|
Təbriklər, arzular, düşüncələr ...
BÖYÜK AĞIL, İSTEDAD VƏ ZÖVQ SAHİBİ
İnsana hörmət, ehtiram hissi kiminsə təqdimatı və ya məsləhətilə, hətta ən yaxın ünsiyyətin köməyi ilə də yaranmır. Həyatda biz bunun əksi ilə daha tez-tez rastlaşırıq, uzun müddət bir yerdə işləyən adamlar arasındakı hislər məhəbbətdən çox uzaq olmaqla, az qala nifrətdən xəbər verdiyinə görə, onun izləri dəridəki çapıq kimi qətiyyən silinmək bilmir, daim özünü büruzə verir. Hörmət bəsləmək, yaxşı xüsusiyyətləri qiymətləndirmək üçün, əlbəttə ki, ilk növbədə tanışlıq lazımdır, sonra bu dostluğa çevrildikdə daha artıq möh-kəmlik qazanmağa başlayır. Qiyabi məhəbbət, bir qayda olaraq, mifik qəhrə-manlara ünvanlanır, axırıncılar real cizgilər qazanmağa başlayanda səhv etdiyini, aldandığını, xəyalının əsirinə çevrildiyini anlayırsan. Mifik qəhrə-manı bütləşdirə bilərsən, lakin o, heç vaxt sənə doğma olmayacaq, aradakı böyük məsafə hesabına ona münasibət isə hörmət deyil, bir növ sitayişdir, bunda isə başlıca rolu ağıl, zəka deyil, hislər oynayır. Real insana isə şəxsiy-yətinə, əxlaqi dəyərlərinə, prinsiplərinin möhkəmliyinə, onda olan mərdlik laxtasına görə qiymət verirsən, onun özünəməxsusluğunu, bütövlüyünü dərk etdikdən sonra bu adama inanmağa, etibar etməyə başlayırsan. Dələduz, məkrli insanlara qarşı isə səmimi yanaşmaq sadəlövhlükdür, ağılsızcasına onun aldadıcı, saxta aurasının təsiri altına düşməkdən irəli gəlir. Lakin onların bir xidmətlərini də qeyd etməmək insafsızlıq olardı, iyrənc nümunələri bizə yaxşıları, ləyaqətliləri sevməyi sövq edir, qaranlıq mühitdə biz işığın həsrətini daha çох çəkməyə başlayırıq. Ləyaqətli insanlar ətrafa güclü işıq və hərarət şüaları buraxırlar, harada olmağından asılı olmayaraq belə adamlara qarşı səndə bir nisgil hisləri yaranır və onlar keçmiş xatirələri yaddaşında canlandırmaqla daha arzulanan insana çevrilirlər. Axı bizdən nəyi alsalar da, keçmişimizi, о günlərin xatirəsini ala bilmirlər. Ruhi xəstəlikdən, amneziya-dan başqa, onları yox etməyə heç kəsin və heç nəyin qüdrəti çatmır. Çünki bu keçmiş bizim şəxsi tarixçəmizə yapışıb, о dövrün mühitini bəyənib-bəyənməməyimizdən asılı olmayaraq bizim ruhumuza, canımıza, düşüncə və həyat tərzimizə hopub. Qədim misirlilərin dinindəki Anubisin tərəzisində о dünyaya köçənlərin əməllərindəki xeyir və şər çəkilən kimi, biz də yaddaş tərəzimizə yaxşıları və pisləri qoyur, onlara münasibətdə nə qədər düzgün, ya səhv hərəkət etdiyimizi anlamağa başlayırıq. İllər keçdikdən sonra aparılan mühakimə birinci növbədə özümüzə qarşı qurulur, lakin onun bələdçilik edən sapı bizi yaxşı adamlarla təmasda olduğumuz anlara gətirib çıxardanda, təsəlli tapmağa başlayırıq ki, xeyir və şər ağacının meyvəsini ilk dəfə dadan əcdadlarımızın yolu ilə gedərək əzablı da olsa kamilliyə qiyməti verməyi bacarmışıq, bu mehrabın cazibəsindən uzaq qaçmamışıq.
