www.aliildirimoglu.az

“Aqibət”in acısı

SÖZ SƏNƏTİ

Təbiətdə, cəmiyyətdə, insanın ömür yolunda təbii axar, hər bir şeyin öz məqamında yetişib ərsəyə gəlməsi, hər bir axarın öz təbiiliyi ilə güclənib nəhrə çevrilməsi gerçəkliyin keyfiyyətlərindən, həyatın dinamikasından irəli gəlir, xüsusən yaradıcılıq prosesində. Bu prosesdə təbii stixiya daha inandırıcı və daha məntiqidir.

Azərbaycan ədəbi fikrində, ictimai mühitində, böyük oxucu auditoriya-sında yaxşı tanınmış yazıçı-publisist Əli İldırımoğlu belə bir yaradıcılıq yolu keçmiş, istedadının təbii axarı ilə yaradıcılıq üfüqlərinə doğru irəliləmişdir.

Əli İldırımoğlunun yaradıcı qələmi ədəbi fikrin hansı sahəsinə toxunubsa, orada özünəməxsus bir yenilik, təravət, novatorluq yarada bilib. Məhz bu xüsusiyyətinə görə Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimov vaxtilə onun publisistikasını Azərbaycan jurnalistikasında yeni mərhələ və ədəbi məktəb kimi qiymətləndirmişdi.

Əli İldırımoğlu geniş epik yaradıcılığa – hekayə, povest, romanlar dünyasına birdən-birə, bir çoxları kimi “göydəndüşmə” gəlməmişdir. Bu, uzun yaradıcılıq prosesinin qanuni, real və təbii nəticəsidir. Ömrünü, qələmini yazıya, ədəbi prosesə həsr etmiş bir yazıçı-jurnalistin illər boyu topladığı ədəbi təcrübənin qlobal epik davamıdır.

Əli İldırımoğlunun monumental romançılıq sahəsindəki fəaliyyəti onun yaradıcılıq yolunun, həmçinin Azərbaycan romançılığının inkişaf tarixinə nis-bətən çağdaş dövrün son mərhələsinə aid olsa da (halbuki ilk romanının yaşı 20 ildən çoxdur), o, bir sıra müasirləri sırasında professional nasir-romançı kimi fərqlənir. (Təəssüf, hətta ürəkağrısı ilə qeyd etməliyəm ki, son dövrlərdə “vulkan, fontan sindromunda” birdən-birə ortaya çıxanlar da az deyil).

Azərbaycan mətbuatında 60 ildən artıq bir müddətdə qələm çalan, qələmini külüngə çevirən Əli İldırımoğlu yüzlərlə məqalə, oçerk, felyetonun, onlarla hekayə, novella, povestin, neçə-neçə kitabın müəllifi olandan sonra roman janrına müraciət edən, imzası, şəxsiyyəti yaxşı tanınan, ciddi, mübariz, prinsipial, zəhmətə tablaşan nasirdir, ziyalıdır, formalaşmış yazıçıdır... Həyat həqiqətlərinə sadiq qalan, ancaq gördüyünü, duyduğunu, yaşadığını, taleyinin bir parçasına çevrilən gerçəkliyi qələmə alan, özgə süfrələrinin qırıntılarına göz dikməyən, ömrü boyu – gəncliyindən mətbuatımıza, ədəbiyyatımıza, ən ümdəsi millətimizə namusla xidmət edən, səksəni haqlasa da, gənclik həvəsi və enerjisi ilə işləyən yaradıcı şəxsiyyət, söz sahibidir. Epik təhkiyə onun yaradıcılıq yoludur, yazıçı-nasir taleyidir.

Hələ ötən əsrin 80-ci illərində Əli İldırımoğlunun istedadını yüksək qiymətləndirən xalq yazıçısı Bayram Bayramov Əli İldırımoğlunun yaradıcı-lığı haqqında yazdığı “Həyatın öz səsi” məqaləsində onun yaradıcılığını örnək sayır, gənclərə belə tövsiyə edirdi: “Əlinin bədii yaradıcılığa meyili güclüdür, duyğuları, müşahidələri zəngindir. Həyatı bilməyən, ondan uzaq düşən, mövzunu göylərdə, xəyallarda axtaran qələm sahiblərinə məsləhət görərdim ki, Əli İldırımoğlunun yazılarını oxusunlar, oradakı həyat mate-rialını, həyatın öz parçalarını, öz problemlərini görsünlər, bəhrələnsinlər.

...Dəqiq müşahidəsi olan jurnalistin bədii nəsrə meyil etməyi təbii haldır və oxuduğumuz hekayələrindən məlum olur ki, müəllifin bu meyili özünü doğruldur”.

Bu təbii meyilin güclü axara, axına çevrilməsi nəticəsində Əli İldırımoğlu-nun müxtəlif vaxtlarda nəşr olunan və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qəbul edilən sanballı, siqlətli ədəbi-estetik, əxlaqi-mənəvi məzmuna malik kitabları ilə qarşılaşırıq.

Roman janrının ən yaxşı tədqiqatçılarından biri, tanınmış rus ədəbiyyatşü-nası D.Qranin yazırdı: “Roman janrı insanı və onun dünyasını bütün zənginliyi, mürəkkəbliyi ilə əksetdirmə imkanına malikdir. Roman elə bir yaradıcılıq meydanıdır ki, onda müasirliyin ən aktual, aparıcı problemləri həll oluna bilər.

Roman tarixi prosesləri, tendensiyaları, tarixi gerçəkliyi, tarixdə baş verən ideyalar mübarizəsini əks etdirərək ictimai məzmun kəsb edir, tarix yaradır”.

