www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

AĞIRTAXTALI KİŞİ

Aramızda otuz ilə yaxın yaş fərqi var. Telefon açanda ilk sözü bu olur: “Axırıncı dəfə nə vaxt olubsan İspik meşələrində?” Doğulduğum kəndə çox-dan getmədiyimi bildirəndə ərklə qınayır, telefonda son sözü bu olur: “Ə, yekə oğlansan, bir görük, dərdləşək”. Onun bu ünsiyyəti məni göylərə qaldı-rır. Heç bilmədim bu həssas və müdrik insan nə vaxt məni özünə dost elədi...

Budəfəki görüşümüzdə onu bir az kövrək, bir az qayğılı gördüm. Üz-üzə oturmuşuq, elə həmin Əli müəllimdi – dağ vüqarlı, məğrur duruşlu. Ona baxanda bibisi Ağcanın atası İldırım kişi haqqında dediyi sözlər yadıma düşdü: “Ərşin addımlı, günbəz oturuşlu, Koroğlu təpərli qardaşım”. Elə belə idi Əli İldırımoğlu, rəncbər atası İldırım kişi kimi. Görünür, adam haçansa atasının yerinə oturuşur. Bu mənim təəssüratım idi. Onu uca dağlar kimi seyr etmədən, şirin, inamlı və inadkar söhbətinin sehrinə düşmədən, özü demiş-kən, yazı-pozusu haqqında danışmaq mümkün deyil. Çünki Əli İldırımoğlu şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən yazıçıdır. О, Azərbaycan jurnalistika-sının patriarxı, Azərbaycan nəsrinin ağsaqqalı, Azərbaycan elinin ağır taxtalı kişisidir. Bu saytal kişinin, səbirli və sanballı el adamının, təfəkkürü tarixə güvənən ədibin, əsərləri gələcəyə yönəlmiş vətənkeşin, mömin ata-babasının, qəhrəman nəslinin, müqəddəs ocağının, bu gün işğal altında sinəsindən sızım-sızım qan axan dağlar həsrətlisi qocaman Əli İldırımoğlunun əsərlərinə yol onun həmişə özünə sadiq şəxsiyyətindən başlanır. Təkcə ona görə yox ki, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Qarlı gecələr” trilogiyasının baş qəhrəmanı məhz özüdür. Ona qalsa “Zorən jurnalist” dilogiyasının qəhrəmanı Nazim İlhamın həyat yolu və mübarizəsi də əslində Əli İldırımoğlunun bioqrafiyasından su içib, enerji alıb...

Əli müəllimin “əsil-nəcabəti bəlli olsun” deyə, 77 yaşında mənim “Ömrün həsrəti” adlı ön söz yazdığım “Qarlı gecələr” romanına yazdığı “İzim və sö-züm” adlı son sözdə oxuyuruq: “Qubadlıda dünyaya göz açmışam. 1927-ci ilin qızıl payızında. Dəqiq desəm, noyabrın 17-də. Alçaqlı-qəlbili dağların əhatəsindəki Əliquluuşağı kəndində. Evimiz seyrək kollarla örtülmüş alçaq təpənin üstündə dikələn mamır basmış ağ daşla üzbəüzdü. El-obamızda ona Qiblə daşı deyilir. Namaz qılıb, salavat çevirənlər yönünü о daşa tutur...

Uşaq ikən mənə elə gəlirdi ki, üfüqə dirənən Qiblə daşının başına çıxsam, əlim Günəşə, Aya, ulduza çatar”. Beləliklə, Əli müəllim uşaqlıqdan qibləsini tanıyan adam olub. Qibləsini tanıyan adam (müsəlman!) heç vaxt yolunu azmaz. Əli İldırımoğlunun tənqidçi Bəsti Əlibəyli ilə söhbətindən bir məqamı da bu yerdə yada salmaq istəyirəm: “Məndə Allaha yaxınlıq var. Düzdür, indi namaz qılıb oruc tutan, Həccə gedən adamlar çoxdur. Mən nə Həccə, Məşhədə getmişəm, nə də dini ayin və rituallara fanatikcəsinə bağlıyam. Mənim Allahım, mənim Həccim, oruc-namazım qəlbimdir”. Əlbəttə, bu adi qəlb deyil, mömin bir nəslin ocağından köz götürmüş və ömrü boyu bu közü öləziməyə qoymamış, közərən sətirlərə çevirib közərtmiş, bu közərtinin işığında öz xalqına səadət yolunu göstərmiş yazıçı qəlbidir.

