|
FELYETONLAR
... NƏ İŞİM VAR?!
Tikintisi başa çatmayan və həyətində bir nəfər zavallının sarı köpəyi ilə keşik çəkidiyi çoxmərtəbəli binanın yönü, şəhərin göbəyindəki Cıdır meydanına tərəf baxır. Köhlən atlar səhər-axşam boyunlarını şax tutub, quyruqlarını qaldırıb burada tozhatozla dövrə vururlar. Onlar ya məşq eləyir, ya da ki, hansı yarışlarasa hazırlaşırlar. Vəbəzən də həvəsdən düşüb yerlərindən tərpənmək istəmirlər, yəni nə irəli gedirlər, nə də geri. Məşqçilər də belə hallarda şallağını havada oynadıb hərəsinin ombuzuna bir-ikisini çəkir. Həmin məqamda aclıqdan qabırğaları sananan qaşqa yabı məzlum-məzlum sahibinin üzünə baxır. Yəni demək istəyir ki, ay başımızın ağası, müdir olanda noolaar, heç sizdə insaf-mürvət deyilən şey yoxdur?! Bizə doyunca arpa-saman vermirsiniz, çox vaxt quru küləşin ümidinə qalırıq. Gözümüzü pılçıq, yal-quyruğumuzu pıtraq basıb. Acından qıçımız-qıçımıza dolaşır, ortamız ortamızdan keçir. Qulaqlarımız yana sallanır. Tövləmizi yağı görsə, qan ağlayar. Gəzib-dolanmağa da çölümüz yox, çəmənimiz yox. Eniynən boyu beş-altı yüz arşından artıq olmayan bir qaçış meydançamız var, onu da bizə çox görürsünüz. Qaçış-məşq meydançamızın daş hasarını hərraca qoyub yerini qaraj dəllallarına satmısınız. Necə satmısınız, neçəyə satmısınız, aldığınız dollarları kiminlə, necə bölüşdürüb həzmrabidən keçirmisiniz, bunu bir nazirləriniz bilir, bir özünüz bilirsiniz, bir də ki, göydəki Allahınız! Ona görə də cinsimiz korlanıb. Dillərdə dastan olan Qarabağın, Tovuzun, Qazağın köhlənləri kolxoz yabılarının kökünə düşüb. Dünya yarışlarına çıxmağa nə təpərimiz qalıb, nə də taqətimiz. Üzü qara olsun hesabımıza kefə baxıb, bizi xəcalət eləyənlərin. Ərz-halımızı,gündirriyimizi nazirliyə çatdırmaq üçün hərdən məcbur olub kişnəmək istəyirik, ona da imkan vermirsiniz. Noxtamızı dartıb, cilovumuzu yığıb, yançaqlarımıza da bir-ikişallaq ilişdirib oturdursunuz yerimizdə. Bir də ki, ay pir olmuş, kişnəməyə baxan kimdir?! Əgər nazirlikdəkilər çağırıb soruşsalar ki, bu atlar niyə belə bərkdən kişnəyir, ona da yüz bəhanə tapıb bütün günahları yoğurub-yapıb bizim boynumuza atacaqsınız. Çünki neçə ildir bizi minib çapırsınız və xasiyyətinizə də yaxşıca bələdik, işdə olmasa da, dildən pərgarsınız. And-aman eləyib nazirimizi inandıracaqsınız ki, bizim atlar ona görə kişnəyir ki, son vaxtlar arpa-samanları artıq düşüb. Nazir də məsələnin dərinliyinə getmədən o dəqiqə sizin yağlı və yalan dilinizə aldanıb hövsələdən çıxacaq, hirs vuracaq təpəsinin tən ortasına. Əlini stola çırpıb hökm edəcək ki, sabahdan atların arpa-samanını azaltmaq lazımdır! Bu dəfə bizi əvvəlkindən də betər cirəyə salacaqsınız. Kişnərtimiz özcə başımızda çatlayacaq. Ona görə də ixtiyar sahibisiniz! Bizi istədiyiniz qədər minib-çapın! İndən sonra kişnəyib səsimizi qaldırsaq, at yox, uzunqulaq olarıq. Ancaq bu şərtlə ki, bizi yarışlara göndərməyin. Göndərsəniz də, özünüzdən küsün. Siz də aləmdə biabır olacaqsınız, biz də. Axı, bizim Qarabağ, Diliboz kimi ad-sanımız var. Bir vaxt