www.aliildirimoglu.az

“Aqibət”in acısı

“AQİBƏT”İN DAŞ MÖCÜZƏSİ VƏ YA ƏLİ İLDIRIMOĞLUNUN ZAMAN-MƏKAN ANLAYIŞINA YAZIÇI MÜNASİBƏTİ

Çağdaş Azərbaycan ədəbi mühitinin istedadlı qələm sahibi Əli İldırımoğ-lunun povest, hekayə və felyetonlarının, “Həmin adam”, “Zorən jurnalist”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Qarlı gecələr”, hələlik sonuncu olan “Aqibət” romanlarının müasir ədəbi prosesin formalaşması və inkişafın-da özünəməxsus rolu olmuşdur. “Aqibət” romanı onun uğurlu yaradıcılıq nümunələrindən sayıla bilər. XX əsrin 30-cu illərində ölkəmizdə cərəyan edən bir sıra hadisələri Əli İldırımoğlu özünəxas sənətkarlıqla, ədəbi-bədii dilin imkanları çərçivəsində, xalq təfəkküründən, folklor qaynaqlarından yaradıcı şəkildə bəhrələnərək təsvir etmişdir. Yaxın keçmişimizin bədii tarixçəsi olan əsər bu günümüzlə, sabahımızla səsləşir. Artıq unudulmaqda, yaddaşlardan silinməkdə olan milli adət-ənənələrimiz, Azərbaycan xalqının xarakter cizgiləri, müsəlman əxlaqı qabardılır, insan və cəmiyyət problemləri bədii-fəlsəfi müstəvidə, yeni aspektdən çözülür. Oxucu əsərdə insan-zaman dilemması ilə üz-üzə durur və “İnsan zamanı mənəvi cəhətdən qabaqlama-lıdır”, – qənaətinə gəlir. Mənəviyyat insanlığa keçid körpüsüdür və bu körpüdən əyri-üyrü, dolama yollar keçə bilməz. Çünki əyri, dolama yollar körpüyə çatanda mütləq düzləşir.

Mənəviyyat fəzilət üçün qapı, insan isə bu qapı ilə özü arasında uzun bir məsafə saxlayan Allah bəndəsidir. “Aqibət”də bu dinamikanı aydın şəkildə gözləyən Əli İldırımoğlu, eyni zamanda insanın mənəvi dünyasının bədii-fəlsəfi təsvirini verir.

Hər bir əsər onu yaradanın iç dünyasının, daxili aləminin güzgüsüdür. Bu mənada Əli müəllimin daxili dünyasının təmizliyi, əxlaqi saflığı və şəxsiyyətinin bütövlüyü yaradıcılığına müsbət təsir göstərir, əsərlərində qabarıq əksini tapır. О, həyatında baş vermiş hadisələrə xarici səbəblərin – təsadüf, qismət, ətraf mühitin və s. təsirini axtarmağa meyilli insan deyil. Əsərləri ilə tanışlıq onun mənən güclü, təmiz, məğrur olduğunu diqtə edir. Bu diqtə oxucunu əsərin emosional ovqatına kökləyir, ətrafdakı insanların dərdlərinə, həyəcanlarına qovuşdurur.

İnsanın tərbiyəsində ailə faktoru və özünüdərk əsas amildir. “Aqibət” romanında bu varianta cəmiyyət faktoru da əlavə edilir. Beləliklə də, əsərdə yaşanan hadisələr oxucunu zaman-məkan anlamının (ibtidaidən aliyə, uşaq-lıqdan qocalığa) müxtəlif rəng çalarları ilə üz-üzə qoyur. Etiraf edək ki, milli-bəşəri ovqatda həyat anlamına tərbiyəvi-didaktik forma vermək hər bir yazıçıya nəsib olmur.

Təbii ki, yazıçının xalqın əsrlərin sınağından keçirərək günümüzədək qoruyub saxladığı ağız ədəbiyyatı nümunələrini, bircə sətrində böyük mənalar daşıyan müdrik kəlamları – atalar sözü və zərb-məsəllərdən ardıcıl olaraq istifadə etməsi, təsvir etdiyi vəziyyət və hadisəni həmin ifadələrlə bir növ təsdiq etməsi və fikri daha da qüvvətləndirməsi çox təqdirəlayiqdir. Aforizmlərlə düşünməyi bacaran Əli müəllim gözəl anlayır ki, bu kəlamlarda yüzilliklərin ruhu hifz olunub və məhz bu səbəbdən də o, əsl yazıçıya xas peşəkarlıqla dədə-babaların ruhuna hörmət hissini, bir elin, elatın ağır fikir yükünü gələcək nəsillərə çatdırmağı özünə borc bilir. Məsələn, “Yoox, tüfəngi atmayım, xəlvət bir yerdə gizləyim, vaxt gələr, lazım olar, yüz gün yaraq, bir gün gərək. Atalar demişkən, saxla samanı, gələr zamanı. Qəvi düş-mən qulağımızın dibindədir. Erməniyə etibar var?! Belə bir söz var ki, qonşun pisdi köç qurtar”.

Əli İldırımoğlu yaratdığı əsərlərdə Azərbaycan xalqının həyatının, milli psixologiyasının, yaşam tərzinin, əsrlərdən bəri keçirdiyi sarsıntı və həyəcanların, qəlbi ağrıdan dərd və əməllərin, problemlərin tərcümanı kimi çıxış edir. Tarixən yaşadığı, doğulub boya-başa çatdığı torpağa, vətənə bağlılığı ilə fərqlənən Azərbaycan türk millətinin vətənpərvərlik duyğularına, təəssüb hissinə böyük ehtiramla yanaşan yazıçı işğalçı qonşu Ermənistan dövlətinin, erməni vandallarının zaman-zaman torpaqlarımıza amansız hücumlarından, soydaşlarımıza qarşı kütləvi qətl və qırğın törətmələrindən ürəkağrısı duyur və yeri gəldikcə erməni-Azərbaycan münaqişəsinin, Qara-bağ savaşının mahiyyətinə varır, məsələyə elin ziyalı oğlu kimi münasibətini bildirir. “Aqibət” romanında da Höcət Cahangirin öz-özü ilə dialoqunda ermənilərin türkə bəslədiyi tarixi düşmənçiliyə toxunur, xalqımızın başına zaman-zaman gətirilən faciələri, qarət və qırğınları dilə gətirir: “Dünyaya gəldiyimiz ilk gündən üz-gözümüz öyrəşdiyi doğma diyarı, daşı, torpağı, çayı-çəməni, beş yüz evli Qalaçanı hara aparaq, hara köçürək?! Ona görə də erməninin namərdliyinə dözməyə məcburuq. Elimizi, obamızı atıb heç yerə gedə bilmərik. Yəqin Allah-taalanın Qalaça camaatına qəzəbi tutub, ermənilərlə qonşu eləyib. Neçə dəfə başlarının qurdu tərpənib, toplu-tüfəngli üstümüzə qəflətən hücum çəkib, Qalaçanın evlərini yandırıb viran qoyublar. Adamları da ki, qaçan qaçıb canını qurtarıb, ələ keçənini də işgəncə verə-verə öldürüblər. Bax, bu cür məxluqla qonşuluq eləyən gərək ağacını уеrə qoymasın. Həmişə ayıq-sayıq olsun. Erməniləri ki, belə görürəm, girəvəyə salıb bir gün yenə durduğumuz yerdə hoqqa çıxartmalıdırlar. Bir də gördün, başqa bir Andranik peyda oldu”. Bu vətəndaş ziyalının bizlərə, həm də isma-rıcı, tövsiyəsidir. Vətəni sevin, doğma kənd-kəsəyi candan əziz tutun, erməni adlı düşmənlərimizin varlığını heç vaxt unutmayın və silahı əldən qoymayın...

