www.aliildirimoglu.az

FELYETONLAR

MİLLƏTİN "ÖNDƏRLƏRİ"

Dana başını bir iri küpə soxub, dibində qalan duzu yalayandan sonra nə qədər dartınır, başını küpdən çıxarda bilmir. Ev sahibi işə qarışır, yenə də dananın başı küpdən çıxmır ki, çıxmır. Haraya gələn qonum-qon­şunun köməyi də bir fayda vermir. Dana sahibi kəndin başbiləni sayılan Dəmirxan kişinin yanına gedib, ona yalvarıb-yaxarır ki, bu müşkül məsələyə bir əncam çəksin.

...Dəmirxan kişi qaşlarını çatıb, əlini saqqalında gəzdirib, bir xeyli götür-qoy etdikdən sonra deyir:

- Dörd-beş nəfər cantaraq oğlan danadan bərk-bərk yapışsın ki, heyvan çapalamasın. İki nəfər də küpü saxlasın. Qəssab da dananın başını kəssin.

Onun dediyi kimi də edirlər. Dananın kəsilmiş başı küpün içinə düşür.

Kəndin baş biləni əlini belinə vurub bu dəfə buyurur ki, indi də küpü sındırın, dananın başını sağ-salamat çı­xar­dın. Onun bu məsləhətinə də əməl olunur.

Dəmirxan kişi bir qədər fikrə gedəndən sonra köksünü ötürüb kədərli ah çəkir və deyir:

- Ay camaat, məni düşündürən odur ki, ölüb eləsəm mən­dən sonra bu fani dünyada siz necə baş girləyəcəksiniz?!

Sən demə, Dəmirxan kişi o cür nahaq fikirləşirmiş. Dünya heç də başbilənlərdən xali deyilmiş. Dəmirxan ağıl-kamalda indiki bəzi öndərlərin yanından yel də olub ötə bilməz. Bəli, bəli, bunu deməyə əsasımız var...

Əynində bahalı kostyum, boğazında enli, uzun, bəzəkli qalstuku olan və danışanda da dodaqları səyriyib sola dartılan orta yaşlı alim müsahiblərindən fərqli olaraq çox ibarəli ötürdü:

- Vətən! Millət! Azadlıq! Müstəqillik! Demokratiya! Torpaqlarımızın bütövlüyü yolunda lazım olsa ölümə də getməliyik! Gündoğandan günbatana qədər bütün türk dünyasını bir bayraq altında birləşdirməliyik... Altay, Sibir, Çin, Hindistan, Orta Asiya türklərini birliyə çağırmalıyıq!!

Müdriklər partiyasına başçılıq edən və disser­ta­si­yanın mürəkkəbi təzəcə quruyan alim eynəyini sivri burnunun üstündən bir balaca yuxarı qaldırıb həyəcanlı danışığıına davam etdi:

- Bədbəxtliyimiz orasındadır ki, respublikamızda demokratik dövlət quruculuğunda dünya praktikasından bizim kimi baş çıxaran yoxdur! Var e, - alim dodağını əydi, - tək-tük. Onların da çoxu köhnədənqalma adam­lardır. Və çətin ki, bizim komanda ilə ayaqlaşa bilsinlər. Onlarla hara gedə bilərik?!

- Heç hara! - müsahibləri bir ağızdan dillənib onun sözünü təsdiq etdilər.

Müdriklər partiyasının öndəri onların cavabından məmnun oldu və vəcdlə:

- Prosto biabırçılıqdı! - dedi. - Bizim müdriklər par­tiyası var gücü ilə çalışır ki, millət ayılsın və düşduyü bu ağır bəlalardan xilas ola bilsin. Artıq bu barədə sözdən əməli işə keçib, konkret addımlar atmağa baş­lamışıq. Ötən cümə günü geniş bəyanat qəbul etmişik. Sabaha xalqı mitinqə çağırmışıq. Üzümüzə gələn həftədən etibarən bütün fabrik, zavod, idarə, müəssisə, kolxoz və sovxozlarda iş dayandırılmalıdır! Bəli, bəli, dayan­dırılmalıdır! Tətil! Tətil!.. Yoxsa nə demokratik cəmiyyət qura bilərik, nə müstəqilliyimizi qoruyub saxlaya bilərik, nə də ki, torpaqlarımızı erməni işğal­çılarından xilas edə bilərik! Dəstə-dəstə küçələrə çıxıb xidmətindən, elmi dərəcəsindən, iş bacarığından asılı olmayaraq ucdantutma hamını istefaya çağırmalıyıq. Bütün postlarda özümüzünkülər olmalıdır. Qoy lap əfəlin, əyyaşın, dələduzun biri olsun. Təki öz bəylərimizdən olsun, bizim səsimizə səs versin...