rus padşahı ingilis padşahını heyrətləndirmək üçün ona Qarabağ atı bağışlayırdı. Bəli, bəli, gün doğandan gün batana neçə-neçə respublikanın içində Qarabağ atını ingilislərə ərməğan edirdilər. İndi adımız qalsa da, sanımız-sanbalımız qalmayıb. Mehtərbaşı atın dilini əməllibaşlı bilirdi. Ona görə də qaşqa yabının giley-güzarını qulaqardına vursa da, dediklərini aydınca başa düşürdü. Və qaşqa yabının cavabı bir-iki dəyənək oldu. Çünki atın giley-güzarı ona sərf eləmirdi. İstəmirdi ki, qaşqa yabı mehtərbaşının və onun baş idarəsinin başında duranlarının paxırını açıb töksün. Çünki - yerin də qulağı var – deyiblər. Qaşqa yabının gileyi, haqq-ədalət axtaranların qulağına çatsa, onda gərək dəsmal götürüb ağı deyə-deyə mehtərbaşının halını ağlayasan. Qaşqa yabı ona dəyən dəyənəkləri vecinə almadan, sahibinə arxa çevirdi və istədi qoşaşıllağa qalxıb belinə həftələrlə qaşov çəkməyən mehtərinə bir-ikisini ilişdirsin. Lakin etmədi. Axı, necə olsa, adı atdı. Düşündü ki, yaman günün ömrü az olar. Dünya xali deyil. Yəqin ki, tez-gec halımıza candan yanan, təəssübkeş, attəpərli, bir başıpapaqlı, cibi möhürlü-ştamplı kişi tapılar. Və mizan-tərəzi qurub hər kəsin təqsiri, cəzası nədir, qoyar qabağına.
* * *
Tikintisi başa çatmayan binanın qabağında yorğun-yorğun gəzib-dolaşan gözətçi isə öz aləmində idi. Nə isə fikirləşir, dayanıb ətrafa boylanır, yenə də yoluna davam edirdi. Sarı köpək də arxasınca. Heç birinin cınqırı çıxmırdı. Sarı köpək hərdən yad adam, bir də ki, ala-qara, boz pişik görəndə mırıldanır, bir-iki dəfə - ham-ham – eləyib hürürdü. Gözətçi geri dönüb ona tərs-tərs baxıb sarı köpəyin üstünə çəmkirən kimi it səsini kəsib quyruğunu bulayırdı. Bununla da sahibinə anlatmaq istəyirdi ki, səhv etdim, bağışla məni, bir də qələt eləyib yerli-yersiz hürmərəm. Ancaq bircə pişikdən keçən deyiləm. Külli-aləm bilir ki, dövri-qədimdən itlə-pişiyinki tutmur. Və indən sonra da, qiyam-qiyamət qopana qədər onlarınkı tutan deyil. Ancaq sarı köpək həddini aşmırdı. Vəzifəsi hürmək olsa da, lazımsız yerə mırıldayıb haray-həşir salmırdı. Məsələn, saatda 100-150 ilə şütüyüb keçən avtomaşınlar kimi. Elə ki, axşam düşdü, lap günün-günorta çağı, bu şoğərib avtomaşınlar heç kəsi veclərinə almırlar. Xüsusilə də arxasına sıfırlar düzülmüş “Leksus”lar, “Nissan”lar, “Mersedes”lər, “BMV”lər, marşrut avtobusları, balaca-balaca “Moskviç”lər, “Jiquli”lər lap ağını çıxardıblar. Biri asqırır, biri öskürür, biri böyürür, biri anqırır, biri xoruz kimi banlayır, biri uzun burnu ilə bataqlıqların altını üstünə çevirən çöl donuzları kimi xoruldayır. Düzdür, zərurət yarananda, yəni maşın və ya içindəki başın təhlükə ilə üzləşdiyi məqamda vəziyyətdən çıxmaq üçün sürücü zilə qalxıb, bəmə enib, siqnalı işə sala bilər. Bəli, bəli, ancaq siqnalı. Tay əcaib-əcaib bağırtıları, şəhəri başına götürən, arxası sıfır və ya sıfırsız, xaricdən peyda olan bəzi-bəzi qara eynəkli maşınlar kimi yox. Əslinə qalsa onlar qayda-qanun anlamasalar da, gərək gözətçinin sarı köpəyindən nümunə götürsünlər. Sarı