www.aliildirimoglu.az

“Qarlı gecələr”in işığında...

ÖMRÜN HƏQİQƏT ANI

Yazıçının əsas vəzifəsi öz daxili aləmində mürgü döyən, onu narahat edən hiss və duyğuları bədii obrazlarda ifadə etməkdir. Mövzu yazıçı qəlbində yaranmalı, formalaşmalı, onun sevincindən, kədərindən mayalanmalıdır. Əli İldırımoğlu geniş, çoxşaxəli yaradıcılığında bədii sənətin bu klassik estetik tələblərinə həmişə layiqincə əməl etmişdir.

Ağır, ləngərli üslub, oturuşmuş, püxtələşmiş yazı texnikası, oxucu ilə son dərəcə isti, səmimi dialoq, özünə və oxucusuna hörmət hissi ədibin yaradıcı-lığını zaman-zaman səciyyələndirmişdir. “Mayaklar”, “Yazım, yazmayım”, “Çinarlı”, “Dərd”, “Telepat”, “Silinməz izlər”, “Həmin adam”, “Zorən jur-nalist”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”. Bu kitablar böyük zaman müstəvisində yazıçı-jurnalist Əli müəllimin eyni mənbədən qaynaqlanan yaradıcı ömrünün ayrı-ayrı tsiklləridir. Bu yerdə V.Katayevin bir fikri maraqlı görünür. Müsahibələrinin birində о demişdir: “Mən indiyədək yazdıqlarımın hamısına vahid bir kitab kimi baxıram”. Bütün bunlar da Əli müəllimin bir-birini tamamlayan vahid ömür kitabıdır. İndi isə masamızın üstündə yeni bir kitab – “Qarlı gecələr” romanı...

Tarixin və zamanın müəyyən dönümlərində ayrı-ayrı xalqlar yaxud insan-lar müəyyən sınaq qarşısında qalır. Belə fəlakət anında ya qəti tədbir görüb səni hər an gözləyən, təhdid edən ölümcül təhlükədən qurtulmalısan, ya da taleyinlə barışıb məhv olmalısan. Buna həqiqət anı deyilir. Əli İldırımoğlunun “Qarlı gecələr” romanının önə çəkdiyi və bədii həllini verdiyi hadisələrin mayasında da bu bəşəri problem durur.

Muradlı orta məktəbinə tədris işləri üzrə direktor müavini təyin olunmuş gənc müəllim təkcə romantikası ilə yadda qalmır: eyni zamanda mərddir, mübarizdir, cəsarətlidir, çətin məqamda düzgün qərarlar qəbul edə bilir, tərbiyə və əxlaq sarıdan da nümunəvidir. Oxucu düşünə bilər: bəlkə, Əli İldırımoğlu ona müsbət qəhrəman təqdim edir? Belə deyil. İnsanlığın müsbət cəhətlərinin hər hansı bir ədəbi qəhrəmanda təzahürü bizi heç vaxt qorxut-mamalıdır. Əslində belələri həyatda istənilən qədərdir. Onları axtarıb-tapmaq, həvəslə, məhəbbətlə ədəbiyyata gətirmək lazımdır. İdeal insan quraşdırmağa ömür sərf eləmək lazım deyil. Bu ideallıq həyatın özündə kifayət qədərdir. Sadəcə, onu hiss edən, duyan, axtarıb tapa bilən xeyirxah yazıçı fəhmi lazımdır. Başqa sözlə, “ideal insanı yox, insan təbiətindəki ideallığı axtarmaq lazımdır” (Y.Trifonov). Əli İldırımoğlu yazıçıların humanist nəslinə mənsub olduğundan insan təbiətindəki bu işıqlı cəhətləri, səmimiyyəti, ən nəhayət, ideallığı yaxşı görür, onu qəhrəmanlarının səciyyəvi cəhətinə çevirə bilir.

Gənc dərs hissə müdiri internat üçün raymağdan mal alınmasında təcrübə-sizliyindən yol verdiyi nöqsana görə öz-özünü qəddarcasına cəzalandırır. Kimlərinsə acı istehzasına məruz qalmaqdansa ölümlə üz-üzə dayanmağı üstün tutur. Şaxtalı gecənin quduz ağzına atılır, hər cür məşəqqətlərdən keçib məqsədinə nail olduqdan sonra özünə gəlib, sərbəst nəfəs alır...

