FELYETONLAR
KƏBİN KAĞIZI
Şəhər orta məktəbinin direktoru Bəndalı Qədiməliyev qoltuğundakı dəftər-kitabları yorğun-arğın yazı masasının üstünə qoyub, yemək otağına keçdi. Qaşqabağı yer süpürürdü. Çırtma vursan qanı çıxmazdı. Qəmər xanım ərinin qırımını görüb, özünü yığışdırdı. Bəndalı düyümlənmiş yumruğunu qırmızı ətli sifətinə dirəyib zəhmli gözlərini rəhmətlik atasının divardan asılmış qara haşiyəli şəklinə zillədi. Sanki Bəndalı müəllim onu düşündürüb narahat edən mühüm bir məsələ barədə o rəhmətliklə də məsləhətləşmək istəyirdi. Qəmər xanım düşünürdü ki, yəqin bu gün yenə də maarif şöbəsindən yoxlamaya gələn olub, kişini sıxışdırıblar. Və yaxud da ki, Bəndalı müəllim gözlərini divardakı şəklə zilləməklə atası yadına düşüb. Ona görə də dilxor görünür. Kim bilir, bəlkə də başqa bir qəliz məsələ... Qəmər xanım Bəndalının qabağına çay qoyanda:
- Yüz fikir bir borcu ödəmir, - dedi. - Çayını soyutma, xörək də gətirimmi?
Bəndalı müəllim qərq olduğu fikir dəryasından ayrılıb başını buladı. Və yanıqlı köks ötürdü:
- Doğrudan da ağır dərddir. Ay arvad - dedi, - heç insaf deyil ki, dədə bir, nənə bir qardaşımın malına, mülkünə bir kəbinsiz yad qızı öz tifili ilə sahib ola. Mən də qalım kənardan baxa-baxa. Otuz il müəllimlik edəsən, bir dilbilməz uşaqla, bisavad qadını tovlaya bilməyəsən?!
Elə bil Qəmər xanımın yaralı yerinə toxundular. Onun dərdi yenidən tərpəndi. Bəndalı müəllimi məzəmmət etməyə başladı:
- Heç olmasa danışma! - dedi. - Eşidən olar, gedib bizi rüsvay eliyər!..
Ər və arvad bu barədə xeyli xısınlaşdılar. Dərdlərinə çarə axtardılar. Nə fənd işlətsinlər ki, Bəndalının qırxı təzə tamam olan qardaşı arvadı Xuramanı və onun qızı Donoranı evdən çıxartsınlar. Nəhayət, bir gün Bəndalı müəllim telefonun dəstəyini qaldırıb qardaşı evinə zəng etdi. Qardaşı arvadı Xuramana və onun qızı Donoraya yağlı-yağlı dillər töküb dedi ki, guya yarı canı həmişə onların yanındadır. Donoranı öz balasından çox istəyir. Bəndalı müəllim axırda qəhərlənirmiş kimi:
- Dünyadan nakam gedən qardaşımın goru haqqı, məəən!..
Bəndalı dayandı, dəsmalı çıxardıb gözlərinə tutdu və özünü elə göstərdi ki, ağlayır. Guya yaş onu boğduğundan sözünün dalını gətirə bilmir.
Sadə qəlbli Xuraman da telefonda özünü saxlaya bilmədi. Yanıqlı-yanıqlı hönkürdü. Xuraman ağlaya-ağlaya qaynına toxtaqlıq başladı:
- Ağlama, Bəndalı, ərim ölübsə, sənin kimi dağdan ağır qaynım var. Allah səni dünya durduqca saxlasın ki, biz də sənin sayəndə... Elə kölgən bizə bəsdi.
- Xuraman, o nakam qardaşımın goru haqqı ömrümün axırına qədər sizi sağ çiynim ağrısa sol çiynim üstə, sol çiynim ağrısa sağ çiynim üstündə saxlayacağam...