Maraqlı cəhət ondan ibarətdir ki, roman janrının ədəbi-bədii, estetik, icti-mai, sosial, xəlqi və milli qayəsinin ən yaxşı imkanlarından yazıçı Əli İldırım-oğlu bacarıqla, istedadla, professional ədib səriştəsi ilə istifadə edib və müxtəlif mövzularda, ideyalarda roman nümunələri yarada bilib.

Əli İldırımoğlu epik yaradıcılığı ilə Azərbaycan romançılığının zəngin ənənəsindən güc alıb, yaradıcı şəkildə faydalanıb, həmçinin mövzu, kom-pozisiya seçimi, həyati faktlara yeni münasibət, sənətkarlıq cəhətdən fərqli, orijinal yazıçı mövqeyi ilə bu ənənəni zənginləşdirib, yeni dövr Azərbaycan romançılığı mərhələsində öz ləyaqətli və layiqli mövqeyini müəyyənləşdirib, cəsarətlə həmin romançılar pleyadasında layiqli yerini tuta bilib.

Onun romanlarının bədii siqləti, mövzu dairəsi, kompozisiyası, ideya-estetik qayəsinin bütövlüyü və orijinallığı bu fikrin elmi dəyərinə tutarlı sübutdur...

Əli İldırımoğlunun epik nəsri hadisələrə tamamilə milli mövqedən – azərbaycançılıq mövqeyindən müstəqil xəlqilik konsepsiyası müstəvisində bədii şərh verən monumental bədii faktlardır.

Orta əsrlərin böyük, dahi təsəvvüf-sufi alimi, filosofu, teoloqu M.Ə.Nəcəfi “Zübdət Əl-Xakayiq” teoloji-fəlsəfi traktatında yazırdı: “Mövcudluğun barı

– İnsandır, Ali Məlhəm, əvəzsiz İksir, dünyanın üzünü göstərən Cam, Kainatı tanıdan Güzgü – Kamil İnsandır. Dünyanın canı olan İşıq da odur”.

Bu dahiyanə elmi fikirdən, özü də həqiqəti özündə əksetdirən elmi fikirdən belə nəticəyə gəlmək olur ki, bədii yaradıcılığın əsas tədqiqat obyekti olan İn-san (“Ədəbiyyat insanşünaslıqdır” məşhur tezisini yada sal) obrazını əksetdi-rən əsər – roman – Kitab təkcə insanı deyil, həmçinin Dünyanı dərk vasitəsidir.

Dünya İnsanın, İnsan Dünyanın mahiyyətini, cövhərini əks etdirdiyindən yaxşı, kamil, işıqlı mövqedən yazılan hər bir sənət əsəri bizi Saflığa aparır, Saflıq yolunun yolçusuna çevirir.

Əli İldırımoğlunun təkcə “Aqibət” romanı deyil, digər epik əsərləri də Saflıq yoluna aparan parlaq İşıq selidir. İnsanlığın Aqibətinə, bu Aqibətin ədəbi-bədii, bir çox hallarda isə teoloji dərkinə, milli, fəlsəfi, mənəvi, əxlaqi izahına kömək edən, söz səltənətindən nur alan İşıq seli...

O, bir romançı kimi elə mövzulara, milli şüurun, mənəviyyatın, əxlaqın elə qatlarına toxunur ki, əsərləri bütövlükdə milli dəyər səviyyəsinə yüksəlir.

Böyük rus şairi Aleksandr Blokun özündən çox-çox böyük adaşı Alek-sandr Puşkin haqqında dediyi: “Şair dəyişməz dəyərdir!” sözlərini mən cəsarət və fəxarətlə Əli İldırımoğlu yaradıcılığına, xüsusən onun romanlarının ideya-estetik qayəsinə şamil edərdim. Bu romanlar – “Közərən sətirlər”, “Həmin adam”, “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Qarlı gecələr” və nəhayət, “Aqibət” Azərbaycan romanı tarixində hərəsi bir “dəyişməz də-yərdir” – milli nəsrimizin dəyəri...

Yaxşı cəhət odur ki, yazıçının hər yeni əsəri təkcə öz yaradıcılığı, yazıçı taleyində deyil, həmçinin müasir, çağdaş ədəbi prosesdə parlaq ədəbi fakta çevrilir. Və bu yüksələn xətt üzrə inkişaf yazıçını təntitmir, iddia kürsüsünə sürükləmir, şöhrətin əsirinə çevirmir, əksinə, məsuliyyəti birə on qat artır, zəhmətkeş yazıçı istedadı tükənmək bilmir...

Bu eliksirin mənbəyini həyatdan alan Əli İldırımoğlunun taleyi (görünür, istedadlı adamların taleyi yaşadığı dövrdən asılı olmayaraq oxşar olur) hardasa Maksim Qorkinin, yaxud da Portuqaliya yazıçısı, 1998-ci il Nobel mükafatı laureatı Joze Saramaqonun yazıçı taleyi ilə oxşardır.

Böyük yaradıcılığa həyatın dibindən gələn M.Qorki kimi o da həmkar-larının sualını cavablandırarkən deyir: “Zirvənin cığırı dərədən başlayır. Gərək dibdən gələsən – həyatın dibindən”. O, istedadının zirvəsinə belə bir yoldan, belə bir məkandan keçib gəlmişdir. İstedadını zəhmətlə yoğurmuşdur.

