|
“Aqibət”in acısı
İTİRİLMİŞ ZAMAN HAQQINDA HEKAYƏT
“...Heç bilirsizmi, səhər yeməyində ləzzətlə çeynədiyiniz Strasburq paştetinin nədən belə zərif dadı var? Çünki sizlər üçün nəzərdə tutulan həmin o heyvanı közərmiş dəmir plitənin üstündə diri-diri qızardıblar və ciyəri yaxşı-yaxşı bişib şişəndən, lap yeməli olandan sonra öldürüblər. O heyvanın nə əzab çəkdiyi bizimmi dərdimizə qalıb? Biz o paştetdən ləzzət aldıq və elə əsas da budu. Bax, dahi də belə əzablardan doğulur. Sizi heyran qoyan, şüurunuzu silkələyən yüksək təfəkkürün, ürəyin fəryadının arxasında gör-mədiyiniz göz yaşları, təsəvvürünüzə belə gəlməyən işgəncələr dayanır. Onun nə əzab çəkdiyi bizimmi dərdimizə qalıb?.. Əgər ət ağızda əriyirsə, söz qulaq-da dincəlirsə, elə yaxşı olub ki, onlar bu işgəncələrdən keçiblər”.
Flober “Hislərin tərbiyəsi” əsərində yazıçının əzablarını belə təsvir eləyir. Bəli, yazıçılıq hardasa bir ömür uzunluğunda olan intihar aktıdı. Bütün öm-rünü düşüncələrinin girovuna çevirən insanın nə rahatlığı?! Amma nə yaxşı ki, oxucu uzun məşəqqətlərdən sonra yazıçının canından çıxardığını əlində tutub oxuyanda onun cadar-cadar olmuş ürəyini görmür. Həmin an oxucu yalnız kitabla üz-üzədi, bu kitabın hansı ağrılardan keçib gəldiyi onu qəti maraqlandırmır.
Əli İldırımoğlunun yenicə işıq üzü görən “Aqibət” romanını mütaliə etdikcə mən də bir oxucu kimi eynən bu hisləri keçirirəm. Bəli, kitab qarşısında sənətindən asılı olmayaraq, hamı oxucudu, hətta yazıçı da. Amma ən paradoksal hal odur ki, yazıçı bütün bu ağrılardan özü də keçsə belə kitab qarşısında oxucu kimi daha tələbkar olur. Çünki yazıçı oxucu cildində adi oxucudan fərqli olaraq əsəri sadəcə oxumur, həm də qələmlə olmasa da, düşüncəsiylə yazır.
Əslində, mən “Aqibət” romanını müəllifin yeni əsəri yox, “Közərən sətirlər”dən başlanan yolun davamı kimi oxudum. Bu yolda “Mənim rəncbər atam” və “Qarlı gecələr” adlı daha iki dayanacaq oldu. Və inanıram ki, bir kitabda birləşən – hələlik tetralogiya adlandıra biləcəyimiz bu kitabın mütləq davamı olacaq. Və əgər mənə sual verilsəydi ki, Əli İldırımoğlu ədəbi yara-dıcılığını hansı formulla izah edə bilərsən, düşünmədən belə bir cavabım olardı:
– Bu romanlar bir daha qayıtmayacaq, itirilmiş zaman haqqında hekayətdi.
Əli İldırımoğlu nəsrinin dili oxucuyla birbaşa canlı ünsiyyət yaradır. Yəni bu dil öz axarlığı və təbiiliyi ilə oxucuda elə təəssürat oyadır ki, o, əsərin qəhrəmanları barədə nəinki düşünür, hətta onların səsini belə eşidir. Bu dildə bir artıq cümlə, yaxud sözə rast gəlmək mümkün deyil. Çünki deyilənlər hadisənin ümumi kontekstindən azca da kənara çıxmır və hər şey – təhkiyə də, söhbətlər də, vəziyyət də yalnız bir-birini tamamlamağa xidmət edir.
Əli İldırımoğlu nəsrində tarix də bu gün qədər canlıdı. Çünki müəllif keçmişə bu gündən baxmır, keçmişi bu gündən müşahidə eləmir, o, həmin keçmişlə yaşayır, nəfəs alır. “Aqibət” romanında olduğu kimi.