Səmimi etiraf edək ki, Əli İldırımoğlunun romançı stili həyatın mahiyyə-tinin dərinliklərinə fəlsəfi nüfuzu ilə tanınmış dünya yazıçılarının əsərlərini xatırladır. Tənqidçi Qurban Bayramov yazır ki, o, bir romançı kimi elə möv-zulara, milli şüurun, mənəviyyatın, əxlaqın elə qatlarına toxunur ki, əsərləri bütövlükdə milli dəyər səviyyəsinə yüksəlir.

Əli İldırımoğlu hər bir obrazın xarakterinə uyğun ad və ləqəb seçir və bu obrazları dövrün səciyyəvi xüsusiyyətlərinə istinad nöqtəsi kimi mənalandırır. Höcət Cahangir (mühitə, mənəviyyatsızlığa, haqsızlığa qarşı mübariz, barış-maz, əqidə və ideallarından dönməz, cəsarətli kişidir), Sülək Şahnəzər (onun-bunun süfrəsinin artığı ilə dolanar, çörəyini batırıb yemək üçün ağartı da tapmazmış), Lüt Qasım (kənddə yaşasa da, qapısında dörd ayaqlıdan bircə pişiyi də yoxudu), Lovğa Səftər (Lüt Qasımın oğlu olsa da, dinəndə elə danışırdı ki, ağzına çullu dovşan sığmırdı), Kar Bağır, Qoluyox Nəsir (ermə-ni-müsəlman davasında sol qolunu dirsəkdən aşağı itirib), Ayağısürüşgən Gülpəri (neçəsinə gedib-çıxmış, sırtıq-sürtüyün biri), Xoşqeyrət Xangəldi (başqalarının atını qaşovlayan mehtər, Gülpərinin nazı ilə oynayan vecsiz əri), Çopur Qaytaran və s.

Roman vahid süjet xəttinə xidmət edən maraqlı hadisə və personajlar, düşündürücü obrazlarla zəngindir. Höcət Cahangir və oğlu Sücəddin əsərin əsas, aparıcı obrazlarıdır. Q.Bayramovun sözləri ilə desək, Sücəddin obrazı, əsasən, mənəviyyat, əxlaq, təmizlik, məhəbbət, inam və etibarın müdafiəçisi olan gücün, şücaətin, igidliyin simvoludur.

Yazıçının yaratdığı obrazlar bir-birindən ciddi şəkildə fərqlənir. Onların həyata baxışları müxtəlif rəng çalarlarıyla özünü büruzə verir. Həm də bu obrazların həyat məhəbbəti, yaşamaq həvəsi, nikbinliyi əsərə xüsusi bir rövnəq verir. Cahangir, Sücəddin, Cəlaləddin, Nikita Sibirin sərt şaxtasına, ağır həbsxana həyatına dözərək pessimizmə qapılmır, azad olunacaqları günü gözləyir, bir an belə bezdiklərini dilə gətirmir, həyat eşqini, yaşamaq həvəsini itirmirlər.

“Aqibət”də Əli İldırımoğlunun orijinal romançı məharətilə yaratdığı ayrıca bir Təbiət obrazı var. Ana təbiətin bütün cəhətləri, onu var edən daş, torpaq, dağ, ağac, meşə, çay, heyvanlar – at, inək, qoyun, keçi, it, vaşaq və s., quşlar – alacəhrə, göyərçin, alabaxta, qızlarquşu, böcəklər, arılar onun yazıçı qələmində özünəməxsus bədii ifadəsini tapıb. O, insanlara yaşamaq imkanı verən, bütün naz-nemətini səxavətlə təqdim edən təbiəti, hətta şəxsləndirir, insanla, Adəm övladı ilə müqayisə də edir. Güclü selin kökündən qoparıb cənginə aldığı şaxlı-şəvəlli iydə ağacının azğınlaşmış, məcrasından çıxmış bulanıq sularla mübarizəsini, meyvəsini dərib kölgəsində dincələn insanlar-dan az qala kömək dilədiyini bədii-poetik aspektdə təsvir edən müəllif yazır: “Sel ağacı gücü gəldikcə silkələyib titrədir və sanki bu cansız məxluqdan qəddarcasına qisas almaq istəyirdi. Ağac isə yalvarırdı, onun qəsdinə duran amansız selin ağzından xilas olmaq üçün sahilə can atırdı, torpaqla təmas tapıb dirilmək, dirçəlmək, qamətini düzəltmək istəyirdi. İydə bulanıq qara çalpovda burula-burula qalmışdı. Sellə çarpışırdı, vuruşurdu, amansız dalğalara bac vermək istəmirdi. Axır ki, sel iydə ağacının pənah gətirdiyi iri daşı da yerindən oynadıb dərin-dərin sularına qərq etdi”.

Səhər tezdən Sarı madyanın belində Dəlmə arxını qazıb təmizləməyə gedən Cahangir kişinin bu mənzərədən ovqatı korlanır. Baş qəhrəmanının ovqatını təlx edən bu mübarizə – təbiətin yaratdıqlarının bir-birilə çarpışma səhnəsini yazıçı fəlsəfi-didaktik tərzdə təsvir etdikdən sonra məntiqi nəticəyə gəlir: “Təbiət də insanlar kimidir. Onun mərhəməti qədər də şıltaqlığı, qəddarlığı, zülmü var”. Əli İldırımoğlu bu qənaətini roman boyu daha da qüvvətləndirir. Qəddar insanların şərə salıb Sibirə göndərdikləri əməlisaleh Cahangir kişinin halına ilk öncə məhz təbiət acıyır, yaxşılığın, xeyirxahlığın zalımın şərinə tuş gələrək zülmün məngənəsində əzilən, üzülən mərhəmətə, insanlığa yas tutur: “Onu əhatə edən dağlar, əriş-arğac kimi uzanıb gedən yollar, daşqəlbli qayalar, qoyub gəldiyi Dəlmə arxı Cahangiri qarşıda nələr gözlədiyini bilirdilər. Ona görə məyus olmuşdular, yasa batmışdılar. Dəlmə arxını qazıb susuz çölləri, qurumuş bağ-bağatı yenidən yaşıllığa qərq etməyi ən vacib iş, hətta Həcc ziyarətinə gedib-qayıtmaq kimi müqəddəs əməl sayan Cahangir isə deyirdi: “Ən böyük ziyarət, qəlb tikib savab iş görməkdir. Onsuz da şura gələndən ziyarətgahlarımızın yolu bağlanıb. Əməllərimizin yolu isə həmişə, hər yerdə açıqdır. Hamının arzu edib can atdığı cənnətin qapıları heç vaxt əməlisalehlərin üzünə bağlı olmayıb... Mənimsə ora gedən yolum Dəlmə arxından keçir”. Bu əqidə və inam sahibi olan Cahangir kişini elə buradaca – dağların döşündə sarı madyanın üstündə sağ-salamat, diri-diri ağlayırdılar. Yazıçı sinəsində min illərin sirləri, gizlinləri yatan ulu dağları şəxsləndirir, insaniləşdirir: “Bu uludan ulu dağlar çoxlarını yola salmışdı, çox şey görmüşdü, çox şey bilirdi. Ona görə də Cahangirə Cahangirsiz yas tutmaq istəmirdilər. Onunla elə öz sinələrində, öz çiyinlərində, öz cığırlarında vidalaşmaq istəyirdilər”.