Portəgizin dünya şöhrətli yazıçısı Joze Saramaqo Nobel mükafatı alarkən təqdimat mərasimindəki məruzəsinə belə başlayıb: “Həyatımda nə vaxtsa rast gəldiyim adamlardan ən müdriki nə yazmaq, nə oxumaq bilirdi. Səhər saat dörddə onlar yatağından qalxırdı, bir sürü mal-qaranı otarmağa aparırdı. Onlar mal-qaranın gəliri ilə dolanırdılar. Ana babamı Jerenimo Melrinyo, nənəmi isə Jozefa Kayşinya çağırırdılar, hər ikisi savadsız idilər”. Uzun yay gecələrində, babası kimi qoca əncir ağacının altında, “qövs kimi əyilmiş göy üzü ilə səssiz çaylar kimi axıb gedən “Müqəddəs Yakov yolu”nun, o vaxtlar kənddə adlandırdıqları kimi “Süd yolu”nun əsrarəngiz parıltısının” sehrinə düşə-düşə yaradıcılıq dərsini babasından alıb və simvolik olsa da, yaradı-cılığın “Süd yolu”na elə oradan yollanıb... “Yuxum gəlmirdi, gecə babamın hekayətləri ilə dolurdu: əfsanələr və olmuş əhvalatlar, qarabasmalar və dəh-şətlər, ağlagəlməz hadisələr, çoxdankı ölümlər, nizələr və daşlarla döyüşlər, əcdadlarımızın söyləmələri, xatirələrin bitib-tükənməyən axını məni yatmağa qoymurdu, eyni zamanda yüngülcə layla çalırdı. ...Bunların məndən başqa heç kəsə dəxli yoxdur. Babam – Şimali Afrikalı ber-berdir. İkinci babam naxırçıdır, əfsanəvi gözəlliyə malik nənəm, valideynlərimin ciddi və gözəl üzləri, şəkildəki çiçək – özgə hansı genealogiyanı axtarmaq lazımdır? Özgə hansı nəsil ağacına gedib çıxmaq gərəkdir? ...Əminəm ki, haradan çıxdığımı, hansı materialdan biçildiyimi, niyə olduğum kimi olduğumu açıqlamaq üçün bunlar bəs eləyər”.

Görünür, böyük sənətkarların, istedadlı şəxslərin psixologiyasını, xarak-terini xaliq elə mümkün qədər eyni materialdan biçir... V.Hüqo, O.Balzak, A.Puşkin, L.Tolstoy, Y.V.Çəmənzəminli, S.Rəhimov, S.Vurğun və onlarca başqa nəhəng yaradıcıların eyni motivdə xatırlamaları mövcuddur. Əli İldırımoğlu öz geneoloji-nəsil ağacını dönə-dönə yada salır, hətta romanlar həsr edir, yazmaqla doymur. “Həmin adam”, “Közərən sətirlər”, “Zorən jur-nalist”, “Qarlı gecələr”, “Mənim rəncbər atam”, “Aqibət” romanlarında bu xəttin aparıcı olduğunu müşahidə edirik və onun bir istedadlı yazıçı kimi “hansı materialdan biçildiyi”nin şahidi oluruq. Səksəninin qapısı döyəclənən məqamda qocaman yazıçının 2004-cü ildə qələmə aldığı bu duyğuların uzaq Portəgiz müdrikli ilə heyrətamiz uzlaşması bizi bir daha sehrləyir.

“Qarlı gecələr” romanının sonluğunda yazdığı “İzim və sözüm” adlı yazı-şərhində Əli İldırımoğlu Joze Saramaqo kimi “hansı materialdan biçilməsinə” işarə vuraraq yazır: “Dünənim, bu günüm barədə müfəssəl olaraq bu qədər. Yazdım, yozdum ki, yaxın-uzaq gələcəkdə əsil-nəcabətim bilinsin. İldırımza-dələrin hansı kökün üstündə pöhrələndiyi bəlli olsun”.

Bax, elə buradan Əli İldırımoğlunun bir insan, qələm və istedad sahibi kimi “olduğu kimi olduğu”nun səbəbi və ədəbi portretinin digər cizgiləri canlı görünür.

Elə ona görə onun “Aqibət” romanındakı Höcət Cahangirin, Bağır kişinin, Kor Həşimin, Fərəc kişinin xəmirinin nədən yoğrulduğu, “köşələrinin hansı göndən çəkildiyi”, “hansı zindanda döyüldüyü”, “hansı kökün üstündə pöhrə-ləndiyi” və milli-əxlaqi, türkçü dəyərlərimizin daşıyıcılarına çevrilən bədii obrazlar səviyyəsinə yüksəlmələrinin kökü bəlli olur.

Bu yaradıcı proses “avtobioqrafiklik” anlayışı altında şərh olunsa da, biz bunun daha çox “avtopsixologizm” anlayışına uyarlığını, müəllifin geneoloji koddan yaratdığı obrazlara transformasiya edən “geneoxarakterdən” irəli gəldiyini daha dürüst sayırıq.

Ədəbiyyatşünasların və ədəbi tənqidçilərin əksəriyyəti Əli İldırımoğlunun ədəbi obrazlarının, süjet və mövzularının avtobioqrafikliyini qəbul edir. Məsələn, Əli İldırımoğlunun “Zorən jurnalist” romanını çox gözəl təhlil edən professor Əliheydər Həşimov “Həyat dərsliyi” adlı məqaləsində yazırdı: “Əli İldırımoğlu özünün ədəbiyyata gətirdiyi müsbət obrazlarının rəftar və davra-nışında təmkinini saxlayan, ələm, kədər və ağır günlərdə heç vaxt sarsıl-mayan, bayağı şöhrətə aludə olmayan, ədalət uğrunda mübarizə aparmaqdan yorulmayan sevimli ədəbi qəhrəmanlarının real prototipi, canlı nümunəsidir”.

