FELYETONLAR
VƏZİFƏ ÜÇÜN ƏYİLMƏYƏN
Nazirin kadr üzrə müavini Camalxanov iş vaxtının axırında şöbə müdirini kabinetinə çağırıb:
- Siz ərizənizi yazıb vəzifədən getməlisiniz, - dedi.
- Nə üçün, hansı səbəbə görə?!
Camalxanovun nazik bığı qaçdı və qarşısındakı çay dolu stəkana ətirli limon sala-sala:
- İzahata ehtiyac yoxdu, - dedi, - belə məsləhətdi, xoşaxoşluqla getməsəniz, özünüzdən küsün, yoxlatdırıb qərarla...
Şöbə müdiri bir qədər fikrə getdi. Nazir müavini ötkəm görkəm alıb istehza ilə:
- Rəngin niyə qaçdı?! Yoxsa ərizə yazmaqdan qorxub çəkinirsən?! - Onu məzəmmət etməyə başladı. - Utanım yerinə! Sizi şir ürəkli, əyilməz bir adam bilirdim! Heyf mənim zəndimə! Okazıvaetsya qorxağın biriymişsən! Vəzifə nə şeydi?! Kişi də ondan ötrü... Tüpürüm vəzifəyə! Yəni vəzifəsi olmuyanlar ölür?! Vicdanım itin olsun, əyər yalan desəm, sabah nazir çağırıb desə ki, yoldaş Camalxanov, sizinlə işləmək istəmirəm, elə o dəqiqə ərizəmi qoyaram stolun üstünə! Yazmasam, atamın oğlu deyiləm, lap zinadan... Gedib tikinti idarələrinin birində fəhləlik eləyib, daş daşıyaram, amma vəzifədən ötrü heç kəsin qabağına əyilmərəm...
Aradan cəmi-cümlətani üçcə ay keçmişdi. Nazir kadr üzrə müavinini yanına çağırıb ona:
- Yoldaş Camalxanov - dedi. - Elə məsələlər var ki, onu açıb ağartmaq istəmirəm. Yaxşısı odur ki, bəri başdan ərizənizi yazıb səssiz-səmirsiz gedəsiniz. Belə məsləhətdi!
- Nəə?! Ərizə yazım?!
Camalxanov sözünü tamamlaya bilmədi. Onun başı çiyninə tərəf əyildi, dili çölə çıxdı, gözləri bərəldi...
Nazir özünü yetirincə, Camalxanov tir-tap döşəmənin üstünə sərildi.
Təcili yardım maşını çağrıldı. Həkim onun biləyini əlinə alıb, nəbzini dönə-dönə yoxladıqdan sonra qəddini düzəldib hüznlü görkəm aldı və:
- Keçinib, Allah rəhmət eləsin, - dedi.
Naziri dilxor eləyən başqa məsələ idi. Ölənin dalınca danışmazlar, rəhmətlik müavin döşəməyə sərilmiş təzə xalçanı bir balaca korlamışdı...
1992-ci il
|