|
FELYETONLAR
DAĞ DƏRDİ
Qubanın bağlarından keçib, dağlarına çıxanlar hayıl-mayıl olurlar. Çən, çəmən, çiçək, buz bulaqlar, təmiz ab-hava... Şair olmayan da ilhama gəlib şeir demək istəyir. Ancaq çəndən, çəməndən, gül-çiçəkdən diqqəti ayırıb buradakı kənd-kəsəyə nəzər salanda, adamın ovqatı təlx olur. Fikir də dəyişir, janr da. Gərək lirik yox, satirik qələmə əl atasan. Bunun üçün də dağa-dərəyə düşüb, baş sındırıb fakt axtarmağa ehtiyac yoxdur. Elə Bakıdan Xınalığa təşrif gətirən universitet müəllimi ilə, buradakı orta məktəbi bitirən şagirdin söz-söhbətini dinləmək kifayətdir.
...Kəndin axar-baxarında qonaqla üzbəüz dayanan diribaş oğlan sözarası:
- Müəllim, - dedi, - ağıl ağıldan üstün olar, sizdən bir məsləhət almaq istəyirəm. Fikrim-zikrim gələcəkdə jurnalist olmaqdır. İstəyirəm qələmimi sınamaq üçün indidən məqalə yazım. Qoy yavaş-yavaş məni mətbuat aləmində tanısınlar.
Müəllim mənnun oldu və:
- Bunu heç soruşarlar? - dedi. - Yaxşı niyyətdir, yaz! Qələmin iti olsun! İndi bizim kəsərli jurnalistlərə ehtiyacımız çoxdur.
Şagird ürəkləndi:
- Elə əvvəl-əvvəl bizim bu Xınalıq kəndindən başlasam necə olar?! Məni qınamayın, müəllim! Vallah, kəndin elə dərd-sərləri var ki, dəryalar mürəkkəb, ormanlar qələm ola, yenə də yazıb-pozmaqla qurtarmaz.
Elə bil müəllimin yaralı yerinə toxundular. Şagird vəcdlə:
- Müəllim, - dedi, - ötən bazar xalamgilə getmişdim. Gördüm xalamın əri astanada dayanıb evdəkilərə vəsiyyət eləyir. Matım-qutum qurudu. Öz-özümə dedim, birdən-birə bu kişiyə nə oldu? Dünən dağın döşündə kərənti ilə ot çalırdı. Axşam da kərmə kəsirdi. Kişi axırda bunu dedi ki, "dədə yurdunu atıb, unutmayın. Hər yoxuşun bir enişi də var. Gec-tez bizim bu uzaq kəndlərin də qeydinə qalan tapılacaq". Xalamın əri belə nisgilli danışdıqca, mən kövrəldim. Kişi işıqlı dünyadan əlini üzmüşdü. Dedim, yəqin sağalmaz dərdə düçar olub. Soruşdum ki, "bu nə mərəkədi?.." Xalam köksünü ötürüb dedi ki, "kişini qınamalı deyil. Yollarımız elə bərbad hala düşüb ki... Gözümüzün qabağında avtomaşın qəzasından neçə-neçə evin tüstüsü kəsilib! Neçə-neçə papaq boş qalıb! Ona görə də bizim Xınalıqdan Qubaya gedənlər bəri başdan vəsiyyət eləyirlər". Ağıllı da iş görürlər. Vəsiyyət elə yüngüllükdür.
Şagird bunu deyib, müəllimə yoxlayıcı nəzər saldı və əlavə etdi:
- Yazmalı olsam, birinci burdan başlayacağam ki, rayon icraiyyə komitəsində, onun yol istehsalat idarəsində əyləşənlər bu barədə yollarını çaşıblar, qoy yola gəlsinlər... Amma qorxuram! Qorxuram ki, yol istehsalat idarəsinin rəisi Yolçuyev məndən inciyə. Sonra da həmişəki kimi qırsaqqız olub yapışa "obyektiv və subyektiv" faktların ətəyindən. Deyə ki, məni göndəriblər bitməz işə, adımı da qoyublar yarıtmaz. Bir idarənin ki, yükünü özüboşaldan maşını, avtoqreyderi olmaya, ekskavatoru sıradan çıxa və ona beş il ərzində üç min ton əvəzinə vur-tut yüz ton bitum verələr, o, nəinki dağdakıların, heç arandakıların da xəcalətindən çıxa bilməz. Yolçuyev sonra da başlaya fikrini "sübutalni-dokumentalnı" əsaslandırmağa. Nə bilim idarə və müəssisələrin maşın-mexanizmləri ildə iyirmi-otuz gün yerli əhəmiyyətli yollarda işləməlidir, heç bircə gün də işləmir. Ona görə də yol tikintisi planları axsayır. Bu müşkül işə icraiyyə komitəsi əncam çəkmir. Mənim sözümə də əhəmiyyət verən yoxdur. Avtomobil Yolları Tikintisi və İstismarı Nazirliyi, Yerli Avtomobil Yolları İdarəsi bizə kömək əli uzatmırlar və s. və i.a. Bəhanə nə qədər desən...