Özünü dünyanın məşhur bilici demokratı hesab edən və uzun müddət restoranlarda baş aşpaz işləyən pırpız saçlı kişi əlini ətli sifətində gəzdirərək:

- Qeyrət partiyasının öndəri kimi demişəm, deyirəm! Məni çarmıxa çəksələr də, axıra qədər deməliyəm! Respublikada müasir demokratik dövlət qurmaq fəhmi olan adamları tezliklə irəli çəkməliyik. Çünki demok­ratiyanın, müxalifətin, müstəqilliyin əsas prinsiplərini duyub dərk edənlərimiz çox azdır. Təkcə mənnən, sənnən iş aşmır! Biz od olsaq özümüzü yandırarıq. Gərək milləti qəflət yuxusundan ayıldaq!

Gözünü açandan müxtəlif tikinti təşkilatlarında bənna işləyən, məişət pozğunluğu üstündə bir neçə il həbsxanada yatan, lakin Sovet İttifaqı dağılandan sonra küçəbəküçə gəzib "İstefa!", "Azadlıq!", "Demokratiya!", "Müstəqillik!", "Milli Birlik!" qışqıranların dəstəsinə qoşulandan sonra hərbi işə cəlb olunub, polkovnik rütbəsi almış alçaqboylu, çəlimsiz adam başının ölçü­sündən iri olan zabit papağının dalını qaldıraraq:

- Nə qədər ki, mən varam, - o, ötkəm görkəm alıb əlini sinəsinə döydü, - düşmən Şuşaya, Laçına səmt də düşə bilməz. Ermənilərin ağzı nədir?! Mən hərbi and içmişəm, təmsil etdiyim Namus partiyasının da adından söz vermişəm! Erməni işğalçıları alt-üst bassalar, onları yuvalarına qədər qovacağam! Əən-bəən eləsələr mər­kəzi şəhərlərinə də bir-iki atom bombası guppuldadarıq, qurtarıb gedər. Eləməsəm atamın oğlu deyiləm! Əgər bu işin öhdəsindən gələ bilməsəm, bircə qarış torpağımız əldən getsə, özüm özümü nakazat edəcəyəm! Elə həmin gün öz başıma "TT" patronu çaxacağam.

Öndər polkovnik çeçiyib öskürdü:

- Bağışlayın, - dedi, - çaşdım, mən hələ ömrümdə yalan danışmamışam. "TT" patronu yox, "Makarov" patronu. Çünki belimdəki "Makarov" tapançasıdır.

Müdriklər və Qeyrət partiyasının öndərləri polkov­nikin cəsarətli sözündən məmnun olub, özlərində xeyli yüngüllük hiss etdilər. Və bir-birinə macal vermədən:

- Sənin kimi ikicə-üçcə sərkərdəmiz olsaydı, dərdimiz nə idi, - dedilər. - Erməni işğalçıları heç cınqır­larını da çəkə bilməzdilər.

Yaxınlıqdakı daş binanın ikinci mərtəbəsindəki mənzillərin birindən musiqi səsi gəlirdi. Kimsə saz çalırdı, Səməd Vurğunla Aşıq Şəmşirin Kəlbəcər görüşü xoş avazla tərənnüm olunurdu. Alim sifətini turşudub ikrah hissi ilə üzünü yana çevirdi və öz-özünə deyinməyə başladı:

- Bu da mənim millətim! Şairimizə bax! Aşığımıza bax! Görəsən bu geridə qalmış, köhnə fikirli binəva kimdir?! Vallah belələrinə yazığım gəlir! Deyən gərək, ay bədbəxt oğlu, bədbəxt! Biz burada azadlıq yolunda can qoyuruq, dəridən-dırnaqdan çıxıb müstəqilliyimiz uğrunda mübarizə aparırıq, bunlar da saza dəm verib başlayıblar ki, "Yada sal məni". Vallah, bu millət bədbəxtdir, billah, bu millət bədbəxtdir!

