|
“Mənim rəncbər atam”ın həqiqətləri
MƏNƏVİYYAT DƏRSLİYİ VƏ YAXUD ƏLİ İLDIRIMOĞLUNUN “MƏNİM RƏNCBƏR ATAM” ROMANI
HAQQINDA DÜŞÜNCƏLƏR
Çağlar о çağlar idi ki, Azərbaycanın baş qəzeti “Kommunist” (indiki “Xalq qəzeti”) idi və ölkənin sayseçmə jurnalistləri bu redaksiyada işləyirdilər. Мən də onda tələbə idim və qəzet oxumaqla о qədər də aram yox idi, ancaq şəhərin müxtəlif yerlərində müəyyən lövhələrdə sıralanmış mətbuat nümunələrində teatra aid yazıları gözümlə “içirdim”. Bir də yuxarı hissəsinə “oçerk” və “felyeton” yazılan bədii nümunələri oxuyurdum. Get-gedə gör-düm ki, gözüm həmin janrda yazan müəlliflər arasında “Əli İldırımoğlu” imzasını axtarır. Onun felyetonlarındakı cəsarət, hünərvərlik, satirik axıcı dil, oçerklərindəki həlimlik və səmimiyyət, insana məhəbbət duyğusu, fikrin emosional və cazibəli bədii təsviri teatr institutunda təhsil alan mən tələbəni də qələmə sarılmağa çəkirdi. Amma hələ felyeton, yaxud oçerk yazmağa nə söz tapa bilirdim, nə də cümlə qurmağa istedadım çatırdı. Qəlbimdə və xə-yalımda isə özümün Əli İldırımoğlu obrazını yaratmışdım və hərdən onunla “danışırdım”, di gəl ki, bu “söhbətlərimiz” həmişə yarımçıq qalırdı. Çünki onun adının xofu məni basırdı, dilim içimdə topuq çalırdı.
Ay keçdi, il dolandı və mən teatrşünaslıq ixtisasının diplomunu alıb “Kom-munist” qəzetinə dəvət olundum. Yazıçı-jurnalist Əfqanın rəhbərlik etdiyi “Ədəbiyyat və incəsənət” şöbəsində işləməyə başladım. Bir gün nahar fasiləsi zamanı otaqda tək oturub nömrəyə material hazırlayırdım. Otağa ucaboylu, çöhrəsi nurlu və baxışlarından təbəssüm yağan bir kişi daxil oldu. Astaca “salam” dedi və əvvəlcə Əfqan müəllimi, sonra da şöbəmizin işçisi Məryəm xanımı soruşdu. Dedim ki, nahara çıxıblar, saat ikidən sonra olacaqlar. Stulu çəkib mənim mizimin dirsəyində əyləşdi və əlindəki yazını mənə uzatdı.
– Al bunu oxu, fikrini mənə de... Sən İlham Rəhimlisən də.
– Bəli, İlhamam. Qoyun qalsın, oxuyaram.
Ərkyana ötkəmliklə dedi:
– Nağıl danışma, götür indi oxu, oturub gözləyirəm.
Yanakı baxıb gördüm ki, birinci vərəq bizim redaksiyanın titul səhifəsində yazılıb. Deməli, bu adam redaksiyaya məhrəm adamdır ki, şöbə müdiri yazını oxumamış onu makinada titul vərəqində yazdırıb, üç intervalla. Ya da, ra-yonlarda işləyən xüsusi müxbirlərdəndir ki, mən hələ onu tanımıram. İstədim təxminən on-on iki səhifə olan yazının axırıncı vərəqinə baxım və görüm bu müəllifin adı nədir. Əlini qoydu yazının üstünə və amiranə səslə, ancaq as-tadan dedi: “Əvvəlindən oxu”.
Yazı oçerk idi və ləzzətlə oxuyurdum, görünür, təcrübəsiz olduğum üçün üsluba görə yazı müəllifinin kimliyini anışdıra bilmirdim. Maraq məni götürmüşdü və nəhayət ki, sonuncu səhifəyə keçəndə qeyri-ixtiyarı səhifənin aşağısına baxdım: “Əli İldırımoğlu. “Kommunist”in xüsusi müxbiri. Ağdam rayonu”. Tez ayağa qalxdım və hiss elədim ki, tər məni basdı.