Yazıçı bu məqamı son dərəcə psixoloji ardıcıllıqla təsvir edir və öz qəhrə-manının döyüşkən, mərdanə xarakterini ortaya qoyur. Direktorla cansıxıcı söhbətdən sonra səhv etdiyini anlayan gənc müəllim xeyli düşünüb-daşınır, düşdüyü vəziyyəti öz iç dünyasında götür-qoy edir, çıxış yolu axtarır. Bu anın psixoloji mənzərəsini, qəhrəmanın daxili təbəddülatlarını müəllifin öz sözləri daha yataqlı incələyir: “Tənha həyat, soyuq qış gecəsi, təcrübəsizliyimdən yol verdiyim səhv, direktorun keçirdiyi təşviş, bir tərəfdən də yorğunluq...

Beynim dolaşıq fikirlərə tab gətirmirdi. Nəfəsim tıncıxan kimi oldu. Başım bir balaca gicəlləndi. Darıxdığımdan hələ qarı təmizlənməmiş balkonuma çıxdım. Çarx ayaz olmasına baxmayaraq, balkonda dayanıb səmanın bakirə ənginliklərini dolaşır və vicdanımın gizli aləmi ilə söhbət edirdim. İlk dəfə atamı göz önünə gətirdim. Ümidim bircə atama idi... Atam məni darda qoy-maz. Son anda maldan-qoyundan, gəbə-kilimdən satıb altı min düzəldər. İnternatın borcunu ödəyib direktorun töhmət-tənəsindən qurtararam. Lakin elə həmin andaca atama üz tutmaq barədəki fikrimi dəyişdim. Özüm-özümü danlamağa başladım. – Adam ataya nə vaxtacan yük olar?!”

Hər şey təbiidir. Gəncin həyəcanları da, nigarançılıqları da, son anda ata kultuna sığınmaq istəyi də... Qəhrəman belə bir məqamda hər kəsin keçirə biləcəyi insani hisləri yaşayır. Müəllif isə bu səhnəni daxili monoloqlarla daha da dramatikləşdirir. Bu həmin həqiqət anıdır, həyat uğrunda, yaşamaq, var olmaq, ən nəhayət sınmadan insan olaraq qalmaq uğrunda ölüm-dirim döyüşü. “Həyat binasından elə qurulub ki, heç bir mənəviyyata əsaslanmır: о həmişə çaşqınlıq, səhv axtarır” (F.Nitsşe). Bəli, həyat amansızdır, hər an qurban axtarır, sındırmaq üçün insan arayır. Çətini də ki, bir dəfə sınmaqdır. Sonra hər şey adiləşəcək. Həmin gecə onun qəbul etdiyi qərar bir ömrə bəs edən, insanın əbədi ləyaqət rəmzinə çevrilən addımdır. Zamanında atılmış bu cür qəti addımlar bu günə yox, daha çox gələcəyə hesablanır.

Realist dünyagörüşünün mayası həyata həssas münasibət, dəqiq yazıçı müşahidələri və fenomenal yaddaşdır. Məhz bunun nəticəsidir ki, istedadlı yazıçı adi şeylərdə qeyri-adiliklər tapa bilir. “Yazıçılıqda yaddaşın olduqca böyük əhəmiyyəti var, bəlkə də, əsas rolu yaddaş oynayır. Yazıçının xüsusi yaddaşı – şahmat, musiqi, riyazi yaddaşı yox, universal yaddaşı olmalıdır. Hər şeyi, hər şeyi o, yadında saxlamağı bacarmalıdır: qar necə xırçıldayırdı, mətbəxdən hansı iy gəlirdi, qapı hansı “intonasiya” ilə cırıldayırdı. ...Güclü yaddaşın olmasa, heç fantaziya da köməyinə gələ bilməz” (S.Marçuk). Göründüyü kimi S.Marçuk adi təfəkkürdən, sıravi yaddaşdan daha çox spe-sifik yaddaşdan danışır, ruhun və qəlbin yaddaşına işarə vurur. Adi yaddaş hamıda var, ruhun və qəlbin yaddaşı isə yalnız sənətkara xas olan keyfiyyətdir. Obıvatel, bəlkə də, avtobioqrafiyaya dodaq büzə bilər. Lakin unutmamalıyıq ki, ən böyük və dərin yaddaş elə avtobioqrafik yaddaşdır – yəni mənəvi yaddaş, ürəyin heç vaxt unutmadığı və unuda bilməyəcəkləri. Romanın özünə müraciət edək: “Bir neçə gündən sonra pedaqoji sovetin növbəti yığıncağı keçirildi. Günün axırı idi. Dərslər qurtarmışdı. Şagirdlər dağılışıb getmişdi. Xadimələr başlarını aşağı salıb əllərində olan köhnə vedrə, yaş əsgi, dinməz-söyləməz qapı-pəncərələri taybatay açıb otaqların havasını dəyişir, döşəmələri, partaları təmizləyirdilər. Koridordan keçəndə, yuyulmuş taxta döşəmələrin kəsif qoxusu gəlirdi...”

