www.aliildirimoglu.az

“Qarlı gecələr”in işığında...

QARLI GECƏLƏRİN SOYUĞU

Müasir Azərbaycan ədəbiyyatının sayılıb-seçilən qələm sahibi, yazıçı-pub-lisist, respublikanın əməkdar jurnalisti, “Qızıl qələm”, “Əbdürrəhim bəy Haq-verdiyev”, “Ustad jurnalist”, “Araz” mükafatları laureatı Əli İldırımoğlunun yaratdığı əsərlər məna və məzmun baxımından əsl sənət nümunələridir. Digər əsərləri kimi, ədibin yazdığı son əsəri “Qarlı gecələr” də müasir Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən hesab olunur.

Əsərdə təsvir edilən həyat lövhələri, önə çəkilən mənəvi-psixoloji problemlər, xüsusən gənc nəslin yetişdirilib formalaşdırılmasında əngələ çevrilən bəzi müəl-limlərin yanlış mövqeyi bu gün də obyektiv gerçəklik kimi müasir səslənir.

Bu kitab müəllifin gənclik xatirələrini əks etdirən sənət nümunəsi olmaqla yanaşı, müdrik bir ziyalının gənclik düşüncələrindən yaranıb və itmiş mənəvi dəyərlər üçün narahatlıq duyğusu ilə yazılıb.

Özünün yazdığı kimi, XXI əsrin astanasında ahıllıq dünyasını dolaşan, uzaq düşmüş gəncliyini arayıb axtararkən müəllimliyinin son ilinə baş vuran müəllifin qələmindən sətirlənən məhz “Qarlı gecələr” olub. Avtobioqrafik xarakterli əsərdə hadisələr yazıçının dilindən nəql olunur. Maraqlısı isə ondan ibarətdir ki, 22 yaşlı roman qəhrəmanının konkret adı yoxdur, Azərbaycanın dağ kəndlərində İkinci Dünya müharibəsinin əvvəllərində fəaliyyətə başlayan gənc müəllimlərin tipik obrazıdır.

Ötən əsrin 20–50-ci illərində şərəfli peşə olan müəllim sənətinin böyük-lüyündən bəhs edən roman sadə və səlis dildə yazılıb ki, bu da onun geniş oxucu auditoriyası qazanmasının başlıca səbəblərindəndir. Əsərdə gənc, lakin peşəkar, peşəsinin öhdəsindən layiqincə gələn müəllimin qarşılaşdığı ma-neələrə baxmayaraq, sənətinə, ətrafındakı bütün insanlara ehtiram və məhəb-bəti geniş şəkildə əks olunaraq oxucuda dərin maraq yaratmaqla yanaşı, tərbiyəvi əhəmiyyət daşıyır.

Romanda gənclik, mənalı keçmiş həsrəti ilə yanaşı, sağalmaz, qəlbi dur-madan göynədən bir həsrət – yurd həsrəti əbədiləşib. Bu həsrət müəllifin qəlbinə elə bir yara vurub ki, bunu dillə demək mümkün deyil. Beləliklə, qəlbi yurd həsrəti, yurd eşqi ilə sızlayan müəllif yazır: “...Həkərinin bulanıq sularından keçib irəlidəki yoxuşu qalxmağa başladıq. Qənşər bir yerdə atın cilovunu yığıb dayandım və geriyə boylandım. Buradan hər yer apaçıq görünürdü. Həkəri çayı meşələrin, kol-kosluqların, qayaların arasında qıvrıla-qıvrıla üzüaşağı baş alıb gedirdi... Ömrümün bir ili keçən və bir də qayıtma-yacağım bu yerlərə kövrək nəzər salıb, yenə də yoxuş yolu çıxmağa başla-dım...”

Vətən torpağının, doğma yurdun hətta viran qalmış hər qarışının insan üçün nə qədər əziz və doğma olduğu “Qarlı gecələr”də daha qabarıq şəkildə öz əksini tapıb: “...Düzə çıxanda əsrarəngiz bir mənzərə ilə üzləşdim. Get-diyim yolun kənarı ağ, qırmızı, çəhrayı, sarı, göyümtül çiçəklərlə haşiyələn-mişdi. Göz işlədikcə yaşıl çöllər uzanıb gedirdi. Sağ tərəfdə tər çiçəkli yaşıl yoncalıqlar, yenicə sünbül bağlayan taxıl zəmiləri dalğalanırdı. Sanki dünyanın bütün quşları bu yerlərin tamaşasına gəlmişdi. Onların cürbəcür dildə oxuduğu nəğmələr bir-birinə qarışıb, bahar simfoniyası kimi kimsəsiz çöllərə yayılırdı. Deyilənə görə, bir vaxt yalnız insanların yaşadığı ən xoş dəqiqələr onlara ömür sayılırmış. Mən bu anları ömrümün həmin xoş dəqiqələri hesab edirdim. Ancaq qəlbimin dərinliklərində bir nigaranlıq da dolaşırdı. Çünki nə sevinc, nə də ki kədər uzun sürmür... Ümumiyyətlə, tam qayğısız olanda narahat hislər keçirirəm. Qayğısızlıq məndə qorxu şübhələri yaradır. Və mənə elə gəlir ki, insan hərtərəfli yarısa, müvazinətini itirər və sakit həyat sürə bilməz...”

Göründüyü kimi, yurd həsrəti ilə qovrulan ədib fikrinin sonunda gələcək bədbəxtlikdən sanki xəbərdar olduğunu, bunu əvvəlcədən hiss etdiyini bildirir. Sonra isə bəxtə düşən acı qismətlə barışaraq, həyatda sevinc və kədərin uzunömürlü olmadığını, hətta qayğısızlığın ona şübhə bəxş etdiyini diqqətə çatdırır. Bununla ədib oxucuya iki böyük hissi bir anda yaşadır. İlk olaraq onu vətən, yurd həsrətinin ağrıları ilə kədərə qərq edir, sonra isə böyük ustalıqla, özünəməxsus tərzdə oxucunu bu qəmli dünyadan qopararaq fəlsəfi düşüncələrilə ona təskinlik verir. Bu isə yazıçı qəlbinin, düşüncəsinin böyük-lüyündən, təkrarolunmazlığından irəli gəlir.

Beləliklə, “Qarlı gecələr” mənəvi saflıq, əxlaqi bütövlük, yurda, vətənə sevgini özündə bütövlükdə əks etdirən bədii-fəlsəfi sənət nümunəsidir. Bunu oxucular da təsdiqləyə bilər.

Ətaya Ələmdarqızı
“Elçi” qəzeti, 30 iyun – 03 iyul 2004-cü il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com