www.aliildirimoglu.az

“Qarlı gecələr”in işığında...

ÖMÜR HƏSRƏTİ

Torpağın zirvəsi dağlardır. Yer üzündə dağdan uca heç nə yoxdur. Çaylar, bulaqlar, meşələr, bağ-bağat dağın döşünə baş qoyur, kökünü, cövhərini, şəhd-şirəsini dağın sinəsindən alır. Cəmiyyət də belədi, xalq və millət də belədi, dağlar kimi uca kişilərə dayaqlanıb yaşayır. Filosoflar deyirdilər ki, insanı ictimai mühit formalaşdırır, o, yaşadığı cəmiyyətə bənzəyir. Mən bu-nunla razı deyiləm, belə nəticəyə gəlmişəm ki, insan daha çox doğulduğu təbiətə bənzəyir. Heç vaxt dağ uşağı ilə vağzal uşağı bir ola bilməz. Necə ki, bulaq suyu ilə arx suyu bir deyil.

Mənə bu sətirləri yazdıran Əli İldırımoğlunun “Qarlı gecələr” romanıdır. Bu roman Azərbaycan cəmiyyətində məşhur jurnalist, yazıçı-publisist kimi onlarla kitabı, yüzlərlə məqaləsi ilə dərin nüfuz qazanmış Əli müəllimin gənclik xatirələrindən süzülüb gələn saf daş suyu kimi şirin bir əsərdir. Əli İldırımoğlu cəmiyyətdə dağlar kimi uca görünən saytal bir kişidir. O, qələ-mini özünə dayaq edib xalqın haradan gəlib hara getdiyini düşünür. “Qarlı gecələr” müdrik bir ziyalının gənclik düşüncələrindən yaranıb, itib-batan mə-nəvi dəyərlər üçün narahatlıq duyğusu ilə yazılıb.

“Qarlı gecələr” el-oba təəssübü, xətir-hörmət yeri, ədəb-ərkan, nüfuz-izzət təlqin edən, koloriti qəlbə qürur, ruha təskinlik gətirən, xəlqiliklə nəfəs alan bir romandır. Bu roman sayda və sanbalda, təmkin və ədada, duruş və dö-zümdə, özünücəlbdə elə Əli İldırımoğlunun özünə oxşayır. Uca boylu, sərt baxışlı, etibarlı, izzəti-nəfsli, elə bağlı, dağ duruşlu və uzaqgörən Əli İldırım-oğluna! Çünki “Qarlı gecələr” avtobioqrafik romandır. Burada hadisələr bi-rinci şəxsən – yazıçının adından nəql olunur. Maraqlıdır ki, roman qəhrəmanı-nın – 22 yaşlı gənc tarix müəlliminin heç konkret adı da yoxdur. O, Azər-baycanın dağ kəndlərində ikinci cahan müharibəsinin əvvəlində fəaliyyətə başlayan gənc müəllimlərin tipik obrazıdır. Ona görə də biz onu elə müəllim kimi təqdim edəcəyik.

Beləliklə, “Qarlı gecələr” XX əsrin 40–50-ci illərində möhtərəm və mötəbər müəllim sənəti haqqında, cəmiyyətin cövhəri olan müəllimlik peşəsi barəsində, o zaman qürurla deyilən “xalq müəllimi” haqqında, müəllimi gü-man və güvənc yeri bilən Azərbaycan dağ mühiti, elat haqqında romandır. Bu romanda böyük bir həsrət əbədiləşib, – gənclik həsrəti, mənalı keçmiş həsrəti, işğal olunmuş, zaman-zaman yağmalanmış yurd göynərtisi. Gəlin Muradlıdan – dərs hissə müdiri kimi sonuncu ayrılan müəllimin gözü ilə indi bizim olmayan bu yerlərə nəzər salaq: “Həkərinin bulanıq sularından keçib irəlidəki yoxuşu qalxmağa başladıq. Qənşər bir yerdə atın cilovunu yığıb dayandım. Və geriyə boylandım. Buradan hər yer apaçıq görünürdü. Həkəri çayı meşələrin, kol-kosluqların, qayaların arasında qıvrıla-qıvrıla üzüaşağı baş alıb gedirdi... Ömrümün bir ili keçən və bir də qayıtmayacağım bu yerlərə kövrək nəzər salıb, yenə də yoxuş yolu çıxmağa başladım...