Bu fikrin gerçəkliyinə heç bir şübhə etmədən, bir cəhəti də bildirək ki, bu proses əksinə də hərəkət edir. Yazıçının şəxsiyyəti, xarakteri, həyatından müəyyən detallar, obrazlara transformasiya etdiyi kimi, obrazların xarakterlə-rindən, həyat tərzlərindən, psixikasından yazıçı şəxsiyyətinə də nəsə keçir, onun həyat idealının müəyyən cizgilərinə çevrilir və beləliklə də, yazıçı şəxsiyyətinin bütövlükdə formalaşma prosesinə xidmət etmiş olur...

Bu cəhətdən Əli İldırımoğlunun romanlarındakı obrazlarla onun yazıçı şəxsiyyəti arasında qəribə bir uyarlıq və tamlıq müşahidə edilməkdədir. Bu uyarlıq, tamlıq, xüsusən əxlaqi-mənəvi dəyərlər sistemində özünü daha bariz şəkildə göstərir.

Digər əsərlərində olduğu kimi, “Aqibət” romanında da onun itib-batmaq təhlükəsi qarşısında qalan mənəvi-əxlaqi, milli dəyərlərimiz uğrunda romançı-yazıçı mübarizəsi lirik qamma yaradır və qan yaddaşında donub qalan əxlaqi dəyərlər uyqudan ayılır, həzin ana dilinin axarı ilə yeni nəslin yaddaşında bərpa olunur.

Böyük rus klassiki A.Blok yazırdı: “Yazıçı dünyaya ona görə gəlib ki, ürəyini mənəvi acların qarşısında üryan etsin... Rus həyatından yox olmuş həqiqəti geri qaytarmaq bizim yazıçı borcumuz, yazıçı işimizdir”.

Bu mənada Əli İldırımoğlu haradasa konservator yazıçıdır. O, xalqının, millətinin əlindən alınmış, qəsdən unutdurulmuş əxlaqi-mənəvi dəyərlərin – Azərbaycan əxlaqından yoxalmış həqiqətin bərpası ilə məşğul olur. Bu cəhətdən “Aqibət” romanında təsvir olunan bir hadisə olduqca səciyyəvidir. Romanda oxumuş, yüksək əxlaqa, düşüncəyə, təmkinə malik kitabxanaçı qız, qənirsiz gözəl Qənirə adlı bir obraz təsvir olunur. Onun danışıq tərzi, rəftarı, ailəsinə – ata-anasına, qardaş-bacılarına münasibəti, valideynlərinin dolanı-şığı uğrunda hər bir zəhmətə, əzaba qatlaşması, digər mənəvi keyfiyyətləri yazıçı tərəfindən inandırıcı və təsirli lövhələrlə təsvir edilir.

Bu sadə kəndli qızının əxlaqı, mənəviyyatı təzyiqlərə və təqiblərə məruz qalır. Əhvalatlar XX əsrin 30-cu illərində Qalaça adlı bir dağ kəndində baş verir. Yeni qurulmuş bolşevik hökuməti, kollektivləşmə nəticəsində ortaya çıxan kolxoz hərəkatının yaratdığı ağır mühit, “NKVD” basqıları, ümumiy-yətlə, bu tarixi mərhələnin bütün hadisələri dağ kəndinin timsalında psixoloji ruhda təzədən canlandırılır və o dövrdə cərəyan edən hadisələrin görünməyən tərəflərinə aydınlıq gətirir, işıq salır.

Kişiliyin, əxlaqın, düzlüyün, qeyrətin, həyat tərzimizin fəlsəfəsindən gələn mənəviyyatın qalası olan bu Qalaça kəndi indi Lüt Qasımın tülüngü oğlu Lovğa Səftərlərin oylağına çevrilib. Tarix boyu qazanılmış əxlaq və mənə-viyyat anlayışları bu Qalaça kəndindən get-gedə qeybə çəkilir. Lüt Qasımın tülüngü oğlu Lovğa Səftər firqəçidir və özgə vəzifədar kişilərin tumarına yatan bacısı Gülpərinin hesabına bu kənddə kolxoz sədri seçilib, hakimi-mütləq olub, erkək kəhərin üstündə kənddə at oynadır...

Bu harınlamış, at üstündə olan, hakimiyyət kürsüsündə əyləşən, bütün mənəvi cəhətləri ilə də “lütkom” olan sədr Səftər əxlaqsızlığa yuvarlanır və Qənirənin namusuna təcavüz etməyə cəhd göstərir...

Bu epizod ənənəvi romanlarımızdan da bizə tanışdır və ilk baxışda stereotip təsiri bağışlayır... Lakin burada tamamilə orijinal bir cəhət Qənirənin rəftarında, namusunu, əxlaqını saflığa, təmizliyə çıxarmaqdan ötrü canına qəsd etməsində – özünü Dəvəbatan burulğanına qərq etməsində ortaya çıxır.

Əslində, “lütkom” nəslindən olan Səftər ona sadəcə əl atmış, əlbəyaxa olmuşdular. Bunu isə Cahangir kişi qızın imdad harayına gələndə görmüşdü...

Və müasir “əxlaqın diktəsində” burada qeyri-adi heç nə yoxdur. Əslində, Qənirə özünü müdafiə edərək bəkarətini qorumuşdu.

