www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

ƏQLİN, HİSSİN, DİLİN YADDAŞI

Biz bəzən həyatda görmədiklərimizi, bilmədiklərimizi, eşitmədiklərimizi, uzun ömrün dolaylarında sınaqlarından keçirmədiklərimizi bədii cəhətdən kamil, həyat hadisələrilə zəngin əsərlərdən öyrənirik. Bu, roman da ola bilər, povest də, insan ömrünün, həyatın bir anını əks etdirən hekayə də ola bilər, fərqi yoxdur. Əsas odur ki, bu, ustad qələmindən çıxsın, həyatın, cəmiyyətin, təbiətin rəngarəng lövhələrini əlvan boyalarla canlandırsın, insanın hiss və duyğularını oyatsın. Belə əsərlər daim bizim yol yoldaşımıza çevrilir, həyat yolumuzun əbədi bələdçisi olur. Mən həyatım boyu bu hisləri zaman-zaman yaşamışam, mükəmməl bədii əsərlərlə ömrün harmoniyasına qovuşmuşam.

Görkəmli yazıçı, istedadlı qələm sahibi Əli İldırımoğlunun yaradıcılığı ilə ilk tanışlıqdan sonra da bu hisləri yaşadım. Bu yaxınlarda yaradıcılığının mükəmməl toplusu olan on cildlik seçilmiş əsərlərini oxuyandan sonra onu qeyri-adi bir insan və istedadlı qələm əhli kimi sanki yenidən dərk etdim, iç dünyamda yazıçı ilə bağlı özümdən özümə yönəlmiş mənəvi-əxlaqi və estetik bağları yenidən çözələdim. Əli müəllimin əsərləri yaşadığımız dünyanı bizim üçün sanki yenidən kəşf edir, bizə yenidən tanıdır. Bu cazibə dairəsi o qədər güclüdür ki, ondan heç vaxt ayrılmaq olmur. Əli müəllimin yaradıcılığında yaxın və uzaq dövr tariximiz canlı insan kimi nəfəs alır, keçmiş solmuş bir xatirə yox, canlı yaddaş təsiri bağışlayır.

Ədəbiyyat insan hislərini, düşüncələrini, arzu-istəklərini, cəmiyyətin problemlərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Onun vəzifələrindən biri zövq verməkdirsə, ikincisi insanları tərbiyə etmək, onlara gözəl mənəvi, əxlaqi sifətlər aşılamaq, həyatda düzgün mövqe tutmağa kömək göstərmək-dir. Dünya, eləcə də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, klas-sik sənətkarlar həmişə ədəbiyyatın tərbiyəedici imkanlarına fikir vermiş, öz əsərlərində böyük idealların, müqəddəs amalların, arzuların daşıyıcısı olan kamil qəhrəmanlar yaratmışlar.

Haqqında söhbət açdığımız yazıçı da öz yaradıcılığında tənbəllik, xudbin-lik, xəsislik, məsləksizlik və başqa mənfi xüsusiyyətlərin doğurduğu faciələri bütün çılpaqlığı ilə əks etdirir. Həyatdakı, cəmiyyətdəki eybəcərliklərin mən-tiqini, fəlsəfəsini açıb göstərir, obrazlı dilində, təsvir vasitələrində xalq ruhu-nun əbədi qoruyucusu kimi çıxış edir.

Əli İldırımoğlunun əsərlərinin on cildliyini dönə-dönə, böyük maraq və həvəslə oxudum. Bu əsərlərlə yenidən tanışlıq mənəvi dünyamı bir qədər də zənginləşdirdi. Bu məqamda yazıçının bir fikrini xatırlamaq yerinə düşərdi. “Tələbə ikən torpaq döşəməli evimizin bir küncündə şölələnən neft lampa-sının sönük sarımtıl işığında hey şəkillər çəkirdim. Rəssamlıq həvəsinə düş-müşdüm. Müəllimliklə yolumun səmti dəyişdi. Fırçam əlvan boyalarda donub qaldı. Taleyin hökmü ilə ədəbi-bədii yaradıcılığın çətindən çətin cığır-larına çıxdım... Mənsub olduğum millətin adət-ənənələrinin bir qismini, üzləşdiyim insanların mərdini, namərdini təxəyyül, təfəkkür dünyamın süzgəcindən keçirdim. Söz səltənətinin bitib-tükənməyən sətirlər aynasında real gerçəkliyə söykənən tablolar yaratdım.”