Polkovnik kinayə ilə irişib müsahibinin iradına şərik çıxdı:

- Mən Qəlbiqaya Alçaqtəpədən başqa şair tanımıram və tanımaq da istəmirəm. Zalım oğlu dəryadır. Təəssüf ki, indiyənəcən qədir-qiymətini bilən olmayıb. Qəlbi­qa­ya Alçaqtəpənin şeirlərini az adam duyub başa düşür. Maa bir şeir həsr eləyib, gəl görəsən! Bir bəstəkar dos­tum var. Vaxtilə onun bağ evini mən tikmişəm. Qəl­bi­qa­ya Alçaqtəpənin maa ithaf elədiyi şerə əntiqə bir musiqi yazıb...

Köhnə aşpazın qara bığlarının altından iri saf dişləri ağardı. O istehza ilə:

- Əşşi, bizdə nə əməlli-başlı bir yazıçı var, nə də ki, alim. Hamısı köhnə çürük fikirlərlə yaşayan kütbeyinlərdir. Bax ona görə də respublikamız bu günə qalıb. İqtisadiyyatımız günü-gündən geri gedir, inflyasiya dərinləşir, qiymətlər artır, ermənilər də tüğyan edir. Bizim yeganə bir yolumuz var, o da müstəqillik, demokratiya!! Müstəqillik, Demokratiya!

Alim Qeyrət partiyasının yaradıcılarından biri olan köhnə aşpazın sözünü kəsdi və:

- Sizin fikrinizə tamamilə şərikəm, - dedi. - Çarə ona qalıb ki, bütün rayonların başçılarını, nazirləri, fabrik, zavod direktorlarını ucdantutma dəyişdirib, sizin kimi uzaqgörən, cəsarətli, demokratik əhval-ruhiyyəli bəylərlə əvəz edək. Əks təqdirdə yeni cəmiyyət qura bilmərik. Gecikmədən bir də ona çalışmalıyıq ki, tez-tez mitinqlər keçirilsin, nümayişlər olsun. İstehsal sahələrində işlər dayandırılsın! Tətil! Tətil!..

Qeyrət partiyasının öndəri görkəminə ciddi ifadə verib, çılğın bir üsyankarlıqla əl-qolunu ölçə-ölçə:

- Tamamilə doğrudur, - dedi. - Köhnə nə varsa, dalından dəyməliyik! Bakı metrosunu, Domsoveti, Akademiyanı tikənləri, Mingəçevir dənizini yaradanları, Mil, Qarabağ, Samur-Dəvəçi kanallarını çəkən yaramaz partokratları lənətləyib, bir sinif kimi tarixin səhifə­sindən silməliyik. Onlara aramızda yer olmamalıdır! Biz kökümüzə, soyumuza qayıtmalıyıq. Bizə demokratiya, milli birlik, torpaqlarımızın bütövlüyü, müstəqillik lazımdır! Qalan hər şeyə tüpürməliyik!

Alim içini arıtlayıb:

- Müvəffəqiyyətlərimiz çoxdur, - dedi. - Yeni cəmiyyət quruculuğunda xeyli irəliləyiş əldə etmişik. Respublikamız partiyaların və qəzetlərin sayına görə dünyanın ən qabaqcıl və hegemon dövləti olan Amerika Birləşmiş Ştatlarını çoxdan ötüb keçib.

Polkovnik:

- Mən ölüm, vur gəlsin! - dedi. - İnnən sonra bir demok­ratik dövlət bizim qabağımızda duruş gətirə bilməz. İndi iqtisadiyyatdan başlamalıyıq.

Qeyrət partiyasının öndəri fəxrlə:

- Respublikanın şəhər və kəndlərində şəxsi dükanların, komisyon mağazalarının sayı-hesabı yoxdur. Pivə, saqqız, koka-kola, fanta, şampan, araq itinə tök! Hamısı da xaricdən gəlmə!