Düzə çıxanda əsrarəngiz bir mənzərə ilə üzləşdim. Getdiyim yolun kənarı ağ, qırmızı, çəhrayı, sarı, göyümtül çiçəklərlə haşiyələnmişdi. Göz işlədikcə yaşıl çöllər uzanıb gedirdi. Sağ tərəfdə tər çiçəkli yaşıl yoncalıqlar, yenicə sünbül bağlayan taxıl zəmiləri dalğalanırdı. Sanki dünyanın bütün quşları bu yerlərin tamaşasına gəlmişdi. Onların cürbəcür dildə oxuduğu nəğmələr bir-birinə qarışıb bahar simfoniyası kimi kimsəsiz çöllərə yayılırdı. Deyilənə görə, bir vaxt yalnız insanların yaşadığı ən xoş dəqiqələr onlara ömür sayılırmış. Mən bu anları ömrümün həmin xoş dəqiqələri hesab edirdim. Ancaq qəlbimin dərinliklərində bir nigarançılıq da dolaşırdı. Çünki nə sevinc, nə də ki kədər uzun sürmür... Ümumiyyətlə, tam qayğısız olanda narahat hislər keçirirəm. Qayğısızlıq məndə qorxu şübhələri yaradır. Və mənə elə gəlir ki, insan hərtərəfli yarısa, müvazinətini itirər və sakit həyat sürə bilməz”. Bu, sadəcə təsvir deyil, təsvir-prosesdir. Burada qəhrəman həzlə iztirabın ayrıcında yaşayır. Əslində bu təsviri ərəfə adlandırmaq olar, o qəhrəmanın gələcək taleyindəki dönüşün psixoloji ərəfəsidir.

“Qarlı gecələr” səlis üslubda, səliqə-sahmanlı, koloritli bir dillə yazılıb. Onu mahiyyət etibarilə kəsişən talelər romanı da adlandırmaq olar. Burada yazıçı pedaqoq adına ləkə olan, qeyri-insani xislətli Zəkəriyyə müəlli- min, bədbəxt taleli bir qadının – Hüsniyyənin maraqlı, faciəli obrazını yaradır.

“Qarlı gecələr”də şəxsiyyəti mənəvi dəyər kimi əks etdirən ən tutumlu obraz Şükür kişidir. Yazıçı onun simasında dağ adamlarına xas mərdliyi, səxavəti, hörmət-izzəti, sözübütövlüyü məharətlə ümumiləşdirməyə nail olub. Şükür kişidən əvvəl yazıçı bizə onun qızı Tutunu təqdim edır. Bir gün bulaqdan su gətirərkən bədheybət bir çaqqal qıza hücum edir. Tutu çaqqalı boğazlayıb dizinin altına alır, boğub məhv edir. Ətrafda məşhur olan bu əhvalatı eşidənlər və oxucu belə nəticəyə gəlir ki, Şükür kimi mərd və igid kişinin Tutu kimi cəsarətli qızı olar.

Xüsusilə romanın sonuna yaxın müəllim şagirdi Nəsirlə qanunsuz tüfəngə görə milis şöbəsinə gətiriləndə elin nüfuz təcəssümü Şükür kişinin bir sözü iki olmur, milis rəisi deyir ki, Şükür kişinin sözü bizim üçün qanundu. Yazıçı belə kişiləri müasirlərinə nümunə gətirir.

Əsərdə əsas konfliktlər və onların hərəkətə gətirdiyi hadisələr Muradlı inter-nat məktəbindən başlanır. Romanın qəhrəmanını – 22 yaşlı tarix müəllimini ra-yonun ən böyük məktəbinə dərs hissə müdiri – direktorun müavini təyin edirlər.