– Əli müəllim, sizsiniz?
Çiynimdən basdı, “otur” dedi. “Oxu qurtar, fikrini söylə”...
Beləcə, 1972-ci ilin 8 sentyabrından Əli İldırımoğlu ilə tanışlığım başlandı və onun oğlu yerində olsam da, aramızda mehriban ünsiyyət gündən-günə istiləşdi, artdı, möhkəmləndi. Əli müəllim, bəlkə də, yeganə xüsusi müxbir idi ki, ciddi oçerk və felyetonlarını zövqlərinə inandığı qələm əhlinə oxudardı və diqqətlə onların fikirlərinə qulaq asardı. Belə səlahiyyət qazanan jurnalist-lərdən ən gənci mən idim və bundan xüsusi qürur duyurdum.
Əli müəllimlə görüşlərimizdə söhbətlərimiz jurnalistikadan daha çox ədəbiyyatdan, incəsənətdən olardı. Füzulidən başlayıb keçərdik Bayrona, Cə-lil Məmmədquluzadədən danışıb Ekzüperidə dayanardıq. Rafaelin, Leonardo da Vinçinin, Mikelancelonun, Bottiçellinin, Səttar Bəhlulzadənin rəsmlərin-dən söhbət açardıq. Onunla rayonlara səfərə çıxanda qürur hissi keçirirdim, çünki hər yerdə bu sanballı kişiyə böyük sevgi və ehtiram görürdüm. Torpağa sevgisinə və ona dərindən bələd olmasına heyran qalırdım. Əkin-biçindən, rəncbərlikdən, dəhnə basıb zəmilərə su çıxarmaqdan söhbət düşəndə atası İldırım kişidən xatirələr danışardı. Bu xatirələrə bədii lövhələr kimi qulaq asardım, onun mahiyyətindəki kişi qüruruna, dilin şirəsinə, hadisələrin muncuq sapına düzülməsinə heyran qalardım. Canı-dildən, sidqi-ürəkdən dəfələrlə demişəm ki, “Əli müəllim, bunlardan bədii əsər yazsanız, misilsiz olar”. Нər dəfə də dodaqları qaçıb və astaca başını bulayıb.
– Qəzetin işindən başım açılır ki. Sağlıq olsun, təqaüdə çıxanda qələmi-mizi sınayarıq.
Мən onda heç cürə təsəvvür edə bilmirdim ki, Əli İldırımoğlu kimi ustad jurnalist nə vaxtsa təqaüdə çıxa bilər. Yaxud əlini qələmdən çəkə bilər. Tə-qaüdə çıxmağına çıxdı, ancaq qələmi əldən qoymadı. Əksinə, vaxtilə redak-siyanın müxtəlif şöbələrinin tapşırıqlarını qələmə alan Əli müəllim illər boyu içində səssiz gəzdirdiyi bədii əsərləri kağıza köçürməyə başladı. “Mayaklar”, “Yazım, yazmayım”, “Çinarlı”, “Dərd”, “Telepat”, “Silinməz izlər”, “Нəmin adam”, “Zorən jurnalist”, “Közərən sətirlər” kitabları işıq üzü gördü. Ötən ilin sonunda isə bu siyahıya “Mənim гənсbər atam” xatirə-romanı da əlavə olundu.
Нələ XX əsrin əvvəllərində dünyanın ən böyük nasirləri etiraf edirdilər ki, gələcək oxucular yazıçı uydurmalarından ayrılıb həyatdan gələn xatirələ-rin bədii məntiqinə söykənəcəklər. Çünki bu xatirələrdə həyat şirəsi çox güc-lüdür, canlıdır, ovsunludur, ən əsası isə torpağın özü qədər müdrik və fəlsəfidir.