Hörmətli Əli müəllim, yaxşı ki, Siz yazıçı oldunuz. Yaxşı ki, bu yolu seçərək irili-xırdalı əsərlərinizlə biz oxuculara dünya boyda sevinc bəxş et-diniz. Təxəyyülünüzdə çoxlu sayda insanlara ömür verdiniz, obrazlar, xarak-terlər yaratdınız.

Əli İldırımoğlunu ədəbiyyata öz istedadı gətirib. Ədib müxtəlif səpkili roman, povest, hekayə, oçerk və felyetonlarında Azərbaycan gerçəkliklərini professional şəkildə qələmə alıb. Onun bütün əsərlərində xalq ruhu, torpağa, elə, obaya bağlılıq, vətən sevgisi, adət-ənənələrimizə hörmət, azərbaycançı-lıq, milli dəyərlərə rəğbət zəngin bədii dil və obrazlı yanaşma tərzilə canlanır.

Əli İldırımoğlunun ən böyük müəllimi həyatdır. O, həyatı fantastikcəsinə, romantikcəsinə deyil, gördüyü kimi, real təsvir edir. Onun qəhrəmanları süni deyil, təbiidir, adi insanlardır, onlar xalq dilində danışırlar, bizim hər birimiz kimi düşünüb-daşınırlar.

Ədəbiyyatda “kişi” obrazı deyilən bir anlayış var. Adətən, kişilər, gənclər belə obrazları özlərinə ideal seçirlər. “Mənim rəncbər atam” romanındakı İldı-rım kişi o qədər güclü, real, həyati bir şəxsdir ki, hər kəs onu özünə ideal seç-məyə hazırdır. Halallıq, nəciblik, əsl kişiyə xas olan mərdlik Əli İldırımoğlunun bütün yaradıcılığı boyu izlədiyi, dəfələrlə müraciət etdiyi daimi mövzudur.

Ədibin yaradıcılığı haqqında müxtəlif monoqrafiyalar, məqalələr yazılıb çap olunmuşdur. Məni bu məqaləni yazmağa səsləyən tamam başqa bir hiss oldu. Bu, sevinc hissi idi. Qeyd etdiyim kimi ədibin on cildliyinin çapdan çıxdığını eşidəndə və bu kitabları fərəh hissi ilə kitab dolabıma düzəndə qəlbimdə qəribə hislər baş qaldırdı. Minnətdarlıqmı deyim, yazıçıya qarşı mənəvi borcmu deyim, bilmirəm. Həmin anda qəlbimdən keçənləri kağız üzərinə köçürmək istədim.

Mən ədəbiyyatçıyam. Özüm də Əli İldırımoğlu yaradıcılığının vurğunu-yam. Bu gözəl insanın ədəbi dünyasını şagirdlərimə də tanıtdırmağı, sevdir-məyi bacarmışam. Ona təkcə yazıçı-publisist kimi deyil, həm də bir şəxsiyyət kimi həmişə pərəstiş etmişəm. Onu bütöv şəxsiyyətli, ləyaqətli, mübariz, gələcəyə inamla baxan mətin bir sənətkar kimi tanımışam. Özlüyümdə onu qollu-budaqlı, fırtınalara, qasırğalara baş əyməyən, üstünə kölgə düşməyən, həmişə qürurla, “ayaq üstə” dayanan bir çinara, ömrünü də bir çinar ömrünə bənzətmişəm. R.Rzanın “Çinar ömrü” şeirində olduğu kimi:

Bir belə çinar ömrü Olsun deyirəm ömrüm Bir ömür ki, kimsəyə Əziyyəti dəyməmiş olsun Bir ömür ki,

Heç kəsə baş əyməmiş olsun.