Şagird dərdli-dərdli:
- Elə bilirsiniz, dünyanın ən uca yaşayış məntəqələrindən sayılan Xınalığın dərdi birdi, ikidi?.. - dedi. - Əlli mindən artıq qoyunu olan kənddir. Onun halına yanmaqdansa, ixtiyar sahibləri kabinetlərində rahatca əyləşib, arxalarını da yumşaqca kresloya söykəyib, "Allahdan buyruq, ağzıma quyruq" deyirlər. Di gəl ki, bircə gün kababsız keçinmirlər. Qəçrəş pavilyonunu əhatə edən meşələrdə elə ağac, kol tapılmaz ki, dibində "Şampanski", "Zubrovka", "Stoliçni" butulkası olmasın. Hamısını da rayonun böyükləri boşaldıblar. Neynək, nuşu canları olsun! Müəllim, bəs onlar ayılıb başa düşmürlər ki, "halva-halva" deməklə ağız şirin olmaz? Axı, könlü ət, süd, pendir istəyən kəsin gərək bir gözü kəndin üstündə ola. Yoox, müəllim, onlara halal etmirəm. Burunlarından gəlsin. Yəni rayon xalq maarif şöbəsinin müdiri kəndə gəlsə, kostyumunun ütüsü pozular?! Maarif müdiri bilmir ki, dağ kəndlərində müəllimin yoxluğundan, aran kəndlərində müəllimin çoxluğundan şikayət ərşə qalxıb? Şagirdlərinin sayı eyni olan Xınalıq orta məktəbinə iyirmi müəllim, Nügədi orta məktəbinə əlli müəllim... Heç bu insafdandı?! İnsafdandı ki, dörd yüzdən artıq şagirdi olan məktəb əlli il bundan qabaq tikilmiş yöndəmsiz darısqal otaqlarda yerləşə? Dövlətin təzə məktəb tikintisi üçün ayırdığı vəsait də göydən asılı qala?! Təzə məktəb binası üçün iki il bundan qabaq bünövrə qazasan, amma daşı daş üstə qoymayasan?! Müəllim, bu dərdi dağa desəm, dağ da əriyər! Amma Maarif Nazirliyində əyləşənlərin, xüsusilə də nazirin tikinti işləri üzrə müavini Azarovun Araz aşığındandır, Kür topuğundan. Bu dağların nə məktəblərini düşünürlər, nə də ki, məktəblilərini... Elə özcə ciblərini güdürlər. Yazılanları, deyilənləri də qulaqardına vururlar. Müəllim, dindirmə dəmirçini, dərd alıbdı içini. Bu boyda kəndə bircə telefon nöqtəsi verilib, ona da doqquz aparat calaşdırıblar. Rayondan zəng vuranda doqquz yerdən dəstək qaldırırlar. Bilmirsən kimi eşidəsən və ürəyindəki sözü kimə deyəsən... Kənddən rayon mərkəzinə zəng vurmaq istəyəndə də gərək sübh tezdən yerindən qalxıb, gözlərini ovuşdura-ovuşdura yapışasan qədimdənqalma telefon aparatının qulpundan. Qolun yorulunca fırladıb, nəfəsin kəsilənəcən üfürüb, boğazın yırtılanacan qışqırasan: "Söhüb, cavab ver! Söhüb, cavab ver!" Bəxtin yeyin, əməlin saleh, əlin yüngül olsa, günortaya yaxın Söhüb "eşidirəm" deyəcək. Sonra da ATS-də oturanlar, gücləri gəldikcə qışqıracaqlar: "Qonaqkənd, cavab ver!! Qonaqkənd, cavab ver!!" Qonaqkənd telefonçuları da qaranlıq çökənə qədər ya cavab verələr, ya verməyələr. Cavab verəndə də, bu dəfə onlar başlayacaq haray-həşir salmağa: "Quba, cavab ver!! Quba, cavab ver!!" Ay cavab verdi ha!.. Səbir tükənir, qol yorulur, nəfəs kəsilir. Bəli, Xınalıq camaatı rayon mərkəzi ilə danışmaq üçün gərək bir gün səhərdən axşamacan vaxt itirib, üç kəndin, bir şəhərin telefonçularını vura bir-birinə! Gəl görüm, necə baş açırsan!
Şagird özü də sözünə güldü. Müəllim isə kədərləndi və:
- Belə yerdə gülməzlər, oğul, - dedi, - dəsmal götürüb yanıqlı ağı deyərlər!!