Yazıçının müdriklik çağında gəldiyi və əsərdə qabartdığı fəlsəfi nəticələr maraqlı, düşündürücüdür: “Dəmirin də anası torpaqdır. Torpaqla təmas tapanda tərtəmiz olar, onu örtən pasdan əsər-əlamət qalmaz. Həyatda canlı-cansız hər nə varsa, torpağın övladıdır”. Çılpaq həqiqətdir, elə bu baxımdan da Ana təbiət, Ana torpaq deyilir insanların yaşaması üçün min bir naz-nemət yetişdirən Yer qatına...

Romanda oxucunu dərindən düşündürən, yazıçının ifadə etmək istədiyi mətləblərin mahiyyətinə varmağa sövq edən rəmzi, simvolik obrazlar da təsvir olunub: Dəlmə arxı, Dəvəbatan burulğanı, Dəyirman və bir də “Üçatılan” ... Rəmzi-simvolik obraz – Dəvəbatan şaqraq dağ çayının qayanın altındakı kahadan keçən hissəsində qayanın sinəsinə çırpılması, toqquşması nəticəsində yaranmış burulğandır və burada dəvə batdığına görə elə bu heyvanın adı ilə də yaddaşlarda qalıb. Dəvəbatan dağ çayının saf sularında bərqərardır, yaxşı nə varsa dibinə çəkir, heç izi-tozu da qalmır. Amma su mur-dar götürmür, deyiblər ulularımız. Romanda da Qənirəni, Kəhər atı öz məchulluğunda batıran Dəvəbatan dəyirmançının – haram, mərdimazar, zalım, Sülək Şahnəzərin meyitini qəbul eləmir.

Yazıçının Dəvəbatanı yaradan qaya ilə çayın əbədi mübarizəsinin təsvirini verdiyi səhnə diqqətli müşahidənin, Ana təbiətin, Tanrının möcüzələrinə məhəbbətin təzahürü kimi dərk olunur. “...Görəsən, təbiətin möcüzəsi olan çayla qaya niyə yola getmir, gecə-gündüz, ara vermədən hey çarpışırlar...

Görünür, dünya elə əzəldən belədir. Canlı-cansız nə var, yaranışdan bir-biri ilə öcəşir, vuruşur... Ancaq bu müdhiş savaşların sonu görünmür ki, görün-mür...” Digər rəmzi obraz kimi təsvir olunmuş Dəyirman da oxucu marağını, diqqətini çəkir. Dəyirman ata-babalarımızın bin-bərəkət ocağı, halallıq tələb edən ruzi mənbəyi kimi baxdıqları, göz bəbəyi tək qoruyub qədrini bildikləri məkandır. Xalqın çörəyi, ruzisi burada hasil olunan undan yaranır və halal çörək, ruzi mənbəyi olan Dəyirman haram götürmür. Elə halala haram qatdığına, Dəyirmanın daşını yeddi gün araba sürüb Qarabağdan gətirən, binəsini qoyan ağsaqqal Bağırın bir ağnağaz dənini üyütmədiyinə görə Sülək Şahnəzər Tanrının qəzəbinə tuş gəlir. Bağırla ağızlaşır, haqsızlığa dözməyən və təknəsində bir tikə çörəyi qalmadığını düşünüb qəzəblənən Bağır kişi dəyirmançını təpiyinin altına salır. Lakin dəyirmançı sürüşüb dəyirmanın təknəsinə düşür və dəyirmanın daşı Şahnəzərin başını əzir. Bağır onu öldürmək istəməsə də, dəyirmançı fələyin felindən qurtula bilmir. Mübahisə zamanı Bağırın ona hiddətlə söylədiyi ittihamlar ibrətlidir: “Ə, Şahnəzər! Biz bu dəyirmanın daşını Qarabağdan nə zillətlə gətirəndə, balam, о başda otu-ranlar harda yatmışdı? Sən Şahnəzər, özün nəyidin? Çörəyini islatmağa ağartı tapmırdın, onun-bunun süfrəsinin artığıynan dolanırdın. Atan soğan, anan sarımsaq, özün hardan oldun belə gülməşəkər? Dəyirmanı tikən mənim ata-babam ola-ola bir dağar dəni üyütməyə ixtiyarım çatmır? Dəyirmanın qayda-qanunlarını axı mən də bilirəm. Bizim vaxtımızda da birinin əli dara düşəndə, aranı kəsib gətirdiyi bir pud, iki pud dəni üyüdüb mərifətnən yola salırdıq. Neyniyək? Mən yaşda ahıl kişi, yanımda da qız xeylağı, gecənin bu dar vaxtı əliboş qayıdaq gedək? Bunu nə Allah götürər, nə də bəndə!”

“Üçatılan” isə Cahangir onu Dəlmə arxından tapandan, “yüz gün yaraq, bir gün gərək” fikrilə qayanın döşündə gizlədəndən sonra həm onun, həm də Sücəddinin güvənc yerinə, haqsızlıq, ədalətsizlik halları ilə üzləşərkən göz dikdikləri istinad nöqtəsinə çevrilir. Nəhayət, romanın sonunda Sücəddin “Üçatılan”ı işə salır və xəyanətə, dönüklüyə, pisliyə, şərə atəş açır.

“Aqibət”də xalqımızın dünyada xəlq olunandan üzübəri böyük dəyər verdiyi və bir çox bədii əsərlərdə qələm sahiblərinin qeyrət timsalı kimi baxıb vəsf elədiyi at obrazı daha çox diqqəti cəlb edir. Əsərdə atın – Sarı madyan və kəhər atın dövrün acı girdabı ilə üzləşən müəyyən məqamlarda, hətta az qala insan obrazında təsvir olunması yazıçının bu adil heyvana humanist münasibətinin, sevgi və sədaqətinin parlaq təzahürüdür. Əli İldırımoğlunun qələmindən çıxan at obrazı insanın dostu, arxası, dayağı, dərddaşı, köməkçisi-dir. Onun Sarı madyanı yalquzaq parçalayan balasının xiffətini çəkir, ürə-yində bala dağı gəzdirir, könlü ayrılıq dərdindən pörşələnir. Balasını canavar parçalayan gündən bəri “Sarı madyan düz-əməlli otlamırdı. Sakitcə dayanıb hara isə baxır, hey baxırdı. Bəlkə də, balasından ümidini üzməmişdi. Ümid-liydi ki, indi harda olsa üz-üzə dayanan dağların, qayaların arasından çıxıb qaça-qaça, hələ bərkiməmiş caydaq ayaqları bir-birinə dolaşa-dolaşa, kiş-nəyə-kişnəyə gəlib acgözlüklə anasının dolu yelininə təpiləcək. Sarı madyan bir şıqqıltı eşidən kimi tez sağa-sola döyükür, qulaqlarını şəkləyib həmin səmtə baxırdı. Ancaq südəmər körpəsini görmürdü ki, görmürdü... Höcət Ca-hangir də ürəyində çalın-çarpaz dağ gəzdirən Sarı madyanla mülayim dav-ranırdı. Tez-tez ata qaşov çəkir, tumar vurur, nəvazişlə əlini yal-birçəyində, boyun-boğazında gəzdirib sınıq könlünü almağa çalışırdı. Sarı madyan sahi-binin mehr-məhəbbətini hiss edirmiş kimi onun əl-ayağını, boyun-boğazını duz kimi yalayırdı”.

