www.aliildirimoglu.az

Portretdən cizgilər ...

BU DÜNYADA HƏR ŞEYİN TƏZƏSİ-KÖHNƏSİ, AĞIR-YÜNGÜLÜ VAR. ELƏ ADAMLARIN DA...

Əli müəllim “köhnə” və “ağır” kişilərdəndi, dediyi hər sözü yüz dəfə ölçüb-biçəndi. Və sözə bu cür “xəsis” adamın bu qədər kitab yazmağı, özü də, o kitablarda bu qədər yumorun, ironiyanın olmağı kiməsə qəribə görünə bilər. Amma hər kitab, əslində, yazıçının özünün-özüylə söhbətidi. Və görünür, Əli müəllim özgəsiylə yox, özüylə söhbət eləyəndə daha sərbəst və zarafatcıl olur.

Həmişə sözünün ağası, qələminin fəhləsi olan Əli müəllim bu məmləkəti qarış-qarış gəzib, tanıyıb, sevib. Amma onun yaddaşının xəritəsində ən tanış, ən doğma ərazi bir vaxt doğulub, boya-başa çatdığı Qubadlı torpağıdı. Və mən bilirəm ki, bu qış axşamı Mərdəkanda, öz ömür-gün yoldaşıyla ilboyu yaşadığı o bağ evində onu üşüdən də, beş-on addımlıqdakı dənizdən əsən küləyin yox, uzaqda, lap uzaqda düşmən tapdağı altında qalan Səlk dağının başına yağan qarın soyuqluğudur.

Səlkin başından baxanda Laçının, Şuşanın dağları da görünür.

Görəsən, o dağlar indi uzaqdan-uzağa nisgilli-nisgilli bir-birinə baxıb nə fikirləşirlər, Əli müəllim?

Görəsən, o dağların dili olsaydı, indi bir-birini haraylayıb nə deyərdilər? Və neçə ildən bəri bizsiz qalıb, bəlkə, dilimizi də yadırğayan o dağlar,
görəsən, indi bir-birini hansı dildə haraylayardılar?!

Ramiz Rövşən

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com