|
“Közərən sətirlər”in istisi
MÜDRİKLİK ZİRVƏSİ
Əli İldırımoğlu ömrünün müdriklik zirvəsindən ötən illərə boylanır, ağlı-qaralı, sevincli-qəhərli, uğurlu-uğursuz günlərini, aylarını xatırlayır, dünyada onun üçün ən əziz, ən munis olan adamlar bircə-bircə gözlərinin qarşısından keçir. Əli İldırımoğlu kövrəlir – ötən illərin soyuğu, sazağı üşüdür onu.
“Közərən sətirlər” yazıçı-publisist Əli İldırımoğlunun sənədlərlə, faktlarla zəngin və maraqlı məlumatlarla oxuculara təqdim etdiyi xatirə-romandır. Mən bu əsəri sənədli roman da adlandıra bilərdim. Ancaq sənədli romanda adından göründüyü kimi sənəd, fakt, mənbə aparıcı rol oynayır. Əli müəllimin əsərində isə bu lazım olan cəhətlərlə yanaşı, bəlkə, daha artıq canlı, isti xatirələr diqqəti cəlb edir. Təbii ki, o xatirələrin özü də dəqiq ayı, günü, ili əks etdirən zamanları əhatə edir. Ancaq bu xatirələr – insan anımları, duyğular, hislər o qədər kövrək (bəzən çılğın) və həzindir ki, o qədər emosionaldır ki, onlar sənəd-fakt həqiqətini üstələyir, bu dairəyə sığmır.
Ona görə də “Közərən sətirlər” xatirə-roman kimi daha maraqlıdır.
Heç bir memuar, o cümlədən xatirə-roman bir insanın sadəcə tərcümeyi-halı olmayıb, bir insanın dünyasıdır. Təbii ki, tam bütöv, panoram dünyası yox, bədii dünyası, yəni sözdə, bu sözlərin yaratdığı lövhələrdə, gözəl təsvir-lərdə canlanan dünyası... Əli müəllim “Közərən sətirlər”də öz dünyasını yaradıb. Və mən, bir oxucu və söz adamı kimi Əli İldırımoğlu dünyasını seyr etdikdən sonra öncə onun insani portretini gözlərim önündə canlandırdım: Əli İldırımoğlu – azərbaycanlı, Qubadlıda doğulub, Qaçaq Nəbinin, Həcərin, İgid Əmrahın, “Kişi Tavat”ın, Sultan bəyin yerlisi...
O cəngavər torpaqda boy atan, o torpağın suyunu, havasını ruhuna hop-duran Əli İldırımoğlu bu gün o torpağın, o diyarın belə mərd insanlarıyla fəxr edirsə,... halal olsun yaşadığı ömür...
Əli İldırımoğlu – torpağını, yurdunu, ocağını sevən bir insan... Ömrünün yetmişində o gərək Laçında, Şuşada, Qubadlıda, Kəlbəcərdə – o dağlar qoy-nunda yaşayaydı. Şüvəlandakı bir qarı tut ağacının kölgəsinə sığınmayaydı.
Amma bu tut ağacı da Vətəndə bitib və o tut ağacı deyilmi, qocaman həm-karımı xatirələrə dalmağa səsləyən?
“On ildi, yüz ildi, bax, beləcə gün-güzaran keçirir bu tut ağacı.
...İndi, indi qarıyıb, qartıyıb-qocalıb, qəddi-qamətindən əsər-əlamət qalmayıb.
Bir vaxtlar o da cavan ting olub, bağbanı onu həvəslə əkib-becərib, böyür-başı alaq otlarından təmizlənib, vaxtlı-vaxtında dibi boşaldılıb, suyu verilib, qol-qanad atıb pöhrələndikcə, sahibi fərəhlənib. İndi isə... Məşəqqətli anlarını yaşayır...”
Bax, Əli müəllimin o tut ağacına sevgisi məni kövrəldir.
Bilmirəm, Əli müəllim o tut ağacına daha hansı görümdən baxır – amma mən o tut ağacı ilə Azərbaycanımızın taleyini qoşa görürəm.
