www.aliildirimoglu.az

“Aqibət”in acısı

“AQİBƏT”İNİZ XEYİR!

Oxucuyla daha sıx ünsiyyət yaratmaq haqqında düşünən yazıçılar, adətən, romana üstünlük verirlər. Çünki bu janr əsərin sonuna qədər oxucunu baş verən hadisələrin təsir dairəsində saxlamaq imkanı verir. Həyat hadisələrinin əsərdə əksolunma prinsiplərinə hər müəllifin öz yanaşma tərzi var. Çünki bu zaman hər yazıçı öz şəxsi həyat təcrübəsindən, dünyagörüşündən çıxış edir.

Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Əli İldırımoğlunun “Aqibət” romanını oxuduqdan sonra əsər haqqında hansı səpkidə yazmaq barədə bir xeyli düşündüm. Sonda bu qənaətə gəldim ki, romanın ideya-məzmun xüsusiyyətləri, sənətkarlığı barədə tənqidçilər kifayət qədər mövqe ortaya qoyublar və bundan sonra da qoyacaqlar. Elə kitabın girişində yazılmış ön söz də daha çox bu məqsədə xidmət edir və əsər barədə dolğun məlumatları özündə əks etdirə bilir. Sonda bu qənaət mənə hakim oldu ki, elə əsərin məndə yaratdığı təəssüratlar və ovqatıma gətirdiyi duyğular barədə yazım.

Əli İldırımoğlunu yaxından tanıyanlar yaxşı bilirlər ki, o, uzun jurnalistlik fəaliyyəti dövründə xarakterinin ona diqtə elədiyi şərəfli həyat yaşayıb. Araşdırıcılıq, prinsipiallıq, qərəzsizlik və jurnalistikanın meyarlarını özündə əks elətdirən bütün vacib xüsusiyyətlər Əli İldırımoğlunun yaradıcılıq kre-dosuna çevrilib. Müəllifin “Mənim rəncbər atam” əsəri sanki bir nəslin ömür salnaməsidir. Yaşanan bu çətinliklər, bəlkə də, xaraktercə zəif olan insanı həyatını dəyişə biləcək qədər başqa istiqamətə apara bilərdi. Lakin Əli İldırımoğlu dəyanəti və cəsarəti, onun həyatı şərəflə yaşamaq mükafatını hər cür rahat qazanılan imkanlardan üstün tutmaq bacarığı təkcə jurnalistika ilə məşğul olanlara deyil, hamıya görk ola bilər.

Müəllifin son “Aqibət” romanını oxuduqca isə əsərdə baş verən hadisələr oxucunu o qədər cəlb edir ki, o, özü də hiss etmədən bu aləmin təsirinə düşür. Elə bil bu ömrü sən yaşamısan, orada cərəyan edənlər sənin öz taleyində baş verib. Romanın təsirindən bir qədər uzaqlaşanda başa düşürsən ki, çox-çox əvvəl yaşananlar müasir oxucuya ona görə bu qədər yaxın görünür ki, bu əsər zamanın belə hüdudlarını aşan bədii gerçəkliyə söykənib. Əsəri oxuduqca mənə elə gəlirdi ki, yazıçı şəxsən mənim istək və arzularımı, fikir və duyğularımı romanda əks elətdirib. Bəli, bu, yazıçı sənətkarlığının mühüm cəhətlərindən sayılan yüksək istedad meyarıdır. Bu duyğu oxucunu əsərin sonuna qədər təqib edir. Bir təəssüf hissi isə səni sonda izləyəcək. Bu da sənlə əsər arasında olan ünsiyyətin sona çatmasına görədir. Çünki bu obrazlar sənə o qədər doğmalaşıb ki, onlardan ayrılmaq az qala sənə ağır itki kimi görünür. Məncə, bu gün ədəbi mühitdə baş verən ən çatışmayan cəhət əsərlərin təbliğ olunmaması ilə bağlıdır. Yoxsa “Yaxşı əsər yazılmır” deyib bütün dəyərlərin üzərindən xətt çəkmək ən azı insafsızlıq olardı.