Yeni məktəbdə təzə dərs hissə müdirini o qədər də rəğbətlə qarşılamırlar. Onun rastlaşdığı ilk adam keçmiş müəllimi Şəkərli öz şagirdini pərt edir. Lakin vaxtilə hərbçi olmuş direktor tədbirli tərpənir, onu evinə aparıb qonaq edir, məktəbdə müəyyən şərait yaradır.

Gənc dərs hissə müdiri inad və inamla işə başlayır, tədris sistemində ciddi intizam yaradır. Məktəbin vəziyyətini o, istedadlı riyaziyyatçı, prinsipial ziyalı Nəcməddin müəllimə münasibətlə təyin edir. Məlum olur ki, direktor hiyləgər, qorxaq, prinsipsiz, taleyi yuxarıdakıların əlində olan bir məmurdur. Yazıçı direktorun astalığını və ustalığını məharətlə yaradır. Nəcməddin müəllimin məktəbdən çıxarılması və bir də əsərdə əsas konflikti törədən “qəbz məsələsi” olmasaydı, direktora hətta rəğbət bəsləmək olardı. Lakin...

məlum olur ki, raykomun ikinci katibi Niyaz Məcidovun baldızı Çimnaza saxta “5” yazmadığına görə məktəbin ən savadlı, şəxsiyyətli, ləyaqətli müəllimi məktəbdən uzaqlaşdırılır. Bu fakt gənc dərs hissə müdirini baş verən olaylara və ətrafındakı insanlara daha ehtiyatlı yanaşmağa vadar edir.

Təcrübəli yazıçı öz qəhrəmanını fikri-mənəvi cəhətdən formalaşdırmaq üçün maraqlı üsuldan istifadə edir, onu məktəbin zavxozu Abasquluyla, gözətçisi, uğursuz taleyə malik “gəlmə Alışla”, kolxozun pambıq məntəqə-sinin gözətçisiylə rastlaşdırır.

Bir gün rayon mərkəzinə səfər edərkən Abasqulu ona elin iki qoçağı – Qoçəli və Ağaşirin arasındakı ibrətli əhvalatı danışır. Qoca pambıq gözətçisi isə süni, saxta yollarla qəhrəman olmuş pambıqçı Zərqələm və onun adam-larının əməllərindən söz açır. Heç bir günahı olmadan on il Sibir çəkmiş, sonra da doğma elindən didərgin düşmüş Alış kişinin taleyi isə gənc müəllim üçün həyat dərsi olur. Bütün bu əhvalatlar gənc müəllimə yaşadığı cəmiyyəti getdikcə dərindən dərk etməyə imkan verir.

Romanda təsvir edilən professor Zaur Həsənzadənin əhvalatı isə savadsız tələbə yetişdirməyin milli cinayət olması, bu cinayətin hər birimizin taleyində faciə ola bilməsi haqqında həqiqəti təlqin edir. Əslində bu əhvalatda da ədib Nəcməddin müəllim kimi ləyaqətli adamların həyat mövqeyini təsdiqləyir. Yeri gəlmişkən, buraya romanda az yer tutub yadda qalan, işə, vəzifəyə, mənəvi borca sədaqəti naminə ən yaxın dostuna belə güzəştə getməyən hərbi komissar Nəsirovun obrazını da əlavə etmək istəyirəm.

Hər tərəfdən sıxışdırılanda Nəcməddin müəllimin vicdanı dilə gəlir: “Çox adam biliksiz şagirdə yüksək qiymət verməyə adi hal kimi baxır. Ancaq mənim təsəvvürümə görə, mənsub olduğumuz millətə bundan böyük xəyanət ola bilməz. İnsan, qonşu, həmkar, yaşca sizdən çox kiçik olan bir yoldaş kimi hörmətinizi saxlamaq borcumdur. Lakin canlı insan formalaşdıran kamillik emalatxanasında hər hansı əyintiyə yol verə bilmərəm. Və buna müəllim əx-laqına uymayan bir hərəkət kimi baxıram”. Romanın ən işıqlı obrazlarından olan Nəcməddin müəllimin direktora dediyi bu sözləri bu gün respublikanın orta və ali məktəblərinin giriş qapısına yazmaq olar və bu lazımdır.