Əli İldırımoğlunun ulu babası Məşədi Allahverən Əliquluuşağı kəndində bu gün də suyu şırhaşırla axan bulaq tikdirib. Bu bulaq nəsil-nəcabətin xeyirxahlıq abidəsidir. Ata babası Məmmədbağır ana tərəfdən ağır nəfəsli övliya nəslindən olub. Əsl torpaq adamı, qüdrətli əkinçi olan atası İldırım kişi 1898-ci ildə anadan olub, əsrin 80-ci illərinə qədər şərəfli ömür sürüb.

80 yaşı ərəfəsində Əli İldırımoğlu yazır: “Mənim rəncbər atam” kitabını ona həsr etmişəm. Yalnız atam olduğu üçün yox, mötəbər kişi, halal adam, xalis insan kimi. Mənəvi abidə ucaltmışam ona. Övlad borcu bilmişəm bunu. Rahatlıq tapmışam rəncbər atamın ruhu qarşısında. Kitabı mən yazmamışam, onun insani xalisliyi vadar edib. Belə bir mötəbər kişinin övladı olmağımı ilahi xoşbəxtlik bilirəm”. Elə bilirəm ki, mənəvi deformasiyaların baş alıb getdiyi, ata-övlad münasibətlərinin acınacaqlı hala düşdüyü zəmanəmizdə səksən yaşlı yazıçının öz atası haqqında dediyi bu sözlərin nə qədər vacib olduğunu yozmağa ehtiyac yoxdur. Dünyaya beş övlad gətirib, onları cəmiy-yətin sayılan şəxsiyyəti səviyyəsinə ucaldan, öz xanımı barəsində “Analarının yar-yaraşığı modalı çiçə-miçələr, ənlik-kirşanlar yox, övladlarının ədəbi, sağlam boy-buxunları olub” – deyən Əli İldırımoğlunun bir fikrini də misal gətirsəm, elə bilərəm ki, onun şəxsiyyət cizgilərini az-maz tamamlamış ola-ram: “İnsanlıq elmini valideynlərimdən almışam. Onların yolunu Tanrı yolu bilmişəm. Həyatda hər hansı müxalif qüvvə, yad təsir sapdıra bilməyib məni mərd, mömin valideynlərimin getdiyi cığırdan. Uğurlar tapmışam Məşədi Allahverən, Məşədi Paşa, Məmmədbağır, Əmrah, İldırım, Fatma, Gövhər gedən Tanrı yolundan. Ruhları yar olub mənliyimə, tənhalığıma, kimsəsizliyimə”.

İslam idarəçiliyi dövründə İspaniyanın ən böyük universitetlərinin qapısı üzərində bu sözlər həkk olunub: “Dünya dörd dirək üzərində durur – alimlə-rin hikməti, hakimlərin ədaləti, abidlərin ibadəti və qəhrəmanların cəsarəti”. Beləliklə, Hikmət, Ədalət, İbadət, Cəsarət xalqı və milləti, yurdu və dövləti, fərdi və şəxsiyyəti ucaldan dörd ali sifətdir. Mən bilmirəm Əli müəllim ibadətlə məşğul olur, ya yox, amma onu bilirəm ki, Hikmət, Ədalət və qələm əhli üçün çox vacib olan Cəsarət onun yazılarının ən ümdə keyfiyyətləri, onun fəlsəfəsinin kodeksləri və barəsində söz gedən romanın estetik-əxlaqi məziyyətləridir. Cəsarətə güvənməyən qələm həqiqəti yaza bilməz.

Antik yunan təfəkkürünün patriarxı Sokrat deyirdi: “Yunanlını yunanlı edən onun yunanlı doğulması deyil, gördüyü təhsil və tərbiyədir”.

Əli İldırımoğlunu azərbaycanlı edən, onu azərbaycançı kimi formalaşdıran cəsarətli qələmi, Əliquluuşağı mühitində aldığı tərbiyə, Məşədi Məmmədba-ğır ocağından gələn gen və qan yaddaşı, əlikərəntili İldırım kişinin qeyrət və zəhmət universiteti olub.

“Mənim rəncbər atam” vətənkeşlik, yurd təəssübü, itirilmiş ocaqlar, insan əli üçün sızıldayan müqəddəs doqqazlar haqqında romandır.