köpək hərdən bir yad qaraltı görəndə, hər ehtimala qarşı bir-iki dəfə ağzını açıb könülsüz-könülsüz hürür, vəssalam! Bəzən sarı köpəyin günlərlə səsi eşidilmir. Çünki it olsa da, havayı yerə hürməyi özünə rəva bilmir. Ancaq di gəl ki, bu ağlı-qaralı, arxası sıfırla dolu olan qara şüşəli maşınlar nə qanır, nə qandırır, nə də ki, onlara qulaqburması verib başa salan var. İşdişayət, bu barədə söz-söhbət yaransa, yəni məsələ gedib Baksovetə və ya Baş idarələrin başında oturanlara çatsa, orda da xəstə, yaşlı, əsəbi və qüsuru olanlara məsləhət verəcəklər ki, vəziyyətdən çıxmağın ən asan və başlıca yolu bircə odur ki, qulağınıza bir balaca pambıq tıxayasınız. Allaha şükür, apteklərdə də nə çoxdu ağappaq, yumşaq pambıq. Bir az səbrli olsanız, heç aptekdən pambıq almazsınız, payıza dönən kimi Mil-Muğan çöllərində pambıq aşıb-daşacaq. Onda özünüzü verin kəndlərə, qulağınızı istədiyiniz qədər pambıqla doldurun. Özü də pulsuz-parasız. Əkin-biçin adamları da ki, mərd olur, iki qulaqlıq pambıq üçün heç vaxt sizdən pul ummazlar. Ondan sonra qoy avtomaşınlar gecə-gündüz asqırsınlar, öskürsünlər, xoruldasınlar, xırıldasınlar, anqırsınlar, cöngə kimi böyürsünlər! Qətiyyən vecinizə almayın! Bu, tibbi nöqteyi-nəzərdən də olduqca sərfəlidir. Çünki həkimlərin deməsinə görə, tükürpəşdirici səslər insan səhhəti üçün olduqca zərərlidir. Guya sağlamlığa zərbə vurur, ömrü də azaldır. Bunun qarşısını almaq üçün pambıq! pambıq! yenə də pambıq! Qulaq! qulaq! yenə də qulaq! İndiki vaxtda bu iki canlı və cansız cisim birləşəndə, maşınların böyürtüsündən, xırıltısından, zırıltısından, nəriltisindən canınız qurtarar.
O ki, qaldı şəhər itlərinin hürüşməsinə, onun bir o qədər də zərəri yoxdur. Bir də ki, onlar yersiz yerə hürmürlər. Elə götürək sarı köpəyi. Səsini sutkada bir dəfə eşitmək olmur. Əgər bu ağ-qara, pələng kimi dərisi zolaq-zolaq boz pişiklər olmasa, sarı köpək cınqırını çəkməz. Bu saat yeganə problem məsələ maşınların cürbəcür əcaib səslər çıxartmasıdır. Son vaxtlar dəbdə olan bədheybət maşın səsləri bütün şəhəri silkələyib titrədir. Ancaq deyilənə görə arxitektorlar çox əlləşib-vuruşub, tər töküb, baş sındırandan sonra buna əncam tapıblar. İnşaat mütəxəssisləri təklif irəli sürüblər ki, indən sonra tikiləcək şəhər evlərinə qapı-pəncərə qoyulmasın. Bununla vətəndaşların canı maşınların səs-küyündən biryolluq qurtarsın. Şəhər camaatı bu xoş xəbəri eşidəndə xeyli sevindi. Ancaq bu sevinc çox sürmədi. Çünki bu təklif keçməyib. Ona görə ki, indiki qapqara maşınların bağırtıları, çığırtıları elə bir gücə-qüvvəyə malikdir ki, Qaradağ daşından, nə bilim, bişmiş və bişməmiş kərpıclərdən hörülən divarlar ona tab gətirmir. Deyilənə görə, tikinti mütəxəssislərinin bir qrupu bu dəfə xarici ölkələrə ezam olunublar ki, öyrənib görsünlər ki, binaların divarlarını, qapı-pəncərələrini necə düzəltmək lazımdır ki, qara pərdəyə bürünən “Leksus”ların, “Nissan”ların, “Mersedes”lərin, “Jiquli”lərin... çıxartdığı həm müasir, həm də eybəcər səsləri keçirməsin. Ona görə də hələlik