Əsərdə məhəbbətlə təsvir olunan mərd Azərbaycan kişisinin obrazı – Ca-hangir sahib olduğu atın – adil heyvanın sanki dilini bilir, ürəyindən keçənləri anlayırdı, dərdinə, qayğısına hörmətlə yanaşırdı. Gəyən düzünün bomboz yaxasında əsrlərdən bəri suyu qurumuş, məcrasını dəyişmiş Dəlmə arxını güclü selin nə vaxtsa yığıb gətirdiyi daş-qayadan, yığıntılardan ciddi-cəhdlə təmizləyən bu el oğlu, hətta atının gözlərinə baxaraq nə demək istədiyini başa düşürdü. Başından yuxarı qaldırdığı külünglə arxın qabağını bağlayaraq məc-rasını dəyişən qayaları Fərhad kimi çapıb-tökür, külüngünü sanki Sarı mad-yanı balasız qoyan yalquzağa, dədə-babadan qalma dəyirmanını, cənnətməkan bağ-bağatını, bir cüt öküzünü, qoyun-quzu sürüsünü əlindən alaraq onu quru yurdda qoyan Şura hökumətinin ədalətsiz qanun çıxardanlarının, Lüt Qasımın oğlu tülüngü Lovğa Səftəri Qalaça kəndinə və onun mərd sakinlərinə böyük qoyanların təpəsinə endirirdi. Kənardan sanki sahibinin hərəkətlərini izləyən, zəndlə ona baxan Sarı madyan Cahangirə canıyananlıqla: “Bəsdi, özünə qəsd etmə! Can cahana bir dəfə gəlir. Yorulub əldən düşdün. – Külüngünü at bir kənara, – gəl gedək, – demək istəyirmiş kimi bir neçə dəfə fınxırdı, kırıldadı, ifçin nallanmış ayaqlarını yerə döydü. Höcət Cahangir Sarı madyanın dilini bilirdi. Odur ki, belini, düsərini, külüngünü götürüb arxdan çıxdı”.

Əsərdə Əli İldırımoğlu təzadlı mənzərə yaradır. Yaşadığı cəmiyyətdə, Qalaçada ağırtaxtalı, zabitəli, elin namusunu, təəssübünü çəkən dədə-baba ruhlarının əmanətlərinin qoruyucusu olan Höcət Cahangir Allahın dilsiz-ağızsız, şüursuz yaratdığı heyvanları özünə dost bilir. Ancaq yolunu azmış, arı-namusu atmış digər bəşər övladı – Lovğa Səftər isə namusuna təcavüz etmək istədiyi Qənirənin ləyaqətini qoruyarkən cırıq-cırıq etdiyi üz-gözünü kəhərin onu yıxıb sürüməsi kimi qələmə verir və atı qəddarcasına şallaqlayıb döyür, bu azmış kimi, tabeliyində olan əməkçiləri də “sahibinə dönük çıxmış” heyvanı cəzalandırmağa səfərbər edir. Kəhər üsyan edir, qaçıb canını qurtar-maq istəsə də, buna nail olmur. Hər tərəfdən Lovğa Səftərin tabeliyində olan, onun riyakarlığına, yalançı günahsızlığına inanan və ata qənim kəsilən insanlar yolunu kəsir. Kəhər at günahsızlara divan tutmaqdan usanmayan vəhşiləşmiş kolxoz sədrinin, insanların haqsızlığına dözmür, çayla üzüb Dəvəbatan burulğanında intihar edir.

Yazıçı dəyirmançı Sülək Şahnəzərin eşşəyinin ölümünü də insanların bəd əməllərinin nəticəsi kimi dəyərləndirir. Bunun üçün o, ədəbi priyom yolunu seçir, Sücəddinin qarşısını kəsərək onun gözünü açıb həqiqətləri görməyə çağıran Mir Rahibin ruhunu dilə gətirir: “Əslində, eşşəyi öldürən ayrı dərd idi. Eşşək həftələrlə yol gedirdi. Ağır-ağır yüklər daşıyırdı. Palan belini dö-yənək eləyib, neçə-neçə dərin yaralar açıb, vecinə olmayıb. Amma əsgərlərin yükünü daşıyanda hiss eləyib ki, apardığı ölümsaçan, şəhər və kəndləri viran eləyən, anaları ağlar, uşaqları yetim qoyan top-tüfəngdir. Ona görə də Şahnə-zərin qancıq eşşəyi xiffətindən yıxıldı, öldü. İnsanların həvəslə icad eləyib qəd-darcasına qan tökdüyü silahları daşıması eşşəyi çərlətdi. Yoxsa eşşək ölməzdi”.

Əli İldırımoğlu peşəkar yazıçılıq səriştəsi və hadisələrə fəlsəfi-didaktik yanaşma məharəti ilə gəldiyi məntiqi nəticəni bir az da dərinləşdirir. Həyatla ölüm arasında qalan, olum, ya ölüm dilemması çəkişmədə olan Qənirə ixtiyarsız olaraq əlini önündəki daşın üstünə qonmuş Alabaxtaya uzadarkən quşun hürküb uçmasını nisgilli-nisgilli belə mənalandırır: “İlahi, görəsən, quşlar insandan niyə qaçır? Yırtıcı canavar, şir, pələng olsaydı, bəlkə də, qaçmazdı. Ancaq dilsiz-ağızsız quşcuğaz insan olduğumu hiss edən kimi məndən uzaqlaşdı. Çox görmüşəm ki, quşlar qızmış kəllərin, köhlən atların, qoyunların... belinə qonur, lakin onlardan qorxub çəkinmirlər. Ancaq insan-lara səmt düşmürlər. Elə mən özüm insan olsam da, insanlardan gizlənirəm, qaçıram, onların gözlərinə görünmək istəmirəm. Bu uçurum qayaya pənah gətirmişəm. İnsan da insandan qaçarmı, İlahi?!”

Bu fəlsəfi ümumiləşdirmələrlə yazıçı Tanrının xoş əməllər, yaxşı işlər görmək, həyatı daha da gözəlləşdirmək üçün xəlq etdiyi insanı insanlığa, humanizmə, haqq yolundan çıxmamağa, gözəlliyə, ədalətə çağırır, şərdən, pislikdən, qan tökməkdən, bir-birinə zülm etməkdən uzaq olmağa səsləyir. İnsan olanı inandırmağa çalışır ki, yaşadığımız dünya yaxşıların və yaxşılığın, mərdlik və ləyaqətin, məhəbbət və sədaqətin daşıyıcısı olan insanların çiy-nində bərqərardır. Əgər bu harmoniya pozularsa, ana təbiətin insana qəzəbi tutacaq, qisasını alacaq.

“Aqibət” əsərində yazıçı Azərbaycan milli mentaliteti çərçivəsində ər-arvad münasibətlərinə, ailədə evin başçısının, kişinin yeri ilə bağlı xüsuslara, evlənmək, ailə qurmaq məsələlərində diqqət ediləsi önəmli məqamlara, insanın – oğlanın və qızın xarakter cizgilərinə diqqəti cəlb edir. Yazıçının bu prizmada qənaəti qətidir: Arvad almaq asan olsa da, ər olmaq hər kişinin işi deyil. Kişi olan gərək bərkə-boşa düşəndə əqidəsindən dönməsin. Qadın üçün ən qiymətli daş-qaş gələcək ərində alicənablıq, mərdlik, dəyanət, qeyrət, kişilik qüruru kimi cəhətlərin olmasıdı. Kişinin vaxtından tez qocalmasının və ya cavan qalmasının əsas şərti arvadın cinsindən asılıdır. Yazıçı evlənəsi gənclərə Zöhrənin timsalında tövsiyə edir ki, gözəllik ədəbdir, gül camal deyil. Gözəllik müvəqqəti, mal-dövlət də ki, gəldi-gedərdi. Ağıl-kamal, ədəb insanla qəbir evinə qədər gedir. Qızın-qadının zahiri gözəlliyi deyil, mənəvi zənginliyi, ədəb-ərkanlı, xoşqılıqlı, mehriban və sədaqətli olması ailə qurmaq üçün meyar sayılmalıdır, eyni zamanda “könül sevən göyçək olar” tezisi də unudulmamalıdır.