Qənirənin əxlaqi-mənəvi ucalığa yüksəlməsini göstərən bir məqam diqqəti cəlb edir. Bu, onun ölümqabağı keçirdiyi hislər, daxili sarsıntılar, öz məni ilə apardığı mükalimə, iç dünyasına yönələn monoloqudur: “Sabah bu əhvalat bütün Qalaça camaatına yayılacaq. Orda-burda pıçıldaşmalar başlayacaq: Qə-nirəynən kolxoz sədrini bağda bir yerdə biabırçı vəziyyətdə görüblər. Ondan sonra hamı pozğun bir qız kimi məni lənətləyəcək. Bütün Qalaça camaatı mənə nifrət edəcək. Ata-anama, qardaşlarıma töhmət yükü olacağam. Bu, nə müsi-bətdir, durduğum yerdə gəldi başıma, ilahi! Deməli, ömrümün axırına kimi poz-ğun, əxlaqsız qadın adı üstümdə qalacaq. Artıq bu ləkəli adı torpağa qovuşana qədər daşımağa məhkumam. Mən təkcə ata-anama, qardaşlarıma, qohumla-rıma yox – bütün kəndimizə silinməz ləkəyəm. Onda məni niyə yaradırdın, ey gözəgörünməz! Adına pis söz çıxan bir qızın Qalaça torpağının üstündə gəzməyə, bu yerlərin saf havasını udub, suyunu içməyə, halal çörəyini kəs-məyə, başını qaldırıb insanların üzünə baxmağa haqqı varmı? Yoox, Yooox!”

Bununla da o, özünə ölüm hökmü kəsir. Göründüyü kimi, Qənirə bu daxili monoloqunda doğmalarından da çox kəndini, torpağını, camaatını düşünür və belə dərk edir ki, “it dəymiş ayran” kimi adının murdarlanması kəndi, camaatı, doğma torpağı ləkələyir. Bax, budur onun əxlaqi qənaəti, budur bizlərin – müasirlərin unutduğu milli-mənəvi, əxlaqi dəyər və bu dəyərin Qənirə obrazında bərpası.

Ümumiyyətlə, Əli İldırımoğlu romançılığında real həyat hadisələri, dərk olunmuş həyatın özü var, şirin bir təhkiyə ilə canlandırılan həyat...

Əli İldırımoğlunun yazı manerasında, nəsr təhkiyəsində bır nağıl şirinliyi, vahid axarlı süjetdə sadəlik və folklorun mühüm epik janrı olan nağıl poeti-kasının modelinə bənzərlik var. Əfsanələrdən, atalar sözü və məsəllərdən, bayatılardan yerli-yerində istifadə edilməsi və romanın kolliziyasına uyğun şəkildə işlənməsi əsərin poetikasını şərtləndirən elementlərdəndir...

Müəllifin ədəbi priyomları, üslubu, təhkiyə sərbəstliyi və ardıcıllığı, mistik-ruhi detallara müraciəti, cümlələrin quruluşundakı sadəlik, bitkinlik, əqli və hissi-emosional duyğular oyadan söz düzümü, xəlqi ifadələr, bənzət-mə və təşbehlər onun sənətkarlığının mühüm atributlarındandır. “Həndəvər”, “həvirləşmə”, “gənəşmə”, “eymənmə”, “mərəy”, “atın hörüyü”, “vəl”, “xırman”, “ağnağız”, “səmtimək”, “heşan”, “ağzı yelli”, “qara-çalpov”, “caydağ”, “vərəvurd”, “üzükmək”, “isdahat”, “ərəmlik”, “qərcimədaş”, “yarım gəviz”, “dağar”, “mayıf”, “ləc”, “sidqi sıyrılmaq” və s. bu kimi arxaizmlər, müasir dilçilik mədəniyyətində unudulan sözlər; “gözəllik ədəbdir, gül camal deyil”, “xalxınkı birdir, amma pirdir”, “qonşu qızı gəmirçəkli olar”, “ərim ər olsun, kol dibi evim”, “indi kəsək daşdan ağır olub”, “qeyrət Allahdan gəlir, vəzifə hökumətdən”, “oldu it dəymiş ayran”, “hər yoxuşun bir enişi var”, “darını kola tökmə, səbir elə”, “dəvə ölsə dərisi bir eşşəyə yükdür, toyuq ölsə bir çəngə tük”, “arvad almaq asandı, ər olmaq çətin” qəbildən bədii təsərrüfatda çox az işlənən onlarla atalar sözləri, bir neçəsini də müəllifin özünün yaratdığı xeyli deyimlər bədii kompozisiyaya daxil olaraq bir nağıl, folklor havası, elatdan gələn səmimiyyət, xoş, təmiz ovqat, bir sözlə, milli kolorit yaradır.

M.Qorki yazıçı üçün folklorizmlərin nə qədər böyük əhəmiyyət kəsb etməsini, atalar sözlərindən və məsəllərdən istifadədə yazıçı təfəkkürünün cilalanması prosesini nəzərdə tutaraq yazırdı: “Mən atalar sözlərindən çox şey öyrənmişəm, başqa sözlə, aforizmlə düşünmə qabiliyyətini...”

Əli İldırımoğlunun yazıçı təfəkküründə də xalq yaradıcılığında olan afo-rizmlə düşünmə qabiliyyəti, nəsrində aydın, səlis, mənalı təhkiyə üslubu var.

“Aqibət”də bədii mətnin səthiliyi yoxdur, sadəliyi, anlaşıqlığı, estetik təsirliyi var. Əsərin süjetinə, kompozisiyasına daxil olan hər bir hadisənin bədii-estetik, məna-mahiyyət kodu vardır.

Xüsusən, təbiətdən alınan detalların – Dəvəbatan burulğanının, Dəlmə arxının, el dəyirmanının romanda simvollaşdırma yolu ilə canlı obraz, xarak-ter miqyasına qaldırılması, ictimai-siyasi, mənəvi-əxlaqi kod daşımaları, sətiraltı ideya-estetik məna və mahiyyət kəsb etmələri Azərbaycan romanı modelində tamamilə yeni, orijinal bədii-sənətkarlıq vasitəsidir.