Nə isə, onlar ağlayıb özlərinə gəldikdən sonra bir qədər o yandan-bu yandan söhbət saldılar. Donoranın atasının xiffətini elədiyindən, hər şeyi bəhanə edib tez-tez ağladığından ürək ağrısı ilə danışdılar. Nəhayət, Bəndalı əsl mətləbə keçdi:
- Xuraman, - dedi. - İnsan çiy süd əmib. Ölüm ki var, gözlə-qaş arasındadı. Bu gün varıq, sabah yox. Bu fani dünyaya etibar yoxdur. Birdən qəfil ölüb elərəm, səni get-gələ salarlar. O mərhumun adına olan pulun əmanət kitabçasını ver, aparıb əmanət kassasında sənin adına keçirtdirim. Xırda-xırda alıb yetimini dolandırarsan.
Xuraman qaynının qayğıkeşliyinə qarşı minnətdar olduğunu bildirdi. Sonra, ərinin adına olan əmanət kitabçasını ona göndərdi.
Alıcı quş kimi əmanət kitabçasını alan Bəndalı sevincək yazı stolunun arxasına keçib Xuramanın dilindən şəhər sovetinin adına belə bir ərizə yazdı: "O vaxt ərə gedəndə kəbin kəsdirməmişik. Ona görə də mənə qəyyumluq düşmür. Xahiş edirəm mərhum ərimdən qalan varidata və qızım Donoraya qaynım Bəndalı Qədiməliyevi qəyyum təyin edəsiniz".
Şəhər Soveti hər iki tərəfin - yəni Bəndalının və Xuramanın "razılıq ərizəsini" nəzərdən keçirib qərara aldı: "Bəndalı Qədiməliyev qardaşı qızı Donoraya və onun varidatına qəyyum təyin edilsin".
Bəndalı dərhal qərarın surətini alıb özünü şəhər məhkəməsinə verdi. Məhkəmənin sədri Vəlibəyov fürsəti fövtə verməyib Qədiməliyevin Donoraya qəyyum təyin edilməsi haqqında qərar çıxartdı. Bəndalı qərarı isti-isti əmanət kassasına təqdim edərək, qardaşından qalan pulu alıb muradına çatdı... O, xəlvətə çəkilib başladı bu pulu yavaş-yavaş xırıd eləməyə.
Aradan xeyli keçdi. Xuraman qaynıgilə gedib əmanət kassasından bir qədər pul alıb onlara verməsini xahiş etdi. Bəndalı hiyləgərcəsinə dişini ağardaraq:
- Haa... haa... Nə danışırsan, - dedi. - Qanun var, qayda var. - O, dodağını əydi, - savadsızlıq belədi dəə!! Bu mümkün olan iş deyil! Çünki pul əmanət kassasında Donoranın adına keçirilib. Qız yeddi yaşına çatıb məktəbə getməyincə ona bircə qəpik də verməzlər.
"Qanun vaaar... qayda vaar... Savadsızlıq belədi də...". Xuraman inanıb kor-peşman geri qayıtdı.
Bəndalı birinci hiyləsinin baş tutduğunu görüb, daha da şirnikləşdi. Bu dəfə qardaşının evinə və əşyasına sahib olmaq üçün planlar qurmağa başladı...
Xuraman yay fəsli bir neçə aylığa şəhərdən kəndlərinə gedəndə Bəndalının əlinə fürsət düşdü. O, mötəbər, sədaqətli "dostların" köməyilə evi də ələ keçirtdi... Xuraman kənddən qayıdanda Bəndalı onu evə buraxmadı:
- Qayda var! Qanun var, - dedi. - Kəbinsiz adam qardaşımın varidatına sahib ola bilməz.
Bu dəfə məsələ böyüdü, iş məhkəməyə düşdü...
Xalq hakimi Hüseynovun sədrliyi ilə işə baxıldı. Məhkəmə evin, ev əşyalarının, əmanət kassasından saxta yolla alınmış pulun Xuramana və Donoraya qaytarılması barədə qərar qəbul etdi.
...Ancaq - dəvədən böyük fil var, - deyiblər. Ali məhkəmənin sədri və onun üzvləri bu cür "ehtiyatsızlıq" etmədilər və məsələni hərtərəfli ölçüb-biçdilər. Kollegiya üzvləri bir yerə cəm oldular. Ali Məhkəmənin sədri Aydınbəyov qərarı gözucu nəzərdən keçirib, sifətini turşutdu. Sonra o, uzaqgörənliklə qaşlarını dartıb üzünü kollegiya üzvlərinə tutdu:
- Gəlin əyri oturaq, düz danışaq, - dedi. - Bəndalı savadlı olar, yoxsa Xuraman?
