|
Təbriklər, arzular, düşüncələr ...
SAVABIN CAVABI
Dağın dağ dili var, torpağın torpaq dili. Çiçəyin, suyun, quşun, küləyin, yağışın öz dili var, amma həm də bunların hamısının öz dillərindən savayı bildiyi bir dil var. Onlarla qol-boyun olan insanların dili. Bəlkə də dağ, daş, çöl, çəmən, bulaq... var olduğu müddətcə öz dilindən savayı yalnız ilk tanı-dığı insanların dilini mənimsəyə bilir. Ona görə də qərib gəldiyi yurdda həmişə qərib olur, ona görə də hansısa yad bir yurdu qəsb edən həmişə orada yad olaraq qalır. Təbiət yadın, qəribin yad dilini, qərib lisanını öyrənə bilmir.
Əli İldırımoğlu qələm adamıdır. Ürəyini qələmə boşaldan söz sahibidir. Və o, dünyaya göz açandan dilini öyrəndiyi yerin-yurdun, dünyadan köçərək həmin yer-yurda qovuşmuş əziz, munis insanların taleyini yazır. Əli İldırımoğlu yazır ki, o dili gələn nəsillər unutmasın. Yazır ki, yazdıqları keç-mişlə sabah arasında körpü olsun. О yerlər ki, о ata yurdu ki, Əli İldırımoğlu ondan yazır, oralar lap çoxdandır ki, düşmən tapdağındadır. Lap çoxdandır ki, о yerlərin dağı, daşı, otu, çiçəyi, bulağı, çayı laldır. Bildikləri təkcə bizim dildir: kimlə dərdləşsin, zavallılar. Bəlkə tək о yerlərin quşlarıdır ki, dərdlə-riylə birgə yurdun azad səmtlərinə uçurlar, danışıb ürəklərini boşaldırlar. Əli İldırımoğlu həmin qəlbi sınıq yerlərin, о yerlərdəki gülün, bulağın, qayanın, mamırın dilindən yazır, о ruh unudulmasın deyə yazır.
Əli İldırımoğlu başqa dövrün adamıdır.
...Bir yaz günündə, şəhərin səs-küyündən aralıda, Şüvəlandakı bağ-bağatlı həyətində Əli İldırımoğluyla var-gəl edirdik.
Dünənə gedirdik, bu günə gəlirdik.
Və söhbət elədikcə sezirdim ki, hər halda dünənin hadisələrinin, münasi-bətlərinin, insanlarının və dəyərlərinin axarında о, özünü daha rahat hiss edir.
Düşünürəm ki, yəqin ömrün müdriklik çağında bu bağa, bu həyətə sığın-ması, günlərini, saatlarını ya onunla danışa bilən ağaclarla, gül-çiçəkləriylə, ya da masa arxasında qələm-kağızıyla keçirməsi elə daim onunçün doğma olan aləmdə, vaxtın artıq onun öz içərisində cərəyan edən kəsiyində yaşamaq istəyindəndir.
Əli İldırımoğlu köhnə kişilərdəndir. Heç yaş mənasında demirəm. Ondan yaşlı olub “köhnə kişi” adlana bilməyəcəklər nə qədər desən var. Ancaq hər sözündə, hər hərəkətində sanbal, ağır oturub-batman gəlməklik, daxildən qaynayan kübarlıq olan, bütün ədalarıyla keçmişlə indinin körpüsü sayılası, vücudundan ağayanalıq yağan, əsl mənada ağsaqqal adlanası örnək kişilər, heyflər ki, azdır. Bəlkə, elə “köhnə kişilər” ifadəsi də onları dünəndə, keç-mişdə daha çox tapa bildiyimizdən yaranıb?!
О bağ evi ki, Əli İldırımoğlu il-on iki ay oradadır, çox bağlarla çevrələnib. Səməd Vurğunun da, Süleyman Rüstəmin də, Adil İskəndərovun da... bağları о ətrafdadır. О bağlardan biri də Ələsgər Ələkbərovun olub. Bu unudulmaz aktyorumuzun ekranlarda vaxtaşırı görsənən bədii filmlərdəki irili-xırdalı surət-lərinin hansına baxsan və elə hamısını da eyni anda xəyalından keçirsən, ləyaqətli, təpərli, dədə-baba ənənələrinə sadiq bir Azərbaycan kişisi canlanır nəzərində.