Romanda əsrlərin müşahidə və təcrübəsi əsasında yaranıb formalaşmış xalq fəlsəfəsi, insanların çətin – olum, ya ölüm kimi dilemmasının maraqlı bədii şərhini tapmışdır.

Roman boyu yazıçının şəxsi-fərdi düşüncə tərzi, ömrün müdriklik-ahıllıq çağının ləngərli qatları, nəzər-nöqtəsi, həyati məsələlərə, mətləblərə fəlsəfi münasibət oxucunu düşünməyə sövq edir. Oxucu düşünür ki, insan xəlq olu-nandan bəri gündəmdən düşməyən gəlin-baldız, gəlin-qaynana münasibət-ləri, ana-atanın ümmanlardan dərin övlad sevgisi və əks tərəfin laqeydliyi, biganəliyi məsələsi bu günümüz üçün də aktualdır. Və şübhə etmir ki, yazı-çının artıq çəliklə gəzdiyindən “üçayaqlı olmuş, bel-buxunu əyilmiş, öskürək-dən səhərəcən yata bilməyən qoca Fərəc kişinin dilindən söylədiyi “haqq sözdür, oğlan evlənənə qədər sənindi, qız ölənəcən” deyimi həqiqətdir.

“Nə əziyyətlə altı bığıburma oğul böyütmüşəm. Hamısını ev-eşik sahibi eləmişəm. Ömrümü onların yolunda qoymuşam ki, bu dünyada çörək dərdi çəkməsinlər. Xoşbəxt olsunlar. Ancaq verdiyimi ala bilmirəm. İndi hərəsi bir tərəfdə kefdədir. Ata-ana da ki... İnnən sonra tay kimə lazımıq?! İllərlə evlərini tanımıram. Ayda-ildə maa ayaqüstü baş çəkirlər. Elə bil stullarında tikan bitib. Bircə saatlığa mənnən qabaq-qənşər oturub soruşmurlar ki, dərdin-odun nədi, güzəranın necə keçir? İkicə kəlmə söz soruşub bir bəhanə ilə aradan çıxırlar. Onu da özlərinə görə edirlər ki, Fərəcin uşaqları zay çıxdı, atalarına yaxşı baxmırlar deməsinlər. Hamısı da arvad tərəfə yıxılıb. Arvadın sözü atanınkından, ananınkından qiymətli olub...” – deyən ixtiyarlaşmış atanın – qoca Fərəcin taleyinə acıyan oxucu bütün bunların gerçəklik oldu-ğuna təəssüflənir. Xalq təhkiyə üsulunun şirinliyi ilə nəql olunan belə məqamlar əsəri oxunaqlı edir, Vətənə, Ana torpağa, bağrından qopduğu xalqına, millətinə sevginin ilk öncə valideynə, ana və ataya, bacı-qardaşa, ailəyə sevgidən qaynaq götürdüyünə inandırır.

Həmçinin artıq ixtiyarlaşmış, qocalıb əli işdən-gücdən qalmış, ötkəmliyini itirmiş Bağır kişiyə arvadı Qızyetərin və qızı Minayənin iltifat göstərməməsi, sözünü saya salmayaraq fikirləri ilə hesablaşmaması, nəticədə isə həbsdə olan nişanlısına xəyanət edərək əlacsız atanın və özlərinin də ölümünə bais olmaları elin adət-ənənələrindən çıxaraq yaramaz hərəkətlər etməyin sonunun faciələrə, fəlakətlərə yol açdığını ifadə edir.

Oxucu anlayır ki, insanın insana ya bilərəkdən önəm verməməsi, ya da onu düzgün dərk etməməsi həyat və yaşam fəlsəfəsinin pozulmasına gətirib çıxarır. Nəticədə özünütərbiyədə ciddi qüsurlar müşahidə olunur və insan, fərd pozğun əhvali-ruhiyyəyə qurşanır. Bu halın getdikcə güclənməsi isə kütləvi pozğunluğun həyati prosesləri üstələməsinə gətirib çıxarır. Yetişən gənc nəsil cırlaşır, mənəviyyatında aşınmalar baş verir.

Əli İldırımoğlu vətəndaş ziyalıdır. El-obanın, xalqının, yaşadığı cəmiyyətin problemlərinə can yanğısı ilə yanaşan qələm sahibidir. Diqqəti ona yönəldir ki, “balıq başdan iylənər” deyimi təsadüfən yaranmayıb. Yazıçı kəndin möv-cud duruma düşməsini camaatın Allahın qəzəbinə tuş gəlməsi kimi mənalan-dırır. Çünki kəndin böyük başları düzgün seçilməyib, yerləri səhv düşüb. Əsrlərin о üzündən zühur etmiş mömin Mir Rahibin ruhu buraxılan səhvləri Dəyirman yolunda Sücəddinə söyləyir: “Başınıza gələn müsibətlər Yaradanın cəzasıdır. Qalaçanın mollası Tağı, yolgöstərəni Lüt Qasımın oğlu Lovğa Səftər, dəyirmançısı Sülək Şahnəzər, deputatı qüdrətsiz Qüdrətdirsə, deməli, kəndə bədbəxtlik üz verib. Fitnə-fəsadın baş alıb getdiyi, namus-qeyrətin qeybə çəkildiyi, insanların ehtiraslarının quluna çevrildiyi, adamların qurd kimi bir-birini diddiyi məmləkət fəlakətdən yaxa qurtara bilməz. Nə qədər gec deyil, tövbə edin! Haqqa qayıdın!!!”

“Özün-özünü dərk et” zərb məsəli qədim yunan filosofu Sokratın ən çox sevdiyi kəlamdır. Yazıçı Ulu Tanrının tövbə qapısının yaratdığı bəndələrin üzünə hər zaman açıq olduğuna diqqəti çəkərək demək istəyir ki, özünüzü dərk edin, milli dəyərlərinizə, adət-ənənələrinizə sahib çıxın, soy-kökünüzə qayıdın. Nə qədər ki, gec deyil, haqq yoluna qayıtmaq, ədalət prinsiplərinə riayət eləmək, böyük Yaradanın müqəddəs kitabımız Quranda göstərdiyi hə-qiqət yolu ilə getmək gərəkdir. Milli ruhumuz, mənliyimiz, xalqın mənə - viyyatı tamam sıradan çıxmamış dədə-babalarımızın miras qoyduğu adət-ənənələrə əməl etmək, itirdiklərimizi bərpa etmək, səhvlərimizi düzəltmək gərəkdir. Qanunları qəbul edən millət vəkillərinin, xalq elçilərinin hansı meyarlarla seçildiyini 30-cu illərin prizmasından izah edən yazıçı ən ali orqanda xalq arasında sayılıb-seçilən, ağsaqqallıq mötəbərliyi qazanmış, elin, elatın xeyir-şərində ürəklə iştirak edən, qan davasını kəsən, küsülüləri barışdıran, xalqın sevincinə sevinib, kədərinə kədərlənən qeyrətli oğul və qızlar təmsil olunmalıdır, – qənaətini Höcət Cahangirin dilindən verərək sovet quruluşunun naqisliklərinə, rejimin süni əsaslar üzərində hökmranlıq etdiyinə diqqəti yönəldir: “Çoban hara, deputat hara?! Deputat yerin altını da bilmə-lidir, üstünü də. Millətə can yandırmalıdır, kəndə-kəsəyə gün ağlamalıdır. Bir də görürsən, rayondan tökülüb gəldilər ki, Stepan Fyodoroviç Yemelyanovu, nə bilim, İsa Piliyevi, Əmrullah Dadaşovu, nə bilim, hardasa azıb-təzənin birini deputat seçməliyik. Onları tanıyıb üzlərini görmüşəmsə, atama lənət! Əə, Stepanın üzünü görmüşəm ki, biləm, görəm kimdi, nəçidi, hansı yuvanın quşudu? Di gəl ki, cəllad kimi boynumuzun dalını kəsib məcbur eləyirlər ki, ona səs ver, deputat olsun. Мən ölü, sən diri. Belə fırıldaqçı, əlləm-qəlləm hökumətin axırı yoxdur. A kişi, dilini bilmədiyim, dilimi bilməyən, elimdən-obamdan olmayan, sabah bir dara düşəndə karıma gəlməyən adama hansı üzlə səs verim? Mərkəzdə oturanlar da nə Allahı tanıyırlar, nə də ki, peyğəm-bəri. Özləri doğur, özləri bələyir, özləri də göbəyini kəsirlər. Seçilən kimi döşünə bir qırmızı nişan taxıb, ayda da duru yerindən filan qədər qatlayıb qoyur cibişdanına. Xətiri xətir, hörməti də hörmət. Seçənə də deyirlər, get öl, canın çıxsın. Deputat haçan gəlib çörək təknəmizə baxıb ki, görsün boşdu, doludu, acam, yoxsa toxam?”