“Közərən sətirlər”də Əli İldırımoğlunun yurd sevgisini hər cümləsində hiss edirəm. Yox, o, bizim çoxumuz kimi Vətən məhəbbətini təkcə doğulduğu torpaqla, bölgəylə məhdudlaşdırmır. Ancaq o da məlumdur ki, böyük Azər-baycan sevgisi Əli İldırımoğlu üçün kiçik Əliquluuşağı sevgisindən başlanır və bu sevgini “Közərən sətirlər”də yetərincə hiss elədim.
Əli İldırımoğlunun insani portretini gözlərim qarşısında canlandıranda bir də mənim özümün də yaşadığım (qeyd edim ki, Əli müəllim elə mənim atam yaşındadır) sovet dövrünü xatırladım.
Bəli, Əli müəllim kimi mən də o dövrün övladıyam, o dövrdə pioner, kom-somolçu, kommunist olmuşam. O dövrün tərbiyəsi ilə böyümüşəm, o dövrün təbliğatı ilə dahi rəhbərləri sevmişəm.
Amma indi çoxları kimi o dövrün üstündən qara bir xətt çəkməyə əlim gəlmir. İnsan keçib gəldiyi yola, yaşadığı tarixə də heç tüpürərmi?! Atam yaşında olan Əli müəllim də, əsərlərindən göründüyü kimi, o dövrə tüpürüb eləmir.
İnsan, xüsusilə sənət adamı dövrünün qulu da ola bilər, daxilən, ruhən o dövrlə heç barışmaya da bilər. Əli müəllim bu ikincilərdən olub. “Közərən sətirlər”i oxuduqca hiss elədim ki, Əli İldırımoğlu Azərbaycan Kommunist Partiyasının orqanı olan “Kommunist” qəzetinin bölgə müxbiri işləyəndə (bir neçə rayonda) ağa ağ, qaraya qara deyib, vəzifəli şəxslər və ali məqamlar qarşısında titrəməyib, həqiqəti yazdığına görə dəfələrlə yuxarı instansiyalarda məsələsi müzakirə edilib və qalib gəlib. Çünki həqiqət onun tərəfində olub.
Əli İldırımoğlu zəngin məlumata, geniş biliyə malik olan talantlı bir jurna-listdir. “Közərən sətirlər”də mən bunun yenidən əyani şahidi oldum. Jurna-listin ən böyük məziyyəti məncə, bu məlumat, informasiya dünyasında, ölkədə baş verən hadisələrin cikinə-bikinə bələdliyindədir. Onsuz heç nə hasilə gəlməz. Jurnalist həyatı, gerçəkliyi, insanlararası münasibətləri əks etdirən gözəl yazılar yaza bilər. Amma biliksiz, məlumatsız müəllif o yazıda lal bir gözəli xatırladır.
“Közərən sətirlər”də mən deyərdim ki, Azərbaycan xalqının minillik ta-rixi, xüsusilə, XX əsrin ictimai-siyasi mənzərələri məhz bu hərtərəfli dünyagörüşünün gözəl bəhrəsi kimi diqqəti cəlb edir.
Əli İldırımoğlunun çox sadə, hər kəsin anlayacağı tərzdə bir üslubu var. Yurdun çobanı da, akademiki də onu eyni dərəcədə (əlbəttə, çoban çoban kimi, akademik akademik kimi) sevəcək... Və sevib... Amma bu sadə jurna-list-yazıçı manerasında daha dərin çoxçalarlılıq var, sən düşünürsən, fikirlə-şirsən, qaşların çatılır, hətta hirslənirsən də... Bax bədii cazibə budur.
Nəhayət, son söz yerinə: Əli İldırımoğlu Azərbaycanın üzdə olan 5–6 yet-mişyaşlılar nəslindəndir ki, bu gün onlar mənəviyyatla yaşayırlar, möhtə-viyyatla yox. Belə adamlar sözün əsiridirlər, bazarın, biznesin, dolların yox. Belə adamlar Azərbaycançı, Turançı, Qarabağçıdırlar. Belə adamlar heyf ki, sıralarımızı tərk etməkdədirlər. Mən isə deyirəm: ömrün uzun olsun, Əli İldırımoğlu! Ey köhnə kişilərdən biri!
Vaqif Yusifli
|
|