir?! Milyon manatdan artıq pul səpib, ölkənin altmış şəhərindən və dörd xarici dövlətdən minnətlə alınıb gətirilən avadanlıq, yağı malı kimi günün, yağışın altında qalıb zay olur. Necə deyərlər, bunu qanlı görsə, qan ağlayar. Ancaq "Azərkəndtikinti" İstehsal Birliyində əyləşənlərin heç vecinə də deyil.

Kompleksin sifarişçisi olan ət istehsalı birliyinin baş direktoru əlini ərklə baş podratçı təşkilatın başında duran trest rəisinin çiyninə qoyub:

- Bax, bu üz mənim, bu üz də Murtuz qağanın, - deyir. - Neçə ay olar ki, nə bu yoldaş Murtuzu, nə də ki, "Azər­kəndtikinti" İstehsalat Birliyinin rəisini bu obyektdə görürəm. İnşaatla məşğul olan mexanikləş­di­rilmiş səyyar dəstənin rəisi də ki, bu boyda həngamənin qabağında gedib "Azərkəndtikinti" İstehsalat Birliyinin işçiləri üçün bağ evləri ucaldır. Onu da qınamalı deyil, ağalarının buyruğunu yerinə yetirir.

Bir sözlə, iş qalıb bir Allaha. Çünki onun tikinti ilə məşğul olan fərsiz, fərasətsiz bəndələri ki belə ləng tərpənir, indən sonra yüz protokol yazılsa da, xeyri yoxdur. Bir də ki, protokolla iş aşsaydı, gərək Zabratdan bazarlara doğru axışan xiyar, pomidor yüklü avto­maşınların ardı-arası kəsilməyəydi.

Belə yerdə deyiblər ki, söz sözü gətirər. Hökumətin dörd il bundan qabaq qəbul etdiyi xüsusi qərara görə, Zabrat istixanası yenidən qurulub otuz hektara çatdırılmalıydı. Bakı bazarlarında qırmızı pomidor, göy xiyar su qiymətinə satılmalıydı. Şəhər əhalisi də bostan məhsulları sarıdan feyzyab olmalıydı.

Əlbəttə, kolbasa ilə pomidor və xiyarın rəngi, qida tərkibi bir-birinə bənzəmədiyindən bu məhsulların istehsalına münasibət də müxtəlifdir. Dəqiq desək, bostançılıqda protokollara yox, əsas əmr və göstərişlərə güc verilir. Dövlət Aqrar-Sənaye Komitəsi tərəfindən axırıncı dəfə verilən əmrə nəzər salanda adam heyrətə gəlir: "Əmr edirəm!!! Tapşırılsın komitənin planlaşdırma və sosial inkişaf idarəsinin rəisi Cəmilova, maddi-texniki təchizat baş idarəsinin başında duran Cəfərova, Bostançılıq və Tərəvəzçilik İdarəsinin rəisi Cama­lova...". Nə bilim, daha kimə, daha kimə... Bədənlər düz saxlansın! Qollar çirmələnsin! Qüvvələr səfərbər olunsun! Zabrat istixanasında iş sürətləndirilsin! Xiyar-pomidor aşıb-daşsın! və s. və i.a. İnsafən, ideya yaxşı, cümlələr yerbəyerində, fikir dürüst, məqsəd aydın, tələb qəti. Bir sözlə, əmrin ciddiliyinə söz ola bilməz. Əmrin qüsuru odur ki, əməli işə çevrilmir ki, çevrilmir. Havadanca asılı qalır, xəzri küləyi yelpik kimi o tərəfə yelləyir, bu tərəfə yelləyir. O gündən bu günə də yeni yaradılacaq Zabrat istixanasında nə xiyar göyərir, nə də ki, pomidor qızarır. Ancaq Zabrat camaatı səbirlidir. Yaxşı deyiblər ki, yeməkdənsə, ümid yaxşıdır. Onlar hələ də ümid edirlər ki, əmr indi kara gəlməsə də, haçansa sanballı bir protokol yazılacaq və gec-tez pomidor da bollaşacaq, xiyar da. Lakin "nə vaxt" sualı ortalığa çıxanda, işin içində olanlar fikirləşmədən bu suala qısaca olaraq belə cavab verirlər:

- Dəvənin quyruğu yerə dəyəndə.

Həə, indi Bakı bazarlarında od qiymətinə pomidor, xiyar alanlar gözləsinlər görək dəvənin quyruğu haçan yerə dəyəcək.