tələsib pambığı qulaqlarımızdan çıxarmayaq. Səbr eləyək, görək, inşaat mütəxəssisləri xarici ölkələrdən nə xəbərlə qayıdırlar. Hələ ki, sükanın arxasında qoltuğu dəftər-kitablı sürücülər, gündə bir cins şalvar geyinən nişanlı-nişansız qızlar, ərli-ərsiz arvadlar əyləşib, təzə-təzə, bahalı-bahalı Yapon, Alman, Koreya, Rusiya maşınları ilə şəhərin küçələrində gecə-gündüz zurna-balaban çala-çala tüğyan eləyirlər. İşdi-şayət, yol polisləri də cəsarət eləyib özündən müştəbeh, başıboş, cibi dolu, arxası bağlı cahıl-cuhul gədaların, şalvarlı-şalvarsız qadınların birinə yaxınlaşıb desələr ki, “Vətəndaş, əmoğlu, dayoğlu, xalaqızı, atam balası, özünüzü təqdim edin, görüm siz kimsiniz, nəçisiniz və qoyulmuş qayda-qanunu niyə pozursunuz?!” O dəqiqə qalmaqal başlanacaq. Cib telefonları işə düşəcək. Dollarzadələr, manatovlar, qəpik-quruşovlar işə qarışacaqlar... Yol polisləri dediklərinə peşman olub, ikiqat əyiləcək, sürücülərdən dönə-dönə üzr istəyəcəklər. Sonra da yol hərəkəti qaydasını pozanın qarşısında müqəvva kimi dayanıb, ayaqlarını cütləyəcək, əlini qulaqlarının dibinə aparıb - Sizə yaxşı yol, - deyəcəklər. İddiası yerə-göyə sığmayan, atalarının ötkəm balaları saçlarını podmalçişka vurduran madonnaların da ədalı baxışlarla yol polislərinə anladıb başa salacaqlar ki, bax, adamın anasını belə ağladarlar. İndən sonra başın girməyən yerə ulduzlu-paqonlu çiyinlərinizi soxmayın!!!
Xaricdən axın-axın gələn maşınların sayı çoxaldıqca, “Leksus”ların, “Nissan”ların, “Mersedes”lərın, “Toyota”ların... iddiası daha da artıb və indi də başqa hoqqalara əl atmağa başlayıblar. Şir kimi nərildəyən qapqara pərdəli maşınlar deyir ki, artıq bizə qaraj lazım deyil. Bizə elə ağ-qara, gümüşü rənglər vururlar ki, aylarla açıq havada, yağışın, qarın altında qalsaq, halımıza təfavüt eləmir. Odur ki, qaraj nəyimizə lazımdır? Biz gündə iki, üç, lazım gəlsə, dörd dəfə yuyulub-təmizlənməliyik ki, dərimiz par-par parıldasın və kənardan baxanlar hayıl-mayıl olsunlar. Bunun üçün qarajdansa, hamam, yəni yuyucu məntəqələri lazımdır. Əks-təqdirdə etiraz nümayişinə çıxmalıyıq. Etiraz nümayişi deyəndə də, icra aparatlarının, bələdiyyələrin, kommunal işinə baxan məmurların kürkünə birə düşür. Qorxurlar ki, maşınların narazılığı gedib Avropa Şurasına, Amerikadakı demokratiya təəssübkeşlərinin qulağına çatar. Ordan da aləmə car çəkib deyəcəklər ki, bəzi-bəzi yerlərdə demokratik qayda-qanunlara əməl olunmur. Sürücülər qapqara pərdəli, zurna-balabanlı təmiz maşınlarda gəzmək istəyirlər. Lakin iqtidardakılar bu haqlı tələbin yerinə yetirilməsinə mane olurlar. Ondan sonra gəl ölünü qoy, dirini ağla. Görüm Amerikadakı həqiqət carçılarının və Avropa Şurasının qabağında necə duruş gətirirsən. Ona görə də gərək bəri başdan bu qalmaqalın qarşısını vaxtında alasan. İnsafən, bu sahədə irəliyə doğru xeyli “uğurlu” addımlar atılıb. Şəhərdə qarajlar bir ucdan ləğv edilib, maşın hamamlarına çevrilir. Qarajların qabağından keçəndə fışhafışdan qulaq tutulur. İri maşınlar xırda qarajların eninə-boyuna