www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

ZİRVƏNİN CIĞIRI DƏRƏDƏN BAŞLAYIR

Tanınmış yazıçı-jurnalist Əli İldırımoğlu öz yolu, dəst-xətti olan sənətkar-lardandır. Əsasən, felyeton ustası kimi məşhurlaşıb. Azərbaycan mətbuatında felyeton janrında özünü sınayanlar az olmayıb. Amma bir çoxları bu yolun əzabına dözməyib, tez də geri çəkilib. Əli müəllimi felyeton ustası edən özünün dediyi kimi, bir damcı istedada yüz damcı zəhmət təri qatması olub-dur. Cəsarətlə demək olar ki, bu gün Əli İldırımoğlu yazdığı felyetonların sayına və sanbalına görə, Mirzə Cəlil ədəbi məktəbinin ən layiqli davamçı-larından biridir.

Əli İldırımoğlu mətbuata müəllimlikdən gəlib. Özünün dediyi kimi, yıxıla-yıxıla, büdrəyə-büdrəyə mətbuatın cığırını tapıb. Doğma Qubadlıda çıxan “Avanqard” qəzetində əvvəlcə məsul katib, sonra redaktor olub. Hələ rayon qəzetində işləyərkən respublika mətbuatında müntəzəm çıxış edib. Uzaq dağ rayonu olduğuna görə Bakıdan oraya az-az müxbir gələrdi. Odur ki, respub-lika qəzetlərinin əksəriyyətinin sifarişlərini Əli müəllim yerinə yetirərdi.

Əli müəllim rayon qəzetində işləməyə başladığı dövrü belə xatırlayır: “İnsan hər şeyə qadirdir. İlk növbədə vətəndaş qeyrəti, məsuliyyət hissi olma-lıdır. Mən bunu ilk gündən özümdə hiss eləmişəm. Məni bəlkə də jurnalist eləyən həmin duyğu olub. Çalışmışam, yuxusuz gecələr, narahat gündüzlər yaşamışam, necə deyərlər, oxumun daşa dəydiyi vaxtlar da olub, ümidsizliyə düçar olduğum vaxtlar da... Amma ruhdan düşməmiş, öz üzərimdə işləmi-şəm. Hər dəfə bu xasiyyətim karıma gəlib, əlimdən tutub. Yaxşı yadımdadır, Qubadlı rayon qəzetində işə götürülmüşdüm. İlk məqaləmi redaktor geri qaytardı və dedi ki, xalq dilində yazılmalıdır, məqalənin dili sadə olmalıdır. Qapını örtüb bərk ağladım ki, bu nə işdir düşdüm? Sonra fikirləşdim ki, mənim dostlarım var, onlar məyus olacaq, atama bu, dərd gətirəcək. Odur ki, cani-dildən çalışırdım, axtarırdım ki, necə jurnalist olmaq olar? Mən bunu heç bir ədəbiyyatda tapmadım. Bizdə olan jurnalistika ədəbiyyatı nəzəriyyə-dən o yana ötmür. Həyat çatmır bu kitablarda. Mən çoxlu qəzet oxuyur, məqalənin yazılma texnikasını öyrənirdim. Hey öz üzərimdə çalışır, yorul-maq nə olduğunu bilmirdim. Zirvənin cığırı dərədən başlayır. Gərək dibdən gələsən – həyatın dibindən”.

Əli İldırımoğlunun böyük mətbuata yolu “Kommunist” qəzetindən başlayıb. 1955-ci ildən 1965-ci ilədək qəzetin Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri işləyib. Övladlarından dördü burada dünyaya gəlib. Təkcə böyük oğlu Yusifdən başqa. Əli müəllim deyir ki, Naxçıvan onunçün bir məktəb olub. Naxçıvan müsəlmançılığın beşiyidir. Maddi cəhətdən zəif, mənəvi cəhətdən varlı bir yerdir. O danışdıqca gözlərim önündən Əli İldı-rımoğlunun işlədiyi dövrdə qəzet və jurnallarımızda çalışan jurnalistlər ordu-sunun böyük bir dəstəsi gəlib keçdi. Yaşlı həmkarlarım məndən inciməsinlər, həmin ordunun “əsgərləri” sırasında elələri də vardı ki, onlar qələmlərini sonadək əllərində saxlaya bilmədilər, kimisi tamahı ucbatından, kimisi kimlərinsə maraqlarına xidmət etdiklərinə görə qələmlərindən tez ayrılmalı oldular. Daha dəqiq desək, peşələrinə xəyanət elədilər. Əli İldırımoğlu isə göründüyü kimi, həyatın bu qəbildən olan eybəcərliklərinin təsiri altına düşməmişdir. Məhz bunun nəticəsidir ki, bu təmiz qəlbli insan 40 ildən çox-dur ki, Vətəninə, xalqına ləyaqətlə xidmət edir. Nə o, qələminə xəyanət edib, nə də qələmi ona.

Əli müəllim bugünkü Azərbaycanımızın beynəlxalq aləmdə tanınması, işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad olunması sahəsində atılan addımları xüsusilə vurğuladı. Bu yolda bütün Azərbaycan vətəndaşlarını bir-liyə çağırdı. O, müxalifət qəzetlərinin uğurlarımızı görməzliyə vurmasından mütəəssir olduğunu da gizlətmədi.

Ermənilərin bizi bu kökə salmasında vaxtilə top-tüfənglə hakimiyyətə gəlmiş səriştəsiz başçıları günahlandırdı: “Axı bunlar nə istəyirlər? Bir dəfə hakimiyyət başına gəldilər, bacarıqsızlıqlarını göstərdilər. Niyə sakit oturub, ayıblarına kor olmurlar?” – dedi.

Əli İldırımoğlu görkəmli yazıçı-publisist olmaqla yanaşı, həm də yaxşı rəssam-dır. Nizaminin, Füzulinin, Vaqifin, Şota Rustavelinin şəkillərini məharətlə çəkib.

Əli İldırımoğlu bu gün də yorulmaq bilmədən yazıb-yaradır. Qəlbi arzularla doludur. Ən böyük arzusu Azərbaycanımızın işğal olunmuş torpaqlarının, doğma Qubadlının, digər rayonlarımızın düşməndən azad olunduğu günü toy-bayram kimi qeyd etməkdir. Arzunuz tezliklə həyata keçsin, Əli müəllim. Sizə yeni-yeni yaradıcılıq uğurları, hər şeydən əvvəl isə möhkəm cansağlığı arzulayıram.

Həmid Nəcəfquliyev
“Naxçıvan” qəzeti, 8 fevral 1997-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com