Şagird müəllimin sözünə haqq verdi:
- Hirsimdən gülürəm. Bir ay bundan qabaq sovxozun adlı-sanlı malabaxanı kənd soveti sədrinin yolunu kəsib, ona qəsdən belə bir tapmaca dedi: "O nədi ki, adı var, özü yox". Sovet sədri tutuldu. Naxırçı bic-bic gülüb tapmacanı özü açdı:
- Xınalığın mədəniyyət evi ilə kitabxanasıdır, - dedi.
Sovet sədri hirsləndi. Naxırçı dedi ki, "balam, niyə hirslənirsən?! Kor kor, gör gör! Klub Nuh əyyamında tikilib, kitabxana da Süleymanı qundaqda görüb, Nadiri də taxtda! Yaşadığımız kosmik əsrində belə yerdə toyuq-cücə də saxlamırlar!" Sovet sədri fakt qarşısında qalsa da, vəziyyətdən çıxmaq üçün tapmacanın cavabına düzəliş verdi: "Klubumuzun, kitabxanamızın adı da var, maaş alan müdirləri də". Bircə bunu demədi ki, iş yoxdur. Çünki hər iki binanın uçmaq ehtimalı olduğundan içəri adam buraxmırlar.
Şagird sözünə davam etdi:
- Müəllim, bu məsələnin üstündə neçə ildi rayon mədəniyyət şöbəsinin müdiri ilə sovxozun direktoru arasında cəhl gedir. Klubla kitabxananın münasib bina ilə təmin olunmamasını sovxoz mədəniyyət şöbəsinin üstünə yıxır, şöbə də sovxozun. Görək hansı qalib gələcək... Yaxşı olar ki, bu üzdəniraq çəkişməyə, dartışmaya Mədəniyyət Nazirliyi münsiflik edə. Müəllim, bizim bu qədim Qubada öz cibini güdən mənfəətpərəstlər meydan sulayırlar. Pavilyonlar, bufetlər, mağazalar şəhəri başına götürüb, indi də meşələrə dırmaşıblar. Yəni onun bircəciyini bu kənddə dikəldə bilməzlər?! Üç yüz əlli evi, üç minəcən əhalisi olan böyük bir kənddə uçuq bir mağaza var, sahəsi də onca kvadratmetr! Dövlətin göndərdiyi bol-bol ərzaq və sənaye malları onun-bunun evində saxlanılır. Sovxoz fəhlə kooperativi idarə heyətinin sədri Vəzir Vəkilov tez-tez Azərittifaqın tikinti işləri üzrə sədr müavinini narahat edir:
- Xınalıq böyük kənddir, bizə bir mağaza binası! Acizanə xahiş edirəm...
- Baxarıq, lazım gəlsə, kömək edərik...
Vəzir Vəkilov rayonun başçılarına üz tutur:
- Xınalıq camaatının üzünə çıxa bilmirəm, bircə mağaza binası...
- Fikirləşərik, adam göndərib yoxlatdırarıq, lazım gəlsə...
Bəli, telefon, teleqraf xərcləri əndazədən çıxır, qovluqlar ərizə və şikayətlərlə dolur... İnsafən bir dəfə şeytanın qıçını sındırıb "narahat" olublar, yəni tilsimi qırıb, Xınalıqda mağaza tikintisinə başlayıblar. Lakin tikinti müşkülə düşüb. İş ləngidiyindən, hörülən divarlar da dağların sellərinə qərq olub.
Şagird lap kövrəlmişdi. Müəllim ona ürək-dirək verdi:
- Müxbirin iti qələmi ilə yanaşı, gərək möhkəm də dəyanəti olsun.
Şagird:
- Tab gətirə bilmirəm, - dedi. - Xınalığın ambulatoriyası da köhnə daxmada yerləşir. İki ildir ki, kənddə əlli yerlik ambulatoriya binası tikmək planlaşdırılıb. Adını da qoyublar buraxılış obyekti. Hesabla çoxdan istifadəyə verilməli idi. Ancaq arzumuz gözümüzdə qalıb. Aqrosənaye Tikinti Birliyindən rəsmi məktub gəlib ki, Xınalıqda ambulatoriya binasının tikintisi iki il bundan sonraya çəkilib... Bizim Xınalıq camaatı dağdı ki, bu cür çətinliklərə tab gətirir...
Şagird yenə nə demək istəyirdisə, müəllim əlini ürəyinin üstünə qoydu:
- Bəsdir! Bəsdir! Yetər! - dedi və əhvalı pozuldu...
Qərəz, Qubanın bağlarından dolaylanıb, ulu dağlarına qalxanda və kəndlərdə belə-belə qanqaraldan söz-söhbətləri eşidəndə meşə də yaddan çıxır, çən də, çəmən də, gül-çiçək də, buz bulaqlar da. Adamı fikir götürür... Nə şeir yada düşür, nə oçerk. Gərək qələm götürüb ağıllı-başlı bir felyeton yazasan və ona belə də bir başlıq qoyasan:
- Dağ dərdi!
1987-ci il
|
|