www.aliildirimoglu.az

“Mənim rəncbər atam”ın həqiqətləri

SÖZÜNÜZÜN İŞIĞINA EHTİYACIMIZ VAR...

(Əli İldırımoğlunun kitablarını vərəqləyərkən)

Əli İldırımoğlunun adını ilk dəfə atamdan eşitmişəm. Uşaqlıq çağlarım idi. Bir gün atam evə gəlib dedi: “Təmiz adımı ləkələnməkdən qoruyan Əli müəl-limə ömrüm boyu duaçı olacağam”. Sonra əlavə etdi ki, yeni təyin olunan birinci katibin xüsusi sifarişi ilə iki gənc kolxoz sədri tutulmalıymış. “Kommunist” qəzetinin Naxçıvan üzrə bölgə müxbiri Əli İldırımoğlu Naxçıvan Vilayət Partiya Komitəsi katibinin yanına gedərək atam barədə təqdimat verib. “Gənc, peşəkar, gələcəyi olan kənd təsərrüfatı mütəxəssislərinə ehtiyac duyulduğu məqamda onları kiminsə məkrli məqsədlərinə qurban vermək yolverilməzdir”, – deyib.

Əli müəllim sözünün çəkisi, dəyəri olan nüfuzlu jurnalist olub. Bu böyük insan atam Yadulla Bayramov kimi neçə-neçə gənc mütəxəssisi müdafiə edib, onlarla yaxından tanıdığım müəllimə, yüzlərlə, minlərlə sadə naxçıvanlıya əl tutub, dayaq olub. Əli müəllimin adı çəkiləndə Naxçıvan camaatı onu “Naxçıvanın fəxri vətəndaşı” adlandırır.

Kitablarını sevə-sevə oxuduğum yazıçı-publisist Əli İldırımoğlunun “Ma-yaklar”, “Yazım, yazmayım”, “Çinarlı”, “Dərd”, “Telepat”,“Silinməz izlər”, “Həmin adam”, “Zorən jurnalist”, “Közərən sətirlər”, “Mənim rəncbər atam” əsərlərini kitab rəfimin ən uca, ən diqqət çəkən yerinə düzmüşəm.

Respublikanın əməkdar jurnalisti, “Qızıl qələm”, “Araz”, Əbdürrəhim bəy Haqverdiyev mükafatları laureatı yazıçı-publisist Əli İldırımoğlunun ən böyük mükafatı ümumxalq sevgisi, oxucu məhəbbətidir. Yazıçının əsərlərini oxuyan şəxs onun görünməyən xüsusiyyətlərini və keyfiyyətlərini anlayar. Əli İldırım-oğlunun simasında bir neçə peşə sahibi görünür.

Rəssam Əli

Əlindən fırça düşməyən yazıçı Əli İldırımoğlunun şah əsəri Nizamiyə, Füzuliyə, Vaqifə, Şota Rustaveliyə ithaf olunub. Çərçivələnən orijinal peyzaj nümunəsi isə Ağdamda əsirlikdə qalıb.

Muğam ustası

Onu tanıyanların dediyinə görə, Əli İldırımoğlu milli-mənəvi musiqi sənətimizi incələyən, zilin – bəmin açmasını izah edən ustaddır. “Qarabağ şikəstəsi”ni ifa edən ustada salam olsun! Əsərlərini oxuduqca müəllifin təmkininə heyran oluruq. Onun qəhrəmanı hər dilucu söylənən şirin sözlərə, məkrli niyyəti olan kəslərə inanmır. Hər bir gözlənilməz hadisəyə hazır olan Nazim İlham hər çağırılan yerə getmir.

Qürur

Əli İldırımoğlunun əsərlərində kişi bütövlüyü ortaya qoyulur. Sətirlər arasında sanki müəllifin qəhrəmanları deyil, özü görünür. Müdrik, uca Nazim İlham nənəsinin büküb cibinə qoyduğu çörəyi çıxarıb qanı axan itə uzadır. Başını yana çevirən it çörəkdən imtina edir. İtin qüruru elə incəliklə, elə həssaslıqla izah edilib ki, oxucu sanki itin dayandığı sal qayanı görür. Yaralı it yoldan keçən Nazim İlhamın çörəyini yeməkdənsə, qayaya tapınmağa üstün-lük verir. İt zingildəmir. Qanı axdıqca başını daha da dikəldir.

Təbiətin fauna və florası xüsusi yanğı ilə təsvir edilib. Yalın sonunda özünü qayadan atan qızın daş heykəli boy verir, xalq deyimləri yada salınır, vətənpərvərlik nümunələri göstərilir. Gənclərin mənəviyyatının formalaşma-sında və inkişafında ixtiyar kişilərin dili ilə nəsihətlər səslənir. Qayınana-gəlin münasibətlərini əks etdirən epizodlar hər oxucunun ürəyindən xəbər verir.

“Mənim rəncbər atam” romanında ədəb-ərkanı, qız-gəlinlərimizin təbiili-yini xüsusi bənzərsizliklə qələmə alan müəllif yazır: “... o, ömrü boyu qadın bərbərxanasını tanımayıb. Çalışıb ki, əcnəbi ölkələrin el-obamızın adət-ənə-nələrinə yabançı olan eybəcərlikləri ailəmizə ayaq açmasın. Bu, onun mühafi-zəkarçılığından və köhnəliyindən yox, el-obamıza xas olan ailə paklığından, milli adət-ənənələrimizə, ana müqəddəsliyinə sədaqətindən irəli gəlirdi. Bütün bunlar atamda ona qarşı məmnunluq yaradırdı və gəlinə qarşı onda ata məhəbbəti vardır.

Bir dəfə atamın xəstəxana yoldaşları ondan soruşur?
– Bu cavan gəlin nəyindir?
– Gəlinimdir.

Atamın bu cavabı təəccüb doğurmuşdur. Çoxları heç doğmaca ata-analarını fikirləşmirlər. O ki, qaldı qayınata ola. İndikilər bər-bəzək axtarır, moda dalınca qaçırlar, – deyə böyür-başdakılar məəttəl qalmışdı...”

Biz Ondan öyrənirik. Vətəni sevməyi, nəfs bütövlüyünü, ailəcanlılığı. İldırım kişinin kəlamları, sözünün işığı bizi böyüklərimizə ehtiramlı olmağa səsləyir. “Mənim rəncbər atam” romanını oxuyan şəxs heç vaxt valideynlərini kimsəsizlər evinə atmaz! Belə qiymətli əsərlərin təbliği gənclərin mənəviy-yatının, əxlaqının durulaşmasına xidmət edə bilər.

Əli müəllim! Bizim Sizə, Sizin kəlamlarınıza mənəvi ehtiyacımız var. Bu günlərdə nəfis şəkildə çapdan çıxmış “Aqibət” romanını oxumaq arzusu ilə.

Natella Asena, jurnalist

“Ədalət” qəzeti, 19 noyabr 2005-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com