Dini təsəvvürlərə görə, bir inanc var. Belə ki, Allah kainatda və ondan kənarda nə varsa, “ol” deyib, olub, lakin Adəmi, cənnəti və qələmi öz əlləri ilə yaradıb. Yazıçı da həyatda baş verənləri əks etdirdiyi üçün onun təmsil olunduğu sənətə müqəddəs dəyər kimi yanaşıblar. Əli İldırımoğlu ötən əsrdə bu xalqın başına gətirilən bolşevizm faciəsindən təsirli və inandırıcı əsər yaratdığı üçün qələmi bir daha layiq olduğu şərəfli zirvəyə qaldıra bilib.

Əslində, əsərdə baş verənlər hər birimizin aqibəti ola bilər. Mənim üçün isə o hadisələr bir də ona görə yaxındır ki, həmin əsərdə ömrümün iyirmi beş ilini yaşadığım bir elin dərdləri əks olunub. Gəzdiyim cığırlar, əsərdə adı çəkilən, dağlar, dərələr, hadisələr məni məndən alıb o yerlərə aparır.

Əli İldırımoğlu romanda məqamı gəldikcə atalar sözləri və zərb-məsəllərdən istifadə edir. Bu üsul əsərin dilini zənginləşdirməklə yanaşı, həmçinin hadisələrin mahiyyətini açmağa kömək edir.

Əsərdə bir arxın ətrafında dolanan hadisələr heç də təsadüfən seçilməyib. Arxın başlanğıcına gedib çıxaraq məşəqqətli bir işin altına girmək sadəcə hə-rəkət sayıla bilməz. Bu, insanın öz soykökünə bağlanmaq, ruhuna qayıtmaq üçün etdiyi mücadilələrin rəmzidir. Bu barədə Cahangirin höcətliyi boşuna cəhd etmək deyil, prinsipiallıq, duruluq və kökə bağlanmaq meyilləridir. Hə-min qəhrəmanın dili ilə izah edilən və münasibət bildirilən nəsnələrə oxucu-nun da şərik çıxmaqdan başqa çarəsi qalmır. Bunun real təsdiqini almaq üçün əsərdəki bəzi məqamlara diqqət yetirək: “Cahangir bir də düşünürdü ki, Qalaçanın böyüyü lüt Qasımın oğlu lovğa Səftər, mömini də Molla Tağıdırsa, deməli, kənd Allah-taalanın qəzəbinə keçib”. Müəllif bununla 1920-ci ildən sonra fəhlə-kəndli hökuməti adı altında nəsil-nəcabəti olan kişilərin başına olmazın müsibətləri açan, evində belə hörməti olmayan kəsləri mənsəb başına keçirməklə xalqa faciələr yaşadan bir rejimin xarakterini açır. Sovetlərin saxta prinsipləri xalqı faciələr girdabına salan siyasətə çevrilir. Bu haqsızlığa qarşı özünü sipər edənlərin amalı isə “başıma bir iş gələrsə, desinlər, el yolunda getdi” təsəllisi olur.

Yetmiş ilin ağrı-acısını əks etdirən əsərlər yazılıb və bundan sonra da yazılacaq. Mübaliğəsiz demək olar ki, hadisələrin obyektiv gerçəkliyini əks etdirmək ustalığı baxımından Əli İldırımoğlunun “Aqibət” romanı öndə gedənlər sırasındadır. Daş-kəsəkdən yeri təmizləyən, ətəyinə daşları yığıb onu torpağın kənarında bir qalaya çevirənlər var. Bu zəhmət o yerlərin əkinə yararlı hala gətirilməsi üçündü. O torpaqdan yetişəcək məhsul insanların ruzisi olacaq. “Aqibət” kimi əsərlər isə insan ruhunun ehtiyacını ödəmək üçün bir ruzidir.

Aqibətimizi xeyirə calayan görkəmli yazıçı Əli İldırımoğlu bu gün də məhsuldar çalışır. İnanırıq ki, müəllif bundan sonra da neçə-neçə belə dəyərli əsərləri ilə biz oxuculara mənəvi qida verəcək.

Rəsul Mirhəşimli
“525-ci qəzet”, 31 mart 2007-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com