Necə də spesifik yaddaş, tipik bir təsvir... Hamımızın tanıdığı, bələd olduğu, sevdiyi doğma məktəb. Əli İldırımoğlunun məktəbi təkcə bu “yuyulmuş taxta döşəmələrin kəsif qoxusu” ilə bizim üçün nə qədər doğmadır. Bizdən böyük, kiçik, bizim yaşıdlarımız, yaxud günün bu günündə daşlı-kəsəkli uzaq kənd yolunda balaca bir uşağın vücudundan böyük bir çantanı sürüyə-sürüyə vüsalına tələsdiyi bu məktəb öz görünüşü, real cizgiləri, hətta məhrəm qoxusuyla bizim hər birimizindir.

Yazıçı əsərdən-əsərə, şübhəsiz, özünütəkmilləşdirmə prosesi yaşayır. Xüsusən dil və üslub məsələlərində. Təbii ki, o, yeni-yeni üslublar kəşf etmir, sadəcə öz mövcud üslubunu cilalayıb təkmilləşdirir. Xüsusən təhkiyədəki təfərrüat bu üslubun mühüm qatıdır. Təfərrüat nəsrin akkumuliyasiyasıdır, qida mənbəyidir. Bu qida mənbəyi əsəri əvvəldən axıradək ritmdən düşməyə qoymur, yeni-yeni hadisələrlə, canlı səhnələrlə, həyatın və insan taleyinin yeni lövhələri ilə təmin edir – orqanizm oksigenlə təmin olunan kimi. Bəzən yazıçılar təhkiyədə təfərrüata о qədər də meyil etmirlər, bəziləri də bundan şüurlu şəkildə qaçırlar. Nəticədə canlı bədii əsər yerinə quru, şablon, sxematik nəzəri fikirlər toplumu alınır – həyat özü əks olunmur, onun şəkli çəkilir. Təəssüf ki, müasir ədəbiyyatımızda, xüsusən gənc qələm sahiblərinin əsərlərində müfəssəl təsvir kifayət qədər çatışmır. Bədii nəsrdə təfərrüat ona görə lazımdır ki, əhəmiyyətli, lakin gözdən qaçan ən xırda şeylər böyüdülsün, hamının görə biləcəyi şəklə düşsün. Bu da mahiyyətin və insan xarakter-lərinin açılmasına kömək edir. Dünyanın söz nəhəngləri, L.Tolstoy, A.Çexov, M.Qorki, V.Hüqo, M.Şoloxov və başqalarının bədii dünyasında orijinal, məzmunlu, yerinə düşən təfərrüat müstəsna rol oynamışdır. Səhifələri ağına-bozuna baxmadan bol-bol təfsilatlarla dolduranlar da var. Bu, artıq diletant-lıqdır. Təfərrüat yalnız səciyyəvi olduqda məqbul sayıla bilər. Əli müəllimin təhkiyəsi də məhz vacib, səciyyəvi detallar üzərində qurulur, hər bir hadisə, ictimai məqam, insan taleləri, psixoloji mahiyyət diqqətlə seçilib incələnir.

“Qarlı gecələr”in insan mənzərələri olduqca canlıdır. Hər biri öz təbii koordinatları ilə yaşayan bu adamlar tərzi-hərəkətləri, daxili məntiqləri ilə təbii olduqları qədər də haqlıdırlar. Müəllif də bu haqqın qoruyucusu və pasibanıdır. О, yaratdığı qəhrəmanların hər bir hərəkətinə inanır və haqq qazandırır. Gənc dərs hissə müdiri öz romantik duyğuları, saf, təmiz niyyəti, mübarizəsi, Nəcməddin müəllim dönməzliyi, prinsipiallığı, məktəb direktoru şübhəsi, müəmması, xəlvəti və gizli həyat tərzi, Şükür kişi ötkəm mərdanə-liyi, zavxoz Abasqulu öz işinə vicdanlı münasibəti, gəlmə Alış qorxusu, daxili nigarançılıqları, pambıq məntəqəsinin gözətçisi qüssə dolu həyat tərzi ilə haqlıdır, öz təbii koordinatlarındadır. Bu məqamlarda yazıçı da qəhrəmanları ilə bir sıradadır, eyni mövqedədir. Onların hər birinə müəllif münasibəti, yazıçı qayğısı və sevgisi eyni məntiqi müstəvidədir. О, ən naqis, mənfi xarak-terli surətləri də sevə-sevə yaradır, onların üstündə yarpaqtək əsir.