uyğun gəlməyəndə, yuma əməliyyatı hamamların qabağında, asfalt küçələrdə aparılır. Bu cür mütərəqqi üsuldan ən çox müzür-həşəratlar bəhrələnir. Ağcaqanadlar həndəsi yolla törəyib səbəbkarların ömrünə dönə-dönə dua oxuyur. Mişovullar, əqrəblər, balaca-balaca kərtənkələlər toy-bayram içindədir və gecə-gündüz ekologiya məmurlarına, təbiət təəssübkeşlərinə, sanitariya işinə baxan təbiblərə uzun ömür, cansağlığı diləyirlər. Düzdür, məmurlar bu həngamənin şahidi olanda əvvəlcə asıb-kəsir, özlərindən çıxır, hədə-qorxu gəlir, qələm-kağız götürüb, akt tərtib etmək, həyəcan təbili çalmaq istəyirlər. Ancaq... Ancaq yuyucular əyilib onların qulağına nə pıçıldayırlarsa, hirs-hikkə ilə gələnlər, gülə-gülə qayıdıb gedir və hətta maşın yuyucularının işinə nəzakətlə xeyir-dua verirdilər. Ondan sonra yuyucu aparatların fışıltısı, fısqırığı daha da güclənir. Və onun səsindən yaxınlıqdakı binaların sakinləri təmiz hava almaq üçün qapı-pəncərələrini açmağa peşman olurlar. Belə məqamda bir ətək xərc çəkib, meşok-meşok pambıq alıb qulağa tıxamağın heç bir əhəmiyyəti yoxdur. Çünki nəinki süni, hətta təbii pambıq da fışfışı keçirir. Amma nahaq yerə fış-fış məsələsini ortaya atdıq. Fış-fış hələ tam tikilib başa çatmayan binanın qabağında var-gəl edən gözətçinin ən yaralı yeridir. Gözətçi elə ki, fış-fış səsini eşitdi, cin vurur təpəsinə. Çünki yaşadığı evə su cirə ilə verilir. Bir səhər, bir də qaş qaralanda. Vəssəlam! Nə özü, nə də ki, balaları istədikləri vaxt üzlərinə su vura bilmirlər. Əl-ayaq eləyib, tələm-tələsik qab-qacaqı yuyunca mənzillərdən suyun fışıltısı qeybə çəkilir. Gözətçi bəzən həftələrlə hamam üzünə həsrət qalır. Di gəl ki, sübhün şəfəqləri söküləndən qaranlıq çökənə qədər qarajları fəth edən fışfışlardan sel kimi su axır. Əgər belə getsə, Şolların, Ceyranbatanın, Kürün, şirin suları bu fışfışlara çətin ki, tab gətirsin. Ona görə də fışfışların xatirinə gərək bütün şəhər evlərinə su növbə ilə verilə. 5-10 dəqiqə səhər, 5-10 dəqiqə axşam. Çünki maşınların çimməsi insanlardan fərzdir. Ən azı ona görə ki, bahalı-ucuzlu, təzəli-köhnəli qara çadralı maşınlar tez-tez hamamlanmasalar, əcaib-əcaib səslər çıxarıb asqıra, öskürə, böyürə, xoruldaya... bilməzlər. İnsan isə şüurlu məxluqdur, hər cür çətinliyə dözə bilər. Nəinki ildə, iki ildə bir yuyunub hamamlansalar bəs eləyər. Əlqərəz, fışfış barədə söhbəti uzadıb tikinti gözətçisinin ovqatına soğan doğramağa dəyməz. Onun da qanı qaralanda hirsni sarı köpəyin üstünə tökür. Zavallı köpəyi salır kötəyin altına. Belə yerdə deyiblər, eşşəyə gücü çatmır, palanını döyəcləyir. Sarı köpək də bir-iki dəfə yazıq-yazıq zingildəyib, sonra quyruğunu qısıb bir küncə çəkilir. Sarı köpək döyüləndə də, söyüləndə də öz səsini çıxardır, yəni ya hürür, ya mırıldayır, ya da zingildəyir. Eşidəndə də bilinir ki, bu, it səsidir. Amma maşınların aramsız səsindən baş açmaq olmur. Donuz kimi xoruldayanda, dana kimi böyürəndə, keçi kimi mələyəndə bilmirsən, bu, “Nissan”dır, “Mersedes”dir, “Toyota”dır, “BMV”dir, “Jiquli”dir...