Əli İldırımoğlu о kişilərdəndir.
Camaatımızın ekranlardan tanıdığı “Böyük dayaq”dakı Rüstəm kişi, “Dəli kür”dəki Cahandar ağa kimi kişilərin bizim də personajı olduğumuz, içərisində yaşadığımız həyat filmindəki canlı görüntüsüdür Əli İldırımoğlu.
Və onun ömür həsr etdiyi jurnalistikada, qəzetçilikdəki ən böyük xidməti də məhz şəxsiyyətindən gəlir.
O, 40 ildən artıq jurnalistlik, qəzetçilik edib. Sovet dövründə həm nüfuzca, həm sayca Azərbaycanın birinci qəzeti hesab edilən “Kommunist”in 10 il Nax-çıvanda, 17 il Qarabağda, 10 il Qubada xüsusi müxbiri olub. Bu müddət ərzin-də sayını özünün də itirdiyi yüzlərlə, minlərlə məqalə, oçerk, felyeton... yazıb.
Və Əli İldırımoğlu sayını özünün də dəqiq bilmədiyi, mövzuları, qəhrə-manları, ifadə tərzləri bir-birindən ayrılan həmin yazıların hamısının arxa-sında ən əvvəl şəxsiyyətiylə ucalıb.
Öz sözüdür, deyir: “Bəzən ürəyimin yağını yavanlıq edib heç kəsə əyil-məmişəm”. Əyilməyib, düz deyir, tanıyanlar hamısı təsdiqləyir.
Sözü bütöv olub. Haqqı nahaq ayağına verməyib. İmkanı olan yerdə yaxşı-lığını əsirgəməyib. Və yazılarından daha əvvəl bütöv şəxsiyyəti ilə qəzetə, qəzetçiliyə, jurnalistə, jurnalistikaya hörmət qazandırıb. Harda çalışıbsa, kimlərlə işləyibsə, jurnalistin adi adam olmadığını anladıb, qələm əhlinə hər qolu zorlunun, cibi pullunun, kürsüsü hündürün üstdən aşağı baxmasına imkan verməyib. Şəxsiyyəti ilə özünə və deməli, həm də geniş mənada qə-zetə, jurnalistə ehtiramlı, hörmət-izzətli münasibətə nail olub.
Bu, sadə iş deyil. Nə keçmişdə asan iş olub, nə indi asandır. Keçmişə də boylansanız, bu günü də araşdırsanız, bəs deyincə jurnalist adlanan, qəzetçilik edən, amma tamahgirliyiylə, şəxsiyyətsizliyiylə, yüngülsaqqallığıyla qələmə qaxınc olan cılızları görəcəksiniz.
Əli İldırımoğlunun xeyli kitabı var. “Mayaklar”, “Yazım, yazmayım”, “Çinarlı”, “Həmin adam”, “Dərd”, “Telepat”, “Zorən jurnalist”, “Silinməz izlər”, “Mənim rəncbər atam”, “Qarlı gecələr”. Hamısı qalın-qalın, içəriləri də məqalədən tutmuş romanacan. Sayca da, həcmcə də, bəlkə də, bundan çox məhsulu olan jurnalistlər var, sonra da olacaq.
Di gəl, şəxsiyyət olaraq, jurnalist olaraq bəzən müəllifin çəkisi kitabının, hətta məqaləsinin, lap elə məqaləsinin dərc edildiyi qəzetin də vəznindən yüngül olur.
О vaxtlar ki, balaca padşahlar – raykomların birinci katibləri rayon daxilində onlara verilən külli-ixtiyardan xumarlanaraq qarşısındakı hər adama özüylə müqayisədə üçüncü növ kimi baxırmış, Əli İldırımoğlu onları və onla-rabənzərləri əyilməz başı və iti qələmiylə yerində oturdurmuş. Bununla da yalnız özünə yox, əslində sabah о cür adamlarla üzləşə biləcək, olsun ki, haqqını tələb etməkdə daha aciz olacaq hansısa qəzetçiyə, jurnalistə bəri başdan hörmət və güc qazandırırmış. Əli İldırımoğlu kimi qələm adamlarının qırımını görəndən sonra belələri hər halda az da olsa yontalanırdılar, əhlilə-şirdilər, növbəti dəfə qələm adamı ilə rastlaşanda: “nə bilmək olar, bəlkə, bu da Əli İldırımoğlunun tayıdır?” ehtimalı ilə özlərini daha ehtiyatlı aparırdılar.