Qəhrəmanların canlı və koloritli alınmasının səbəblərindən biri obrazlı, cazibədar və lakonik dildə danışmalarıdır. Əli İldırımoğlu yaradıcılığına müraciət etmiş tədqiqatçılar xalqımızın, torpağımızın koloritini özündə yaşadan bu dil, təhkiyə və ifadə vasitələri haqqında xüsusi söz açmışlar. Bu dil poetik və məntiqlidir, özündə zəngin informatik yük daşıyır. “Qarlı gecələr” romanında da bu dil əlvan boyalarla təzahür edir. Obrazların dialo-qunda, müəllif remarkalarında bu dil bütün sehri və möcüzəsi ilə göz önündə sərgilənir. Təbiət təsvirlərində bu dil xüsusi çalar alır. Müəllif ana yurdun gözəlliklərini vurğunluqla, kövrək bir məhəbbətlə təsvir edir. Lakin təbiət təkcə gözəllik mənbəyi deyil. Onun amansız, qəddar vaxtları, sərt, boz üzü də var. Heç kimə sirr deyil ki, sakit çöllərin qarı, yağışı, tufanı, qasırğası, lal dənizin təlatümü kiminçünsə gözəllik simvolu, bir başqası üçün faciə ünva-nıdır. Müəllifin təsvir etdiyi təbiət – qarlı, çovğunlu düzlər oxucu üçün tanış mənzərənin yeni təqdimatıdır. Qışda tənha və sərt olan bu düzlər ucu-bucağı görünməyən, hər qarışında qorxu və təhlükə, vahimə yaşayan bu qarlı, çovğunlu çöllər müəllif tərəfindən, əksinə, məhəbbətlə təsvir olunur. Bu diyar çətinliyi, təhlükəsi, əzabları ilə belə ona doğmadır, əzizdir. Və görünür, təbiət təsvirlərində bu dil, məhz məhəbbət və doğmalıqla yoğurulduğundan daha təravətli olur. Bütövlükdə götürəndə, Əli müəllimin əsərləri bizim hər biri-mizə doğma olan bir dildə, atalarımızın, babalarımızın dilindən yazdığı üçün təsirli və cazibədardır.

Yazıçı əməyi və yazıçı zəhmətindən söz açan sənətkarlar onu peşəkarlıq-dan, məşğələdən daha çox borc hissi, qəlbin, ürəyin çağırışı hesab edir, yazıçılığı şöhrət naminə deyil, insaniyyətlik naminə görülən iş kimi qiymətləndirirlər. Yazıçılar hər yeni əsərlə dünyaya, cəmiyyətə yeni bir işıq tutur və ölümün özünə də qalib gəlirlər. Ədəbiyyat əbədiyaşar bəşəri amalları qoruyub yaşatdıqca özünə də əbədilik qazanır. U.Folkner Nobel mükafatının təqdimat mərasimində söylədiyi nitqin bir yerində deyir: “Məhəbbət və şərəf, mərhəmət və qürur, canıyananlıq və fədakarlıq – bunlarsız yaranan ədəbiyyat ölümə və unudulmağa məhkumdur”. Bəli, yazıçılar insan nəslinin ən mübariz dəstəsinə mənsub olduğu üçün bütün çətinliklərə qalib gələrək dünya dur-duqca məhz bu bəşəri hisləri və duyğuları cəmiyyətin mənəvi sərvətinə, insan şüurunun və qəlbinin əbədi məhsuluna çevirəcəklər.

Əli İldırımoğlunun hər bir yeni əsəri, hər bir yeni ədəbi cəhdi bu bəşəri missiyanın əbədiyaşarlığına yeni bir xidmətdir. Saltikov-Şedrinin bir deyi-mini xatırlayaq: “Ədəbiyyatın bir dəqiqə susması bir xalqın ölümünə bərabərdir”. “Qarlı gecələr” romanı da xalqın, millətin, cəmiyyətin xilası naminə atılmış yeni bir uğurlu addımdır, hörmətə layiq ciddi bir yazıçı əməyinin təntənəsidir.

Loğman Rəşidzadə, yazıçı-publisist

28 dekabr 2004-cü il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com