Höcət Cahangirin qanıb-qandırdığına görə bir kəndə, bir bölgəyə, ya bir kollektivə rəhbərlik edən və ya edəcək şəxsin, əvvəla gərək el içində, tayfa arasında xətir-hörməti, izzəti-nəfsi ola, savadı, biliyi, dünyagörüşü də öz yerində. Onun təsəvvürünə görə qoyun qoyundu, onun qabağında gedən erkəc də sürüdə seçilir: “Əə, çoban çobanlığıyla elə erkəc seçir ki, kənardan onun bazburutuna baxanda adam hayıl-mayıl olur. Zəmanəyə bax ki, Qalaça camaatı qoyundan da betər olub. Arvadının noxtasını yığa bilməyən biqeyrətin, binamusun birini gətirib dikəldiblər başımızın üstünə. ...Yəni bu boyda kənddə yönlü bir başıpapaqlı tapılmadı ki, it dəftərində adı olmayan, qapısını qonaq-qara tanımayan, onun-bunun ağartısıyla dolanan, Lüt Qasımın ara-bərədə veyillənən, əlindən yönlü bir iş gəlməyən lovğa gədəsini gətirib çiynimizə çıxardırsan? Nədi-nədi, rayon torpaq şöbəsində əl buyruqçusu işləyən ayağısürüşkən bacısı var, adı da Gülpəridi, nə zibildi!” Əli müəllim yaxşılıq-pislik, xeyir-şər, işıq-zülmət fəlsəfəsini heç bir əsərində unutmayaraq bu məfhumlardan, onların daşıyıcılarının əməllərindən doğan aydın nəticəyə – gerçəkliyə və həqiqətə hər zaman fəal münasibət göstərib. Hesab edib ki, tərbiyəli insan şəxsiyyətə hörmət etməli, mehriban, yumşaq xasiyyətli, nəzakətli, mədəni, mənəviyyatlı olmalı, ləyaqətlə düşünməyi bacarmalıdır. Qənirə və Sücəddin, Cahangir və Zöhrə obrazları bu baxımdan ən incə və bədii detallarla təsvir olunduğundan, oxucular tərəfindən sevilir, dərin rəğbətlə qarşılanır. Qənirə qənirsiz gözəldir, əxlaqlı, saf mənəviyyatlı, savadlı, müəyyən dünyagörüşünə malik, ağıllı, qeyrətli Azərbaycan qızıdır. Dərdindən dərdə düşənlər, eşqindən odlanıb-yananlar çoxdur, lakin о, ərə gedib, bir evin, bir ocağın işığını yandırmaqdansa, xəstə ata-anasının, körpə qardaşlarının qayğısını çəkməyi, vicdanlı övlad olmağı üstün tutur. Lakin arzularını ailəsinə, doğmalarına qurban verən qızın çəkdiyi fiziki əziyyətlər azmış kimi, Lovğa Səftərin əxlaqsızlığının günahsız qurbanına da çevrilir. Gərgin mənəvi sarsıntılar yaşayır, var qüvvəsi ilə namusunu qoruyan Qənirə tərbiyəsiz, ehtirasının quluna çevrilmiş kolxoz sədri ilə əlbəyaxa olarkən əsl Azərbaycan kişisi kimi tanıyıb ehtiram bəslədiyi Cahangirin onları görməsi dünyasını qaraldır. Cahangiri köməyə səsləməsi ilə Səftərdən qurtulan Qənirə özünü ləyaqəti, mənliyi təhqir olunmuş, ləkəli bir qız sanır. Qeyrətin, mərdlik və kişiliyin simvolu olan Qalaça camaatı, iş yoldaşları onu pal-paltarı cırılmış, üz-gözü sıyrılmış halda görməsinlər, “it dəymiş ayran” – əxlaqsız qız sanmasınlar deyə, kəm taleyini ürəyində mühakimə edə-edə, ölümü özünə rəva görə-görə Dəvəbatan burulğanının üstündəki qayanın zirvəsinə ölmək üçün deyil, məhz yaşamaq üçün qalxır. Bu ləkə ilə Qənirə yaşamaq haqqının olmamasını düşünsə də, qaya başına çıxır ki, axşam qaranlıq düşəndən sonra kəndə qayıtsın. Lakin ruhi çarpışmaları о qədər dərindən yaşayır ki, gözlərinə qaranlıq çökür, huşunu itirərək Dəvəbatan burulğanına düşür, köpüklü suların раk ağuşunda qərq olur. Unutmaqda olduğumuz milli-əxlaqi, mənəvi dəyər-lərimizi öncə Qənirə, daha sonra isə Sücəddin obrazlarında bərpa edən yazıçı уеnə də xalqın müdriklik fəlsəfəsinin bəhrələrinə – atalar sözünə istinad edir. Qənirənin su tək saf, günahsız, ləkəsiz olduğunu təsbitləyir: “Deyirlər, su murdar götürmür. Görünür, bu zavallı qız onu yaradanın qarşısında günahsız olduğu üçün coşqun çay Qənirəni раk ağuşuna alıb köpüklü sularını sevinclə göylərə sovurdu. Qənirə ölçülüb-biçilməmiş mavi kəfənə bürünüb biryolluq əbədiyyətə qovuşdu”.

Müxtəlif zamanlarda buraxılan səhvlərin nəticələrini tarix bərpa edir. Məmləkətimizdə də ayrı-ayrı tarixi mərhələlərdə bu proseslər baş vermişdir. İnsanın özünə qayıdışı, islam ənənələrinə səmimi münasibət tarixin bir zə-rurətidir. Kifayət qədər mürəkkəb məsələlərə istinad edilən “Aqibət” roma-nında yazıçı belə bir zərurəti ədəbi müstəvidə bütün dolğunluğu ilə əks etdirir.

Əli İldırımoğlunun əsərlərindəki obrazlılıq, emosional ovqat, lirik-fəlsəfi səpkilər oxucunun diqqətini cəlb edir. Dərin hiss və duyğuları ilə onu təsvir etdiyi cəmiyyətdə cərəyan edən hadisələrin psixoloji atmosferinə atır. İdrakı və təfəkkürü aydın olan yazıçı “Aqibət” romanında insanlığın mahiyyətinə varır, sosial-psixoloji amillərin bədii şərhini verir. Həyatın dərinliklərini, görünən və görünməyən tərəflərini öyrənmək üçün onun epik-lirik duyğula-rına köklənmək, fəlsəfi mətləblərinin mahiyyətinə varmaq kifayətdir... Tanrı elçisi insanın xisləti “Aqibət” romanında fəlsəfi boyalarla verilir. İnsan ma-hiyyət etibarilə müqəddəsdir, lakin yazıçının qənaətincə o, müəyyən mənada dəyişir. Bu dəyişikliyin səbəbini yazıçı Sücəddinin dili ilə açır: “Bütün şüurlu məxluqat insan kimi doğulur. Lakin heç də hamı insan olmağı bacarmır. Bəli, insan kimi doğulur, əsl insan ola bilmir. Yalan, böhtan, riyakarlıq... Məgər bunlar insana xas olan keyfiyyətlərdir? Belələri cəmiyyəti korlayan qorxulu xəstələrdir. Мəncə, insanlığı onlardan təmizləməyin özü insani borcdur”.

