|
“Mənim rəncbər atam”ın həqiqətləri
HALAL ƏMƏYİN, ATA QÜRURUNUN BƏDİİ TƏSVİRİ
İnsan dünyaya ovucları sıxılmış halda gəlir və sanki “Bütün Yer kürəsi mənimdir” deyir. Ömrünü başa vuranda, həyatdan köçəndə isə əlləri açıq gedir. Elə bil “baxın, özümlə heç nə aparmıram” – deyir.
İnsan uşaqlığında, gəncliyində qayğı umur, bir şirin sözə, məhəbbətə mənəvi ehtiyac hiss edir. Beləcə günlər keçir, gəlib çatır orta yaş həddinə. Birdən-birə səksənir, diksinib üşənir. Yadına düşür ki, 50 yaşı keçdinmi, sanki minalanmış sahəyə girirsən. О minaların biri nə zamansa ayaqların altında partlaya bilər. Belə anda kövrəlir və istər-istəməz qanrılıb arxaya baxır. Yaxşı-yaman yaddaşında oyanır. Xoşbəxt о kəsdir ki, keçmişi, ötən günləri üçün xəcalət çəkmir, qürur hissi duyur. Bu xilqətdə olanlardan biri də tanınan jurnalist, yazıçı-publisist Əli İldırımoğludur. Onun bu günlərdə işıq üzü görən “Mənim гənсbər atam” (Bakı, “Gənclik” nəşriyyatı, 2002-ci il) xatirə-romanı müəllifin ata yurduna, atalı çağlarına, ata əlinin qabarına, alnının puçur-puçur tərinə qayıdışı yad etməsi kimi çoxsaylı oxucu diqqətini özünə çəkir.
Müəllif yazır: “Ömrün yoxuşunu qalxdıqca elə bil hava seyrəlir, sərinləşir, soyuyur. Bəzi istəyənlərim, istədiklərim kimi. Zirvədə addımladığın cığırlar haçalanır. Gah daralır, gah da düyünə düşür. Başımın üstünü, yolumu duman-çən alır. Gözün görəcəyi məsafə sanki ağappaq örpəyə bürünür... Uzaq düşmüş “bivəfa, dönük” gəncliyim daha ahıllığıma səmtimir, gəlmir çağırışı-ma, çatmır imdadıma, harayıma! Səmanı bulud bürüyəndə kölgələr ərşə çəkildiyi kimi, dostlarım da qeyb olur. Belə çağlarda ürək dözmür, sancır, başlayır içindən ovulmağa, əriməyə, gileylənməyə”. Dünya təsviri sənətinin qüdrətli ustadlarından biri Brülovun “Pompeyin son gecəsi” adlı çox dəhşətli, zəhmli tablo mənzərəsi var. Görənlər ömrü boyu istəsə də onu unuda, yaddan çıxara bilmir. Yazıçı Əli İldırımoğlunun bir az öncə xatırlatdığımız qənaəti gözlərimiz qarşısında həmin əsəri yenidən canlandırdı. Allah, nə şirin olur-muş ömrün təravətli anları, gənclik çağları, atalı illəri! Əli müəllim yaşının ixtiyar, müdrik dövründə incəlmiş, kövrəlmiş vaxtında artıq xatirə örpəyinə bürünüb güclə görünən о günlərə qayıdır. Amma ehtiyatla...
Hörmətli Əli müəllim! Siz arzu-muradınıza yetişmisiniz. Üzərinizə düşən övladlıq, yazıçılıq missiyanızı uğurla, şərəflə başa vurmusunuz. “Mənim rəncbər atam” əsərinizi mübarək ad gününüzə – 75 illik şanlı yubileyinizə hədiyyə etmisiniz. Hər iki əlamətdar hadisə münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirik. İnanırıq ki, halal əməyin, ata qürurunun bədii təsviri oxucular tərəfindən rəğbətlə qarşılanacaq.
Telman Mehdixanlı
“Azərbaycan” qəzeti, 7 dekabr 2002-ci il
|
|