www.aliildirimoglu.az

“Həmin adam”la üz-üzə

ƏDƏBİYYATA GƏLƏN YOL

Görkəmli yazıçıların, alimlərin çoxunun ədəbi taleyi qəzetlə, mətbuatla bağlı olmuşdur. İstedad sahibinin gənclik çağlarından qəzetdə aramsız işti-rakı, müxbir sifətilə kəndbəkənd, şəhərbəşəhər gəzib, necə deyərlər, dünyanın hər üzünü görməsi, heç bir təhsil ocağı ilə müqayisəyə gəlməyəcək mükəm-məl bir məktəb bitirməyə bərabərdir. Həqiqətən də, əsl yaradıcılıq universiteti qaynayan, dəyişən, yeniləşən həyatdır. Müxtəlif taleli, güzəranlı adamlar ilə, ziddiyyətli hadisələri, keşməkeşli tarixi, ağlı-qaralı bu günü, tükdən asılı gələcəyi ilə həmişə təlatümlü həyat...

Qırx ilə yaxındır ki, mətbuat sahəsində çalışan Əli İldırımoğlu belə bir yaradıcılıq ömrü yaşamaqdadır. O, 1955-ci ilin başlanğıcından respublikanın ən nüfuzlu mətbuat orqanı olan “Kommunist” qəzetində əməkdaşlıq edib və həyatla, adamlarla gündəlik təmasın münasib vasitəsi kimi müxbirliyi üstün tutub. Həmin peşədə Naxçıvan, Qarabağ, Abşeron, Quba və s. zonalarda fəaliyyət göstərdiyi müddətdə Azərbaycanı qarış-qarış gəzib dolaşmış, ictimaiyyəti narahat edən məsələləri vətəndaşlıq duyğusu ilə qələmə almışdır. Respublikanın, demək olar ki, bütün oxucu kütləsi onun bu sahədəki xidmət-lərinə, prinsipial və məhsuldar qələminin gücünə yaxşı bələddir. Həmişə ciddi, aktual, problem əhəmiyyətli mövzulara toxunan bu qələm sahibinin imzasına oxucu marağı və hörməti ildən-ilə artmışdır. Əli İldırımoğlunun adi həyat faktları əsasında qəzetdə dərc etdirdiyi oçerklərinin, felyetonlarının bir qismi janrın çərçivəsindən kənara çıxır, bədii ümumiləşdirmə nümunəsi sayılan hekayənin, novellanın sərhədlərinə yaxınlaşır. Publisistikamızın dəyərli nümunələri sırasında dayanan “Mayaklar” və “Yazım, yazmayım” kitablarında toplanmış təsirli, düşündürücü yazılarının bir çoxunda bunun əlamətləri aydınca görünür. Əli İldırımoğlunun “Hekayə” adlandırdığı uğurlu qələm sınaqları da vardır ki, bunlar oxuculara müəllifin “Çinarlı” toplusundan tanışdır.

Belə bir yaradıcılıq təcrübəsinə, həyat biliyi və müşahidəsinə malik nasirin indi janrın iri formalarına keçmək təşəbbüsü təbii və qanunauyğundur. Zəngin həyat müşahidəsi və xatirələrini roman şəklində ifadə etdiyi “Həmin adam” əsəri ilə tanışlıq bu qənaəti möhkəmləndirir. Əsər hər gün hər addımda üz-üzə gəldiyimiz ciddi maneələri, cəmiyyətin inkişafını ləngidən psixoloji sədləri ibrətamiz hadisələr, canlı xarakterlər təzadında açıb göstərir.

Jurnalistlərin ictimai-mədəni həyatda mövqeyi, xalq mənafeyinə ləyaqətlə xidmət yolunda qarşılaşdıqları çətinliklər əsərdə hadisələrin iştirakçısı olan müxbirin yaşadığı aləmin bədii inikasıdır. Buradakı konflikt və insanların taleyi ilə bağlı epizodlar Əli İldırımoğlunun illər boyu qarşılaşdığı, şahidi olduğu redaksiya həyatının özünəməxsus daxili dünyasıdır.