Bu, Əli müəllimin “insanlıq elmini” öyrəndiyi universitet – kökü, əsil-nəcabət tarixçəsidir. Anasız dünyanın kədər və nisgilini yaşayan 8-ci sinif şagirdi Əli İldırımoğlu sovet xalqları üçün Vətən müharibəsi başlananda müəllim kimi sinfə girməli olur. Qubadlının yeddi dağ kəndində, ildə bir kənddə müəllimlik edir. Qiyabi olaraq Laçın Pedaqoji Texnikumunu, sonra isə Müəllimlər İnstitutunu bitirir. Maarif şöbəsində inspektor, Qubadlıda çı-xan “Avanqard” qəzetində əvvəlcə məsul katib, sonra redaktor işləyir. Elə burada da prinsipial, sərt və dönməz el adamı Əli İldırımoğlunun həyatının yeni – yuxusuz gecələr, narahat günlərlə dolu yaradıcılıq ömrü, əsl taleyi baş-lanır. Ağ kağız Əli İldırımoğlunun dünyaya açılan pəncərəsi olur, о, ağ kağızla üz-üzə oturmağın əzabını və məsuliyyətini dərk edir, onu tale kimi intixab edir. Rayonda “aləmi qarışdıran” Əli İldırımoğlu Mərkəzi Komitənin dəvəti ilə ölkənin ən nüfuzlu qəzetində – “Kommunist”də fəaliyyətə başlayır. Səhv etmiriksə, kommunist və prinsipial jurnalist Əli müəllimin 1955-ci ildən başlanan bu fəaliyyəti 1990-cı ilə – Sovet imperiyası çökənə, “kommunizm kabusu” gömülənə qədər davam edir. “Kommunist”in xüsusi müxbiri Əli İldırımoğlu bu illərdə ən kəsərli söz sahiblərindən idi. “İzim və sözüm” qeydlərində “Kommunist” qəzetinə göndərildiyi уеrə çatanda Əli müəllim yazır: “Bəs sonra? Sonrası kitablarımda əksini tapıb, təkrar etmirəm”. Beləliklə də, şəxsiyyətinin kökləndiyi əsil-nəcabətindən sonra biz də keçək Əli İldırımoğlunun kitablarına...

Əli İldırımoğlu jurnalist kimi publisistikanın bütün janrlarında məqalələr yazıb. Onların sayını, bəlkə, heç о özü də bilmir. Fəqət bizə məlumdur ki, о daha çox felyetonlar və bu məcrada da sonralar satirik-yumoristik hekayələr yazıb. Sözün ilıq nəfəsini gülüş üstündə qəbul edib. Azərbaycanı diyar-diyar gəzib, hər zonanın dilini, ləhcəsini şəhd-şirə kimi canına çəkib. İlk felyetonu və satirik hekayələrində həyatda gördüklərini Azərbaycan xalqının gülüş mədəniyyəti kontekstində qələmə alıb, yenidən xalqa təqdim edib. Onun fel-yeton janrı sahəsindəki sənətkarlığını hiss etmək üçün “Telepat” (1994) kitabına toplanmış “Fətinin fəndi, Cəlilin cəddi”, “Telepat”, “Qara çanta”, “Ağcaqanad”, “Kəbin kağızı”, “İyirmi bir cib” kimi yazılar bu janrın müasir-lik duyğusu ilə yazılmış klassik nümunələrdir. Xalq yazıçısı Bayram Bayra-mov, professor Qulu Xəlilov kimi mötəbər qələm sahibləri Əli İldırımoğ-lunun felyetonlarını yüksək qiymətləndiriblər. Əli İldırımoğlu istər felyeton yaradıcılığında, istər satirik-yumoristik hekayəçilik sahəsində “Molla Nəs-rəddin” ədəbi məktəbinin, onun Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi yaradıcılarının, habelə “Veylabad” epopeyasının müəllifi Yusif Vəzir Çəmənzəminlinin ənənələrini uğurla davam etdirib. XX əsr Azərbaycan hekayəçiliyinin Süleman Rəhimov, Mirzə İbrahimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Mir Cəlal kimi sonrakı dövr nümayəndələri ilə çiyin-çiyinə çalışan Əli İldırımoğlu ədəbiyyatımıza “Xalis bal”, “Bir qulac kəndir”, “Tapılmayan dərman”, “Minnət” kimi orijinal hekayələr bəxş edib. Müsahibələrinin birində Əli müəllim öz yazıçılıq manerasını səciyyələndirə-rək yazır: “Mən bir yazıçı kimi bədii yaddaşa deyil, həmişə canlı müşahidə-lərimə üstünlük vermiş, görüb-eşitdiklərimi, marağıma səbəb olan hadisələri qələmə almışam... İki cür ədəbiyyat var. Birincisi fəhmin, istedadın, ikincisi savadın hesabına yazılır”.