Yaxşı adamlarla, işıqlı şəxsiyyətlərlə təmasda olmaq özü də xoşbəxt qismətdir və bizim həyatımızı zənginləşdirən cəhətlərin, Şekspir demişkən, yaddaş cədvəlinə yazılmalıdır. Bəlkə də, onlar sayca çox olmayıblar, lakin onların vəzninin böyüklüyü nəinki digər kəmiyyət çatışmamazlıqlarının əvə-zini ödəyib, keyfiyyətinə görə isə bizim mənəviyyatımıza əyani nümunələri və obrazları ilə çox sayda nəcib əlamətləri daxil edə biliblər.
Ləyaqətli insanlar bizi İncildə münəccimlərin göydə seyr etdikləri ulduz kimi təkcə öz işığı ilə cəzb etməyib, həm də həqiqəti axtarmağımıza, ona inam gətirməyimizə yardım göstəriblər. Onlar bu timsallarına görə heç vaxt bizim könlümüzü tərk etmirlər, onun bədbinlikdən xilas olub nikbinlik üstündə köklənməsinə köməklik göstərirlər. Onların çox da böyük olmayan siyahısına mən Əli İldırımoğlunu daxil etmək istərdim, daha doğrusu o özü bu qalereyaya daxil olmağa hələ 30–35 il əvvəl haqq qazanıb, dövrlər, adətlər, qaydalar dəyişsə də, dövri sistemdəki elementlər atom çəkisinə görə düzül-düyü kimi, öz mənəvi cüssəsinə görə burada qalmaqda davam edir.
Əli müəllimlə mən ilk dəfə tanış olanda, o, püxtələşmiş jurnalist, respub-lika mətbuatının nüfuzlu müəlliflərindən biri idi. О vaxt qəzetlər az sayda olsalar da, böyük siyasi gücə malik idilər və ictimai rəyin formalaşmasında heç də kiçik rol oynamırdılar. Mətbuatdakı tənqid, satira heç də təsirsiz qalmırdı və bəzən özünü çox qüvvətli hesab edən vəzifə və ya nüfuz sahibləri qəzetdə gedən bir məqalədən az qala güllə yarası alırdılar, həmin zərbə onları çox şeydən məhrum edib, şəstlə, meydan sulayan adamlardan səlahiyyət və imkan zəlillərinə çevirirdi. Dünənə qədər böyük təsir imkanları ilə öyünənlər bir felyeton nəticəsində kabinetlərin dünənə qədər ayaqları ilə açdıqları qapısında özünə güzəşt sədəqəsi uman dilənçilərə çevrilirdilər.
Əli İldırımoğlunun isə qələmi olduqca iti və güclü idi, onun yazıları çox vaxt sensasiya xarakterli dalğa əmələ gətirir, dərin də iz qoyurdu. Lakin o özü heç vaxt sensasiya və onun bəhrəsi sayılacaq ucuz şöhrət dalınca qaçmırdı, sadəcə olaraq zəhmətkeş əkinçi kimi öz gündəlik işini görürdü, o, cəmiyyət adlanan torpağın nadanlıq, sui-istifadə, haram qatını şumlayıb, münbitləşdirərək öz imkanları daxilində düzgünlük, halallıq, ədalət toxumu səpməyə və onların cücərtilərini becərib, boya-başa çatdırmağa çalışırdı. O, haqsızlığa qarşı mübarizə aparırdı və о cəbhədən özünə düşmənlər də qaza-nırdı. Lakin daim o, haqqın yanında olur, ədalət uğrunda mübarizə aparırdı, ona görə də oxucuların, başqa sözlə xalqın böyük əksəriyyəti onun mövqeyini təq-dir edirdi, ona qarşı qurulan fitnəkarlıqların qarşısını almaqda sipərə çevrilirdi.