Heç şübhə yoxdur ki, onda nəinki bostan məhsulları, hinduşka, toyuq əti, yumurta da aşıb-daşacaq. Odur ki, indidən iri-iri bazar zənbilləri almaq lazımdır. Çünki sonra gec ola bilər. Özü də hinduşka əti Quba tərəfdən axıb gələcək. Bəli, bəli, neçə il bundan qabaq nə az, nə də azacıq, on milyon manatdan çox vəsait nəzərdə tutulub ki, Qubada hinduşka fabriki tikilsin. İldə də yüz minlərlə hinduşka. Quba, Xaçmaz, Qusar, Dəvəçidə də bunu eşidib-bilən bəzi səbirsiz adamlar küyə düşüb tələm-tələsik həyət-bacasında saxladığı hinduşka sürüsünün kökünü biryolluq kəsiblər ki, o boyda fabrik tikiləndən sonra niyə özümüzü əzab-əziyyətə salaq. Könlümüzə hinduşka əti düşəndə gedib bazardan-dükandan ucuzdan da ucuz qiymətə alarıq. Ancaq hinduşka əti ilə əlaqədar olan protokolları vərəqləyəndə və ya Qubadakı təsərrüfatlararası mexanikləşdirilmiş səyyar dəstənin rəisini bu barədə sorğu-suala tutanda, hinduşka sahiblərinin əli yerdən-göydən üzülür. Canım, nə tikinti?! Nə hinduşka?! Hamısı boş söz-söhbətdi.

Bütün bu söz-söhbətlərdən belə çıxır ki, ərzaq probleminin həllində nə əmrlər kara gəlir, nə də ki, protokollar. Və buradaca çil xoruzun uzunca qara quyruğu bir balaca görünür. Xoruz da deyəndə, fərələr yada düşür. Bəzi-bəzi alıcılar orda-burda gileylənirlər ki, toyuq əti qıtdır, yumurta yoxdur. Toyuğun, yoxsa yumurtanın qabaq yarandığını hələlik bilən yoxdur. Ancaq respublikada Quşçuluq Sənayesi Birliyində deyirlər ki, yumurta üçün əvvəl-əvvəl toyuq lazımdır. Ona görə də hələ səkkiz il bundan qabaq Ağsuda altı milyon manatlıqdan artıq smeta dəyəri olan toyuqyetişdirmə fabrikinin tikintisinə başlanmışdır. Burada ildə bir milyona yaxın toyuq pərvazlanıb, neçə milyon yumurta verməli idi. Amma... Amması da odur ki, tikinti ləngdən də ləng gedir. Nə toyuq var, nə də yumurta. Birliyin tikinti üzrə müavini sənədləri vərəqləyə-vərəqləyə:

- Belə yarımçıq tikintilər məgər birdi, beşdi... Di gəl ki, başa gəlmir ki, gəlmir. Gələnlər də tam istehsal gücü ilə işləmir. Elə götürək Yeni Bakı, Siyəzən... quşçuluq fabriklərini.

Əlbəttə, əmr və protokolların sayı qədər yumurta istehsal olunsaydı, nə dərd idi. İndi yumurtanın biri bir manata yox, on qəpiyə gedərdi.

Atalar demişkən, balıq başdan iylənər. Yüksək vəzifələr tutub, bu cür məsələlərin həlli üçün cavabdeh olan məsul və mötəbər şəxslər bu əmr və protokollara aludəçilikdən əl çəkməsələr... Belə deyəndə də "Aqrosənaye" Tikinti Birliyinin, "Azərkəndtikinti" İstehsalat Birliyinin rəisləri inciyəcək və ya Quşçuluq Sənayesi Birliyində əyləşən məsul şəxslərin şəstinə toxunacaq.

Onda gərək dillənməyək. Onsuz da dövr elə gətirib ki, indi - "millət necə tarac olur olsun, nə işim var" mülahizəsilə heç kəs heç kəslə üz-üzə gəlib, özünü pis kişi eləmək istəmir və heç kəs heç kəsin ərizəsini oxumur. Aşkarlığın işığı bəzi-bəzi qəzetçilərin gözlərini qamaşdırır. Tənqid də ki, əvvəllərə baxanda xeyli-xeyli moddan düşüb. Lakin bütün bunlara baxmayaraq, cidanı çuvalda gizləmək olmaz. Bu əmr, protokol oyunbazlığına son qoyulmasa... Həə, onda gərək dəymə mənə, dəyməyim sənə ənənəsini pozub, sonra da qələm götürüb, babatca bir felyeton uyduraq və belə də başlıq qoyaq: Protokol.

 

1987-ci il

 

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com