Əli İldırımoğlu ədəbiyyata xalq həyatından gələn yazıçıdır. Və о, birdən-birə hekayədən romana keçmədi. 1993-cü ildə çap olunmuş “Dərd” hekayələr və povestlər kitabına ədibin “Nazir və vəzir”, “Tapılmayan dərman” povest-ləri də daxil idi. Janrın poetik tələbləri baxımından “Tapılmayan dərman”ı hekayədən az fərqlənən “miniatür povest” adlandırmaq olar. Janrın belə tipi ümumən 60-cı illər nəsri üçün səciyyəvi idi. Bu əsərləri ilə Əli İldırımoğlu realist bir yazıçı kimi diqqəti cəlb edir. Doğrudur, hələ bu əsərlərdə yazıçının ömrü boyu işlətdiyi publisistik üslub daha qüvvətli idi. Fəqət bu bədii publi-sistika həyatı bədii mühakimənin mərkəzinə bir az natural, əslində təbii – olduğu kimi gətirən bir üslub idi. 1950-ci ildən – “Avanqard” qəzetində fəaliyyətindən 1990-cı ilədək 40 il işlətdiyi üslubu Əli müəllim birdən-birə dəyişə bilməzdi. Əsası bu idi ki, 80-ci illərin ortalarından etibarən Əli İldırımoğlu bütün varlığı – içi və çölü həyat həqiqəti ilə dopdolu, inadkar bir inamla bədii nəsrə gəlirdi. Gəlirdi və gəldi, iyirmi il ərzində “Həmin adam” (1987), “Zorən jurnalist” (1995), “Közərən sətirlər” (1999), “Mənim rəncbər atam” (2002), “Qarlı gecələr” (2004), “Aqibət” (2005) romanlarını yazdı. Nəzərə alsaq ki, “Zorən jurnalist”in ikinci hissəsi Əli İldırımoğlunun “Nur-lan” nəşriyyatında çox nəfis şəkildə çap olunan on cildlik “Seçilmiş əsər-ləri”nin ikinci cildi kimi çapdan çıxıb, onda ədibin roman yaradıcılığının möhtəşəm miqyası barəsində təsəvvür yaratmış olarıq. “Həmin adam” və dilogiya şəklində düşünülmüş “Zorən jurnalist” çox nadir və çox nəcib peşə olan jurnalist sənəti haqqında, “dördüncü hakimiyyət” adlanan mətbuatın gücü və taleyi, cəmiyyətdə və tarixdə rolu haqqında romanlardır. “Həmin adam”dakı Hüseyn Yusifli, “Zorən jurnalist”dəki Nazim İlham 40 ilin jurna-listi Əli İldırımoğlunun könül yağında bişmiş həqiqətlərin bədii yavrusudur.