“Qarlı gecələr” insan iradəsinin yenilməzliyi, şəxsiyyətin özünütəsdiqi haqqında birnəfəsə yazılmış təravətli romandır. Bəlkə də, qəsdən direktor in-ternata ayrılmış on min manatlıq malı gətirmək üçün gənc dərs hissə müdirini və zavxoz Abasqulunu tufanlı, çovğunlu bir gündə raymağa – Orucun yanına göndərir. Onlar on min manatlıq qəbzi verib dörd min manatlıq malı ata yükləyirlər. Qalan altı minin qəbzini almaq yaddan çıxır. Çox böyük çətinliklə axşam düşəndə malı internata gətirirlər.

Direktorun əsl siması, məkrli məqsədi burada açılır. O, gənc müavinini sıxışdırır, onu bacarıqsızlıqda ittiham edib gözdən salmaq üçün altı min manatlıq qəbzlə ittiham edir. Əli İldırımoğlunun qəhrəmanı özünəməxsus bir inadkarlıqla gecə ikən tufana, çovğuna, yorğunluğa məhəl qoymadan şagirdi Nəsirlə rayon mərkəzinə gəlib Orucdan altı min pulun qəbzini alır. Yazıçı müəllimin simasında kişiliyin, Orucun simasında insana inamın ölməzliyini təsdiq edir. Və həmin hadisə kontekstində direktorun şəxsində inamsızlığın, dəyanətsizliyin şəxsiyyət üçün faciə olduğunu təcəssüm etdirməyə nail olur.

Romanın taleyi realizmin taleyidir. Heç bir janr roman qədər ədəbiyyatın yükünü çəkə bilməz. Fəqət romanın mərkəzində əzəmətli şəxsiyyətlər dayan-malıdır: yazıçının şəxsiyyəti və qəhrəmanın şəxsiyyəti!

Roman böyük həyat materialına əsaslanır. Bu sadəcə müşahidənin məh-sulu olan material deyil. Bu yaşanılmış həyatın faktlarıdır. Əli İldırımoğlunun “Qarlı gecələr”i yaşanılmış həyatın bədii təcəssümüdür. Bu əsərdə xatirə və həqiqət qoşa qanad kimi əsərin hüsnünü – üslubunu müəyyənləşdirir.

Əli İldırımoğlunun romanında bitməmiş, çiy heç nə yoxdur. Əsərin dəyərli cəhətlərindən biri də budur ki, müəllif lüzumsuz təfərrüata varmır, romandakı əhvalatlar xarakterlərin açılmasına xidmət edir, onların taleyini əks etdirir.

Başlıcası budur ki, Əli İldırımoğlu təsvir etdiyi sərt mühit, qış fəslinin dağ iqlimi ilə bu mühitdə yaşayan, fəaliyyət göstərən insanlar arasındakı vəhdətə xüsusi nəzər salır. Yazıçı öz qəhrəmanlarını övladları kimi duyur, ən çətin anlarda onların yanında olur, bir an da olsun onlardan ayrılmır. Bu isə onun qəhrəmanlarına xüsusi bir səmimiyyət və rəğbət oyadır.

Əli İldırımoğlunun qəhrəmanları bir dağ uşağı kimi mənə olduqca doğmadır. Əsərin qəhrəmanı olan gənc müəllimin qəbz üçün qarlı-tufanlı bir qış gecəsi, ikinci dəfə inad edərək uzaq dağ kəndindən rayon mərkəzinə gəlməsi mənə xüsusi ilə təsir etdi. Belə hərəkət, bu cür inad biz dağ adamları üçün çox səciyyəvidir. Bizi öldürmək olar, lakin məğlub etmək olmaz...