Ən nüfuzlu partiya qəzetində işləmək həm də özünəməxsus standartlara, çərçivəyə uyğunlaşmağı tələb edirdi və onun xüsusi müxbiri bu koordinatları qəbul etməyə bilməzdi. Lakin jurnalist təkcə mövqeyi ilə deyil, həm də sözdən istifadə qabiliyyəti, bu xəzinədən necə faydalana bilmək bacarığı ilə seçilir. Əli müəllimin yazılarında, xüsusən oçerklərində bədii formaya üstün-lük verilməklə, quru, cansıxıcı yazı üslubundan qaçılır, qələmə alınan hadisə, insan xarakteri bədii süzgəcdən keçirilir, hansısa faktı sadəcə təsvir yox, ümumiləşdirməyə meyiletmə özünü büruzə verirdi.
Yazının bədii tərtibatı, ədəbi mükəmməlliyi fikir, məna yükünün daha qabarıq və ağır çəkili olmasına şərait yaradırdı. Onun məqalələri adamı bədii delikatesə qonaq edirdi, başqalarının aludə olduğu rəqəm və faiz kakofoni-yasına onun yazılarında ümumən rast gəlinmirdi. Həyatın reallığı onun məqalələrində statistika köləliliyindən çıxıb, təmiz hava ilə nəfəs alırdı. Ən ciddi məsələlərə həsr olunmuş yazılarda belə bədiilik öz xidməti borcunu, mükəlləfiyyətini yerinə yetirdiyindən sözlər kəpənəyə dönüb uçurdu, heç vaxt özünün də iyrəndiyi tırtıllara çevrilmirdi. Qələmin hər qanad çalması ilə müəllif elə bil ki, öz ürəyinin bütün gücünün zəifliyini, enerjisini çıxarırdı, onları ehtirasda, hislərdə, sözdə əridirdi. Həm də sözdən sui-istifadəyə qətiy-yən yol vermirdi, başqaları tutarlı, kəskin söz xatirinə heç bir əxlaq meyarına məhəl qoymadıqları halda o, söz silahı ilə olduqca ehtiyatlı davranırdı.
Belə yazıları ilə o, sistemə xidmət etsə də, digər tərəfdən onu əhatə edən mühitlə sərt ziddiyyətdə olduğunu göstərirdi. Bu yolla o, həm də ciddi görü-nən şeylərə güldüyünü nümayiş etdirirdi. Onun yazılarında tam başqa me-lodiya əks olunurdu, lakin bu daim iki başlıca dəyərlə harmoniyada olurdu: ümumi xeyiri dərk etmək, anlamaq və məsuliyyət etikası. Onlar müəllifə ic-timai hadisələrə dar eqoistik məna prizmasından deyil, ümumi, xalqı düşündürən yüksəklikdən baxmağa kömək edirdi.
Əli müəllim işinə nə qədər intizamlı yanaşsa da, öz prinsiplərini, yaradı-cılıq kodeksini, bir az da geniş götürsək, ideya səbatlılığını xırda maraqların bilavasitə təqibinə məruz qalmasına imkan vermirdi, faktları qərəz mövqeyindən deyil, xalqın mənafeyi, ədalət nöqteyi-nəzərindən təhlil etməklə, rasional qaydada təsvir edirdi, bununla da dövrün ziddiyyətlərinə cavab tapmağa çalışırdı. Bu isə özlüyündə ona layiq olduğu etimadı və hörməti gətirirdi.
Onun yazılarında həqiqi qələm sahiblərinə xas olan bir gələcəyə boylanma meyli də güclü idi. Bu səbəbdən də о, heç vaxt şəxsi-qərəzlik müstəvisinə keçmirdi, cəmiyyətə xas olan qüsurları və eybəcərlikləri qamçılamağa cəhd göstərirdi. Oçerklərində də о vaxt dəbdə olan tərif ifratçılığından qaçırdı, diqqəti daha çox xalqın əxlaqına və mənəviyyatına töhfə verən cəhətlərin tərənnümünə yönəldirdi. Şifahi nitqlərdə, qələm əhlinin yazılarında tərif, məddahlıq sel kimi axdığı bir zamanda Əli İldırımoğlu axının əksinə üzməsə də, ondan kənarda qalmağa üstünlük verirdi. Onun oçerklərində saxta əmək qəhrəmanlarının “rəşadətinə” məftunluğa rast gəlmək mümkün deyildi, çünki onda müşahidə qabiliyyəti güclü idi və daim ayıqlığını qoruyub saxlayan bir adam kimi ətrafda nələr baş verdiyini anlayırdı və qulaqbatıran ümumi xora qoşulmamağa səy göstərirdi.