Bir oxucu kimi Əli İldırımoğlu yaradıcılığını həmişə izləmiş, bir ədəbiyyat müəllimi kimi yazıçının leksik imkanlarından dərslərimdə geniş istifadə etmişəm. Ədib öz yaradıcılığında sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələrdən, məcazlardan geniş istifadə edir. Onun ədəbi dili xalq ruhun-dan çağlayıb gəlir. Yazıçı öz əsərlərində mətbuat dilindən daha çox, xalq dilindən istifadə edir, bu da onun yaradıcılığını zənginləşdirir. Onu sevdirən xüsusiyyətlərdən biri də yaradıcılığında atalar sözlərindən, ibarələrdən, zərb-məsəllərdən yerli-yerində, ustalıqla istifadə etməsidir. O, təmsil etdiyi cəmiy-yətin ruhuna uyğun idiomatik ifadə və ibarələri seçib obrazların dilində yerli-yerində işlədir. Əli İldırımoğlunun dil və üslubu bir ədəbiyyat müəllimi kimi həmişə mənim diqqətimi çəkib.

Bu məqaləni yazmamışdan qabaq qəribə bir hadisə ilə rastlaşdım. Evə yay tapşırığı verərkən şagirdlərimə tapşırmışdım ki, klassiklərimizlə yanaşı, müa-sir yazıçılarımızın əsərlərindən də oxusunlar. Yay tətilindən qayıdan zaman hər kəs oxuduğu kitablar haqqında məlumat verməyə başladı. Şagirdlərimdən biri dedi ki, müəllim, mən müasirlərin əsərlərini tapa bilmədim. Bir də ki, atam deyir, indi yazan yoxdur. Bu söz mənə ağır təsir bağışladı. Mən o şagirdə dedim: “Sən atana de ki, indi yazan var, oxuyan yoxdur”. Sonra bir neçə müasir yazıçı və şairin adını çəkdim, o cümlədən Əli İldırımoğlu yaradıcılığı ilə şagirdi tanış etdim. On cildliyinin çıxdığını və onları alıb oxumağı ona və həmçinin atasına tövsiyə etdim. Valideynə belə bir sifariş də göndərdim ki, humanizmi, nəcibliyi, xeyirxahlığı təmsil edən Əli İldırımoğlu yaradıcılığına müraciət etsəniz, özünüz görərsiz ki, bu gün yazan var, yoxsa yoxdur? Bunun müsbət təsiri oldu. Şagird də, onun atası da Əli İldırımoğlu yaradıcılığı ilə yaxından tanış oldu. Əli İldırımoğlu bu gün onların sevimli yazıçılarındandır.

Bütün görkəmli qələm sahibləri, filosoflar, siyasətçilər, mütəfəkkir insan-lar dünyanın sözlə idarə olunduğunu bu və ya digər şəkildə zaman-zaman etiraf etmişlər. Doğrudan da, sözün kəsəri və qüdrəti hər silahdan daha güclü-dür. Müasir elmi-texniki, kosmik, kompyuter əsrində sözə münasibətin zəif-lədiyini, sözə etinasızlıq göstərildiyini, sözün zamanı olmadığını söyləyənlər yanılırlar. İnsanlar bu gün də quru, şablon, sxematik texniki vasitələrlə deyil, sözlə tərbiyə olunurlar. Əli İldırımoğlu kimi müqtədir qələm sahiblərinin sözü ilə, xalqın tarixi keçmişinin, bu gününün əxlaqi-mənəvi dəyərlərini, insanın hiss və duyğularının, əqlinin, intellektinin yaddaşı, milli mentalite-timizin daşıyıcısı, kodu olan, torpağımızın ətrini, təbiətimizin təravətini yaşa-dan söz ilə. Odur ki, Əli müəllim, nə qədər ki, bu xalq var, bu Azərbaycan var, onun övladlarının ruhən, qəlbən, əqlən Sizin qüdrətli sözünüzə ehtiyacı olacaq.

İlhamə Həsənova,
245 saylı məktəbin ədəbiyyat müəllimi
“525-ci qəzet”, 29 aprel 2009-cu il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com