- Əlbəttə, Bəndalı, - deyə kollegiyanın üzvləri bir ağızdan cavab verdilər.
- Hansının qohum-əqrəbası çoxdur?
- Əlbəttə, Bəndalı müəllimin.
- Hansı bizi dilə-dişə sala bilər?
- Əlbəttə, Bəndalı müəllim.
- Hansının yuxarılarda mötəbər adamı var?
- Əlbəttə, Bəndalı müəllimin.
Ağıllı sözə nə demək olar?! Əhsən! Doğrudan da dünya xali deyilmiş! Görünür, hakim Hüseynov ehtiyatsızlıq edib bu incə cəhətləri nəzərə almayıb?! Ali Məhkəmənin mülki işlər üzrə kollegiyası yuxarıdakıları nəzərə alaraq şəhər məhkəməsinin Xuramanın iddiasını təmin etmək haqqındakı qətnaməsini ləğv etdi. İş yenidən baxılmaq üçün geri qaytarıldı.
Məsələyə başqa rayonda baxılmalı oldu. O qədər pul, dolu ev! Bunu əldən vermək olar?! Bəndalı qarşıdakı məhkəmədə məsələni öz xeyrinə həll etdirmək üçün gecə-gündüz əlləşib dəridən-qabıqdan çıxdı. Müxtəlif sənəd, sübutlar toplamağa başladı. "İnsafla" desək, bu sahədə hamı Bəndalıya əlindən gələn köməyi etdi. Bəs necə, axı kişi arxalı adamdı.
Xəstə öz evində vəfat etdiyi halda, şəhər xəstəxanasının baş həkimi arayış verdi ki, guya onun özcə qulağı eşidə-eşidə mərhum vəsiyyət etmişdir ki, əmanət kassasındakı pulu qardaşı almalıdır. Evlərə Bəndalının sahib olduğuna haqq qazandırmaq məqsədilə dövlət sığorta müfəttişliyi məhkəməyə daşdan keçən rəsmi sənəd təqdim etdi. Guya həmin evin sığorta pullarını həmişə Bəndalı müəllim verirmiş. Bütün bu sənəd-sübutlar məhkəməyə təqdim olunduqdan sonra, hakim Sadıq Cəfərlinin sədrliyi ilə işə yenidən baxıldı. Amma ədalət hakimi heç düşünmədi ki, arvadı, uşağı, ayrı ev-eşiyi ola-ola mərhum nə üçün vəsiyyət etmişdir ki, onun pulunu qardaşı alsın, ev-eşiyinə Bəndalı sahib olsun. Özü də vaxtilə bir yerdə yaşayarkən, onu ata evindən qovub didərgin salan, illərlə qapısını açmayan namərd qardaşına.
Ancaq hakim ayıq adamdı və Bəndalı müəllimin arxasında kimlərin durduğundan, ali məhkəmənin bu məsələyə münasibətindən hali idi... Odur ki, müşavirə otağından çıxıb belə bir hökm oxudu: "Bəndalı Qədiməliyevin qardaşının varidatına varis olması haqqındakı tələbi məqsədə müvafiq sayılsın. Xuramanın pul və ev haqqındakı iddiası əsassız olduğundan rədd edilsin".
Əlbəttə, əlbəttə! Xuraman ha ağlasın! Qanun var, qayda var!
Aydınbəyovun sədrliyi ilə ali məhkəmənin kollegiyası da belə bir qərar qəbul etdi: "Xuramanın əri xəstəxanada vəfat edərkən doğma qardaşını yanına çağırıb yazılı surətdə vəsiyyət etmişdir ki, ona qardaşı Bəndalı varis olsun. Bu vəsiyyəti xəstəxananın baş həkimi öz möhürü ilə təsdiq etmişdir. Bunları nəzərə alaraq məhkəmənin bu qərarı ədalətli sayılıb, öz gücündə saxlanılsın. Xuramanın şikayəti isə rədd edilsin".
Əlbəttə, qanun var, qayda var!
Zavallı Donora anası Xuramanla ehtiyac içində, min cürə əzab-əziyyətlə yaşayırdı... Bəndalı Qədiməliyev isə onların halal əmlakına, ev-eşiyinə yiyələnib, xalq hakimlərinin sağlığına dövrən sürürdü...
1956-cı il
|