Belə bir borcu yerinə yetirməyi ən böyük şərəf sayan vətəndaş yazıçı уеnə də təbiətə – təmizliyin, paklığın, müqəddəsliyin bərqərar olduğu ülvi məkana üz tutur. Təbiətin ən cəfakeş, zəhmətsevər, ədalətli varlığını – arıları nümunə gətirir, arı ailəsində, hər bir fərdin bərabərhüquqlu olduğu arı cəmiyyətində təmizliyin necə qorunduğuna, haqsızlığa, tənbəllik və müftəxorluğa qarşı amansız mübarizə aparıldığına diqqəti yönəldir: “Arılar nə qədər şüursuz olsa-lar da, mənsub olduqları ailənin paklığını insanlardan yaxşı qoruyurlar. Tənbəl-ləri, oğruları, müftəxorları, mürtədləri dərhal məhv edib aralarından götürürlər...

Padşahlar, vəzirlər, vəkillər, şahlar, şahzadələr... Xalqın təəssübkeşi qiyafəsinə bürünmüş bütün bunların əksəriyyəti üfunət saçan müzür həşəratlardır. Nə qədər ki, bütün insanlar daşıdıqları adın, mənsub olduqları cəmiyyətin əsl təəs-sübkeşi deyillər, bir neçə fərdin əmin-amanlıq yarada biləcəyi quruca xülyadı.

...Arılar, bəlkə, ona görə sakit həyat sürürlər ki, onların arasında nə ağalar var, nə ağladanlar. Onları yazılmamış qanunlar tənzimləyir. Şüurlu məxluqat isə dildə mədh etdikləri qanunları əməldə murdar əsgi kimi ayaqlarının altına salıb tapdalayır. Zahirdə namaz qılıb avazla “Allahu-əkbər” deyənlər batində min cürə fitnə-fəsad törədirlər”.

Əli İldırımoğlu yaradıcılığının əsasını insana, insanlığa, Vətənə, xalqa, torpağa, ana-ataya, milli adət-ənənələrə və s. ali keyfiyyətlərə sədaqət və dərin ehtiram hissi təşkil edir. Onun bu ali keyfiyyətlərə sadiqliyi sənətkar kimi tanınıb sevilməsinin, təqdir olunmasının mayasında durur. “İnsan şəx-siyyətinin böyüklüyü onun gördüyü işin miqyası ilə ölçülür” qənaəti “Aqibət” romanında da boy verir. Romanda şəxsiyyətin bütövlüyünə dəlalət edən me-yarlara münasibət də maraqlıdır. Əqidəli insan səbatlı, qətiyyətli olur. Əqidə anlamının didaktik parametrlərlə bədii həllini verən yazıçı aydın nəticəyə gə-lir ki, əqidə insan ömrünü istiqamətləndirən dəniz fənəridir. Cahangir əqidəli, səbatlı, qətiyyətli adamdır. Dəlmə arxını təkbaşına qazıb Gəyən çölünə su çıxarmaqda, susuzluqdan cadar-cadar olmuş Vətən torpaqlarını cana gətir-məkdə, yaşıl dona bürüməkdə israrlıdır. Üç-dörd çəkil tut ağacını kəsdiyinə görə sinfi düşmən damğası vurulub şərə salınan, Sibirə sürgün olunan Ca-hangirin başladığı işi qətiyyətli, şücaətli oğlu Sücəddin davam etdirir.

Sücəddin bütün fərdi keyfiyyətlərini, xarakter cizgilərini atasından, onun simasında tarixən sözü bütöv, əqidəsi düz, əməlisaleh, vədinə sadiq mərd oğullar yetirən Azərbaycan xalqından əxz etdiyini, “ot kökü üstə bitər” atalar sözünün böyük həqiqət olduğunu əməli ilə təsdiqləyir. Yüksək mənəvi-əxlaqi dəyərlər uğrunda mübarizəyə qalxan oğul atanın yarımçıq qalan işini davam etdirmək üçün əzmlə Dəlmə arxının bərpasına girişir və bununla nəsil-nəcabət, ənənələrə sadiqlik genealoji xətti qovuşur, nəsillər arasındakı bağların qırılmadığı bədii ifadə və təsdiqini tapır.

Maraqlı cəhət budur ki, oxucu “Aqibət”də dünyanı, cəmiyyəti olduğu kimi, öz rəngində, öz biçimində görür. Dünyanı real cizgilərlə, olduğu kimi göstərmək, hadisələrə, proseslərə, yazdıqlarına inandıra bilmək yazıçı üçün ən vacib komponentlərdəndir. Cahangirin ilkin istintaqında müstəntiqin söh-bətindən bircə məqamı verməklə qənaətimizi əsaslandıraq: “Burda ikimizdən başqa heç kəs yoxdur, düzünə qalsa, köpəyoğlu düz danışır. Tut ağacını о niyyətlə kəsməyib ki, barama qurdu qırılsın. Ona görə qırıb ki, Dəlmə arxının ortasında bitib, gələcəkdə suyun axınına mane ola bilər. Prosto, bu Səftər nəуə görədirsə, onun qanına yerikləyir. Bizim əlimizlə buna siyasi don geyindirmək istəyir”. Əsərdə şər xeyirə əvvəlcə qalib gəlir, Lovğa Səftər meşşan bacısı Gülpərinin məşuqu rayon torpaq şöbəsinin müdiri, Ali Sovetin deputatı Qüdrət Qənizadənin vasitəsilə ona əyyaş həyatını yaşaması üçün ən böyük əngəl olan Cahangiri həbsə saldırıb Sibirə göndərtdirə bilir. Lakin əsə-rin sonunda Cahangir həbs müddəti başa çatmamış bəraət alır və el-obasına, Qalaçaya qayıdır. Haqlının haqsıza, doğrunun yalana çevrilməsində hansı vasitələrin rol oynadığının ürəkağrısı ilə bədii şərhini verən yazıçı cəmiy-yətin, dövrün vəzifə başında duran məmurlarının mənfur simasını açıb göstərir: “Atakişi Qaraxanov о qədər axmaq deyil ki, Qüdrət Qənizadə kimi nüfuzlu, hər yerdə sözü keçən bir adamı qoyub, əlindən yer qazmaqdan başqa heç nə gəlməyən adi kəndlinin tərəfini saxlasın. Camaatın rəyi ilə kim hesablaşır? Heç kim! Ona görə də, dostum, belə məsələlərdə gərək ehtiyatlı olasan, tükü tükdən seçməyi bacarasan. Haqqın yox, taleyimizi həll edən iqti-dar, ixtiyar sahiblərinin tərəfində olmalıyıq. Əyən-bəyən eliyərik, çürük diş kimi atarlar kənara. İbiş Allahyarlının gününə düşərik. Onda bizi kim müdafiə edəcək? Qalaçalı Cahangir? Ay-hay! Bunu mən demirəm, zəmanəmizin iyrənc siyasəti dedirdir”.