Romanı oxuya-oxuya gənc müəllimlə bərabər mən də Həkərinin buzlu sularından, sərt qarlı və sırsıralı dağ aşırımlarından, çovğunlu çöldən keçib getdim, şagird Nəsirlə birlikdə Qubanın İspik kəndində qalan yeniyetməlik xatirələrimi yaşadım. Romanın gücü onun koloritindədir. “Qarlı gecələr” koloritli əsərdir. O, oxucunu öz ardınca çəkib hadisələrin cərəyan etdiyi mü-hitə aparır. Əsəri oxuduqca elə bilirsən ki, Həkəri və Bərgüşad insanın qəl-bindən axır, düşmən əsarətində olan o yerlərə layla çalır, həzin göz yaşı təkin süzülüb sızlayır. Bu əsərdə Əli İldırımoğlunun Azərbaycana böyük övlad məhəbbəti öz əksini tapıb. Deyirlər ki, böyük Əmir Teymur ən uca məqbərəni öz müəlliminin məzarı üzərində tikdirib. Bir dəfə ova gedəndə müəllimini də özü ilə aparıb. Birdən müəllimin atı sıçrayıb irəli keçib. Atın ayağından qo-pan palçıq Əmir Teymurun əbasına düşüb. Hamı dəhşətli qorxu keçirib. Böyük fateh qoşunu saxlayıb, əbanı səliqə ilə soyunub, gözləyib ki, palçıq qurusun, qopmasın. Sonra əbanı büküb ən qiymətli bir şey kimi verib kömək-çilərinə. Əmr verib ki, əbanı muzeydə saxlayın, müəllimimdən yadigardır...

Deyirlər ki, indi də həmin əba üstündə palçıqla birlikdə muzeydə saxlanılır. Müəllim haqqında yazmaq hünərdir. Çünki müəllim müqəddəsdir. Dünya öz sahmanını müəllimə baxıb düzəltməlidir. Müəllim şəxsiyyətinin gənc ruha olan təsiri elə bir tərbiyə vasitəsidir ki, onu heç bir dəftər, qələm, skamya əvəz edə bilməz. Heç bir şah müəllim olmayıb. Amma bütün şahların müəl-limi olub. Haçansa o, müəllimi qarşısında tər töküb, baş əyib. Müəlliminə

qiymət qoymayan dövlətin və cəmiyyətin axırı yoxdur.

Əli İldırımoğlunun “Qarlı gecələr”i müəllimə belə bir ümumxalq ehtiramı təlqin edən bədii əsərdir.

Dolğun xarakterlə zəngin olan “Qarlı gecələr” romanı kökə bağlılıq, əsil-nəcabət, yurd təəssübkeşliyi, mənəvi dəyərləri qorumağın tarixi zəruriliyi, saf insan münasibətlərinin cəmiyyət üçün vacibliyi, savadlı adamın milli sərvət olması, kişi qüruru və mənəvi dəyanət təlqin edən bədii əsərdir. Romanın yüksək bədii pafosunu, mənəvi enerjisini təsəvvür etmək üçün aşağıdakı sətirləri oxumaq kifayət edir: “Kommunizmin möcüzələrini mədh edib göylərə qaldıran, Tanrının yoxluğunu millətin beyninə yeritmək üçün dəridən-qabıqdan çıxan ziyalı, alim qiyafəli ateistlərin tüğyan etdikləri günlərdə babamın hər sübh çağı avazla dediyi “Allahu-Əkbər” sədaları sanki məni insani xalisliyə səsləyir və övladlarına bu yolda xeyir-dualar verirdi. Babamın yoxluğunda da halallıq simfoniyası kimi qulağımda səslənən bu xoş avaz məni tərk etmirdi...

Dünyanı dərk etməyə başladığım çağlarımdan Allaha yaxın olan vali-deynlərimin kəlamları vicdanımın pozulmaz qanunlarına çevrilmişdi. Həyatın eniş-yoxuşlarında üzləşdiyim töhmət-tənələr, amansız təzyiqlər, təqiblər məni əxlaq qanunlarına xilaf çıxmağa vadar edə bilmirdi”.

Beləliklə, “Qarlı gecələr” mənəvi saflıq, əxlaqi bütövlük, ata kultuna, yurda ehtiram haqqında bədii-fəlsəfi romandır. İnanıram ki, koloritli üslubu, dilinin təbiiliyi və geniş həyat tutumu ilə o, oxucu qəlbini fəth etməyə nail olacaq.

Nizaməddin Şəmsizadə,
Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com