...Mənim mətbuatla ünsiyyətim erkən başlanıb. Yazıb göndərdiyim 4–5 cümləlik xəbərlərimi dərc edən “Kommunist” qəzetində tez-tez ötkəm, iri həcmli yazılarını oxuduğum Əli İldırımoğlunu qeyri-adi insan sayırdım, arzulayırdım ki, nə ola onu bircə dəfə görə biləm.
Əli İldırımoğlunun ad-soyadından sonra adətən “xüsusi müxbir” qeydi olurdu və о zamanlar bilmirdim ki, bölgə müxbirlərini belə nişan verirlər, zənn edirdim ki, “xüsusi” kəlməsi həmin müxbirin və bu cür nişan verilən digər müxbirlərin yazmaq nöqteyi-nəzərindən xüsusiliyinə, müstəsnalığına işarədir.
İllər keçdi, Bakıya gəldim, universiteti bitirdim və tale məni hələ uşaqlıq illərimdən qiyabi müəllimim saydığım, yazılarından öyrəndiyim, “xüsusi”, “müstəsna” kimi qəbul etdiyim Əli İldırımoğlu ilə görüşdürdü.
Və həyat mənə əyan etdi ki, hələ məktəbliykən uşaq sadədilliyi ilə adının altında “xüsusi müxbir” yazılmış Əli İldırımoğlunu vəzifəsinə görə deyil, məhz öz keyfiyyətlərinə görə “xüsusi”, “müstəsna” sayarkən əslində yanılmırammış.
O, qəzetçi olaraq, jurnalist olaraq, şəxsiyyət olaraq xüsusiymiş, müstəsnaymış. İndiki qəzet bolluğunda, yazan çoxluğunda yazanların, qəzetlərin cırlığını, sözə, qələmə, jurnalist adına, qəzet anlayışına qədərincə məsuliyyətlə yanaşılmamasını kədərlə, qəlb ağrısıyla izlədikcə Əli İldırımoğlu kimi о “xüsusi”nin xüsusiliyinə, müstəsnalığına yenidən iman gətirirəm.
Əli İldırımoğlunun əsərləri içərisində “Mənim rəncbər atam”ın yeri ayrıcadır. Bu roman Əli İldırımoğlunun ömür, tale kitabıdır. Bu əsər Əli İldı-rımoğlunun “Heydərbabaya salam”ıdır. Bu əsəri dünyada Əli İldırımoğludan savayı heç kim yaza bilməz. Çünki hər sözü, hər cümləsi, hər yaşantısı ilə bu, onun özünün yaşamış olduğu həyatdır, hər qırpımı acısı və şirini ilə ona əziz olan ömürdür. Orta çağda böyük qələm adamları öz övladlarına ünvan-ladıqları öyüd, tərbiyə kitabları yazırdılar. Qabus ibn Vəşmgir “Qabusna-mə”ni öz balasına tövsiyələr, hikmətlər toplusu kimi qələmə aldı. Nəsirəddin Tusi “Меуаr ül-əşar”ı öz oğluna şeiriyyət, ədəbiyyat dərsliyi kimi ərsəyə gətirdi, Vəhid Təbrizi “Cəmi-müxtəsər”i babasına əruz vəzninin sirlərini an-latmaqçün yazdı, Abbasqulu ağa Bakıxanov “Nəsihətnamə”sini öz uşağına əxlaq bələdçisi kimi qoşub-düzdü... Amma bu kitablar hamısı bütöv Millətin kitabları oldu. Əli İldırımoğlu da bu kitabı ən əvvəl öz balalarına, nəvə-nə-ticələrinə bir yaddaş dərsliyi olaraq, kökün, əslin, yurdun və onun köksündəki hər nəsnənin qədrini bilməkçün ağıl, öyüd, ibrət aynası kimi yazıb. Amma daha bu kitab yalnız onun öz övladlarının deyil...
...60-cı illərin əvvəllərində Qarabağ bölgəsində işlədiyi çağlarda müxbir Əli İldırımoğlunun güzarı düşür telefonsuz, radiosuz, işıqsız ucqar bir kəndə.