Ümumiyyətlə, canlı-cansız təbiət detallarını əsərdə hadisələrin iştirakçısına çevirmək üsulu, onları simvollaşdırma yolu ilə şəxsləndirmək modern romançılığın poetikasının əsas xüsusiyyətlərindəndir.

İnsan və təbiət, insan və ətraf mühit, insanın canlılara münasibəti (burada Höcət Cahangirin sarı Madyana, “lütkom” Qasımın tülüngü oğlu Lovğa Səf-tərin mindiyi erkək Kəhərə münasibəti), insanın insan olmayan canlılar qarşı-lığında ilahi tərəfindən yerinin müəyyənləşdirilməsi – bütün bunlar yazıçını dərindən düşündürür.

İnsan mənəviyyatının, əxlaqının kataklizm səviyyəsində erroziyaya uğraması müəllifi dəhşətli dərəcədə hiddətləndirdiyindən, ədib ikinci tərəfi ürəkağrısı ilə, məhəbbətlə təsvir edir, onları itirilmiş, yoxlaşmağa doğru gedən mənəvi-əxlaqi dəyərlərin mücəssəməsinə, qoruyucusuna, müdafiəçi-sinə çevirə bilir...

Romanın süjeti boyu Dəlmə arxının bərpası, demək olar ki, bütün hadisə-lərin mərkəzində dayanır. Dəlmə müasir anlayışla desək, dağın, təpənin altından atılan, o qədər də uzun olmayan, kiçikhəcmli tuneldir. Yəni dağı, təpəni, daşı dəlib keçərək nəyəsə yol açmaq deməkdir.

Zabıxlı nəslindən olan babalar vaxtilə Dəlmə arxı çəkərək geniş, bərəkətli torpağı olan Cəyən düzünə su çıxarıblarmış, lakin zaman-zəmanə bu arxı itirib, Cınqıllı təpənin altından keçən Dəlmə arxını ot-əncər, daş-qaya, şax-şəvəl, torpaq basıb, uçquna düşüb, Dəlmə dəlməliyini itirib. Sular quruyub, Cəyən düzünün bərəkətli torpağını kol-kos, şax-şəvəl basıb, yaşıl-yaşıl bağlar, tala-tala tarlalar quruyub, boz, quru, bərəkətsiz çölə çevrilib, Cəyən düzü sağır-qısır qalıb, ilan mələyən bir çöl olub.

Əslində, bu, bizim mənəvi dünyamızın, milli mahiyyətimizin, əxlaqi də-yərlərimizin, milli mentalitet anlayışında ehtiva olunan bütün xüsusiyyətlərin quruyan arxıdır, qısır qalan bərəkətli çölüdür. Elə şeylər itirmişik ki, içimiz də, çölümüz də quruyub. Milli mənlik itən yerdə (Dəlmə arxı quruyan yerdə) millilik, xəlqilik də itir, xalq mənəviyyatı (Cəyən düzü) qısır qalır, bərəkətsiz, barsız-bəhərsiz olur və millətin bütün fəlakəti, faciəsi də buradan başlayır, babaların ruhu başımız üzərində narahat-narahat dolanır, bizləri haqq yoluna, dədə-baba qeyrətinə çağırır.

Elə ona görə də millətə, xalqa, Vətənə (Cəyən düzünə) Höcət Cahangir kimi əxlaqlı, mənəviyyatı, yolundan, əqidəsindən, nəslindən, nəcabətindən, qeyrətindən, namusundan dönməz, əlidüsərli bir kişi lazım gəlir, babaların ruhları onu seçir. İrəlidəki bulağa çatar-çatmaz onun qulağına qeybdən bir səs gəlir:

“– Eheyy! Zabıxlı tayfasından olan Höcət Cahangir! Səninləyəm! Qu-lağını aç, yaxşı-yaxşı eşit! Agah ol dediklərimdən! Nə qədər ki, canın suludu, ahıllıq başının üstünü almayıb, qolunda qüvvət, dizində taqət var, qədim arxa bir əncam çək! O arxı Zabıxlı tayfasından olan babaların çəkib! Unutma ki, Dəlmə arxına su gəlməsə, onların ruhu səni bağışlamaz. O dünyada yerin yoxdur! Olsa da, cəhənnəmlikdir!.. Öz-özünə düşündü. Onun başında du - manlı fikirlər dolaşdı: – Bəlkə, məni xəlq eyləyən gözəgörünməzin hənirti-sidir?! Yoox, yəqin bu, Zabıxlı tayfasından olan daşlaşmış, heykəlləşmiş babalarımın mənə vurduğu töhmət, tənədir!”

Əlbəttə, belədir: bu, ulu babaların müasir nəslə töhmətidir, tənəsidir, ruh-ların üsyanıdır...

Romanda Sücəddinin dəyirman yolunda gözünə görünən teyfin-əmmaməli mömin Mir Rahibin söylədiyi sözlər babaların ruhlarının üsyanına bariz nümunədir: “Onu da anla, agah ol ki, Qalaça kəndi Tanrının qəzəbinə keçib. Başınıza gələn müsibətlər Yaradanın cəzasıdır. Bunu başa düşmək fəhmindən xalisiniz. Qalaçanın mollası Tağı, yol göstərəni Lüt Qasımın oğlu Lovğa Səftər, dəyirmançısı Sülək Şahnəzər, deputatı qüdrətsiz Qüdrətdirsə, deməli, kəndə bədbəxtlik üz verib. Fitnə-fəsadın baş alıb getdiyi, namus-qeyrətin qeybə çəkildiyi, insanların ehtiraslarının quluna çevrildiyi, adamların qurd kimi bir-birini diddiyi məmləkət fəlakətdən yaxa qurtara bilməz! Nə qədər gec deyil, tövbə edin! Tövbə edin! Haqqa qayıdın! Haqqa qayıdın!”

