www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

85 YAŞINIZDA GÖRÜŞƏNƏDƏK

Əli İldırımoğluya əl boyda məktub

İnsan bütün məqamlarda, bütün hallarda özünə, ürəyinə, duyğularına uyğun gələn, təmas qura bilən ünvanlara üz tutur. Arayır, axtarır, bəzən günləri, ayları sərf edir və məqamların birində nəhayət, könlünün istədiyi ün-vana yetişir. Məhz həmin o yetişmə nöqtəsi onun üçün o qədər qiymətli, o qədər dəyərli olur ki, onu sözlə ifadə etmək və yaxud sözə çevirmək mümkün olmur. Sadəcə, həmin anda ünvana yetişənin, məqsədə çatanın gözlərinə bax-maq kifayət edir. O gözlərdə ifadə edilən nələr varsa onları səssiz şəkildə oxuyub anlamaq, eyni durumu yaşamaq mümkün olur.

Mən mətbuatı, bütövlükdə qəzet oxumağı öyrəndiyim gündən bu insanı tanımışam. Doğulduğum Tuğ kəndində, Dağlıq Qarabağın ucqar nöqtəsində dağlara sığınıb uşaqlığımı yaşadığım illərdə o insanı tanımışam və yalnız müəyyən zaman kəsiyindən sonra həmin imza sahibinin mənim söykəndiyim dağın çiynində – Qubadlıda doğulduğunu və Qubadlıdan da Azərbaycana söz dünyası açdığını öyrənmişəm. Bilmişəm ki, Əli İldırımoğlu qələmini gün işığıyla, ay işığıyla cilalayıb, yükləyib və sözə, özü də ədalətli, ümidli sözə xidmət edibdir.

Jurnalist olan hər kəs sözün, qələmin müqəddəsliyini dərk edir. Mən bu yerdə “müxbir” də yaza bilərdim, amma yazmadım, çünki müxbirlik etməyi çoxları bacarır, amma jurnalist olmağı gərək fitrən, duyğuyla, ürəklə, əqidə və ideya ilə bacarasan. Bax bu mənada Azərbaycanın sovet jurnalistikasında barmaqla sayılan, jurnalistikaya şərəf gətirən qələm adamlarından biri də Əli İldırımoğludur. Şəxsən mən hər yerdə, təbii ki, Sovet dönəmində bu imza sahibinin bir şəxsiyyət kimi nə qədər böyük nüfuza malik olduğunu müşahidə etdikcə içimdə müqəddəs sözə, müqəddəs jurnalistikaya sonsuz istəklər qanadlanıb. Bəlkə də, mənim sözə könül verməyimdə payı olanlardan ən birincisi də məhz Əli İldırımoğludur.

Mən Əli müəllimi jurnalist kimi, şəxsiyyət kimi tanıyıb, sevib, oxuduğum illərdə içimdə bir milli qürur da baş qaldırırdı. Onun bölgə müxbiri kimi Dağlıq Qarabağda da özünü saydırması, ermənilərə yerini tanıtması mənə qol-qanad verirdi. Bir uşaq, bir yeniyetmə istəyi ilə özümü onun yerində təsəvvür etməyə çalışırdım, onun yerində görmək istəyirdim. İnanın ki, mən bütün səmimiyyətimlə bu cümlələri yazıram. Çünki o vaxtkı raykom katiblərinin, səlahiyyət sahiblərinin Əli İldırımoğlunun qələminin və sözünün qarşısında necə dayandıqlarını, ona hansı ehtiramlar göstərdiklərini müşahidə etdikcə söz sahibinin qarşısında baş əyməmək mümkünsüz olurdu. Adam qanad açmaq, uçmaq istəyirdi. İllər keçdi, az-çox mən də qələmlə, sözlə, yazı-pozuyla mətbuata üz tutanda qiyabi də olsa keçdiyim o məktəb kömə-yimə çatdı. Kənardan-kənara öyrəndiklərim əlimdən tutdu.

Günlərin birində mən Əli İldırımoğlunun kitabları ilə qarşılaşdım. Bu kitabları oxuduqca bu böyük ziyalının, bu böyük söz adamının, bu cəfakeş jurnalistin ömür yolunu, tərcümeyi-halını günbəgün öyrənmək imkanı əldə etdim. Onun Qubadlının qarlı-qışlı gecələrində odun daşımağını da, mək-təbdə müəllimlik etməyimi də, qarlı aşırımları keçməyini də, həyat fəlsəfəsini də öyrəndim. Və öz gücümə, biliyimə güvənib oxucu sözü yazmağıma da tərəddüd etmədim. Çünki mənim sığındığım dağın çiynində dünyaya gələn Əli İldırımoğlu mənim üçün jurnalistikanın zirvələrindən biridir. Və bu gün də o zirvə olaraq qalır.

Bu günlərdə ömrünün 84-cü ilini tamamlayan Əli müəllimin “525-ci qəzet”də işıq üzü görən romanından parçaları oxuduqca göydən daşların elə-belə yağmadığına bir daha əmin oldum. Elə həmin əminliklə də Əli müəl-limin ad gününü təbrik etmək istədim. Və həmin istəklə də bilgisayara ürəyimdən keçənləri diqtə edərkən ağsaqqal qələm sahibləri, dostlarım olan imza sahibləri xalq şairi Fikrət Qoca, hörmətli Arif Əmrahoğlu və şair Ədalət Əsgəroğlunun da bir gün öncə Əli müəllimlə bağlı söylədikləri fikirləri, sözləri xatırladım. Ürək yaxınlığı güc gəldi və içimdən keçən bir ərklə onların da adından Əli İldırımoğlunu – jurnalistikamızın böyük fədailərindən birini təbrik etmək istədim. Məhz həmin istəklə də yazdım:

– Ad gününüz mübarək, Əli müəllim! 85 yaşınızda görüşərik, inşallah! Sizə böyük hörmət və sevgilərlə,

Əbülfət Mədətoğlu
“Ədalət” qəzeti, 19 noyabr 2010-cu il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com