Bu, vətəndaş yazıçı, ziyalı mövqeyidir. Vətən daşı olmağı özünə şərəf bilən qələm sahibi isə cəmiyyətin, mühitin naqisliklərinə, rəhbər kadrların özbaşınalıqlarına, haqsızlıqlarına, dövrün eybəcərliklərinə göz yummamalı, sözünü, düşündüklərini qələmi ilə deməyi bacarmalı, yatmış vicdanları, sustalmış şüurları oyatmalıdır. Bu, ömrünü ləyaqətlə yaşayan ziyalının, yazarın soydaşlarının bəsirət gözünü açmağa bir çağırışı, harayıdır. Aleksandr Kişner deyib ki, dövrü seçmirlər, onda yaşayıb ölürlər. Bəli, yaşayırıq və ölürük, bizdən sonra qalan xoş əməllər, xeyirxah işlər olur. Hər birimiz bir vətəndaş olaraq yaşadığımız dövrə münasibəti ləyaqətlə yaşamaqla, ümum-milli mənafe üçün gördüyümüz işlərlə bildirməliyik. “Aqibət” romanından da müasir gəncliyə, bizlərə gələn ismarıc məhz budur.

Özünü bəzən güclü, bəzən zəif göstərən pafos, bədii boyalar, poetik lövhələr və etik-fəlsəfi ovqat əsəri oxunaqlı edir. Digər əsərlərində olduğu kimi, bu romanda da incə lirizmlə yoğrulmuş qəribəlik müşahidə olunur: hə-yat həqiqətləri, gerçəkliklər, qeyri-adiliklər adi, bəzən də çox mürəkkəb və psixoloji hal kimi səciyyələnir. Mövzunun aktuallığı, əsərin bədiilik, fəlsəfilik və üslub nöqteyi-nəzərindən mükəmməlliyi yazıçının yaşadığı dövrün tələbləri ilə ayaqlaşa bilməsindən xəbər verir. Onun emosionallığı, dolğun həyat fəlsəfəsi, ədəbi-bədii qənaətləri, sinkretikliyi ilə seçilən əsərləri, eyni zamanda tarixi-xronoloji səciyyə daşıyır.

“Aqibət”də verilmiş hər bir fikir böyük anlam, məna kəsb edir. İnsanın təmizliyinə, yüksək amala, imana, kamil zövqə, dərin düşüncə və xəlqiliyə söykənən əsər oxucunun təfəkküründə, idrakında sistemli hal yaradır. Roma-nın zəngin dili, ədəbi fiqurların əlvanlığı, bədii ifadə vasitələrinin orijinallığı heyranlıq doğurur. Namusuna əl uzadılmış Qənirə “it dəymiş ayran”a, bu gözəli ağuşunda qərq edən Dəvəbatanın gur suları ölçülüb-biçilməmiş mavi kəfənə, burulğanı gur alovun üstündə qaynayan tiyana, yaxşı adam bar verən ağaca, pisi isə gərəksiz, bəhrəsiz, kəsəndə də üfunət saçan şam ağacına, nazik budaqlardan sallanan al-qırmızı gilaslar not hərflərinə və s. bənzədilərək mükəmməl, təkrarsız təşbehlər, mübaliğələr yaradılır. “Aqibət” romanında Əli İldırımoğlu yazıçı insanın taleyinin, qədərinin Tanrı – о böyük gözəgö-rünməz tərəfindən müəyyənləşdirildiyi, həyatda var olan hər şeyin, canlı-cansız nə varsa, hamısının bir aqibəti olduğu kimi fəlsəfi fikirləri bədii şərhə cəlb edir. Dediklərimizə aydınlıq gətirmək üçün əsərin adına və təsvir olunan obrazların həyatına, hadisələrin axarına diqqət yetirmək kifayətdir. Gəldiyi-miz nəticə birmənalıdır: həyatda var olan bütün nəsnələrin, canlı və cansız varlıqların bir aqibəti, yaxşı, ya pis əməllərinin son ucu vardır. Lüt Qasımın oğlu Lovğa Səftərlər, Qüdrətzadələr, Gülpərilər yerlərinin səhv düşməsindən yana, nə qədər at oynadıb meydan sulasalar, məzluma zülm, zalıma yardım etsələr, qoluzorlu hakimiyyət darğalarına yaltaqlanaraq zəifləri əzsələr də, son aqibətdən yaxa qurtara bilmir, taleyin sərt silləsindən qaça bilmirlər. Onları həyatın özü cəzalandırır, yaxud da yaxşı əməl sahiblərini xoş aqibətlə mükafatlandırır. Bu işdə əsərdə təsvir olunan uluların ruhları da köməyə gəlir. Höcət Cahangiri Dəlmə arxını təmizləyərək Cəyən düzünü, təbiətin bir parçasını laqeydlikdən, biganəlik üzündən məhv olmaqdan, susuzluqdan xilas etməyə, Sücəddini Sülək Şahnəzərin bədxahlığına, mərdimazarlığına tuş gəlməməsi üçün ayıq olmağa çağıran müqəddəs ruhlar Lovğa Səftərə kömək etmir. O, Sücəddini Əzrayıl zənn etdiyindən vahimələnir, insanlara ziyan gətirən, yalnız pis, şər işlər görmək üçün vuran ürəyi dayanır. Əhdinə, eşqinə sadiq, mərd təbiətli, qeyrətli Azərbaycan türkü Sücəddin təhqiri, xəyanəti qəbul edə bilmir, alçaldılmış mənliyinin, çiliklənmiş məhəbbətinin qisasını alır, sevdiyi qızı – Minayəni və onu vəfasızlığa sürükləyən anası Qızyetəri qətlə yetirir, özü isə Qalaça meşəsinin girəcəyindəki kahada qeybə çəkilir. Axtarışlar fayda vermir, Sücəddinin aqibəti sirr olaraq qalır, sınmaqdan qoruduğu qeyrəti ilə sanki təbiətin bağrında heykəlləşir, qeybə çəkildiyi yerdə köhlən atın belinə oxşar uca bir qayaya dönür. Mərd təbiətli insanların binə-ləşdiyi Qalaçanın bağrında el-obaya, Ana torpağa, milli adət-ənənələrə və sevdiyi qıza məhəbbət qayası kimi ucalır və sanki nakam sevgilisinin, mənəvi dəyərlərimizin əbədi keşikçisinə, qoruyucusuna çevrilir. “Dünyada belə bir iri qəbir, nəhəng başdaşı olduğunu təsəvvür etmək çətindir. Sücəddin, bəlkə, də kiçik qəbrə sığmadığı üçün keşməkeşli taleyinin hökmü ilə burada uyumalıydı... Dünyanın ən böyük məzarında...”

Məşhur filosof Bekonun bir fikrini xatırlatmaq yerinə düşər: “Elə kitablar var ki, onların ancaq dadına baxmaq, elələri də var ki, onları ən azı su kimi içmək lazımdır, nəhayət, bir parçasını çeynəyib həzm etməyə dəyər, başqa sözlə, bəzi kitabları ancaq qismən, digərlərini etinasız, nəhayət, bir parçasını başdan-ayağa, həm də diqqətlə oxumaq lazımdır”. Sanıram ki, filosofun dahiyanə deyilmiş fikri bütün dövrlər üçün aktualdır. Çünki çağdaş nəsrimizin layiqli nümunələrindən olan “Aqibət” romanı “çeynəyib həzm etməyi” və “diqqətlə oxunmağı” haqq edən bir kitabdır.

Esmira Fuad (Şükürova),
“Həsən bəy Zərdabi”, “Qızıl Qələm”, “Araz” və “Xan qızı Natəvan” mükafatları laureatı, filologiya elmləri namizədi

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com