Əslində, “Aqibət” romanı müasirlərimizə, dövranımıza tövbə yolunu, haqqa qayıdış yolunu nişan verir...

Romanda Höcət Cahangir, onun oğlu Sücəddin əsas, aparıcı obrazlardır. (Əslində, mən baş qəhrəman anlayışını qəsdən işlətmirəm. Bu əsərdə bütün ob-razların öz yeri, öz aparıcı rolu olduğundan onları fərqləndirmək istəməzdim).

Bu adların özündə də bir rəmz, simvol görünür. Höcət Cahangir mühitə, mənəviyyatsızlığa qarşı mübariz olduğundan, sözündən, əqidəsindən dönmə-diyindən adamlar ona “Höcət” ayamasını qoyub. Cahangir, əslində, yaşadığı mühitdə hakimiyyəti olmayan hökmdar, qoşunu olmayan sərkərdədir, adının mənasında olduğu kimi, babaların ruhlarının əmanətlərini qoruyan hökm sahibidir, cahangirdir... Mühitin qurutduğu Dəlmə arxını açıb Cəyən düzünə su çıxarmaq gücündə, istəyində olan və mühitin sosial ədalətsizliyini bu yolla düzəldib, əzəli məqamına, çağlarına qaytarmaq (istər əlindəki düsərin, istərsə də Dəlmə arxından tapdığı “Üçatılan”ın gücü ilə) iddiasında olan insan obrazıdır.

Sücəddin isə əsasən, mənəviyyat, əxlaq, təmizlik, məhəbbət, inam və etibarın müdafiəçisi olan gücün, şücaətin, igidliyin simvoludur. (Əsərin so-nunda məhz o, “Üçatılan”ı işə salır və pisliyin özünə atəş açır). Onun bütün əqidəsi, sevgisi, həyata münasibəti atasından gələn, ondan öyrəndiyi, kəsb etdiyi təmizliyə, saflığa, duruluğa, kişiliyə bağlı olduğundan atasından sonra (Səftər, bu “lütkom” nəslindən olan sədr Cahangiri arxı təmizləyərkən qırdığı üç-dörd çəkil ağacına görə şərə salıb, sinfi düşmən adı ilə gedər-gəlməzə göndərmişdi) bu yüksək əxlaqi-mənəvi dəyərlər uğrunda mübarizəyə qalxır, atasının yarımçıq qalan işini davam etdirmək üçün Dəlmə arxının bərpasına girişir, yəni ata-oğul, nəsil-nəcabət, sələflər-xələflər geneoloji xətti, axarı qovuşur, bədii həqiqətin gücü ilə biri digərinin davamına çevrilir, nəsillər arasındakı bağlar qırılmır...

Ümumiyyətlə, yazıçı hər bir obrazın xarakterinə, xasiyyətinə uyğun ad seçib onları mənalandırmağı və bu sınanmış bədii-üslubi formadan istifadə etməyi bacarıb...

Və yaxud, romanda təsvir olunan təbiətin bir parçası Dəvəbatan burul-ğanı... Bu da insaniləşdirilmiş, ictimailəşdirilmiş obraz səviyyəsinə qaldırıl-mış rəmzi-simvolik bədii detaldır. Mühitin, dövrün, zamanın burulğanıdır – Dəvəbatanıdır. Yaxşı nə var bu burulğan öz dibinə çəkir (iş elə gətirir ki, bu Dəvəbatan murdarlığı – dəyirmançı Sülək Şahnəzərin meyitini qəbul etmir), izsiz-tozsuz batırır – qənirsiz gözəl Qənirəni də, insani vəhşiliyə üsyan edib, şahə qalxan Kəhəri də udur, necə ki, keçən əsrin 37-ci il hadisələrinin burul-ğanı millətin bütün yaxşılarını, əsillərini, nəcabətlilərini, xalqın geneoloji fondunu izsiz-soraqsız uddu, gedər-gəlməzlərdə batırdı...

Başqa bir rəmzi-simvolik obraz – Dəyirmandır. Dəyirman bin-bərəkət ocağı, halallıq tələb edən ruzi mənbəyidir. Xalqın, millətin, elatın unu-çörəyi, ruzisi buradan keçir. Bu ruzi ocağını gərək halal adamlar, nəcabətli insanlar qursun, işlətsin ki, bin-bərəkəti də olsun, evlərin təhnələri halal bərəkətlə dolsun...

Dövran, zəmanə, kolxoz-kollektivləşmə, sovetləşmə eybəcər sosial mühit yaradıb. Bu halallıq ocağını quranları, tikənləri – Höcət Cahangirləri, Kar Bağırları təkləyib, dəyirmanı – bin-bərəkət ocağını (oxu: torpağı, Vətəni, eli-obanı) haramxorlara, əsli-nəsli olmayanlara, nəcabətsiz “lütkom” firqəçilərə tapşırıb...

İndi bu əsil-nəcabəti olmayanlar, “lütkomlar” elə harınlaşıblar ki, Dəyirmanı tikənlərin ağnağızını – bir dağar dənini belə yaxına buraxmırlar. Və bunları Allah qəbul eləmir! Elə həmin Dəyirmanın qabağında hökmranlıq edən, kəndin “lütkom” nəslindən olan sədri öz bağışlanmaz əxlaqsızlığının günahını mindiyi kəhərin üzərinə yıxıb, onu şallaqlayıb döyür, kəhər bu haqsızlığa dözməyib intihar edir, çayla üzüb Dəvəbatan burulğanına düşür...

