www.aliildirimoglu.az

FELYETONLAR

QIZIM, SƏNİ ƏRƏ VERİM...

Fəridənin on üç yaşı hələ tamam olmamışdı. A­l­tın­cı sinifdə oxuyurdu. Bir gün dərslərinə hazırla­şar­kən, anası Sükeynənin ona bərk acığı tutdu. Ana qızının qabağından kitab-dəftəri yığışdırıb bir kənara tulladı:

- Bəsdir, - dedi. - Artıq yetər. Vaxt var idi, qıza bir pa­paq ilişdirərdilər, yıxılmadı, demək, vaxtı çatıb, ərə get­mə­lidir. De görüm, nə vaxta qədər evdə oturacaqsan? Un çuvalına tay olmaq istəyirsən?!

Fəridənin atası Peysər Mərdan Sükeynənin sözünə qüvvət verdi:

- Anan doğru deyir! Qız yükü, duz yükü! Qız nə qədər tez ərə getsə, bir o qədər yaxşıdır.

Fəridə buna etiraz etdikdə, ata-anasının tənəli sözlə­rinə məruz qaldı. Üstəlik də bir-iki yumruq... Fəridə anasına yalvararaq:

- Hələ nə vaxtımdır, - dedi. - Bir də ki, məni kimə ərə verirsən?!

- Vaxtındır. Getməlisən, vəssalam, - valideynləri təkid etdilər.

- Kimə, kimə? - Qız saçını yoldu.

- Necə yəni kimə? - deyə ata ilə ana hirsləndilər. - Sən bilirsən ki, bacın rəhmətə gedib. Onun əri Bürcəli bacının üç yetiminin əlində qalıb. Sən dura-dura Bürcəli qızımızın yerinə başqasını gətirsin?! Daşımız da var, divarımız da.

Fəridə eşitdiklərinə inanmadı. O, anasından istehza ilə soruşdu:

- Yəni Bürcəli əmini deyirsən?

- Əmi yox, o, sənin ərin olacaq! Qırx beş yaş Bürcə­linin var, on üç yaş sənin. Aranızda elə bir fərq yoxdur. Bir də ki, elə ər yaşlı olsa yaxşıdır. Eşitməmisən ki, cahıla gedən yumruq yeyər, ahıla gedən quyruq.

Mərdan Sükeynənin sözünü təsdiq etdi. Fəridə əlacsız qaldığını görüb yenə də yalvarmağa başladı:

- Ana, əvvəla ərə gedən vaxtım deyil. Heç olmasa qoy məktəbi qurtarım. Bir də ki, mən yetim saxlaya bilmərəm.

Bu yalvarışlar faydasız oldu. Fəridəni ərə verdilər, üç uşağın atasına. Özündən otuz iki yaş böyük olan bir kişiyə. Fəridə on üç yaşında həm ana oldu, həm də analıq.

Tık, tık!

Burxalının qapısını döyən nə onun qayınatası Mərdan idi, nə də ki, qayınanası Sükeynə. Milisin, çiynində ul­duz­suz paqon olan sahə müvəkkiliydi. Azyaşlı qızla evlənən, çoxyaşlı kişini inzibati orqanlara sorğu-suala aparmağa gəlmişdi...

Belə halları qadağan edən qanunun müvafiq maddəsi ilə Bürcəli müttəhim kürsüsündə əyləşdirildi. Və sonra da hakimin hökmü ilə o söz... Gedər-gəlməzə göndərildi...

Ailə dağıldı. Bünövrəsi qanunla, ağılla, kamalla qurulmayan ailə...

1972-ci il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com