Yaxşısı odur ki, belə-belə əcaib işləri nə görəsən, nə də könlün bulansın. Ona görə gərək özünü verəsən allı-güllü parklara, bağlara. Bəzi-bəzi parklarda da kababxanalar, çayxanalar, nə bilim nəxanalar... yaşıllıqlara, gül-çiçəklərə qənim kəsilib. Çayxanaların, kababxanaların hisindən, tüstüsündən zinhara gəlirsən. Və baxırsan ki, “parkxanalar” dönüb olub pavilyonxanalar, kababxanalar, xaşxanalar, çayxanalar... Gedəndə də kor-peşman geri qayıtmalı olursan.
* * *
Tikintisi başa çatmamış binanın gözətçisi səhərdən-axşamacan obaş-bubaşa ayaq döydüyündən, yorulub gecənin yarısı yorğun-yorğun balaca budkasına keçib arxası yox stuluna əyləşib, mürgülədiyi anda, orda-burda topların gurultusu şəhəri təlatümə gətirir. Gözətçi diksinib gözlərini ova-ova budkasından çıxır. “Bismillah”-deyib əlini üzünə çəkir, salavat çevirir və kəlmeyi-şəhadətini oxuyur. Sarı köpək də vahiməyə düşüb, bir-iki dəfə hürür. Yaxın həyətlərin ovçarkaları da sarı köpəyin səsinə səs verirlər. Gözətçi mızıldana-mızıldana - yəqin Qarabağda müharibə başladı ki, toplar bu cür nərildəyir. Yoxsa yenə 20 yanvar hadisələri təkrar olunur?! Sovet topları şəhəri mərmi atəşinə tutub?! Cəbhəçilər ondakı kimi zavallı insanları rus tanklarının, toplarının qabağına itələyib özləri dalda-bucaqda gizlənməsələr yaxşıdır! İlahi, hifz et bizi bu xəta-bəlalardan! Ancaq məlum olur ki, xoşbəxtlikdən nə Qarabağda müharibə başlayıb, nə də ki, sovet tankları şəhərə daxil olub. Toplar şadlıq saraylarında guppuldayır. Külli-pul və imkan sahiblərinin topu daha bərk gurultu salır və bütün şəhəri necə silkələyirsə, beşiyində təzəcə uyuyan körpələr belə qışqırıb oyanırlar. Deyilənə görə, oğul evləndirib, qız köçürməyə hazırlaşan, iddialı imkanlılar toyun daha təntənəli keçməsi üçün nüvə dövlətlərinə üz tutub, qitələrarası raketlər sifariş vermək niyyətinə düşüblər. Əlbəttə, bir var kiçik kalibrli top, bir var raket. Ad-sanını gözləyən məşhur, mötəbər şəxslər üçün qitələrarası raket ola-ola, top atdırmaq azı ayıbdır.
Belə-belə əhvalatları eşidib, görüb biləndə ahıl jurnalistlərin cavanlıqda yazıb-pozduqları yada düşür. İndi istəyirsən, ələ qələm alıb, bəzi-bəzi xoşagəlməz məqamları açıb-ağardasan. Ancaq yuxarı baxırsan bığdır, aşağı baxırsan saqqal... Onda qələmi ehmalca qoyursan qırağa. Düşünürsən ki, ey dili-qafil, palaza bürün, elnən sürün. Bir halda ki, elin deputatları, əli qələmtutan yazıçılar, jurnalistlər bütün bunları görə-görə, bilə-bilə dillənmirlər, özünü yuyulmamış qaşıq kimi ortalığa atma. Girdin bazara, gördün hamının gözü qıpıqdır, sən də ol gözü qıpıq. İstəyir, dünya od tutub yansın. El üçün ağlayanın gözü kor olar. Ona görə də çox ölçüb-biçdikdən sonra belə qərara gəlirsən ki, qələm-kağızı burub-büküb qoyasan bir qırağa. Və ya qoca nənənin toxuduğu qəzil palazın altına. Rəhmətlik Sabirin kəlamını yada salasan:
- ... Nə işim var?!..
2007-ci il
|
|