Bu uzun illərin jurnalistində artıq yazıçı idrakı, ədib dünyabaxışı baş qaldırırdı. О özü uzun müddət bu ilham qazanından püskürüb qalxan buxar selini qapamağa çalışsa da, nəhayət onun bu səylərinin müqavimət gücü da-xili həmlələrin artan zərbələrinə davam gətirə bilmədi və keçən əsrin 90-cı illərinin əvvəllərindən mətbuat talasından rəqabətin daha güclü olduğu ədəbiyyat meşəsinə yeni ad daxil oldu, bu ad hamının dünənə qədər uğurlu, həm də bəxti gətirən jurnalist saydığı Əli İldırımoğluya məxsus idi. İstedadlı adamların əlində, bir qayda olaraq, hər şey bu vergini nümayiş etdirmək vasitəsinə çevrilir. Dünənə qədər onun yazılarında obyektivlik və ədalət aparıcı yer tuturdusa, indi ona nəsr Peqasını yəhərləmək lazım gəldi.
Lakin o, özünün yeni mahiyyətində də köhnə sənətinə yad gözlə, qeyri-səmimi baxmadı, həyatının azı qırx ilini həsr etdiyi jurnalistikaya bağlılığını, sədaqətini bir daha nümayiş etdirmək üçün ilk romanlarından birinin adını da “Zorən jurnalist” qoydu. Ondan əvvəlki və sonra seriya şəklində gələn əsərlərini, bədii məhsullarını, – Emil Zolya çox sayda romanlarını “Ruqon-makkarlar” adı altında ümumiləşdirdiyi, yaxud Aleksandr Gertsen “Olmuşlar və düşüncələr” adlandırdığı kimi, – yaşlı cavan yazıçı “Müşahidələrim, özümdən və göz önümdən keçənlər” kimi uzun da olsa, həqiqətə çox yaxın olan bir adla qələmindən yapdığı komanın himayəsinə, topluya yığa bilərdi. Bu əsərlərdə çoxlu yaddaqalan obrazlar, xarakterlər var, lakin onların hamı-sını bir leytmotiv, bir ümumi qəhrəman birləşdirir, bu da zamandır: özünün yaşadığı, mövcud olduğu illər, onlara naxış vuran hadisələr, keşməkeşlər, ziddiyyətlər, insan təbiətinin əlçatmaz yüksəklikləri və dibi görünməyən uçu-rumu andıran eybəcərlikləri, nakəslikləri, namərdlikləri. Gözlərimiz önündə yazıçı XX əsrin ən azı yarısının, bəlkə də üçdə birinin mənzərəsini canlan-dırır. Onu bəxtəvər hesab edənlərə özünün və hörmət bəslədiyi insanların hansı bədbəxtliklərə sinə gərdiyini, hansı oddan-alovdan, insan məkrindən yaranan dəhşətli sınaqlardan çıxdığını, bəzən ölüm-dirim mübarizəsinə atıldığını göstərir. Əsrin bu kaleydoskopunda biz çox şeyləri görürük. Kasıb dağ kəndində xalqın əlini çörəyə çatdırmaq üçün hər cür əziyyətlərə qatlaşan, əkin sahələrinə su gətirmək üçün kəhriz qazan rəncbərləri də, öz təmiz adını böhtan ləkəsindən qorumaq üçün sərt, şaxtalı qış gecəsində həyatını soyuqdan donmaq, yaxud da canavarın dişləri ilə parçalanmaq təhlükəsinə atan cavan müəllimi də, vəzifəsinə arxalanıb canlı insandan nişan hədəf kimi istifadə edən əclafları da. Yazıçı heç də özünü fotoqraf kimi aparmır, faktın, hadisənin dəqiqliyi, ani mövcudluğu onu о qədər də maraqlandırmır, bu hadisələrin hərəkətverici qüvvəsinə, motivlərinə nüfuz etməyə səy göstərir, xarakterlərin formalaşmasında mühitin danılmaz, çox vaxt isə amansız rol oynadığını göstərir. Ona görə də hər bir insan taleyində biz həm də zamanın damğasını görürük, hadisələri qoynuna alan vaxt fenomeni öz müsbət və ya mənfi təsiri ilə insanları necə dəyişdirdiyini, çox vaxt xarakterləri formalaşdırarkən mə-nəviyyatı deformasiyaya uğratdığını, əzdiyini, eybəcərləşdirdiyini görürük. Ona görə də bu əsərlərdə insanlar və zaman birgə, Siam əkizləri kimi eyni qan dövranından qidalanan təki ayrılmayan bir vəhdətdə təsvir olunurlar və müəl-lif-bələdçi bizi öz dövrünün qaranlıq labirintlərinə baş vurmağa dəvət edir.