Əli İldırımoğlunun nəsil kökü Qubadlı rayonunun Əliquluuşağı kəndin-dəndir. Onun yazdığı romanda hadisələr, əsasən, burada, Yazı düzündə, Məlikəhmədlidə, Qaladibində, Bərgüşad, Həkəri, Zabux çayları sahillərində, Laçında, Ağdamda, Naxçıvanda... сərəуаn edir. Мən həmin yerlərin çoxunu məhz Əli müəllimlə birgə gəzmişəm. Kitabdakı biri-birindən təsirli bədii lövhələri oxuyanda kövşənlikdə torağayların nəğməsini eşidirdim, biçənək-lərdə kərənti səsindən huşunu “itirib” yerdə laylanan çiçəkli otların ətrini duyurdum, dəhnə basmaq üçün səbət toxuyan İldırım kişinin cadar-cadar olmuş, hər barmağından halallıq yağan əllərini görürdüm.
Görürdüm ki, kişilik qüruru, ocağa məhəbbət, valideynə səcdə qılmaq, tor-paqdan nur içmək neçə-neçə əsrdən üzü bəri gəlib, İldırım kişinin ömründə heykəlləşib və indi ondan bütün nəslə nur çilənir. Həmin nurun nehri “Mənim rənсbər atam” kitabında həyat və mənəviyyat dərsi kimi təsvir olunub. Əli İldırımoğlunun ata məhəbbəti həzin, kövrək, göynərtili, qürurlu hadisə-xatirə-lərin canından mayalanıb, urva halallığı tapıb. Ona görə də hər sətrinə, sözünə inanırsan və cüzi yazı-pozu görən İldırım kişinin müdrik hərəkətlərinə heyran qalırsan, ruzisi rəncbərlikdən çıxan kişinin həyat fəlsəfəsinin bütün mahiyyətini dərk etməyə çalışırsan. İnanırsan ki, ömrün mənası məhz belə el ağsaqallarını duyub anlamaqdadır. Romandan bir məqamı qısaca çatdırmaq istəyirəm.
İldırım kişinin böyük qardaşı 1918-ci ildəki erməni-Azərbaycan mühari-bəsindən qayıtmayıb və onun uşaqları hələ cavan yaşlarından el ağsaqqalı ucalığında duran rəncbərin ocağına cəm olublar. Anaları Fatma xanımla birgə. Xeyli sonralar evlənən İldırım kişi öz balalarının ona “dədə” deməklərinə qadağa qoyub söyləyib ki, siz də о tifillər kimi məni “əmi” deyə çağırın. Qoy atasızlıqlarını hiss etməsinlər.
Əli İldırımoğlunun romanının şəhdi-şirəsi təkcə şəxsi xatirələrin doğma-lığında və təsir gücündə deyil. Müəllif qədim Azərbaycan kəndlərindəki ürək göynədən nəsil davalarını, Mustafa kimi arvadağızın evində gecələməyi qüru-runa sığışdırmayan İldırım kişinin qurd ulayan yollarla gecə çölə çıxmasını və çoban Cəbrayıl kimi qeyrətli bir adama urcah olmasını da yüksək və həssas yazıçı qələmi ilə təsvir edə bilib.
Atasının müdrikliyini, tükənməz həyat eşqini, qəlbində insanlara bəslədiyi məhəbbətin böyüklüyünü vermək üçün yazıçı özünün yeniyetməlik, gənclik, müdriklik çağlarında rastlaşdığı sərt həyat burulğanlarını da qələmə alıb. Həyatın ən sərt sınaqlarından vüqarla çıxan Əli İldırımoğlu bunun sirrini böyük ehtiramla “atamın qoyduğu yolla gedirəm” məntiqi ilə əsaslandırır.