Təsadüfən yaşı 90-ı adlamış bir qocayla rastlaşır. Ağsaqqal ona ağız açır: “Bala, mən ömrümü sürmüşəm, ölümdən də qorxmuram. Amma bircə ondan narahatam ki, gecələrin birində keçinəcəm, eşidib-bilən xəbəri alıb gələcək, işıqsız kəndimizin zülmətində birinin ayağı büdrəyəcək, biri nəyəsə ilişib yıxılacaq, söyəcək məni... Kəndimizi işıqlı görməyib getsəm, gorda rahat yata bilməyəcəm. Sözün keçsə, gücün çatsa, kömək elə”.
4–5 ailənin yaşadığı, ayaqdan, gözdən uzaq olan bu kəndə ayrıca transfor-mator qoyub işıq çəkdirməkçün Əli İldırımoğlu bütün qətiyyətini, əlaqələ-rini, səylərini səfərbər edir...
Bir müddət sonra qocanın vəfatı sorağını alanda həmin kəndə dəfnə yola düşür.
Artıq işığı olan kəndə, о qocanın məzarında rahat yatacağı kəndə... Allah bu savab əməli, əlbəttə ki, görüb.
Və Allahın hər şeyi görən gözlərindən yaralı Qubadlının, əsir Qubadlının ən ucqarındakı sinəsi qubarlı, yesir balalarından ötrü qəribsəyən kimsəsiz Əliquluuşağı kəndi də gizlin deyil.
О ocaqları sönmüş, о düşmən caynağındakı kənd Əli İldırımoğlunun ata-baba yurdudur.
Əli İldırımoğlu üçün dünya о kənddən başlayıb.
Çadırda doğulmuş qaçqın qızcığaz inək sağa bilməyəcək, nehrə çalxamağı bacarmayacaq, vaqonda, yataqxanada, gecəqonduda böyüyən oğlanlar çiçəkləri tanımayacaqlar, otları bir-birindən ayırd etməyə gücləri çatmayacaq, torpaq becərməkdən, əkin-biçindən bixəbər qalacaqlar. Asta-asta kəndistan vərdişlərini unutmağa, torpaqla canlı insan kimi danışmaq səriştəsini itirməyə məhkum olan bir nəsil böyüyür. İşğal illəri, qaçqınlıq, köçkünlük əyyamları uzandıqca yaşlılar dünyadan gedir, uşaqlar iriləşib yeniyetmə olur, cavanlıq həddinə yetişər-yetişməz ahıla çevrilirlər.
İş ardınca, dolanışıq dalınca kənddən şəhərə, qürbətlərə üz tutanlar da əslində bir başqa cür qaçqın, bir ayrı cür köçkündürlər.
Əli İldırımoğlunun romanlarındakı Azərbaycan kəndi, о kəndin adamı, о adamın danışığı, oturuşu-duruşu, ədəbi-ərkanı səni dünənə alıb aparır və başlayır ürəyinin başı göynəməyə. Bir xiffət bürüyür səni. Bəlkə, Əli İldı-rımoğlu nahaq bunları yazır, nahaq belə yazır, bəlkə, bica yerə özünün də, bizim də ürəyimizi sıyırır? Bəlkə, əbəs yerə bizi о dünəni, о əsli-kökü unut-mamağa çağırır?!
Dünəni, dünənin içərisindəki vərdişləri unudandan sonra biz torpaq qədri bilərikmi?!
Zənnimcə, Əli İldırımoğlunu qələm götürüb ürəyini kağıza köçürməyə, yaddaş kitabları yazmağa vadar edən ilk və əsas səbəb torpaq nigaranlığı, torpaq dilinin unudulması hürküsüdür.
40 il əvvəl Qarabağın ucqar bir kəndinə pirani bir kişinin təvəqqesi ilə çəkdirdiyi işığın savabına, axirət uyqusu nigarançılıqdan qurtarmış о qocanın etdiyi duaların xatirinə – ən azı buna görə – Böyük Yaradan gərək gecə-gün-düz həsrətiylə, xiffətiylə çırpındığı Əliquluuşağı kəndini Əli İldırımoğluna qaytara...Gərək qaytara!..
Rafael Hüseynov, filologiya elmləri doktoru, millət vəkili
2003-cü il
|
|