Bir sözlə, Əli İldırımoğlunun əsərləri oxucusunu böyük bir səyahətə çıxarır, zaman maşını bizi geriyə, yaddaşlardan, bəlkə də, silinən illərə qay-tarır. XIII əsrdə böyük italyan səyyahı Marko Polo uzaq Çindən, Xanbalıq şəhərindən, xidmət etdiyi Xubilay xanın sarayından vətəninə dönərkən Asiyanın və Afrikanın çox sayda ölkələrində olduğundan, bu məmləkətlərin və onların xalqlarının adətlərini, qaydalarını, digər etnoqrafik cəhətlərini qələmə almaqla о vaxtkı avropalıya tanış olmayan dünya barədə böyük bir panorama yaratmışdı. Əli İldırımoğlu böyük səyyahdan fərqli olaraq məkan səyahətinə çıxmayıb, onun təsvir etdiyi hadisələrin hamısı bir ölkədə, onun bir neçə kəndində və şəhərində cərəyan edir, o, oxucusunu öz qayığına otur-daraq zaman səyahətinə çıxarır, bu qayıq illər, dövrlər adlanan sularda üzür, insan dünyası adlanan arxipelaqın ayrı-ayrı adaları-fərdlərinə yan alır. Bu zaman səyahəti XX əsrin xeyli hissəsini əhatə etdiyindən olduqca zəngindir, rəngarəngdir, hər adanın öz təbii görünüşü, öz mövqeyi və nəhayət, öz tən-halığı, lazımınca dərk olunmaması var. Səyyah bu ada-fərdləri tədqiq etmək üçün böyük əziyyətlərə qatlaşır, təkcə zahiri əlamətləri, cəmiyyətdəki mövqeləri ilə kifayətlənməyib, anatomik tədqiqata keçir.
Anatomiyaya maraqda isə başlıca qayə patologiyanın öyrənilməsi, onu əmələ gətirən səbəb və şəraitin tədqiqidir. Ona görə də bizim gözlərimiz önündə böyük bir dövrün və onun taleyinə biganə olmayan insanların geniş mənzərəsi yaranır, özü də burada heç bir fantasmaqoriya ünsürləri yoxdur, real həyat və onun bədii təsviri, inikası vardır.
Yazıçı insanlarla yanaşı, bütövlükdə cəmiyyəti, quruluşu təhlil etməyə girişir. O, qələmə aldığı ilk dövrlərdən cəmiyyətdə iltihab prosesi getdiyini, getdikcə bu fəsadın böyüdüyünü, genişləndiyini hiss edir və nəhayət, daxili xəstəliklərin şiddətlənməsi xarici impulsların da dağıdıcı təsiri ilə birləşərək quruluşu iflasa uğradır. İkinci Dünya müharibəsində Avropanı faşizm taunun-dan xilas etməkdə əvəzsiz rol oynayan bir dövlət 1990-cı illərin əvvəlində süqut edir, xırda hissələrə parçalanır. Yazıçı bunu bəzi siyasətçilər kimi “XX əsrin ən böyük coğrafi-strateji faciəsi” adlandırmasa da, bu dövrdə hakimiyyətə gələn yeni qüvvələrin səriştəsizliyini ölkədəki sarsıntıların, fəlakətlərin, xaosun baş-lıca səbəbi hesab etdiyindən, onları “palçıqdan knyazlığa yüksəlmişlər” kimi qəbul etməklə öz etirazını bu qaydada ifadə edir. Bir qayda olaraq, yazıçının münasibət və dəyərlər şkalası siyasətçilərinkindən fərqli olur, onlar hər bir pro-sesə daha həssas yanaşır və bədbəxtliklərin baiskarını tapmağa səy göstərirlər.