Uzun illərin vərdişidir, oxuduğum romanı, povesti, hətta dramatik poe-manı da pyes janrının prinsipləri ilə ülgüyə salmağı xoşlayıram. Bu baxımdan “Mənim rənсbər atam” kitabında ayrılıqda kamil bir dram əsərinə mövzu ola biləcək hadisələr var. Onlardan da biri psixoloji faciə notlarında, dramatik gərginliklə işlənən Sərdar və Bəhmənyar xəttidir. Sərdar namus üstündə qeyrətsiz Bəhmənyarı verir dəhrənin ağzına. Sonra da elin-obanın içində qo-luna qandal vurulmasını kişilik qüruruna sığışdıra bilmədiyinə görə üstü-başı qanlı gedir polisxanaya. İllər keçir və nəsil arasındakı düşmənçiliyi Bəhmən-yarın törəməsi Həsənxanın el malına xor baxmaq üstündə həbs edilməsi dərinləşdirir. Məhkəmədə yeganə İldırım kişi Həsənxanın üzünə durmur, “namərd” damğasını üstünə götürmür. Hətta Həsənxan türmədə olanda onun ailəsinə vaxtaşırı əl tutur, taxıl, çəltik payını onlarla bölür...
Mənim çox sönük və bəlkə də, yöndəmsiz təqdim elədiyim bu süjetdə milli, mənəvi-əxlaqi prinsiplərimizi, həyat tərzimizi, ruzisi torpaqdan çıxan insanların düşüncələrini, yaşayış ölçülərini, şərtlərini təcəssüm etdirən dramın yazılması üçün zəngin material var.
Əli İldırımoğlu özünün xatirə-romanında ilk növbədə kişiliyə bədii ayna tutmağa çalışıb. Həmçinin, bu müqəddəs istəyin işığında kişi-qadın, ər-arvad münasibətlərini ülvi əxlaq adətləri ilə oxuculara çatdırıb. Bu baxımdan onun atası ilə özünün ömür-gün yoldaşının qayınata-gəlin münasibətlərinin təsviri həzin, səmimi, ülvi, bakirə olduğu qədər də ibrətamiz və düşündürücüdür. Elə bunun da kökündə İldırım kişinin ailəsi üçün müəyyənləşdirdiyi və pirə çevirdiyi əxlaq normaları durur.
1898-ci ildə dünyaya gələn atasının zəngin həyatının müəyyən anlarına səmimiyyətlə bədii don biçən yazıçı öz əsərində insanlığın keçdiyi bir əsrlik dövrün müxtəlif gərdişlərini ehtiva edib. Onun yazıçı qəlbini göynədən odur ki, bu gün bərəkət ətirli xırmanları ot-alaq basıb, Əli İldırımoğlu kişilik mizan-tərəzisi pozulan, mənəviyyat aləmimizin əriş-ağacı dolaşıq düşən, məmləkətin çörəyini yeyib təhnəsinə tüpürən namərdlərin artdığı dünyamıza qarşı vətəndaş üsyanı edir. Və biz oxuculara hayqırtı ilə çatdırır ki, mənəviy-yatsızlıq yolu xalqın mənəvi varlığını edam kötüyünə apara bilər...
“Mənim rənсbər atam” xatirə-romanının sonunda yazılıb: “23 noyabr 2000-ci il – 27 may 2002-ci il”. Bunu Əli İldırımoğlu əlinə qələm aldığı və romanı nəşriyyata verdiyi gün kimi dəyərləndirib. Əslində isə haqqında söhbət gedən əsərin mövzusu Əli İldırımoğlunun qanına ata qanı ilə keçib, onun uşaq yaddaşına hopub, ata müqəddəsliyinin əzəməti ilə ona həyat amalı verib. Nəhayətdə də, onun yazıçı təfəkküründə və övlad duyğusunda toparlanıb, раk bulaq suyuna çevrilib. Нər oxucu bu bulağa öz doyumunca dodaq söykəyəcək. Ən əsası isə odur ki, mən bu yüzillik tarix gərdişində ata–oğul–nəvə İldırım–Əli–Yusif şəcərəsinin yeni-yeni həyat və kişilik naxışlarının hörüldüyünü görürəm...
İlham Rəhimli, sənətşünaslıq elmləri doktoru, professor
“525-ci qəzet”, 4 aprel 2003-cü il
|
|