Tomas Vulf deyirdi: “Bütün yazıçılar öz tərcümeyi-hallarını yaradırlar və mən dünya ədəbiyyatında “Qulliverin səyahəti”ndən avtobioqrafik əsər tanımıram”. Bəli, Əli İldırımoğlu öz taleyini yazır. Kərpic-kərpic, daş-daş hörüb qurduğu bu ömrü hərf-hərf, cümlə-cümlə yaddaşlara bina eləyir. Yazıçı bu taledə nəyisə azaltmır, yaxud nəyisə qabartmır, hər şey həyatda olduğu kimidi: rəngsiz-boyasız. Müəllif təxəyyüllə gerçəklik arasında olan sərhədi elə ustalıqla götürür ki, oxucu tərəddüd keçirir: Görən o, kitabın, yoxsa həyatın içindədi?!
Hər yazıçı neçə əsər yazmağından asılı olmayaraq, yalnız bir əsərlə oxucuların qəlbini fəth edir. Bu, ədəbiyyatın yazılmayan qanunlarındandı. Yəni əgər obrazlı desək, müəllifin yalnız bir əsəri torpağa rişə atıb ağac olur və digərləri bu ağacın qol-budağına çevrilir. Fikrimcə, “Mənim rəncbər atam” romanı Əli İldırımoğlu nəsrində məhz həmin rişədi.
Həyatın sel kimi daşdığı, bulaq kimi qaynadığı bir zamanda məni özünə bir qəribə tənhalıq çəkdi. Çünki bu tənhalıq öz əsl rəngində – tünd-qara deyil-di, işıqlıydı. Bu gündən dünənə boylanan oğulun əsər boyu danışdığı bu uzun hekayətdə bir dəhşətli xiffət var. Bu, romanın hər qarışından boylanır: oğul atanın ayağı dəyən daşın, torpağın, içdiyi suyun, udduğu havanın xiffətini çəkir. Və deməli, oğul həm də atanın yaşadığı zamana xiffəti canında daşıyır. Və yəqin elə məhəbbət də budu. İnsana bu ilahi məqamın qapısını itirdiklərinin, bir daha qaytara bilməyəcəklərinin xiffəti açır.
Bəli, müəllifin bir insan taleyində ümumiləşdirdiyi bu itki bu gün, həm də bütün bir xalqın ağrılı yeridi. Əgər hər birimizin içində bu xiffət olmasa, o itirilmiş zaman və itirilmiş torpaqlar çətin qayıda. Əli İldırımoğlu nəsrinin bir missiyası da yəqin elə budu – bizləri o torpaqlardan soyumağa qoymamaq.
Aleksandr Soljenitsını Sovet epoxasının canlı ensiklopediyası adlandırır-lar. Doğrudan da, yaranışından süqutuna qədər o dövlətin tarixində nələrin baş verdiyini daha dəqiq və obyektiv öyrənmək üçün heç də arxivləri araşdırmaq lazım deyil, elə bu rus yazıçısının külliyatını oxumaq kifayətdi. Bizə gəlincə, Qarabağı məkan mənasında çoxdan itirsək də, zaman baxımın-dan hər gün saat-saat, an-an itiririk. Atəşkəs vaxt müharibəsi deməkdi və nə qədər acı həqiqət olsa da, bu gözlə görünməyən döyüşdə də uduzan tərəf hələ ki, bizik. Bəli, biz bu gün o torpaqlardan məkan mənasında deyil, zaman mənasında ayrılırıq. Və Əli İldırımoğlu yaradıcılığı məhz bu ayrılığın qarşı-sını kəsib, gecə-gündüz zamanla döyüşdədi. Və Əli İldırımoğlunun əsərlərini oxuduqca inanırsan ki, о torpaqlar heç vaxt bizdən ayrı qala bilməz, mütləq qayıdacaq. Sadəcə, o torpaqlarla pıçıltıyla, ürəyimizdə həmişə danışaq – Əli İldırımoğlunun “Aqibət” romanının əvvəlində olduğu kimi...
Yaşar
“525-ci qəzet”, 7 yanvar 2006-cı il
|
|