Əli İldırımoğlu xalqının, ölkəsinin keçdiyi çətin, mürəkkəb dövrə nəzər salarkən özünü kənar müşahidəçi kimi aparmır, bir həkim kimi bu xəstəliyin şiddətlənməsində kiçik də olsa özünün də günahkar olduğunu gizlətmir və bu münasibətdə də bir mərdlik, cəsarət nümayiş etdirir.
Onun köməkliyi ilə biz özümüzün də gördüyümüz, lakin mahiyyətini dərk etmədiyimiz təbəddülatları yenidən təhlil etməyə başlayırıq, tam olmasa da bir qədər təlqin olunan mövqeyə yaxınlaşırıq. Onlara qiymət verməkdə, mürəkkəb hadisələrin fəlsəfəsindən baş çıxarmaqda oxucu heç vaxt həqiqi yazıçı ilə rəqabətə girməməlidir, çünki sadə oxucunun hətta gözlə görmə-diyini həyatı müşahidə etməklə hərtərəfli dərk etməyə nail olan ədəbiyyat adamı üfüqdə də seçə bilir, ona, əsasən, düzgün qiymət verməyi bacarır. Əsər-ləri ilə tanış olduqca müəllifin hansı ənginliklərə pərvazlandığının, orada sərt hava cərəyanlarına sinə gərərək qanad çalmasının şahidi olursan.
Əli müəllim təkcə böyük ağlı, istedadı, zövqü ilə həyatın xalqla birlikdə döyünən nəbzini tutmaq bacarığı ilə deyil, həm də xoş xasiyyəti, xeyirxah ürəyi ilə seçilir, məlum olduğu kimi, bu isə bizim dövrümüzdə hətta istedaddan da az halda özünü büruzə verir. Bu keyfiyyətini əsərlərində də müşahidə edirik.
Əli İldırımoğlunu başqalarından fərqləndirən bir cəhəti də onun şöhrət düşkünü olmamasıdır. Balzak hamının can atdığı şöhrəti başına gəlinlik duvağı qoyulmuş əxlaqsız qadın adlandırırdı və ədəbiyyatın aşağılarında onu küçələrdə donan yazıq fahişələrə bənzədirdi. Bəlkə də, bu bir qədər sərt qiymətdir, lakin şöhrətin özündən çox onun qazanılma yollarına işıq saldığından məqbul sayılmalıdır. Bununla əlaqədar məşhur yapon yazıçısı Akutaqavanın qələmə aldığı bir hadisə yada düşür. İki il ayrılıqdan sonra Lev Nikolayeviç Tolstoyun dəvətilə İvan Sergeyeviç Turgenev Parisdən Yasnaya Polyanaya qonaq gəlir və onlar yaxındakı meşəyə ov etməyə yollanırlar. Onları iti ilə yanaşı ev sahibinin özü və kəndli uşaqları müşayiət edir. Tolstoy bir meşə cüllütü vurur və it ovu tapıb gətirir. Bundan bir qədər sonra digər bir quş qıy çəkərək otluqdan qalxıb, bir-birinə sarınan budaqların arası ilə uçub, axşam qaranlığında gizlənməyə cəhd edir. Turgenev tüfəngi qaldırıb tətiyi çəkir və quşu vurduğunu deyir. Lakin o özü də, uşaqlar da, it də nə qədər ax-tarsalar da, ovu tapa bilmirlər. Tolstoy şübhələnməyə başlayır ki, yəqin sən onu öldürməmisən, bəlkə də qanadına dəyib, yerə düşsə də, qaçıb aralanıb. Turgenev isə öz sözünün üstündə durur ki, vurmuşdum, daş kimi düşdü. Hə-min axşam yataq otağında Turgenev keçmişi yadına saldı, həmişə tərs adam kimi Tolstoyun daim hər kəsin qeyri-səmimi olduğunu güman etməsi hallarını xatırladı. Bu adam başqalarının etdiyi hər şeyi məhz meşə cüllütünü öldür-düyü halda olduğu kimi ağ yalan tək qəbul edir.