Bu məqamla müəllif kəhər atın özünəməxsus, lakin reallıqla çulğalaşan daxili monoloqunu verir və bu səhnə insan qəddarlığının indiki məqamda nə qədər dəhşətli olduğunu bariz nümayiş etdirir: “At döyülməkdən titrəyirdi, əsim-əsim əsirdi, hərdən boynunu gərib çayın hər iki sahilində dayanıb, onun tutulması üçün canfəşanlıq göstərən insanlara sanki nifrətlə baxırdı. O, indiyəcən insanların bu qədər qəddar, insafsız olduğunu hiss etməmişdi. İndi onu heç bir günahı olmadan, şallağın altına salıb qəddarcasına döyən sahibinə də, arxasınca düşüb onu ram etmək istəyənlərə də amansız bir nifrətlə baxırdı. Kəhər at insanların bu cür rəhmsiz olduğunu bilməzdi. İndi o, ölməyə razıydı, bir daha insanların əlinə düşməyə yox. Kəhər atın dili olsaydı, var gücü ilə qışqırıb car çəkərdi ki, ey insanlar!! Siz Yer üzünün əşrəfi olduğunuz qədər də amansızsınız. Allahsız məxluqsunuz! Günahsızlara divan tutmaqdan usanmırsınız. Sizin bu cür riyakar, bədxah olduğunuzu əvvəlcədən bilsəydim, Allaha üz tutub yalvarardım ki, məni yaratmasın. Yaratsa da, yalan, böhtan, paxıl, bir-birinə qənim kəsilən belə bir məxluqa tuş eləməsin. Onda insan ayağı dəyməyən vəhşi çöllərdə sakit həyat sürüb, azad yaşayardım”. Bu səhnənin, fikrimizcə əlavə izaha ehtiyacı yoxdur...

Bu, insanlığa nifrət, insanlığa qəzəb deyil, əslində, insan olanı insanlığa çağırışdır, insan olanı mühiti ilə harmoniyada yaşamağa səsləməkdir. Dishar-moniya olan yerdə isə təbiətin insana qəzəbi tutur...

Bu üç simvolik obraz – Dəlmə arxı, Dəvəbatan burulğanı, Dəyirman romanın kompozisiyasına xüsusi təravət, süjetə orijinallıq, Azərbaycan roman ənənəsinə isə yenilik gətirir, romanın bədii-estetik dəyərini yüksək səviyyəyə qaldırır.

Əli İldırımoğlunun bir yazıçı, epik bədii təfəkkür sahibi kimi özünəməxsus yaradıcılıq xüsusiyyətləri və prinsipləri var: birinci, hüdudsuz realistdir, həyat həqiqətlərinə, gerçəkliyə böyük yazıçı məhəbbətilə sadiqdir; ikinci, görümlü, duyumlu, predmetli müşahidə bacarığına malikdir; üçüncü, axarlı, oxunaqlı dili var, bədii məntiqi ardıcıldır; dördüncü, öz intellektini, duyğularını, düşüncəsini obrazlarına, təsvirlərinə, dialoqlara sərbəst transformasiya etməyi bacarır; beşinci, yazısında ənənəyə sadiq, yeniliyə, orijinallığa meyillidir; altıncı, xalq həyatının, mənəviyyatının, milli mentalitetinin, xalq dilinin erudik bilicisidir, təəssübkeşidir və bunları öz təbii axarı ilə əsərlərinə hop-dura bilir və s.

Əli İldırımoğlu yaradıcılığı haqqında müxtəlif fikirlər ola bilər, amma maraqlı bir cəhət budur ki, onun haqqında yazan ədəbiyyat biliciləri – Rafael Hüseynov, Bayram Bayramov, Qasım Qasımzadə, Qulu Xəlilov, Gəray Fəzli, Əliheydər Həşimov, Əhəd Muxtar, Sadıq Şükürov, Vahid Əziz, Vaqif Yusifli, Nizaməddin Şəmsizadə və başqaları (göründüyü kimi, çox müxtəlif nəsillər, çox fərqli baxışlar) hamısı bir nöqtədə birləşir, Əli İldırımoğlunun istedadlı bir sənətkar olması fikrini dönə-dönə təhlillə, fakt-sübutla söyləyirlər.

Bu yazıçıların, şairlərin, tənqidçilərin, alimlərin Əli İldırımoğlu haqqında dediyi sözlər, fikirlər, göstərdikləri məhəbbət, hörmət, inam bir də ona görə maraqlıdır ki, Əli İldırımoğlunun yazıçı şəxsiyyəti, istedadı, insanlığı, ümumiyyətlə, ədəbi portreti bu işıqlı fikirlərin arasından öz parlaqlığı ilə boylanır, canlanır.

Azərbaycan ədəbi ictimaiyyətinə, ədəbiyyatına, oxucularına təqdim olu-nan “Aqibət” romanı, əslində, keçən əsrin 30-cu illərində, repressiya döv-ründə millətin əxlaqına, mənəviyyatına vurulan zərbədən sonra xalqımızın aqibətini əks etdirən və bu günümüzün, çağdaş dövrün bəlalarının köklərini göstərən, müasirliklə yoğrulmuş tarixi əhəmiyyətli bir romandır və onun müəllifi Əli İldırımoğlunun bir nasir kimi yaradıcılıq potensialının tükən-məzliyindən xəbər verən qüdrətli bədii faktdır...

Qurban Bayramov,

filologiya elmləri namizədi, tənqidçi-ədəbiyyatşünas

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com