Jurnalistlər haqqında indiyədək yazılmış əsərlərdən “Həmin adam”ı fərq-ləndirən cəhət təsviri verilən bütün təfərrüatlarda bədii həqiqətin həyat həqiqətinə fakt dəqiqliyi qədər yaxınlığıdır. Müəyyən mübariz ənənəsi ilə ictimai hörmət qazanmış, ətrafına yetkin mütəxəssislər toplamış vilayət qəze-tinə qələm səriştəsi olmayan Mirzə Kəpəzlini redaktor təyin edirlər. Özün-dənrazı, tabeçiliyindəkilər qarşısında zabitəli, obyektiv və məğrur görünmək üçün dəridən-qabıqdan çıxan, “böyüklər” hüzurunda isə yaltaq simasını hər ədası, sözü ilə nişan verən bu idarə başçısı fəaliyyətə başlar-başlamaz aləm bir-birinə qarışır. Əhvalatı danışan müxbirin – müəllifin təqdimatı və verdiyi xasiyyətnamələr əsasında redaksiya və burada çalışan əməkdaşlar haqqında yaranmış oxucu təsəvvürü haqq-nahaqqı ölçən mizan-tərəziyə çevrilir.

Əsərdə vəziyyətin belə dözülməz hala gəlməsinin səbəblərinə, köklərinə də işarə vardır. Obrazlardan birinin dili ilə deyilir: “Elə hamı düzlükdən danışır. Hamı düzlükdən danışa-danışa bəd əməllər işlədir”. Əlbəttə, buradakı “hamı” sözünü hərfi mənada başa düşmək doğru olmazdı. İşarənin haraya və kimlərə vurulduğunu duymaq çətin deyil. Tribunalardan xalqı aldadanların, qanun-qayda yaradan ixtiyar sahiblərinin, sözdə bir cür, əməldə başqa yol tutanların siması göz önünə gəlir. Əsərin mərkəzində dayanan Mirzə Kəpəzli və cəmiyyətin müxtəlif mərhələlərində müxtəlif cildlərdə özünü göstərən “həmin adam”ın adı ilə bağlı rəhbərlik tərzinin həyat səhnəsindən kənarlaş-dırılması epizodu – bu dramatik kadr müəllif fikrinin bir çox səmtlərinə işıq salır, o cümlədən mənfiliklərə nəfəs verən qüvvələrin yaşarlığına da diqqəti yönəldir. Rayon Partiya Komitəsi bürosunun gedişində, ədalətin təntənəsinə çevrilmiş bu yığıncaqda katibə xəbər çatdırılır ki, məsul vəzifəli bir yoldaş gəlib. Onu büroya dəvət edirlər. Bu məsul vəzifəli yoldaş kim olsa yaxşıdır? Mirzə Kəpəzlinin redaktorluğu dövründə onun sağ əli, yaltaq, aravuran Mux-tar Mehdizadə. Deməli, hələ düz əyrini kəsməmişdir. Bu epizodda Kəpəzlinin daxilən sarsılıb “özünü dərk” istiqamətində addımlar atması və ona düzəlmək üçün imkan verilməsi bədii inandırıcılıq baxımından mübahisəli görünsə də, müəllifin insana inamı axıradək itirməmək qənaətini inadla təlqin etməsi cəhətdən başa düşülür.

Oxucuya başqa əsərlərdən də tanış gələn hadisə və insanların “Həmin adam”da bədii təcəssümü Əli İldırımoğlunun həyat müşahidələri, özünəxas təfəkkür tərzi və orijinal obrazlı ifadə vasitələri sayəsində yeni çalarla özünü göstərir. Bu baxımdan redaksiyanın qapıçısı Cəvahir və raykom katibi Məhəmməd Sadıqzadənin obrazları xüsusilə ibrətamizdir. Xalq deyimləri, atalar sözləri ilə naxışlanan romanda bu obrazlar yaddançıxmaz taleləri və əməlləri ilə maraq doğurur, müəllifin satirik və yumorlu vəziyyətlərdən həzin, riqqətli ovqata keçmək bacarığını nümayiş etdirir. Rayonlardan redaksiyaya qayıdan müxbir Cəvahir xalaya rəngarəng ip yumaqları gətirir. Bu detal obrazın taleyi ilə tanışlığa münasib başlanğıc olur.

Didaktika və nəsihətçilik, bəzi xarakterlərin (xüsusən mənfilərin) əsərə hazır gəlmələri kimi irad tutula biləcək məqamları da qeyd etməklə yanaşı, demək istərdik ki, “Həmin adam” Əli İldırımoğlunun – təcrübəli bir mətbuat işçisinin öz gənc həmkarlarına ibrətamiz sözüdür, tövsiyəsidir.

Qasım Qasımzadə, filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı

1987-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com