Alim təmkinlə:

- Bəs nə bilmişdin, - dedi. - Demokratiyanın, müs­təqilliyin buynuzu yoxdu ki... Azadlıq elə belə olar dəə!

Asta-asta kənardan gələn çadralı qadın, nəmli gözlərini silə-silə onlara yaxınlaşaraq:

- Qadan alım, - dedi, - siz də mənim o cəbhədə vuruşan balalarım, bir söz soruşsam inciməzsiniz ki?!

- Xeyr! - deyə onların hamısı birdən dilləndi.

- Deyilənə görə, cəbhədə vəziyyət genə xarabdı axı?! Düz-yalan, bilmirəm, eşitmişəm ki, Kəlbəcərdə mühasirəyə düşən bir dəstə arvad, yağı əlinə keçməmək üçün özlərini qayadan tullayıb. Görəsən bu doğrudur?..

Alim polkovnikin üzünə baxdı. Qeyrət partiyasının öndəri:

- Qorxub eləmə, xala! Düşmən Kürdən bu tərəfə keçsə də, onu ürəyinə salıb özünə dərd eləmə! Yadından çıxıb, Böyük Vətən müharibəsində alman faşistləri Moskvanı dövrəyə almışdı, axırı nə oldu? Hamısını qırıb-çatıb, Berlinə qədər qovdular.

Qadın fikrə getdi. İstədi desin ki, onda ölkənin başçısı qaçıb kənddə gizlənməmişdi. Camaatla bir yatıb, bir dururdu. Siz isə... Ancaq qadın onların baz-burutuna, yan-yörədəki qoluzorlu qoçularına baxıb öz hesabını apardı... Və ürəyində "lənət şeytana" deyib, sakitcə ötüb getdi.

Elə bil öndərlərin ovqatına acı soğan doğrandı. Namus partiyasının üzdə olan nümayəndəsi saatına baxaraq:

- Vay! Gecikdim! Bizim arvad aydan çoxdur xaricdə istirahətdədi. Buralar bir az qarış-quruş olduğundan xaricə göndərmişəm ki, əməlli-başlı dincəlsin. Bu gün gəlir. Bir saatdan sonra aeroportda olmalıyam. Gecik­səm, dərimi soyacaq.

Qeyrət partiyasının öndəri:

- Elə mənim də vacib bir işim var, - dedi. - Bu müha­ri­bənin dərdindən oğlanlarımın ikisini oxumaq adıynan xaricə göndərmişəm. Bacanağım da qırsaqqız olub yapı­şıb yaxamdan ki, ortancıl oğlumun əsgərlik yaşı çatıb. Dünən vayenkomatdan çağırış vərəqəsi gəlmişdi. Gərək saxlatdıram. Tanış bir vayenkomla danışmışam. Yarım saatdan sonra "Sirk" restoranında görüşməliyik. Əmim də bir tərəfdən qəmiş olub ki, oğluma kömək elə, əsgərliyə getməsin...

Polkovnik:

- Lazımdır, lazımdır, - dedi. - Ləngimə, get, indicə burdan keçən qadın eşitmədin nə dedi?! Cəbhədə vəziyyət bir az ağırlaşıb. Vayenkomla dil tapa bilməsən, çəkinmə, mənə de. Mənim oralara xodum var.

Alim:

- Hə, elə mən də tələsirəm, - dedi. - Yoldaşlar məni gözləyir. Camaatı tətilə hazırlamalıyıq. Beş-on yerdə də böyük mitinq keçirməliyik...

Onların hamısı bir ağızdan:

- Gedək, gedək, - dedilər. - İndi respublikanın bütün yükü bizim çiynimizdədir.

Hərə öz "Mersedes"inə əyləşdi. Millət öndərlərinin təhlükəsizliyinə cavabdeh olan yaraq-yasaqlı mühafi­zə­çilər də onların ardınca...

Əgər Dəmirxan sağ olsaydı, vaxtilə dediyi o sözə peşman olardı və özünə bab olan bu cür "başbilən" xələfləri ilə fəxr edərdi...

 

1993-cü il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com