Həm “Həmin adam”, həm də iki hissəli “Zorən jurnalist” romanlarında avtobioqrafizm əlamətləri güclüdür. Bununla belə, onun üç romanını avto-bioqrafik trilogiya adlandırmaq olar: “Közərən sətirlər”, “Mənim rəncbər atam” və “Qarlı gecələr”. Əhatə etdikləri zaman və həyat materialı baxımın-dan ardıcıl yazılmasalar da, bu romanlar bir-birini tamamlayır. Ədib “Qarlı gecələr”də erkən gənclik və müəllimlik dövrünü, “Közərən sətirlər”də jur-nalist həyatını təsvir edir, “Mənim rəncbər atam” romanında bütün XX əsr həyatına ata kultu prizmasından nəzər salır. “Aqibət” romanında Əli İldırım-oğlu bir qədər ömründən əvvələ müraciət etsə də, bu romanda yaratdığı Höcət Cahangir Əli İldırımoğlunun qəhrəman idealının – qeyrət və kişilik qanunları ilə yaşayan azərbaycanlının dolğun obrazıdır. Mənsub olduğu tayfanın yüz illər əvvəl çəkdiyi arxın gözünü açmaq cəhdi sadəcə bir əhvalat deyil, keçmişə, kökə, əsil-nəcabətə qayıdış simvoludur. Qarabağın gözü tutulmuş kəhrizləri, arxları açılmalıdır, saf sular düşmən ayağının murdar izlərini yuyub aparmalıdır. Əli İldırımoğlu bu bədii-fəlsəfi qayəni “daş qəlbli insan-lara” yönəldir, “bizdəki bu soyuq qanlar”ın (M.Ə.Sabir) kirəcini, donunu açmaq üçün həyəcan təbili çalır. Bu romanların hər biri ayrıca təhlilə və tədqiqə layiqdir. Nüfuzlu söz adamları, tənqidçilər zamanında bu əsərlər barəsində mötəbər fikirlər söyləyiblər. О cümlədən bu sətirlərin müəllifi “Mənim rəncbər atam” romanının təqdimatında məruzə edib, məruzə “Ata kultu – Vətən əxlaqı” adı ilə “Ədalət” qəzetində (29.03.2003) dərc olunub, ədibin “Qarlı gecələr” romanına “Ömür həsrəti” adlı ön söz yazıb. Onları təkrar etmək istəmirik.

Tənqidçi Bəsti Əlibəyli Əli İldırımoğlu haqqında “Durna çırağı” (2006) adlı dəyərli bir monoqrafiya yazıb...

Bədii ədəbiyyatın gücü əks etdirdiyi həqiqətin miqdarı və miqyası ilə ölçülür. Sözün sehri həqiqətdir. Ağ kağıza ən böyük məhəbbət ona vicdanlı münasibətdir. Müsahibələrinin birində Əli İldırımoğlu deyir: “Mənim anla-yışıma görə, iki qanun var: birincisi, yaşadığın, vətəndaşı olduğun dövlətin qanunu, ikincisi isə vicdan qanunudur. Dövlətin qanunları ictimai-siyasi şərait daxilində dəyişə bilər. Vicdan qanunları isə heç bir şəraitdə dəyişmir. Mən vicdan qanununu üstün tutmuşam. Həmişə qorxduğum, çəkindiyim, hörmət etdiyim öz vicdanımın qanunları olub. Ona görə Allahdan sonra ən çox özümdən qorxmuşam”. Bu “qorxu”da ülvi və nəcib bir niyyət – əsl ziyalının, qələm əhlinin, yazıçının özünütəsdiqi ifadə olunub.

Əli İldırımoğlunun “Seçilmiş əsərləri”nin birinci cildinə “Həyat dərsliyi” adlı ön sözdə professor Əliheydər Həşimov çox doğru yazır: “О, həyatda rast gəldiyi, yaxud görüb-eşidib təsirləndiyi çoxlu hadisə və əhvalatlar içərisində lazım olanı tez və düzgün seçməyi, dərk etdiyini yadda saxlayıb istənilən vaxt təxəyyülündə canlandırmağı, dilə gətirməyi, təhlildən keçirib ümumiləş-dirməyi, kənar təsirlərə uymadan həqiqəti olduğu kimi söyləməyi, fikrini sadə, obrazlı, duzlu dillə ürəyəyatan şəkildə təqdim etməyi bacaran qüdrətli jurnalist və gözəl bir sənətkardır”. Elə bilirəm ki, bu sətirlərdə yazıçı üçün xarakterik olan başlıca keyfiyyətlər tutarlı şəkildə ümumiləşdirilib.

Əli İldırımoğlu həyat adamıdır. Onun qocalığında da bir məğrurluq var. Mən belə hesab edirəm ki, nə qədər çətinlikləri olsa da, qocalmaq xoşbəxt-likdir. О, hər adama qismət olmur. Çoxları qocalıq həsrəti ilə dünyasını dəyişir. Qocalmısansa, deməli, Allahın iradəsini yerinə yetirmisən. Mənim qocaman dostum Əli İldırımoğlu ahıllıq limanında sakit lövbər salmayıb. O, səksən yaşının civarında da əlində qələm dünyanın ən çətin işi olan ağ kağızla üz-üzə oturub. Dünyanın, insanlığın aqibəti üzərində düşünür. Onun dünya ilə dialoqu, həsb-halı davam edir.

Nizaməddin Şəmsizadə, professor

“Ədəbiyyat qəzeti”, 16 noyabr 2007-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com