Səhəri gün tezdən Tolstoyun sifətindən yenə narazılıq yağırdı. Bu vaxt uşaqlar içəri girib atalarına quşu tapdıqlarını xəbər verdilər və dedilər ki, quş düşəndə ağcaqayının budağına ilişib, ondan asılı qalmışdı. Tolstoy qonağa yaxınlaşıb dedi ki, indi mən sakitləşə bilərəm. Mən yalan deyən adam deyiləm, quş düşsəydi, itim hökmən onu tapardı. Turgenev bir qədər utancaq qaydada onun əlini sıxdı və dedi ki, mən də yalan danışan adam deyiləm, baxın, məgər mən bu quşu öldürməmişəmmi?
Mən bu söhbəti Əli İldırımoğlunun şöhrət miqyası barədə gətirdim. O, istedadlı insan kimi bu şöhrət quşunu vura bilib. Lakin bədbəxtlikdən mənəvi cəhətdən qozbel olanlar daim yerə baxırlar, (mən fiziki şikəstliyi nəzərdə tut-muram, bu kiminsə günahı olmayıb, hansısa bədbəxt hadisənin nəticəsidir), onlar şöhrət çələngini aşağı səthdə, hansısa təltiflərdə, titullarda axtarırlar, oxucunun, xalqın gözündə böyüyənlərə, yüksələnlərə məhəl qoymurlar, bir sözlə, boylanmağı bacarmırlar. Şöhrət adlanan meşə cüllütü vurulubsa, ancaq budaqlara ilişib qalıbsa, bunun artıq ovçuluq məharətinə heç bir dəxli yoxdur. Əli İldırımoğlu titullar yükü altında əzilməsə də, öz oxucularına, öz pərəstiş-karlarına malikdir və bu rəsmiləşməmiş şöhrət çələngi onun istəklərinə bütünlüklə cavab verir. Çünki o, yaxşı bilir ki, uğur, moda, məşhurlaşmaq şöhrətə gedən yolun yalnız müxtəlif pillələridir, heç də şöhrətin özü deyildir. Bir vaxtlar fransız pulu “livr” adlanırdı və bu həm də “kitab” demək idi. Əli İldırımoğlu çoxlu kitablar müəllifi olsa da, bundan elə bir pul qazanmayıb. Onun ən böyük qazancı ömrünün kamil dövründə ədəbiyyat qəsrinin nəinki qapısını döyməsi, hətta onda məskunlaşmaq hüququna yiyələnməsidir. Bu qəsrin sakinlərinin kim olmasını isə hansısa rəsmi sənəd deyil, oxucu qərarı, oxucu mühakiməsi müəyyən edir. Şatobrian özünə görə cavan olan Viktor Hüqonu “İlhamlı uşaq” adlandırmışdı. Əli İldırımoğlunu, yaşına baxmayaraq, “İlhamlı qoca” adlandırmağa da adamın dili gəlmir, çünki onun ilham pərisi olduqca cavandır, çünki o, gənclik ruhu ilə yaşayıb, yaradır. Zəhmətkeşliyinə, məhsuldarlığına, fədakarlığına görə isə bədii cəbhənin ən gənc əsgərləri belə ona həsəd apara bilərlər. Biz ona yaradıcılıq ehtirasının oyanmış vulkan kimi daim belə püskürməsini arzu edərdik. Özü də burada söhbət Abşeronda addımbaşı rastlaşdığımız, yerin səthini korlayıb, ona cəhənnəm mənzərəsi bəxş edən palçıq vulkanlarından deyil, uca dağ vulkanlarından gedir, çünki onların püskürməsi ən azı hadisə hesab olunur.
Telman Xəliloğlu
“525-ci qəzet”, 1 noyabr 2007-ci il
|
|